Məhkəmə qərarları › İş №e-2-2(121)-93/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-93/2025

06.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-93/2025 06.01.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən (VÖEN: **********) təbii qazdan istifadə edilməsinə görə yaranmış 54050.58 ( əlli dörd min əllki manat əlli səkkiz qəpik) manat debitor borcun və 252.40 manat ( iki yüz əlli iki manat qırx qəpik) ödənilmiş rüsumun məcburi qaydada tutularaq İddiaçı xeyrinə (hesabına) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Ağsu Regional qaz istismarı İdarəsinin xidməti ərazisi olan Kürdəmir rayonunda yerləşən "xxxx" MMC (VÖEN: **********) müvafiq qaydada qazlaşdırılmaqla **********00086 saylı qaz hesabı açılmışdır. Sözügedən qeyri yaşayış sahəsinə təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə "xxxx" MMC arasında AMX2/2490 saylı, xx.xx.2018-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilə bağlanılmışdır. "xxxx" MMC istifadə etdiyi təbii qazdan istifadəyə görə İddiaçınə 54050.58 manat debitor borcu yaranmışdır. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə bağlanmış müqavilənin 2.3.1, 2.3.2 və 3.4 bəndlərinin tələblərinə əsasən istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini Bank və ya Poçt şöbələri vasitəsilə tam ödəməlidir. Müqavilənin 5.2 bəndinə əsasən yaranmış mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda tərəflər məhkəməyə müraciət edə bilər. Borclu təbii qazdan istifadə ilə bağlı yaranmış borcunu ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək, iş üzrə cavabdeh "xxxx" MMC-nin əsl Cavabdeh2 ilə əvəz edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə Cavabdeh1 MMC-nin olmadığını, Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixdə Cavabdeh2 ilə icarə müqaviləsi bağladığını, həmin icarə müqaviləsinə görə ünvan 1i ünvanında ümumi sahəsi 25 ha olan torpaq sahəsində yerləşən 50784 kv.metr istixana kompleksi Cavabdeh2 icarəyə verilmişdir. Həmin müqavilənin 11-ci bəndinə əsasən, kommunal xidmətlərdən (elektrik, qaz, su, istilki, kanalizasiya və və telefon abunə) istifadə edilməsinə görə haqlar icarəçi, yəni Cavabdeh2 tərəfindən ödənilir. Buna baxmayaraq işdə cavabdeh qismində Cavabdeh1 MMC qeyd edilmişdir ki, bu da əsassızdır. Əsl Cavabdeh2 olmalıdır, çünki onun icarə dövründə yaranmışdır. İddiaçı İB-nin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək, cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş e-2-2(121)-2159/2024 saylı iş üzrə tərəfin əsl tərəflə əvəz edilməsi barədə vəsatətin təmin edilməməli olduğunu, belə ki, İddiaçı tərəfindən Cavabdeh2 ilə istixanada qazın verilməsi ilə bağlı hər hansı bir müqavilə bağlanılmadığını, həmçinin Cavabdeh2 İddiaçınə nə də ki, Kürdəmir Xidmət Sahəsinə heç bir müraciətinin daxil olmadığını, İddiaçı ilə "xxxx" MMC arasında müqavilə bağlandığını bildirmiş və vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixdə yenidən məhkəməyə vəsatətlə müraciət edərək, iş üzrə cavabdeh "xxxx" MMC-nin əsl Cavabdeh2 ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı İB-nin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək iş üzrə cavabdeh "xxxx" MMC-nin əsl Cavabdeh2 Əvəz oğlu ilə əvəz olunmasına etiraz etmədiklərini bildirmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-2159/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh1 MMC-yə qarşı borcun ödənilməsi barədə iddia tələbinə dair iş üzrə Cavabdeh1 MMC-nin əsl Cavabdeh2 ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iddianın təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, tərəflərin yazılı və şifahi izahatlarına və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli AMX2-2490 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilənin: 1-ci bəndinə əsasən, müqavilənin predmetini Paylayıcının bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin etməsi, İstehlakçının isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi təşkil edir; 2.1.1-ci, 2.1.2-ci, 2.1.8-ci, 2.1.11-ci və 2.1.12-ci yarımbəndlərinə əsasən, İstehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək, İstehlakçını tərəflərin razılığı ilə müəyyən edilmiş, bu müqaviləyə əlavə olunmuş və müqavilənin tərkib hissəsi olan əlavədə göstərilən həcmdə qazla təchiz etmək, İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək, İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə növbəti dövlət yoxlanılmasından keçirmək, “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və qiraşdırmaq, habelə dövlət yoxlamasından keçirmək Paylayıcının vəzifələrinə aiddir; 2.2.1-ci, 2.2.4-cü və 2.2.5-ci yarımbəndlərinə əsasən, İstehlakçı tərəfindən istifadə olunmuş qazın sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək, aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək, İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək Paylayıcının hüquqlarına aiddir; 2.3.1-ci, 2.3.2-ci, 2.3.4-cü və 2.3.5-ci yarımbəndlərinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək, qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün təşkilati-texniki tədbirləri yerinə yetirmək, təqsirli hərəkətləri, habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək İstehlakçının vəzifələrinə aid edilmişdir. İş materiallarında olan “Abonentin saldosu”ndan görünür ki, **********00087 saylı abonent Cavabdeh1 MMC-nin təbii qazdan istifadəyə görə xx.xx.2023-cü il tarixə yaranmış borc məbləği 54050,58 manat təşkil edir. İş materiallarında olan İddiaçının Cavabdeh1 MMC-nə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən yaranmış 54050,58 manat məbləğində borcun 3 gün müddətində tam şəkildə ödənilməsi tələb olunmuşdur, əks təqdirdə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 MMC-nə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 MMC-nə məxsus olan ünvan 1i ünvanında ümumi sahəsi 25 ha olan torpaq sahəsində yerləşən 50784 kv.metr istixana kompleksi Cavabdeh2 icarəyə verilmişdir. Beləliklə işin müəyyən edilmiş hallarına əsasən aşkar olunur ki, iş üzrə ilk Cavabdeh1 MMC ilə İddiaçı arasında təbii qazın alqı-satqısına dair razılıq əldə olunmuşdur və həmin razılığı onlar xx.xx.2018-ci il tarixli AMX2-2490 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilə ilə rəsmiləşdirmişlər. Həmin müqavilənin şərtlərinə görə iddiaçı (Paylayıcı) cavabdehi (İstehlakçını) keyfiyyətli qazla təmin edir, cavabdeh isə istehlak etdiyi qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra edərək cavabdehi təbii qazla fasiləsiz təmin etdiyini, lakin cavabdehin istifadə etdiyi qazın dəyərini tam şəkildə ödəmədiyini və nəticədə cavabdehin qazdan istifadəyə görə ödənilməmiş 54050.58 manat məbləğində borcunun qaldığını iddia edir. İddiaçı tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, abonentin saldosunda olan məlumatlara, həmçinin borcun ödənilməsi ilə əlaqədar cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. İlk Cavabdeh1 MMC onun əsl Cavabdeh2 ilə əvəz edilməsini xahiş edərək, xahişini onunla əsaslandırır ki, ona məxsus olan istixana kompleksi Cavabdeh2 icarəsinə verilmişdir və istixanada təbii qaz sonuncu tərəfindən istehlak edilmişdir. İddiaçı, Cavabdeh2 əsl cavabdeh qismində prosesə cəlb olunmasına etiraz etməmişdir. Məhkəmə, işin müəyyən edilmiş hallarını mövcud qanunvericiliyin tələblərinə əsasən qiymətləndirərək hesab edir ki, Cavabdeh2 qarşı İddiaçı iddiasının tam və ya qismən təmin olunması üçün hüquqi və faktiki əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. Həmin Qanunun 12-ci maddəsinin 5-ci hissəsinə əsasən, qazın idxalı və ixracı müqavilələr əsasında həyata keçirilir. İdxal və ixrac da daxil olmaqla qaz nəqli xidmətləri ilə qazın nəql edilməsi üzrə üçüncü tərəflə sazişlər ancaq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə qüvvəyə minir. Bu razılıq həmin sazişlərin energetika müqavilələrinə və mövcud qanunvericiliyə uyğun olduğu hallarda və hədlərdə verilir. Əgər müvafiq icra hakimiyyəti orqanı razılıq almaq üçün ona verilən yazılı sifarişə bir ay müddətində rədd cavabı vermirsə, həmin razılıq verilmiş sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Məhkəmə, yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini ümumiləşdirərək qeyd edir ki, qanunvericiliyin tələblərinə görə mülki hüquq subyektləri arasında öhdəlik hüquq münasibətlərinin yaranması üçün onların arasında müqavilə bağlanılması zəruri şərtdir və öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Paylayıcı və istehlakçı arasında qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən normaların tələblərinə görə isə, bu münasibətlərin yaranması üçün onların arasında müvafiq müqavilə bağlanmalıdır və qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı yalnız müqavilə əsasında həyata keçirilir. Üçüncü şəxslər üçün qazın istismarı və bundan irəli gələn digər məsələlərlərlə bağlı hüquq və öhdəliklərin yaranması üçün isə zəruri olaraq müvafiq icra hakimiyyəti orqanının razılığı tələb olunur. Məhkəmə, qeyd olunan normaların tələblərini baxılan işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək bu qənaətə gəlir ki, İddiaçı ilə Cavabdeh2 arasında qazın təchizatı ilə bağlı müqavilə bağlanmadığına və ya Cavabdeh2 adına sayğac quraşdırılmadığına, eləcə də Cavabdeh1 MMC-nə məxsus olan istixana kompleksində Cavabdeh2 təbii qazdan istifadəsinə təchizatçı tərəfindən icazə verilmədiyinə görə, təbii qazdan istifadəyə dair müqavilənn iştirakçısı olmayan Cavabdeh2 qarşı iddia tələbinin təmin olunması üçün əsas yoxdur. Belə ki, ilk Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilənin şərtlərinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10- 1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar