Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-80/2025 10.02.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borca görə 4456.48 manat, hesablanmış cəriməyə görə 445.64 manat olmaqla, cəmi 4902.12 manat pulun, ödənilmiş 69 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 5 saylı "xxxx" müqaviləyə əsasən, cavabdeh 13.00 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu İddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə İddiaçı tərəfindən Cavabdehə avans olaraq cəmi 7536.50 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə 2.2.2-ci bəndinin şərtlərinə əsasən, Satıcı istifadə etdiyi pambıq toxumunun, kənd təsərrüfatı texnikası ilə göstərilən xidmətin, gübrə və pestisidlərin, göstərilən digər xidmətlərin dəyərini “Alıcı”-ya ödəmək üçün, (hər hektardan 25 sentnerdən az olmamaqla) yetişdirdiyi yüksək keyfiyyətli xam-pambığı son məhsuladək, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam-pambığm yığılması və tədarükünə dair” Təlimatın tələblərinə müvafiq qaydada xx.xx.2022-ci il tarixədək “Alıcı”-ya təhvil verir; Təhvil verilən xam-pambığm dəyəri “Alıcı”-dan alman avans məbləğin (hər hansı formada göstərilən xidmətin dəyəri də daxil olmaqla) dəyərindən az olarsa o zaman “Alıcı”-ya həmin yaranan fərqi ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən Cəmiyyətə 3080.02 manat məbləğində xam pambıq təhvil verilmiş, bununla da təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Cavabdehin xx.xx.2023-ci il tarixə əsas borcu 4456.48 manat təşkil etmişdir. Cavabdehin borclu qalması İddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən İddiaçı MMC ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 2.2.3-cü bəndinə əsasən, Cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində, 10%-dən artıq olmamaq şərtilə cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 445.64 manat təşkil edir. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məlum iddia ərizəsində göstərilənlərin bir qisminin həqiqət olsa da, ərizədə həm də həqiqətdən kənara çıxma hallarının mövcud olduğunu, əvvəla ərizədə adı çəkilən xx.xx.2022-ci il tarixli, 5 saylı "xxxx" müqavilənin surətinin dəfələrlə tələb etsə də MMC tərəfindən ona verilmədiyini və hazırda da onda olmadığını, həmin Müqavilədən sonra aralarında bağlanmış müqavilə şərtlərinə görə ona 1-ci və 2-ci şum zamanı (müvafiq olaraq 13 və 10 hektarda), 1- 2-ci mala zamanı (eyni ölçülü hektarlarda), 3 ha sahədə pambıq çöpü doğranmasında, habelə 13 ha əkində, kombaynla təminatda, pambıq sovkasına qarşı 2 dəfə dərmanlamada (13+13 ha), 2 dəfə becərmədə - kultivasiyada (13+13 ha), 162 kq sadə-adi çiyiddə, 100 kq isə bahalı çiyiddə və 300 kq amafoz gübrənin təminat və təchizatının vaxtında və qaydasında təşkil edildiyini, bu və digər müxtəlif xidmətlər göstərildiyini, müqavilə şərtlərinə uyğun olaraq MMC-yə 3080.02 manat məbləğində xam pambıq təhvil verdiyini, 2023-cü ilin fevral, mart, aprel, may aylarında, yəni 4 ay müddətində ’’Aztəsərrüfat” MMC-də rəsmi olaraq sahə rəisi işlədiyini, aylıq əmək haqqı 500 manat olmaqla 4 ay orada işləsə də, MMC qanunla ona çatası həmin ayların cəmi 2000 manat məbləğində olmaqla əməkhaqqı pulunu bu günə kimi ona ödəmədiyini, bu barədə etdiyi müraciətdə ona, gözlə, sənə bank kartı hazırlayıb verəcəyik, əməkhaqqı pulunu alacaqsan, deyildiyini, lakin bu günə kimi onlar nə kartı, nə də əməkhaqqını vermədiklərinin, ona xidməti işi ilə əlaqədar yalnız torpaq, əkin, çöl sahələrinə və müəyyən qədər obyekt və idarələrə getmək - baş çəkmək üçün müəyyən qədər yanacaq pulundan savayı heçnə vermədiklərini, sözü gedən MMC tərəfindən ona verilən və göstərilən zəruri vəsaitlərə və xidmətlərə görə, onların dəyərində də əvəz olaraq iddiaçı Təşkilata 3080.02 manat məbləğində xam pambıq təhvil verdiyini və hazırda onun MMC-yə heç bir borcunun qalmadığını, sadəcə onlar iddia ərizəsində məbləği öz xeyirlərinə görə xeyli şişirdib artırdıqlarını, mütəxəssislər tərəfindən daha dəqiq hesablamalar apararlarsa, onun MMCyə, məlum faktlara görə təxminən 1000-1500 manat arası borcunun qala biləcəyinin müəyyən ediləcəyini, onu da ya iddiaçının ona olan - işləyib almadığı 2000 manat 4 aylıq əmək haqqı borcu ilə əvəzləməyin mümkün olduğunu, ya da həmin məbləği hissə-hissə ödəyə biləcəyini, ərizədəki hər hektardan 25 sentner pambıq məhsulunun istehsalının alınmamasına gəldikdə isə, bu - eynilə bütün Respublika üzrə xarakterik hal olmaqla hər yerdə - bütün regionlarda belə olduğunu, respublikadakı məlum çətin iqlim şəraiti, havaların çox dəyişkən, intensiv davamlı olaraq yağmurlu keçməsi və s. bu kimin gözlənilməz hallar və ciddi səbəblərin həmin öhdəliyi təbii olaraq mümkünsüz etdiyini, bu hətta istənilən fermerin, yaxud da onun kimi əlaqədar sahədə öhdəlik daşıyan hər bir kəsin iradəsi xaricində olan, az qala fors-majora bənzəyən təbiət hadisəsi ilə əlaqədar bir məsələ olduğunu bildirmişdir və işin digər faktiki hallarını, mövcud qanunvericiliyin tələblərini, bu tələblərdən irəli gələn hüquq və vəzifələri, həmçinin bu çətin dövrdə 4 nəfərlik ailələrində yeganə qazanc gətirən şəxs olduğunu, habelə iddiaçı təşkilatın öz arqumentləri əsasında üzərinə qaldırdıqları məbləğin hədsiz şişirdilməsini və s. digər halları nəzərə alıb, iddianı qismən təmin edərək, iddiaçı təşkilata təxmini borcu olan 1000- 1500 manat civarında məbləğin ondan tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-1978/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh iştirak etdiyi xx.xx.2024-cü il tarixli məhkəmə iclaslarında verdiyi izahatında, iddia tələbini qismən qəbul etdiyini, aralarında müqavilə olmadığını, iddiaçı müəssisədə sahə rəisi işlədiyini, 13 ha ərazi üçün ona 4000-4500 manat arası avans verildiyini, bunun əvəzində 3080 manat pambıq təhvil verdiyini, təxminən 1000 manat borcu qaldığını, iş materiallarındakı müqavilədə və iş aktlarının əksəriyyətində olan imzanın ona məxsus olmadığını bildirimişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə baxış iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 5 nömrəli "xxxx" müqavilənin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, hazırki müqavilənin predmetini Alıcı tərəfindən Satıcıya məxsus olan (mülkiyyətində və ya istifadəsində olan) Neftçala rayon, Tatarməhəllə kəndində yerləşən 13.00 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və digər şərtlər daxilində Alıcıya təhvil verilməsi və Alıcı tərəfindən Satıcının borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir; 2.2.2-ci bəndinə əsasən, Satıcı istifadə etdiyi pambıq toxumunun, kənd təsərrüfatı texnikası ilə göstərilən xidmətin, gübrə və pestisidlerin, göstərilən digər xidmətlərin dəyərini Alıcıya ödəmək üçün, (hər hektardan -25 sentnerdən az olmamaqla) yetişdirdiyi yüksək keyfiyyətli xam-pambığı son məhsuladək, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş "Xam-pambığın yığılması ve tədarükünə dair" Təlimatın tələblərinə müvafiq qaydada xx.xx.2022-ci il tarixədək "Alıcı"ya təhvil verir; təhvil verilən xam-pambığın dəyəri "Alıcı"dan alınan avans məbləğin (har hansı formada göstərilən xidmətin dəyəri də daxil olmaqla) dəyərindən az olarsa o zaman "Alıcıya" həmin yaranan fərqi ödəyir; 2.2.3-cü bəndinə əsasən, Satıcı yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində, 10%-dən artıq olmamaq şərtilə cərimə ödəyir; 7.1-ci bəndinə əsasən, hazırki müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra olunanadək qüvvədədir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 5 nömrəli müqaviləyə əlavə olaraq tərəflər arasında qiymətlərin razılaşdırma protokolu imzalanmışdır. İş materiallarında olan ödəniş tapşırıqlarından, hər iki tərəfin imzası ilə təsdiq edilmiş qaimə-fakturalardan və iş aktlarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumilikdə cəmi 7536,50 manat dəyərində avans (iş görülmüş, müxtəlif xidmətlər göstərilmiş, mal-material və pul vəsaiti) verilmişdir. İş materiallarında olan “pambıq qəbulu qəbzi”ndən görünür ki, Cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 3080,01 manat dəyərində xam pambıq təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 5 nömrəli "xxxx" müqavilə və gübrə satışı üzrə Cavabdeh ümumilkdə 4902,12 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı MMC-nə ünvanlanmış ərizənin surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə olan borcdan bir qismini nağd şəkildə ödəməyi və yerdə qalan hissəni 4 hektar öz hesabına əkdiyi pambıqla geri ödəyəcəyini öz öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 5 nömrəli "xxxx" müqaviləyə əsasən Cavabdeh 4456,48 manat əsas, 445,64 manat cərimə olmaqla, cəmi 4902,12 manat məbləğində borcunun yarandığı qeyd olunmuş və göstərilən borcun 10 gün müddətində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə borcun və məhkəmə xərclərinin alınaraq İddiaçı MMC-nə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(121)-1978/2024 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 4/2016 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 5 nömrəli "xxxx" müqavilənin 9-cu bəndində “Satıcı” qrafasında “Cavabdeh” yazılarından aşağıdakı imza, xx.xx.2022-ci il tarixli “Qiymətlərin razılaşdırılması protokolu”nda “Satıcı” qrafasında “Cavabdeh” yazılarından aşağıdakı imza, 6-7 fevral 2022-ci il tarixli, 9 fevral 2022-ci il tarixli, 20-11 fevral 2022-ci il tarixli, 23 fevral 2022-ci il tarixli, 24 fevral 2022-ci il tarixli, 23-24-25 fevral 2022-ci il tarixli, 2 may 2022-ci il tarixli, 4-5 may 2022-ci il tarixli, 4 may 2022-ci il tarixli, 03- 27 mart 2022-ci il tarixli, 2 may 2022-ci il tarixli aktlarında “Ərazi nümayəndəsi” və “Fermer” qrafalarındakı imzalar; 20 may 2022-ci il tarixli iş aktında “Fermer” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. 22 may 2022-ci il tarixli, 31 may 2022-ci il tarixli, 10 iyun 2022-ci il tarixli, 17 iyun 2022-ci il tarixli, 20 iyun 2022-ci il tarixli iş aktlarında “Fermer” qrafalarındakı imzalar Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. Beləliklə işin müəyyən edilmiş hallarına əsasən məhkəmə müəyyən edir ki, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xam-pambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin (avansın) qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın isə razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki,iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin, verilən mal-materialın və nağd pul vəsaitinin məqsədi cavabdehin ona məxsus olan sahədən daha çox məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşma mülki qanunvericilikdə nəzərdə tutulmuş klassik mənada alqı-satqı müqaviləsi sayılmasa da (belə ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə əsasən alıcı mülkiyyətinə qəbul etdiyi əşyanın qarşılığında xidmət, digər əşya və s. deyil, yalnız müəyyənləşdirilmiş pul məbləği ödəməyi öhdəsinə götürür), tərəflərin müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alqı-satqıya oxşar müqavilə kimi qiymətləndirilməlidir. Buna görə də, hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsinə dair müvafiq normaları tətbiq edilməldir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə, tərəflərin izahatlarına və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında xam pambığın alqı-satqısını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, cavabdeh tərəfindən xam pambığın alqı-satqısı müqaviləsi üzrə iddiaçıya 3080 manat dəyərində xam pambıq təhvil verildiyi (pambıq qəbulu qəbzinə və tərəflərin izahatlarına əsasən) işin mübahisəsiz hallarını təşkil edir. Cavabdeh iştirak etdiyi xx.xx.2024-cü il tarixli məhkəmə iclaslarında verdiyi izahatında, iddia tələbini qismən qəbul etdiyini, aralarında müqavilə olmadığını, iddiaçı müəssisədə sahə rəisi işlədiyini, 13 ha ərazi üçün ona 4000-4500 manat arası avans verildiyini, bunun əvəzində 3080 manat pambıq təhvil verdiyini, təxminən 1000 manat borcu qaldığını, iş materiallarındakı müqavilədə və iş aktlarının əksəriyyətində olan imzanın ona məxsus olmadığını bildirimişdir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını iddiaçı tərəfindən cavabdehə verilmiş avansın ümumi dəyərinin müəyyən edilməsi təşkil edir. Belə ki, iddiaçı avans olaraq cavabdehə ümumilikdə cəmi 7536.50 manat dəyərində zəruri vəsaitlər verildiyini, müxtəlif xidmətlər göstərildiyini iddia edir, cavabdeh isə ona cəmi 4000-4500 manat dəyərində avans verildiyini, iş və xidmət aktlarında olan imzaların ona məxsus olmadığını iddia edir. Məhkəmə, işin müəyyən edilmiş mübahisəsiz hallarına və işdə olan sənədlərə əsasən bu qənaətə gəlir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmişdir, cavabdeh isə etirazına səbəb olan hallarla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, cavabdehin müqavilədə, iş və xidmət aktlarında olan imzalların ona məxsus olmadığını iddia etsə də, təyin edilmiş ekspertizanın nəticəsinə dair rəydə yalnız ümumi dəyəri 481 manat təşkil edən 5 sayda aktda olan imzaların cavabdeh tərəfindən icra edilmədiyi, digər sənədlərdə olan imzanın isə cavabdehə məxsus olduğu müəyyən edilmişdir. Məhkəmə, ekspert rəyini mötəbər və yetərli sübut kimi qəbul edərək hesab edir ki, işin mübahisəli halını təşkil edən iddiaçı tərəfindən cavabdehə verilmiş ümumi avans məbləğinin müəyyən edilməsi üçün adı çəkilən rəy ilə gəlinən nəticə əsas götürülməllidir. Belə olan halda məhkəmə, iddiaçı tərəfindən verilmiş avansın müqabilində cavabdehin ödənilməmiş 3975,48 manat məbləğində borcunun qalmasının (7536.50 – 481 – 3080,02 = 3975,48) tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı tərəflər arasında bağlanmış müqavilə üzrə pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. İddiaçının cavabdehə verdiyi avansın qaytarılmayan hissəsinin tutulmasına dair iddiası həmçinin öhdəlik hüququnun ümumi normalarının tələblərindən də irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə görə, cavabdeh müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil vermədiyi təqdirdə cərimə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh tərəfindən öhdəlik götürdüyü miqdarda xam pambıq təhvil vermədiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən müqavilə üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas və faiz borcuna nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 445,64 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 20 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddiaçı tərəfindən ödənilmiş 69 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir, eləcə də 110 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 5 nömrəli müqavilə üzrə 3975,48 manat məbləğində əsas borc, 20 manat məbləğində cərimə və ödənilmiş 69 manat dövlət rüsumu məbləği olmaqla, ümumilikdə 4064,48 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 110 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-80/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-80/2025
10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver