Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-660/2025 25.02.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı 9 saylı X3 Mərkəzinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı 9 saylı X3 Mərkəzinin Cavabdeh qarşı – “qanunsuz tikdirdiyi tikilini öz vəsaiti hesabına sökülməsi, ərazinin əvvəlki vəziyyətə gətirilərək boşaldılması tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı 9 saylı X3 Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 9 saylı X3 Mərkəzinin 4 meşəbəyliyinin 7 saylı dolayının 10-cu kvartalında qanunsuz olaraq mişar daşlarından 1 ədəd 10x4 metr ölçüdə tikdirdiyi qarışıq mallar mağazasının öz vəsaiti hesabına sökülməsi, ərazinin əvvəlki vəziyyətə gətirilərək, boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 9 saylı X3 Mərkəzinin əməkdaşları tərəfindən 4 saylı meşəbəyliyin xidməti ərazində X5 təyinatından kənar istifadə hallarının müəyənləşdirilməsi və istifadə imkanlarının təkrar araşdırması məqsədi ilə əraziyə baxış keçirilən zaman, meşəbəyliyin 7 saylı dolayının 10-cu kvartalında Ağcabədi rayonu Mehrablı kənd sakini Cavabdeh tərəfindən mişar daşlarından inşa edilmiş 1 ədəd 10x4 metr ölçüdə qarışq mallar mağazası tikilərək, ümumilikdə 0,20 ha sahədən qeyri-qanuni olaraq istifadə edildiyi müəyyən edilmişdir. Cavabdeh qanunsuz olaraq istifadə etdiyi Dövlət X9ndan könüllü olaraq çıxması barədə xx.xx.2024-cü il tarixdə 3-14-27-1/2- 138/2024 saylı xəbərdarlıq məktubu göndərilmişdir. Lakin, Cavabdeh könüllü olaraq ərazidən çıxmaqdan imtina etmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə iddia ərizəsinin surəti və ona əlavə olunmuş sənədləri elektron qaydada Cavabdeh göndərilmişdir Yuxarıda qeyd edilən müraciətlər iddia materialına əlavə edilmişdir. Meşə Məcəlləsinin 78-ci maddəsinin tələblərinə görə meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 79cu maddəsində göstərilmişdir ki, meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. X5 təyinatının dəyişdirilməsi yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətindədir. Azərbaycan Respublikası Torpaq İslahatı haqqında qanunun 2-ci fəslinin 6-cı maddəsinin 4-cü bəndində və Meşə Məcəlləsinin 11-ci maddəsinə əsasən, X9 müstəsna dövlət mülkiyyəti olmaqla, özəlləşdirilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 78 nömrəli qərarı ilə təsdiq edilmiş ”Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası qaydaları”nın 1.3-cü bəndinə əsasən meşə fondunun mühafizəsi və qorunmasında məqsəd meşələrin yanğından, qanunsuz qırılmalardan, meşə fondundan istifadənin müəyyən edilmiş qaydalarının pozulması hallarından və meşələrə zərər vuran digər hərəkətlərdən, zərərvericilərdən, xəstəliklərdən mühafizə etmək və qorumaqdır. Adıçəkilən Qaydaların 2.2-1-ci maddəsinə əsasən, meşə qanunvericiliyinə riayət edilməsini, meşə fondunun səmərəli istifadəsini, meşələrin qanunsuz qırılmadan qorunmasını təmin etmək üçün müəyyən olunmuş qaydada dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Həmin Qaydaların 2.3-cü maddəsinə əsasən, meşə fondunun mühafizəsini və qorunmasını həyata keçirən vəzifəli şəxslər öz səlahiyyətləri hüdudlarında meşə fondu ərazisində meşə qanunvericiliyinə riayət olunmasına nəzarət etmək, meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpasında inzibati xətaları və cinayət törədilməsi hallarını aşkar etmək, müvafiq qaydada rəsmiləşdirmək, hüquqmühafizə və məhkəmə orqanlarına, yaxud inzibati xəta haqqında işə baxan səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) göndərmək hüquqlarına malikdirlər. Sözügedən Qaydaların İİ hissəsinə əsasən meşə fondundan istifadə edilməsi, onun mühafizəsi, qorunması, bərpası sahəsində hüquq pozuntularının qarşısının alınması, onların aradan qaldırlması, təqsirkar fiziki və hüquqi şəxslərin qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi meşələrin mühafizəsi tədbirləri kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 4-cü maddəsinə əsasən meşələrin, X5 istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Meşə Məcəlləsinin 9-cu maddəsinə əsasən meşə münasibətləri obyektlərinin istifadəsi, mühafizəsi, qorunması və bərpası zamanı yaranan əmlak və inzibati münasibətlərində Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin iştirakı həmin münasibətlər bu Məcəllə ilə tənzimlənmədiyi hallarda Azərbaycan Respublikasının mülki və inzibati qanunvericilik aktları ilə müəyyən edilir. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondu torpaqları özəlləşdirilmir. Azərbaycan RespublikasıTorpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 saylı Qərarının 16-cı bəndində göstərilmişdir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri həmin torpaqlara hüquqları qanunla müəyyən edilmiş qaydada təsdiq olunan orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası torpaq qanunvericiliyinə və mülki qanunvericiliyinə uyğun olaraq geri alına bilər. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcələnin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcələnin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla) dövlət mülkiyyətindədir və dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il tarixli 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında Əsasnaməyə əsasən Xidmətin - meşə istifadəçiləri meşə qanunvericiliyinin tələblərini pozduqda, istifadə hüququnun dayandırılması və ya məhdudlaşdırılması, habelə istifadə hüququnun məhdudlaşdırılmasına və ya dayandırılmasına səbəb olmuş vəziyyət və şərtlər aradan qaldırıldıqda, bu hüququn tam həcmdə bərpa edilməsinə dair qərar qəbul etmək, müvafiq sahə üzrə pozuntuların aradan qaldırılmasına dair fiziki şəxslərə, eləcə də vəzifəli və hüquqi şəxslərə qarşı tələblər irəli sürmək vəzifələri vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 izahatında bildirdi ki, təmsil etdiyi orqan kommersiya hüquqi şəxs deyil, buna baxmayaraq hesab edir ki, hazırki işə Şirvan Kommersiya məhkəməsində baxılmalı və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, qeyd olunanları nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki mübahisənin və tərəflər arasında olan hüquq münasibətinin mülki (kommersiya) xarakteri daşımaması və buna görə də iddia tələbinə mülki (kommersiya) mübahisələrinə dair iş kimi mülki məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmaması əsası iş üzrə xitam olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2006-cı il tarixdə akt tərtib edilmişdir. Həmin akta əsasən Ağcabədi rayonu Mehrablı kənd sakini X1 çayxana tikmək üçün naturada baxış keçirilərək müəyyən edilmişdir ki, Ağcabədi-Beyləqan magistral yolunun sol tərəfindəki Meşə Mühafizəsi və bərpası müəssisəsi balansında olan yerdən 15x4.5=67.5 m² torpaq sahəsində tikinti aparmaq məqsədə uyğun və müvafiq hesab edilmişdir. İş materiallarında olan, X6 və Bərpası Müəssisəsi tərəfindən Ağcabədi Rayon İcra Hakimiyyətinə ünvanlanmış məktubdan görünür ki, Ağcabədi rayonu Mehrablı kənd sakini X1 47-ci kvartaldan iaşə müəssisəsi tikdirməsi üçün 67 kv.m boş torpaq sahəsi verilməsinə etiraz edilməmişdir. Eyni zamanda iş materiallarında olan Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının 113 nömrəli xx.xx.2007-ci il tarixli sərəncamından çıxarışdan görünür ki, Ağcabədi rayonu Mehrablı kənd sakini X1 ayrılmış 67.5m2 torpaq sahəsində çayxana tikilməsinə icazə verilmişdir. Həmçinin, işin materiallarından aydın olur ki, 9 saylı X3 Mərkəzi – Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin tabeliyində olan bir Mərkəzdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında əsasnamənin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti (bundan sonra – Xidmət) meşə fondundan istifadə, onun mühafizəsi, qorunması, meşəsalma və meşələrin bərpası sahəsində (bundan sonra - müvafiq sahə) dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur. Əsasnamənin 1.3-cü bəndinə əsasən, Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələri və hüquqları Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və yerli bölmələri vasitəsilə həyata keçirir. Həmin əsasnamənin 2.0.6-cı bəndinə əsasən, meşələrin qorunması, meşə fondundan səmərəli istifadə, meşələrin məhv olmaqdan, zədələnməkdən, xəstəlik və zərərvericilərdən, yanğından, çirklənmədən və digər mənfi təsirlərdən mühafizəsi məqsədilə fəaliyyəti həyata keçirmək Xidmətin fəaliyyət istiqamətlərindəndir. Qeyd edilən əsasnamənin 3.0.28-ci bənidinə əsasən, meşə istifadəçiləri meşə qanunvericiliyinin tələblərini pozduqda, istifadə hüququnun dayandırılması və ya məhdudlaşdırılması, habelə istifadə hüququnun məhdudlaşdırılmasına və ya dayandırılmasına səbəb olmuş vəziyyət və şərtlər aradan qaldırıldıqda, bu hüququn tam həcmdə bərpa edilməsinə dair qərar qəbul etmək Xidmətin vəzifələrindəndir. Göründüyü kimi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti dövlət (inzibati) orqandır. Həmçinin, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 9 saylı X3 Mərkəzi özü də dövlət (inzibati) orqandır. Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 9 saylı X3 Mərkəzi haqqında əsasnamənin 1.1-ci bəndinə əsasən, 9 saylı X3 Mərkəzi (bundan sonra “Mərkəz”) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra “Nazirlik”) 2018-ci il 13 iyul tarixli 374/ü nömrəli əmri ilə yaradılmışdır və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin tabeliyindəki qurumdur. Əsasnamənin 1.3-cü bəndinə əsasən, Mərkəz öz xidməti ərazisində meşələrin qorunub mühafizə edilməsi, onların bərpası, yeni meşə sahələrinin salınması işlərini, aralıq istifadə üçün aparılan qırmaları və sanitar qırmalarını, bundan əldə edilən oduncağın (işlik odun, şax və çırpı) həmçinin ikinci dərəcəli meşə ehtiyyatlarının və meşədən əlavə istifadə zamanı əldə olunan məhsulların tədarükünə və istifadəsinə aid olan fəaliyyəti, o cümlədən meşə fondu torpaqlarından istifadəyə nəzarəti həyata keçirən dövlət qurumudur. Həmin əsasnamənin 1.6-cı bəndinə əsasən, Mərkəz müstəqil balansa, Nazirlik tərəfindən onun operativ idarəçiliyinə verilən dövlət mülkiyyətində olan əmlaka, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri, nazirliyin departamentin və öz adı əks olunmuş möhürə, muvafiq ştamplara və blanklara malikdir. Qeyd edilən əsasnamənin 1.7-ci bəndinə əsasən, Mərkəzin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi, fond, büdcədənkənar xüsusi vəsaitlər, habelə qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına həyata keçirilir. Göstərilən əsasnamənin 2.1.2, 2.1.9-cu və 2.1.10-cu bəndindlərinə əsasən, meşə qanunvericiliyinin pozulması hallarının qarşısını almaq, meşə qanunvericiliyinin tələblərinə əməl edilməsinə mütəmadi və operativ nəzarəti təşkil etmək və həyata keçirmək; Meşə istifadəçiləri tərəfindən köküstə oduncaq buraxılışı qaydalarının yerinə yetirilməsinə, ot çalınmasına, mefə fondu torpaqlarında digər istifadə növlərinə dair normativ hüquqi aktlara riayət olunmasına nəzarət etmək; Mərkəzin fəaliyyəti barədə Nazirliyin müvafiq struktur bölmələrinə müəyyən olunmuş qaydada, hesabatlar təqdim etmək Mərkəzin əsas vəzifələrindəndir. Əsasnamənin 3.1-ci bəndinə əsasən, meşə qanunvericiliyinin pozulması hallarının qarşısını alır, meşə qanunvericiliyinin tələblərinə əməl edilməsinə nəzarəti təşkil edir və həyata keçirir. Həmin əsasnamənin 5.1-ci bəndinə əsasən, Mərkəzə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan direktor rəhbərlik edir. Qeyd edilən əsasnamənin 5.3.4-cü bəndinə əsasən, Direktor Mərkəzin xidməti ərazisində meşə qanunvericiliyinin tələbləri pozulduqda inzibati xətalar haqqında işlər üzrə icraata başlayır, inzibati araşdırma aparır və inzibati xətalar haqqında işlərə baxır, təqsirkarların inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə materialları müvafiq orqanlara göndərir. Göstərilən əsasnamənin 5.14-cü bəndinə əsasən, Mərkəzin ştat cədvəli müəyyən olunmuş qaydada hazırlanır və Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 9 saylı X3 Mərkəzi dövlət (inzibati) orqandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, hazırki tələb əşya hüquqi tələbidir. Belə ki, iddiaçı 9 saylı X3 Mərkəzi Cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş tikilinin sökülməsini və zəbt edilmiş dövlət mülkiyyətində olan torpaq sahəsinin boşaldılaraq geri təhvil verilməsini tələb edir. İddiaçı göstərilən məzmunda iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun, yəni hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququnun mövcud olmasını isə özünün və tabe olduğu qurumun Əsasnamələri ilə müəyyən edildiyini qeyd edir. Beləliklə yuxarıda göstərilənlərə əsasən müəyyən olunur ki, hazırki mübahisənin tərəflərinin biri dövlət (inzibati) orqanı, digəri isə sahibkarlıq subyektidir, mübahisənin predmeti dövlət mülkiyyətində olan torpaqlar üzərində dövlətin müstəsna mülkiyyət hüququnun həmin torpaqların qanunsuz zəbt edilməsi yolu ilə pozulmasının aradan qaldırılması barədədir. Qeyd edilən predmet üzrə cavabdehə qarşı iddia tələbi ilə çıxış etməsini iddiaçı torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsinə dair müvafiq normativ aktla (əsasnamə ilə) müəyyən edilmiş vəzifəsinə və bu vəzifəni yerinə yetirmək üçün nəzərdə tutulmuş məhkəmədə iddia qaldırmaq hüququna istinad etməklə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında hüquq münasibətlərinin xarakterinin müəyyən edilməsində yuxarıda sonuncu göstərilən xüsusat əsas götürülməlidir. Belə ki, hazırki mübahisə üzrə tərəflər arasında münasibətin yaranmasına səbəb iddiaçının normativ hüquqi aktlarla müəyyən edilmiş nəzarət funksiyasını yerinə yetirməsi, cavabdehin isə iddia ərizəsində göstərildiyi kimi dövlət mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etməsi olmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli torpaq sahəsini zəbt etməsini həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması məqsədi ilə əlaqələndirmək mümkün olsa da, iddiaçının dövlət orqanı olan Xidmətin tabeçiliyində olan dövlət qurumu olaraq dövlət mülkiyyətində olan torpaqların mühafizəsinə nəzarət funksiyasını həyata keçirməklə bağlı yaranmış hazırki tələbini heç bir halda iddiaçının mülki hüquq subyekti olaraq həyata keçirdiyi fəaliyyətindən, o cümlədən sahibkarlıq fəaliyyətindən irəli gələn tələb kimi qəbul etmək olmaz. Bu tələb əşya hüquqi tələb olmaqla, iddiaçının dövlət orqanı kimi nəzarət səlahiyyətlərindən yaranan tələbdir. Bu tələbə isə mülki, o cümlədən kommersiya xarakterli mübahisədən yaranan tələb kimi baxıla bilməz. Məhkəmə gəldiyi nəticənin maddi və prosessual hüquqi əsaslandırılması ilə bağlı qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 4 nömrəli qərarında göstərilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır (1-ci bənd). Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir (2-ci bənd). Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir (3.1-ci bənd). İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır 3.2-ci bənd). İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır (4-cü bənd). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 24.2ci maddəsinin tələbləri baxımından və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarında əks olunan hüquqi mövqeyə görə hazırki mübahisə kommersiya mübahisəsi hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, hazırki mübahisə hər iki tərəfin sahibkarlıq fəaliyyətinin həyata keçirməsi ilə bağlı deyil, habelə iş üzrə tərəflər xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etmədiklərindən, iddiaçı 9 saylı X3 Mərkəzinin Cavabdeh qarşı “qanunsuz tikdirdiyi tikilini öz vəsaiti hesabına sökülməsi, ərazinin əvvəlki vəziyyətə gətirilərək boşaldılması tələbi”nə dair iş mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalı deyil, ona görə də hazırki iş üzrə icraata xitam verilməli və iddiaçıya hazırkı iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 9 saylı X3 Mərkəzinin Cavabdeh qarşı “qanunsuz tikdirdiyi tikilini öz vəsaiti hesabına sökülməsi, ərazinin əvvəlki vəziyyətə gətirilərək boşaldılması tələbi”nə dair iş üzrə icraata xitam verilsin. İddiaçı 9 saylı X3 Mərkəzinə hazırkı tələbi ilə əlaqədar inzibati icraat qaydasında aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəmzi Nəbiyev
Məhkəmə qərarları › İş №e-2-2(121)-660/2025
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-660/2025
25.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver