Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-82/2023 14.03.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı – pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə ödənilməli olan 800 manat, gecikdirilmiş günlər üzrə hesablanmış 336 manat cərimə borcu, mediasiya ödənişi qismində ödənilmiş 50 manat olmaqla, cəmi 1186 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2019-ci il tarixli, FGSG/RDM-1/9 nömrəli mühafizə xidmətinin göstərilməsinə dair müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Sifarişçi” ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) ünvan 1 ünvanında yerləşən Çarbağ yaşayış kompleksinin tikinti ərazisinin mühafizəsini təmin etməyi “İcraçı”ya (İddiaçı) həvalə etmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən obyektin mühafizə qiyməti hər ay üçün 600 (altı yüz) manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən müəyyən edilmiş xidmət haqqının ödənişi “İçraçı”nın təqdim etmiş olduğu hesab fakturaya əsasən “Sifarişçi” tərəfindən obyektlərin mühafizəyə götürüldüyü gündən 5 (beş) bank günü ərzində (həmin gün mövcud qanunvericiliklə müəyyən edilmiş istirahət və ya bayram gününə təsadüf etdikdə isə onun növbəti iş günü) nağd və ya köçürülmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 2.6-cı bəndinə əsasən ödənişi “İçraçı”nın hesabına köçürülməsində gecikdirilmiş hər bir gün üçün əlavə olaraq qalıq məbləğinin 0.5 %-imiqdarında cərimə ödəmək cavabdehin üzərinə götürdüyü öhdəlikdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən obyektlərin mühafizəyə götürülməsi xx.xx.2019-cu il tarixdən başlayır və xx.xx.2021-ci il tarixədək 2 (iki) il müddətinə qüvvədədir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2019-ci il tarixli, FGSG/RDM-1/9 nömrəli mühafizə xidmətinin göstərilməsinə dair müqavilə üzrə ödənişin bir qismini ödəsə də, hazırda onun 800 (səkkiz yüz) manat borcu vardır. Bundan başqa cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 84 gün ödənişlərin gecikmə günləri hesablanmışdır. Buna görə də cavabdeh tərəfindən gecikdirilmiş günlərin sayına uyğun olaraq 336 manat məbləğində cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl prosedura riayət olunmuş və nəticədə mediasiya proseduru ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə mediatorun xx.xx.2022-ci il tarixli MŞS/1/0017 saylı arayışı ilə rəsmiləşdirilmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinə ünvanlanmış etirazda qeyd edilmişdir ki, iddia ərizəsinin əsası olan istinad edilən xx.xx.2019-cu il tarixli mühafizə xidmətinin göstərilməsinə dair Müqavilə təqdim edilmişdir. Bu müqavilənin 2.1~ci bəndinə görə hər ay üçün mühafizə xidmətinə 600(altı yüz) manat xidmət haqqı ödənilməsi müəyyən edilmişdir. Qeyd etmək istəyirik ki, həmin müavilənin şərtlərinə uyğun olaraq 2021-ci ilin dekabr aymın 20-si əvvəlki aylar kimi iddiaçının hesabına köçürülmüşdür (ödəniş tapşırığı əlavə edilir). Lakin 2022-ci ilin yanvar ayı bizim hesablarımız bağlandığı üçün 2022-ci ilin yanvar ayından hər ayın xidmət haqqını iddiaçıya onların bizə verdikləri “X3”qəbzi əsasında ödənilmişdir (iddia ərizəsinə əlavə kimi məhkəməyə təqdim edilib). Nəzərinizə çatdırmaq istəyirəm ki, 06 may 2022-ci il tarixində tərəfimizdən iddiaçıya “Bildiriş” göndərmişik ki,“mühafizə edilən ərazidə tikinti işləri başa çatdığından, sizin ilə aramızda bağlanmış FGSG/RDM-1/9 saylı Müqavilənin 3.5.1.-ci bəndinin şərtlərinə uyğun olaraq 06 iyun 2022-ci il tarixinə Müqaviləyə xitam verilir” (surəti əlavə edilir). Bununla belə 2022-ci ilin may ayının 31-dən mühafizə xidmətinin göstərilməsi dayandırıldı. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilədə göstərilən aylıq xidmət göstərilməsi hər ayın 06 (altı) sı göstərilməsinə rəğmən altı günlük xidmət göstərilmədən mühafizə xidməti aparmamışdılar. İddiaçının 2022-ci il üzrə beş aylıq göstərdikləri xidmət haqqı tam ödənilərək əməkdaşlığımız bitmiş olmuşdur (ödəniş cədvəlimiz əlavə edilir). Baxmayaraq ki, müqavilə üzrə hələ altı gün xidmət göstərməlidilər xx.xx.2022-ci ildən mühafizəçilərini geri çağırmışlar. Ancaq biz ödənişi kəsirsiz etmişdik. Qeyd edilənlərin sübutu kimi xx.xx.2022-ci il tarixindən "xxxx" vəzifəsinin icrasına başlayan Çarbağ MMC nin əməkdaşının X5 əsi Bildirişinin surəti əlavə edilir. İddiaçının iddiasında xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək gecikdirilmiş 84 günlük cərimə hesablayaraq tələbinin heç bir əsası olmadığını bildiririk. Belə ki, bizim hesablama ilə hansısa ay üzrə ödənilməmiş məbləğ qalmamışdır. İddiaçı Məhdud Məsuliyyətl Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin, cavabdehin nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, FGSG/RDM-1/9 saylı podrat müqaviləsindən görünür ki, İddiaçı MMC (“İcraçı”) və cavabdeh "xxxx" MMC (“Sifarişçi”) arasında “mühafizə xidmətinin göstərilməsinə dair müqavilə” bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, sifarişçi ünvan 3 ünvanında yerləşən Çarbaq yaşayış kompleksinin tikinti ərazisinin mühafizəsini təmin etməyi icraçıya həvalə edir. İcraçı müqaviləyə əsasən qeyd olunan obyekin mühafizəsini həyata keçirir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilənin 1.1-ci bəndinə əsasən obyektin mühafizə qiyməti hər ay üçün 600 manat məbləğində müəyyən edilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, müqavilə qiymətinə vergilər (ƏDV) daxildir. Həmin müqavilənin 2.6-cı bəndinə əsasən, ödənişi icraçının hesabına köçürülməsində gecikdirilmiş hər bir gün üçün əlavə olaraq qalıq məbləğinin 0,5 % miqdarında cərimə ödəmək müəyyən edilir. İş materiallarından olan İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə EBBX seriyalı, 393546 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək mühafizə xidməti haqqı 800 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə cəmi 800 manat borcu yarandığını və həmin borcun ödənilməsi bildirilmişdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı MMC tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, işin mübahisəli halını 2022-ci ilin may ayı ərzində göstərilmiş xidmətlərlə bağlı nəzərdə tutulmuş 800 manat məbləğində xidmət haqqının ödənilməsi təşkil edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli, FGSG/RDM-1/9 saylı müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə xidmət göstərilmişdir. Lakin iddiaçı tərəfindən tərəflər arasında olan müqaviləyə əsasən öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən 06 may 2022ci il dən 06 iyun 2022-ci il tarixədək görülmüş işlərlə bağlı götürülmüş öhdəlik yerinə yetirilməyərək şərtləşdirilmiş muzd ödənilməmişdir. Sözügedən müqavilədə xidmət haqqı 600 manat göstərilsə də sonradan tərəflər arasındakı şifahi razılaşmaya əsasən xidmət haqqının məbləği 800 manat müəyyən edilmişdir. Bu hal iddiaçı tərəfindən cavabdehə göndərilən mədaxil aktları və elektron qaimələrlə və cavabdeh tərəfindən həmin aktlara əsasən hər ay edilmiş 800 manat məbləğində ödənişlərlə də təsdiq olunur. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, razılaşdırılmış işi icra etmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş muzdu tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, 800 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Qeyd edilən Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Bundan əlavə, məhkəmə qeyd edir ki, podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı xidmətin göstərilməsini deyil, həm də həmin xidmətin göstərilməsi üzrə podratçının iş fəaliyyətini ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Məhkəmə, iddia tələbinin müqavilə üzrə hesablanmış 336 manat cərimənin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, həmin tələb tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, FGSG/RDM-1/9 saylı müqavilədən irəli gəlir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli, FGSG/RDM-1/9 saylı müqavilə üzrə 70 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə, cavabdehin etirazına münasibət bildirərək qeyd edir ki, tərəflər arasında bağlanılmış müqaviləyə cavabdehin bildirişinə əsasən xx.xx.2022-ci il tarixində xitam verilmişdir. İş materialları ilə də müəyyən olunur ki, iddiaçının tələbi may ayı ərzində görülmüş işlərlə bağlı ödənilməyən xidmət haqqıdır. Bundan əlavə, cavabdeh etirazında qeyd edilənlərin sübutu kimi xx.xx.2022-ci il tarixində gözətçi vəzifəsində işləyən əməkdaşının X5əsi bildirişinin etiraza əlavə edildiyini qeyd etsə də həmin sənəd etiraza əlavə edilməmişdir. Cavabdehin etiraza əlavə etdiyi mühafizə xidmətinə görə ödəniş cədvəlindən də görünür ki, iddiaçının əməkdaşları 2022-ci ilin yanvar, fevral, mart, aprel ayları üzrə 800 manat xidmət haqqlarını qəbul etmiş və həmin cədvəli imzalamışdır. Lakin, sözügedən ödəniş cədvəlindən 2022-ci ilin may ayı üçün nəzərdə tutulmuş 800 manat xidmət haqqının ödənilməsi ilə bağlı iddiaçının əməkdaşının imzası müəyyən edilmir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin etirazı əsassızdır. Məhkəmə, həmçinin iddianın 50 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 30,86 manat dövlət rüsumunun 30 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 800 manat əsas borc, 70 manat cərimə borcu və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat olmaqla, ümumilikdə 920 (doqquz yüz iyirmi) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-82/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-82/2023
14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver