Məhkəmə qərarları › İş №e-2-2(121)-754/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-754/2024

19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-754/2024 19.02.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Misirzadə Namidar Əlöysət oğlu – İddiaçı MMC-nin kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı – pul tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarından aydın olur ki, 30 manat məbləğində dövlət rüsumu iddia ərizəsi üzrə iddiaçı olan İddiaçı MMC tərəfindən deyil, X2 tərəfindən Şirvan Kommersiya Məhkəməsinin hesabına ödənilmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödəmədiyindən və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi, eyni zamanda dövlət rüsumundan azad edilməsinə əsas olan sənədi ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bundan başqa, hazırki kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin forması mülki-prosessual qanunvericiliyin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Ona görə ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin elektrona aid olmayan “Giriş” hissəsində qeyd edilən əriənin “iddia ərizəsi” deyil, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə olması göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Qeyd edilən 284-3.1-ci maddəsinə əsasən, ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. Məhkəmə hesab edir ki, hazırki kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə də cavab vermir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bunan əlavə, portaldan çıxarışdan görünür ki, Cavabdeh Zərdab rayonu, Pərvanlı ərazi dairəsi, Pərvanlı kəndində qeydiyyatdadır. Göründüyü kimi, cavabdeh Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə qeydiyyatda olmadığından, iş ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda Zərdab rayonu – Şəki Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərində göstərilmişdir. Qeyd edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, mövcud ərizənin Şirvan Kommersiya Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Ona görə ki, cavabdehin hüquqi ünvanının olduğu yer üzrə məhkəməyə verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin rəsmi qeydə alındığı ünvanın Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə olması müəyyən edilmədiyindən, iddiaçı mövcud ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etməkdə haqlı deyildir. İddiaçı mövcud ərizəsini cavabdehin rəsmi qeydə alındığı yerin yurisdiksiyasına aid olan kommersiya məhkəməsinə verməlidir. Buna görə də məhkəmə hesab edir ki, ərizə ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olması müəyyən edilmədiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilən Məcəllənin 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci və 284-3.5ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı MMC-nin Cavabdeh qarşı – pul tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, sadələşdirilmiş qaydada verilən kiçik iddia ərizəsinin qaytarılması nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmur. xx.xx.2024-cü il tarixdə dövlət büdcəsinə (Şirvan Kommersiya Məhkəməsinin hesabına, ********** qəbz nömrəsi ilə) ödənilmiş 30 manat məbləğində dövlət rüsumu X1 qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar