Məhkəmə qərarları › İş №e-2-2(121)-715/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-715/2025

31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-715/2025 31.01.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: Tələb:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehna qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdеh Cavabdeh 2855,19 manat ödənilməmiş borc məbləğinin və ödənilmiş 48,56 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh arasında bağlanmış 18 aprel 2024-cü il tarixli LGF0043 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə müxtəlif ərzaq və qeyri-ərzaq məhsulları satmağı, cavabdeh isə həmin məhsulları qəbul edib, dəyərini 25 (iyirmi beş) gün müddətində iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bu məqsədlə xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə iddiaçı cavabdehə müxtəlif çəkilərdə toyuq əti məhsulları satmış və məhsulların təhvil-qəbulu həyata keçirilmişdir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Belə ki, 18 aprel 2024-cü il tarixli LGF0043 nömrəli alqı-satqı müqavilənin 2.1 və 2.2-ci bəndinə görə cavabdeh qəbul etdiyi məhsulların dəyərini 25 (iyirmi beş) gün müddətində ödəməli olduğu halda, müqavilənin həmin şərtlərinin tələbini pozmuşdur. Hal-hazırda cavabdehin "xxxx" MMC-yə 2855,19 manat ödənilməmiş borcu qalmışdır.

İddia ərizəsinə etiraz:

3. İddia ərizəsinin icraata götürülməsinə dair qərardad və Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinin qeyd olunduğu məhkəmə bildirişi (iddia ərizəsinin surəti və prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş əlavə olunmaqla) xx.xx.2025-ci il tarixində Cavabdeh poçt vasitəsilə ilə təqdim olunmuş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz, iddia tələbinin əsassızlığına dair sübut məhkəməyə təqdim edilməmişdir.

Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

5. Məhkəmə, xx.xx.2024-cü il tarixli, e-2-2(121)-4052/2024 nömrəli qərardadla iddia ərizəsinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmə icraatını mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

6. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, LGF0043 nömrəli alqı-satqı müqaviləsinin: - 1.1-ci yarımbəndinə əsasən, Satıcı Alıcıya əvvəlcədən razılaşdırılmış şəkildə pərakəndə satış həyata keçirməsi üçün müxtəlif çeşiddə ərzaq və qeyri-ərzaq məhsulları (bundan sonra “Mal” adlandırılacaq) satır. Alıcı isə həmin Malı alır və özünəməxsus ticarət obyektində müvafiq düzülüşlə rəflərdə yerləşdirərək satışını həyəta keçirir. - 2.1-ci yarımbəndinə əsasən, Bu müqaviləyə əsasən “Satıcı” malı “Alıcı”nın mülkiyyətinə verir, “Alıcı” isə razılaşdıqları kimi müqavilənin 1-ci bəndinə uyğun olaraq malı qəbul edir və dəyərini ödəyir. - 2.2-ci yarımbəndinə əsasən, “Alıcı” aldığı malın dəyərini 25 (iyirmi beş) gün müddətində nağd və ya köçürmə yolu ilə “Satıcı”nın məsul şəxsinə, yaxud “Satıcı”nın bank hesabına ödəyir. Ödəmə “Satıcı”nın məsul şəxsinə ödənərkən müvafiq qəbz əsasında ödənir. Bu halda məsul şəxs “Satıcı” qarşısında bilavasitə məsuliyyət daşıyır. - 4.2-ci yarımbəndinə əsasən, müqavilənin qüvvədə olma müddətinin bitməsi, yaxud hər hansı şəbədən müqaviləyə vaxtından əvvəl xitam verilməsi Tərəfləri müqavilə şərtlərinin yerinə yetirilməsinə görə məsuliyyətdən azad etmir. Tərəflər öhdəliklərini tam şəkildə icra etməyə borcludur. - 5.2-ci yarımbəndinə əsasən, hazırki müqavilənin 5.1-ci bəndinə uyğun olaraq alıcı tərəfindən satıcıya göstərilmiş xidmətin adı, həcmi və dəyəri təhvil-təslim aktı və elektron qaimə ilə müəyyənləşdirilir. - 5.11-ci yarımbəndinə əsasən, tərəflər Müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həll edilir.

7. İş materiallarında olan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturaların və xx.xx.2024cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli,xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli təhvil-qəbul sənədlərinin surətlərindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh toyuq əti məhsulları satılmış və məhsullar ona təhvil verilmişdir. Təhvil-qəbul sənədləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və Cavabdeh tərəfindən imzalanmışdır.

8. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 13 noyabr 2024cü il tarixli, pretenziya məktubunun surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış 2855,19 manat borcun 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır b) Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

c) Məhkəmənin mövqeyi:

11. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə uyğun olaraq işə, təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir.

12. Məhkəmə ilkin olaraq qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, LGF0043 nömrəli alqı-satqı müqaviləsi təşkil edir. Ona görə də, hazırki mübahisəyə mülki qanunvericiliyin alqı-satqı müqaviləsinə dair müddəaları tətbiq edilməlidir.

13. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edir ki, iddiaçı alqı-satqı müqaviləsinin predmeti olan əşyaları cavabdehin mülkiyyətinə verdiyini, cavabdeh isə qəbul etdiyi əşyaların qəbul əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödədiyini sübut etməlidir. Bu baxımdan, iddiaçı alqı-satqı müqaviəsinə müvafiq olaraq öhdəliklərini yerinə yetirməsini sübut etmiş, lakin cavabdeh alqı-satqı müqaviləsinin 2.2-ci yarımbəndinə əsasən aldığı malın dəyərini nağd və ya köçürmə yolu ilə “Satıcı”nın məsul şəxsinə, yaxud “Satıcı”nın bank hesabına ödədiyini sübut etməli olduğu halda, iddia ərizəsinə qarşı etiraz verməmiş, iddia tələbinin əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir.

14. Məhkəmə, qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə iddiaçı ondan 2855,19 (iki min səkkiz yüz əlli beş manat, on doqquz qəpik) manat borcu tələb etməkdə haqlıdır.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 49 manat dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

Nəticə:

16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh 2855,19 (iki min səkkiz yüz əlli beş manat, on doqquz qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 49 (qırx doqquz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar