Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-729/2023 14.03.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh X2 qarşı ünvan 1ində yerləşən 1 saylı X5 istifadəsində və dövlət mülkiyyətində olan 29.132,9 kv.m torpaq sahəsinin X3 tərəfindən qanunsuz olaraq zəbt edilmiş 1373.3 kv.m və 58 kv.m hissələrinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh X2 qarşı ünvan 1ində yerləşən 1 saylı X5 istifadəsində və dövlət mülkiyyətində olan 29.132,9 kv.m torpaq sahəsinin X3 tərəfindən qanunsuz olaraq zəbt edilmiş 1373.3 kv.m və 58 kv.m hissələrinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cəlilabad ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq nəticəsində ünvan 1i ünvanında yerləşən dövlət mülkiyyətində olan, 1 saylı X5 yerləşdiyi torpaq sahəsinin 1373.3 kv.m və 58 kv.m hissəsinin X3 tərəfindən qanunsuz olaraq zəbt edildiyi aşkar olunmuşdur. 1 saylı X5 əmlakı Dövlət Əmlak Komitəsi ilə Fabrikin əmək kollektivi arasında bağlanılmış xx.xx.1999-ci il tarixli, 12929 nömrəli alqı-satqı müqaviləsinə əsasən əmək kollektivi tərəfindən özəlləşdirilmiş və onlara qeyd edilən əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.1999-cu il tarixli, 12387 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə” verilmişdir. Lakin fabrikin yerləşdiyi, xx.xx.1998-ci il tarixli texniki pasporta əsasən sahəsi 32.823,8 kv.m (hazırda faktiki 29.132,9 kv.m) olan torpaq sahəsi özəlləşdirilmədiyindən dövlət mülkiyyətində qalmışdır. X3 hər hansı hüquq müəyyənedici sənəd olmadan, dövlətin mülkiyyət hüququ pozulmaqla 1 saylı X5 istifadəsində olan torpaq sahəsinin 1373.3 kv.m və 58 kv.m hissələrini qanunsuz olaraq zəbt etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahələri 1 saylı X5 texniki pasportunda göstərilmiş hüdudlar daxilində yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Mülki Məcəllənin 155.2-ci maddəsinə əsasən fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, cavabdeh dövlətin torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozaraq, yuxarıda qeyd edilən torpaq sahələrini zəbt etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə”nin 3.0.46-cı bəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin, özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına, onların təyinatının dəyişdirilməsinə razılıq vermək, dövlətə məxsus olan hüquqi şəxslərin və özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadəsi vəziyyətinin araşdırılması məqsədilə monitorinq aparmaq və aşkar edilmiş pozuntu hallarının aradan qaldırılması üçün tədbirlər görmək; 3.0.36-ci bəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərə və özəlləşdirilən hüquqi şəxslərə məxsus obyektlərin (əmlakın) və torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq Xidmətin vəzifələridir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli, 3-21-3/2- 2113/2023 nömrəli pretenziya məktubu göndərilərək, zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq mülkiyyətçiyə, yəni Əmlak Məsələləri Dövlət Xidmətinə qaytarılması tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi cavabdehin nəzərinə çatdırılmışdır. Qeyd edilən pretenziya məktubu elektron qaydada cavabdehə çatdırılmışdır. Lakin cavabdeh torpaq sahəsinin boşaldılaraq Xidmətə qaytarılması üçün heç bir tədbir görməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər hazırki mübahisənin və tərəflər arasında olan hüquq münasibətinin kommersiya xarakteri daşımaması və buna görə də iddia tələbinə kommersiya mübahisələrinə dair iş kimi mülki məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmaması əsası ilə geri qaytarılmalıdır. Məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə”nin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurum olmaqla dövlət (inzibati) orqanıdır. Fiziki şəxs haqqında məlumatdan görünür ki, hazırda ünvan 2i ünvanında qeydiyyatda olan cavabdeh X1 subyektidir. Belə ki, ona xx.xx.2005-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, hazırki tələb əşya hüquqi tələbidir. Belə ki, iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh X3 tərəfindən qanunsuz olaraq zəbt edilmiş dövlət mülkiyyətində olan torpaq sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsini tələb edir və öz tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.1, 155.2 və 157.4-cü maddələri ilə əsaslandırır. İddiaçı göstərilən məzmunda iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun, yəni hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququnun mövcud olmasının isə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.36 və 3.0.46-cı bəndləri ilə müəyyən edildiyini qeyd edir. Beləliklə yuxarıda göstərilənlərə əsasən müəyyən olunur ki, hazırki mübahisənin tərəflərinin biri dövlət orqanı, digəri isə sahibkarlıq subyektidir, mübahisənin predmeti dövlət mülkiyyətində olan torpaqlar üzərində dövlətin müstəsna mülkiyyət hüququnun həmin torpaqların qanunsuz zəbt edilməsi yolu ilə pozulmasının aradan qaldırılması barədədir. Qeyd edilən predmet üzrə cavabdehə qarşı iddia tələbi ilə çıxış etməsini iddiaçı, torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsinə dair müvafiq normativ aktla (əsasnamə ilə) müəyyən edilmiş vəzifəsinə və bu vəzifəni yerinə yetirmək üçün nəzərdə tutulmuş məhkəmədə iddia qaldırmaq hüququna istinad etməklə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında hüquq münasibətlərinin xarakterinin müəyyən edilməsində yuxarıda sonuncu göstərilən xüsusat əsas götürülməlidir. Belə ki, hazırki mübahisə üzrə tərəflər arasında münasibətin yaranmasına səbəb iddiaçının normativ hüquqi aktlarla müəyyən edilmiş nəzarət funksiyasını yerinə yetirməsi, cavabdehin isə iddia ərizəsində göstərildiyi kimi dövlət mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etməsi olmuşdur. Bu münasibətlərin xarakteri nəzərə alındıqda isə onun tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəldiyini söyləməyə əsas vermir. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli torpaq sahəsini zəbt etməsini həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması məqsədi ilə əlaqələndirmək mümkün olsa da, iddiaçının dövlət orqanı olaraq dövlət mülkiyyətində olan torpaqların mühafizəsinə nəzarət funksiyasını həyata keçirməklə bağlı yaranmış hazırki tələbini heç bir halda iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gələn tələb kimi qəbul etmək olmaz. Bu tələb əşya hüquqi tələb olmaqla, iddiaçının dövlət orqanı kimi nəzarət səlahiyyətlərindən yaranan tələbdir. Bu tələbə isə kommersiya xarakterli mübahisədən yaranan tələb kimi baxıla bilməz. Beləliklə məhkəmə müəyyən edir ki, tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri hazırki mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmasını mümkünsüz edir. Buna görə də iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya ərazi aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Məhkəmə gəldiyi nəticənin maddi və prosessual hüquqi əsaslandırılması olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndinə əsasən, MPMin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hazırkı iddiaya məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olmadığını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyəti məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Eyni zamanda ərizəçiyə izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 403- 1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq məhkəmə,
qərara aldı:
İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh X2 qarşı ünvan 1ində yerləşən 1 saylı X5 istifadəsində və dövlət mülkiyyətində olan 29.132,9 kv.m torpaq sahəsinin X3 tərəfindən qanunsuz olaraq zəbt edilmiş 1373.3 kv.m və 58 kv.m hissələrinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.
Hakim Zaur Abbasov