Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-786/2023 24.06.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında imzalanmış 12 iyul 2018-ci il tarixli, 12/07/18/03 nömrəli “Reklam və poliqrafiya xidmətlərinin göstərilməsinə dair” müqavilə üzrə yaranmış 3.311,08 manat borcun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 manat məbləğində haqqın cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında 12 iyul 2018-ci il tarixli 12/07/18/03 nömrəli “Reklam və poliqrafiya xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı 1 il müddətinə reklam və poliqrafiya xidmətlərinin göstərilməsini, cavabdeh isə razılaşdırılmış muzdu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən xidmət haqqı ödənilməmiş və nəticədə 3.311,08 manat borc yaranmışdır. Göstərilənləri nəzərə alaraq, cavabdehə 6 oktyabr 2022-ci il tarixli P-04 nömrəli pretenziya məktubu ünvanlanaraq, cavabdehdən 29 sentyabr 2022-ci il tarixə olan 3.311,08 manat borc məbləğinin ödənilməsi tələb olunmuş, lakin cavabdeh tərəfindən borc ödənilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə 2 noyabr 2022-ci il tarixli M-04 nömrəli mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. Daha sonra Qanunun 28.3-cü maddəsinə uyğun olaraq, iddiaçı tərəfindən 28 noyabr 2022-ci il tarixli MT-10 nömrəli məktubla Sabirabad 1 saylı Mediasiya Təşkilatına müraciət olunmuş və Təşkilat tərəfindən X2 mediator qismində təyin olunmuşdur. Cavabdeh mediasiya prosesində iştirak etməmiş, bu səbəbdən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə “Arayış” təqdim olunmuşdur. Beləliklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən müqavilə öhdəlikləri üzrə ödənilməmiş 3.311,08 manat məbləğində pulun ödənilməsi tələb olunur. Cavabdeh "xxxx" MMC-nin direktoru Mənaf Bayramov məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli eyni məzmunlu elektron ərizələrində iddiaçı ilə aralarında bağlanmış 12 iyul 2018-ci il tarixli müqavilə üzrə iddia müddətinin xx.xx.2021-ci il tarixdə bitdiyini nəzərə alaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsinin iddia müddəti tətbiq edilməklə təmin olunmaması barədə qətnamə çxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia müddəti ötürüldüyündən iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 12/07/18/03 nömrəli “reklam və poligrafiya xidmətlərinin göstərilməsinə dair” müqavilənin: 1.1-ci bəndinə əsasən, “İcraçı” “Sifarişçi”nin sifarişi əsasında müqavilənin 1.2-ci bəndində göstərilən işlərin görülməsini, “Sifarişçi” isə razılaşdırılmış muzdu ödəməyi öhdəliklərinə götürürlər; 1.2-ci bəndinə əsasən, reklam və poligrafiya xidmətlərin göstərilməsi müqavilənin predmetini təşkil edir:; 2.3-cü bəndinə əsasən, “Sifarişçi” təqdim edilmiş hesab faktura üzrə ödənişi köçürmə yolu ilə 10 gün ərzində həyata keçirir; 4.1-ci bəndinə əsasən, müqavilə hər iki tərəf tərəfindən imzalandığı andan qüvvəyə minir və 1(bir) il ərzində qüvvədə qalır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 932337 nömrəli; xx.xx.2018-ci il tarixli, 408545 nömrəli; xx.xx.2018-ci il tarixli, 693468 nömrəli; xx.xx.2018-ci il tarixli, 927356 nömrəli; xx.xx.2018-ci il tarixli, 260757 nömrəli; xx.xx.2018-ci il tarixli, 260753 nömrəli elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 4.016 manat dəyərində iş görülmüşdür. İş materiallarında olan kredit haqqında bildirişlərdən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına xx.xx.2018-ci il tarixdə 105 manat, xx.xx.2018-ci il tarixdə 225 manat, xx.xx.2018-ci il tarixdə 880 manat olmaqla, ümumilikdə 1210 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, məktubda İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 12/07/18/03 nömrəli “reklam və poliqrafiya xidmətlərin göstərilməsinə dair” müqaviləsinə əsasən Cavabdeh MMC-nə iddiaçı tərəfindən 4.349,48 manat dəyərində xidmətlər göstərildiyi, bunun müqabilində cavabdeh tərəfindən 1038,4 manat məbləğində ödəniş olunduğu, nəticədə 3.311,06 manat borc qaldığı bildirilmiş, həmin borcun 5 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC -yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MT-04 nömrəli “Mediasiya prosesinin tətbiqi barədə təklif”dən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasının keçirilməsi məqsədilə mediasiya prosesinin tətbiqi barədə təklif tərtib olunaraq cavabdehə göndərilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı MMC -nin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh MMC iştirak etməmişdir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, iddiaçının nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlarına, təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər arasında, iddiaçı tərəfindən cavabdehin sifarişi ilə müəssisənin loqotipinin hazırlanması, banner çapı və blankların hazırlanmasından ibarət olan işlərin görülməsi, cavabdehin isə görülən işlərin qarşılığında müvafiq haqqın (muzdun) iddiaçıya ödənilməsinə dair razılıq əldə olunmuşdur və həmin razılığı tərəflər “Reklam və poligrafiya xidmətlərinin göstərilməsinə dair müqavilə” adlandırdıqları xx.xx.2018-ci il tarixli müqavilə ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra edərək cavabdehin sifarişləri əsasında müvafiq işləri gördüyünü, lakin cavabdehin görülən işlərin qarşılığında 3.311,06 manat məbləğində ödənilməmiş borcunun qaldığını iddia edir. Cavabdeh adı çəkilən müqavilə üzrə iddia müddətinin ötürüldüyünü bildirir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını iş görülməsi (podrat) müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39-cu fəslində yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 752.1-ci maddəsində nəzərdə tutulan podrat müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Məhkəmə, iddia tələbinin maddi hüquqi əsasının müəyyən edilməsi ilə bağlı əlavə olaraq qeyd edir ki, tərəflər arasında bağlanan müqavilə “Reklam və poligrafiya xidmətlərinin göstərilməsinə dair müqavilə” adlandırılsa da, müqavilələrin məzmunundan və şərtlərindən, eləcə də işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında iş görülməsi (podrat) müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, işin mübahisəsiz hallarından (cavabdehin sifarişi ilə iddiaçının cavabdehə reklam və poliqrafiya məhsulları hazırlaması, cavabdehin isə görülən işlərin haqqının iddiaçıya ödənilməsinə dair razılığa gəlinməsi) görünür ki, tərəflərin iradə ifadəsi məhz podrat müqaviləsinin bağlanmasına yönəlmişdir. Bu halda məhkəmə hesab edir ki, tərəflərin müqavilə münasibətlərinə daxil olarkən ifadə etdikləri iradələrinin əsil məzmunu əsas götürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci və 404.2-ci maddələrinin tələblərinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə hesab edir ki, müqavilənin şərtlərinə, eləcə də müqavilənin icrası ilə bağlı tərəflərin sonrakı hərəkətlərinə əsasən müəyyən edilən işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan podrat müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsası kimi həmin normalara istinad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterini müəyyən etdikdən sonra iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olubolmamasına və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmamasına münasibət bildirməyi vacib hesab edir. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçının hazırki tələblə bağlı subyektiv hüququ tərəflər arasında etibarlı şəkildə bağlanılmış podrat müqaviləsindən irəli gəlir. Həmin müqavilənin şərtlərinə görə İddiaçı MMC müqavilənin 1.2-ci bəndində göstərilən işlərin görülməsini, Cavabdeh MMC isə razılaşdırılmış muzdu ödəməyi öhdəliklərinə götürmüşlər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən, İddiaçı MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirərək Cavabdeh MMC-nin sifarişi əsasında tələb olunan işləri görmüşdür. Bu xüsusat işdə olan qaimələrlə öz təsdiqini tapdığı kimi, cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Cavabdeh MMC isə müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir və nəticədə onun iddiaçıya görülən işlərin qarşılığında ödənilməmiş borcu yaranmışdır. Cavabdehin görülən işlərin qarşılığında borcunun yaranması işdə olan qaimələr və ödəniş haqqında bildirişlərlə sübut olunur. Borcun olmasına dair iddiaçının tələbi də cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bununla da, Cavabdeh MMC-nin müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “reklam və poliqrafiya xidmətlərin göstərilməsinə dair” müqavilə üzrə görülən işlərin qarşılığında haqqın (borcun) ödənilməsi barədə öhdəliklərinin icrasına dair tələbi hüquqi və əsaslıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, tərəflər arasında mövcud olmuş podrat müqaviləsi üzrə sifarişçinin vəzifə və məsuliyyətini müəyyən edən, həmçinin öhdəlik hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin müvafiq normalarının tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 753.2-ci maddəsinə əsasən, əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Yenə həmin Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, sadalanan maddi hüquq normalarının tələblərini işin faktiki hallarına tətbiq edərək məhkəmə bu qənaətə gəlir ki, “reklam və poliqrafiya xidmətlərin göstərilməsinə dair” müqaviləsindən yaranan öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilmədiyinə görə müqavilə üzrə borcun Cavabdeh MMC-dən tutulması barədə iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ yaranmışdır. Məhkəmə, tələb olunan borcun məbləği ilə əlaqədar qeyd edir ki, iş materiallarında olan sənədlərlə iddia ərizəsində tələb olunan 3.311,08 manat məbləğdə cavabdehin borcunun olması öz təsdiqini tapmır. Belə ki, işdə olan elektron qaimələrə əsasən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 4.016 manat dəyərində iş görülmüşdür. İş materiallarında olan kredit haqqında bildirişlərdən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 1210 manat pul vəsaiti köçürülmüşdür. Bununla da cavabdehin 2806 manat ödənilməmiş borcunun qaldığı müəyyən olunur. İş materiallarında olan sənədlərlə iddiaçının iddia etdiyi kimi cavabdehin 3.311,06 manat ödənilməmiş borcunun qaldığı təsdiq olunmur. İddiaçı tərəfinən həmin halı təsdiq edən sübut məhkəməyə təqdim olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı 2806 manat məbləğində borcun ödənilməsinə dair tələbi əsaslı hesab edilə bilər. Hazırki mübahisəyə iddia müddətinin tətbiqinə dair məsələylə əlaqədar məhkəmə qeyd edir ki, Cavabdeh MMC ona qarşı yönəldilmiş iddia tələbinin obyekti olan borc məbləğini mübahisələndirməsə də, həmin borcun tələb edilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünə dair məhkəməyə ərizə vermişdir. Məhkəmə, Cavabdeh MMC-nin iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 375.1, 375.2-ci, 377.1, 377.2, 377.3-cü və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Sadalanan maddi hüququ normalarının tələblərindən aydın olur ki, bir şəxsin başqa şəxsdən tələb etmək hüququna müddət şamil edilir və bu müddət əgər pozulmuş hüququn bərpası məhkəmə müdafiəsi yolu ilə həyata keçirilirsə iddia müddəti sayılır. İddia müddəti isə müqavilə tələbləri üzrə üç illə məhdudlaşır. İddia müddətinin keçməsi hüququ pozulmuş şəxsin tələblə məhkəməyə müraciət etməsinə mane olmasa da, digər tərəfin iddia müddətinin keçməsinə istinad etməsi və bu barədə məhkəməyə ərizə verməsi məhkəmənin həmin əsasla iddianı rədd etməsi üçün hüquqi zəmin yaradır. O da qeyd edilməlidir ki, iddia müddətinin tətbiqinə dair məsələlərin həlli zamanı həmin müddətin axımının başlanması anının dəqiq müəyyən edilməsi, həmçinin hər bir konkret iş üzrə iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi hallarının mövcud olubolmamasının araşdırılması zəruridir. Hazırki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli “reklam və poliqrafiya xidmətlərin göstərilməsinə dair” müqavilənin qüvvədə olma müddəti 1 (bir) il kimi müəyyən edilmişdir. Həmçinin, işdə olan ödəniş haqqında bildirişlərdən görünür ki, cavabdeh tərəfindən müqavilə üzrə son ödəniş xx.xx.2018-ci il tarixdə həyata keçirilmişdir və həmin tarixdən İddiaçı MMC cavabdehin müqavilə üzrə öhdəliyini icra etməkdən yayındığını və bununla da hüquqlarının pozulduğunu bilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış podrat müqaviləsindən yaranan tələblər üzrə iddia müddətinin axımı tərəflərin razılaşması ilə son icra müddəti kimi müəyyən edilmiş müqavilənin son qüvvədə olma tarixi olan xx.xx.2019cu il tarixindən etibarən başlamışdır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə bitmişdir. İşdən görünür ki, iddiaçı hazırki iddiası ilə bağlı cavabdehə qarşı ilk tələbini, borcun ödənilməsinə dair xəbərdarlıq bildirişini (pretenziya məktubunu) xx.xx.2022-ci il tarixdə cavabdehə təqdim etmiş, mediasiya prosesinin tətbiqi barədə təklif məktubunu isə xx.xx.2022-ci il tarixdə cavabdehə göndərmişdir. Bununla da, xx.xx.2022-ci il tarixdə bitmiş iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən mediasiya üçün müraciət məktubu Sabirabad 1 saylı Mediasiya Təşkilatına xx.xx.2022-ci il tarixində göndərilmişdir, Mediasiya Təşkilatı tərəfindən isə tərtib edilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli, MŞS/1/00883 nömrəli arayış iddiaçı tərəfindən xx.xx.2023cü il tarixdə rəsmi qaydada təhvil alınmışdır. Lakin iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə mediasiya arayışını aldığı tarixdən 72 gün sonra, xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Bununla da, iddiaçı ilkin mediasiya prosesinin tətbiqi barədə təklif məktubunun göndərildiyi xx.xx.2022-ci tarixdən dayanmış, mediasiya arayışının təqdim olunduğu xx.xx.2023-cü tarixdə bərpa olunmuş iddia müddətini əlavə olaraq 72 gün ötürmüşdür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun; 21.5-ci maddəsinə əsasən, mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 21.6-ci maddəsinə əsasən, tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 32.4.2-ci maddəsinə əsasən, bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. Yuxarıda şərh olunanlara yekun vuraraq məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən iddia müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 122 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi 72 gün olmaqla, ümumilikdə 194 gün müddətində ötürülmüşdür. Buna görə də, iddia müddətinin tətbiqinə dair Cavabdeh MMCnin ərizəsi əsaslı hesab edilməli və hazırki mübahisə iddia müddəti tətbiq edilməklə həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin tətbiqinin əsaslarını və nəticələrini tənzimləyən maddi hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-dən müqavilə üzrə borcu tələb etmək hüququ olsa da, iddia müddəti keçdiyinə görə həmin hüququn dövlət məcburetmə vasitələri ilə həyata keçirilməsi imkanını iddiaçı itirmişdir. Buna görə də, iddiaçının müqavilə üzrə pul tələbinə dair iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-786/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-786/2023
24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver