Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-94/2025 06.01.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli 47 saylı müqavilə üzrə əsas borca görə 78147,51 manat, hesablanmış cəriməyə görə 7814,75 manat olmaqla, cəmi 85962,26 manat məbləğində borcun, gübrələrin götürülməsinə görə 777960,84 manat məbləğində borcun, ümumilikdə 863923,10 manat borcun və ödənilmiş 1154 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 47 saylı “xam pambığın alqı-satqısına dair” müqaviləyə əsasən, cavabdeh 84.85 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 96849.35 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilənin 2.2.2-ci bəndinin şərtlərinə əsasən, Satıcı istifadə etdiyi pambıq toxumunun, kənd təsərrüfatı texnikası ilə göstərilən xidmətin, gübrə və pestisidlərin, göstərilən digər xidmətlərin dəyərini Alıcıya ödəmək üçün, (hər hektardan 25 sentnerdən az olmamaqla) yetişdirdiyi yüksək keyfiyyətli xam-pambığı son məhsuladək, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xampambığın yığılması və tədarükünə dair” Təlimatın tələblərinə müvafiq qaydada xx.xx.2022ci il tarixədək “Alıcı”-ya təhvil verir; Təhvil verilən xam-pambığın dəyəri “Alıcı”-dan alınan avans məbləğin (hər hansı formada göstərilən xidmətin dəyəri də daxil olmaqla) dəyərindən az olarsa o zaman “Alıcı”-ya həmin yaranan fərqi ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən Cəmiyyətə 19930.13 kq, yəni 18701.84 manat dəyərində xam pambıq təhvil verilmişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur, bununla da təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Son nəticədə Cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə İddiaçıya 78147.51 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması İddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən İddiaçı MMC ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 2.2.3-cü bəndinə əsasən, Cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində, 10%-dən artıq olmamaq şərtilə cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 7814.75 manat təşkil edir. Beləliklə, müqaviləyə əsasən cavabdehin ümumilikdə 85962.26 manat borcu yaranmışdır. Bundan başqa, cavabdeh 693856 manat dəyərində 433660 kq “Ammofos” gübrəsini, 212825,84 manat dəyərində 280034 kq “Azot” gübrəsini, cəmi 906681.84 (doqquz yüz altı min altı yüz səksən bir, 84) manat dəyərində gübrəni anbardan təhvil almışdır. Bundan 128721 manat dəyərində gübrə geri qaytarılmışdır. Nəticədə 777960,84 manat məbləğində cavabdehin borcu yaranmışdır. Yuxarıda qeyd edilən gübrələrin götürülməsi və borcun olması faktı cavabdeh tərəfindən etiraf edilmişdir. Belə ki, cavabdehin etirafı xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” Salyan Rayon Polis Şöbəsinin qərarında öz əksini tapmışdır. Cavabdeh iştirak etdiyi xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məhkəmə iclaslarında verdiyi izahatında iddia tələbini qəbul etmədiyini, müqavilədə fors major halı nəticəsinə öhdəliyin yerinə yetirilə bilməməsi halının nəzərdə tutulmasına baxmayaraq iddiaçının bunu nəzərə almadığını, pambıq yığımı vaxtı iddiaçı tərəfə şifahi müraciətlər etsə də iddiaçı tərəfindən pambığın yığılmasına texnika göndərmədiyini, əkdiyi pambığın sahədə qaldığını, iddiaçının ona vaxtı keçmiş 700 tona yaxın gübrə verdiyini, əvəzində iddiaçıya 300 tona yaxın təzə gübrə qaytardığını bildirmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə baxış iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 47 nömrəli “xam pambığın alqı-satqısına dair” müqavilənin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, hazırki müqavilənin predmetini Alıcı tərəfindən Satıcıya məxsus olan (mülkiyyətində və ya istifadəsində olan) Neftçala rayon, Cəngən kəndində yerləşən 84,85 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və digər şərtlər daxilində Alıcıya təhvil verilməsi və Alıcı tərəfindən Satıcının borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir; 2.2.2-ci bəndinə əsasən, Satıcı istifadə etdiyi pambıq toxumunun, kənd təsərrüfatı texnikası ilə göstərilən xidmətin, gübrə və pestisidlerin, göstərilən digər xidmətlərin dəyərini Alıcıya ödəmək üçün, (hər hektardan -25 sentnerdən az olmamaqla) yetişdirdiyi yüksək keyfiyyətli xam-pambığı son məhsuladək, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş "Xam-pambığın yığılması ve tədarükünə dair" Təlimatın tələblərinə müvafiq qaydada xx.xx.2022-ci il tarixədək "Alıcı"ya təhvil verir; təhvil verilən xam-pambığın dəyəri "Alıcı"dan alınan avans məbləğin (har hansı formada göstərilən xidmətin dəyəri də daxil olmaqla) dəyərindən az olarsa o zaman "Alıcıya" həmin yaranan fərqi ödəyir; 2.2.3-cü bəndinə əsasən, Satıcı yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində, 10%-dən artıq olmamaq şərtilə cərimə ödəyir; 7.1-ci bəndinə əsasən, hazırki müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra olunanadək qüvvədədir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 47 nömrəli müqaviləyə əlavə olaraq tərəflər arasında qiymətlərin razılaşdırma protokolu imzalanmışdır. İş materiallarında olan ödəniş tapşırıqlarından, hər iki tərəfin imzası ilə təsdiq edilmiş qaimə-fakturalardan və iş aktlarından, həmçinin hesabat cədvəlində olan məlumatlardan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumilikdə cəmi 96849,35 manat dəyərində avans (iş görülmüş, müxtəlif xidmətlər göstərilmiş, mal-material və pul vəsaiti) verilmişdir. İş materiallarında olan “pambıq qəbulu qəbzləri”ndən görünür ki, Cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 15868,85 manat dəyərində xam pambıq təhvil verilmişdir. İş materiallarında olan qaimə fakturalardan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumilikdə cəmi 906681.84 manat dəyərində müxtəlif adda gübrə təhvil verilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı MMC-nin icraçı direktoruna ünvanlanmış “izahat”dan görünür ki, Cavabdeh həmin izahatında İddiaçı MMC-nə olan 780000 manat borcunu xx.xx.2023-cü il tarixədək karbonit və azot şəklində qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 47 nömrəli “xam pambığın alqı-satqısına dair” müqavilə və gübrə satışı üzrə Cavabdeh ümumilkdə 863923,10 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 47 nömrəli “xam pambığın alqı-satqısına dair” müqaviləyə əsasən Cavabdeh ümumilkdə cəmi 96849.35 manat dəyərində zəruri vəsaitlər verildiyi, müxtəlif xidmətlər göstərildiyi, bunun müqabilində Cavabdeh tərəfindən Cəmiyyətə 19930.13 kq, yəni 18701.84 manat dəyərində xam pambıq təhvi verildiyi, həmçinin 233 manat dəyərində dərman preparatları və 2600 manat nağd pul vəsaitinin verildiyi, nəticədə Cavabdeh 78147,51 manat əsas, 7814,75 manat cərimə olmaqla, cəmi 85962,26 manat məbləğində borcunun yarandığı, bununla yanaşı ümumilkdə cəmi 906681,84 manat dəyərində gübrə aldığı, bunun əvəzində 128721 manat dəyərində gübrə geri qaytardığı, nəticədə 777960,84 manat məbləğində borcun yarandığı qeyd olunmuş və göstərilən borcun 10 gün müddətində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə borcun və məhkəmə xərclərinin alınaraq İddiaçı MMC-nə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə sorğusuna Salyan Rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan və məktuba əlavə edilmiş ********* saylı cinayət işi üzrə “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” Qərardan görünür ki, Cavabdeh əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və ona həmin maddələr üzrə ittiham irəli sürülmüşdür. Həmçinin aparılmış istintaqla Cavabdeh ilə İddiaçı MMC arasında olan mübahisənin mülki icraat qaydasında həllini tapması qərara alınmışdır. Beləliklə işin müəyyən edilmiş hallarına əsasən məhkəmə müəyyən edir ki, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xam-pambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin (avansın) qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın isə razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. Həmçinin tərəflər gübrə satışı ilə bağlı şifahi razılığa gəlmişlər. Məhkəmə, tərəflərin xam pambığın alqı-satqısına dair daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin, verilən mal-materialın və nağd pul vəsaitinin məqsədi cavabdehin ona məxsus olan sahədən daha çox məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşma mülki qanunvericilikdə nəzərdə tutulmuş klassik mənada alqı-satqı müqaviləsi sayılmasa da (belə ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə əsasən alıcı mülkiyyətinə qəbul etdiyi əşyanın qarşılığında xidmət, digər əşya və s. deyil, yalnız müəyyənləşdirilmiş pul məbləği ödəməyi öhdəsinə götürür), tərəflərin müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alqı-satqıya oxşar müqavilə kimi qiymətləndirilməlidir. Buna görə də, hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsinə dair müvafiq normaları tətbiq edilməldir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında gübrənin alqı-satqısına dair münasibətin konstruksiyasının mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə uyğun gəlməsi mübahisəsizdir. Məhkəmə, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterini müəyyən etdikdən sonra iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olubolmamasına və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmamasına münasibət bildirməyi vacib hesab edir. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçının hazırki tələblə bağlı subyektiv hüququ tərəflər arasında etibarlı şəkildə bağlanılmış xam pambığın alqı-satqısına dair müqavilədən və gübrənin alqı-satqısına dair şifahi razılaşmadan irəli gəlir. Xam pambığın alqı-satqısına dair müqavilənin şərtlərinə görə iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə avans verilməsini öhdəsinə götürmüşdür. İşdə olan sənədlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə 96849,35 manat məbləğində aqrotexniki xidmətlər, mal-material, nağd vəsaiti və s. şəklində avans verilmişdir, lakin cavabdeh tərəfindən avans məbləğinə uyğun xam pambıq verilməmiş, bununla da təhvil götürdüyü avans tam şəkildə ödənilməmişdir. Nəticədə cavabdehin avans vəsaitə görə iddiaçıya 78147,51 manat məbləğində borcu qalmışdır. Digər razılaşma üzrə isə işdə olan sənədlərdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumilikdə cəmi 906681.84 manat dəyərində müxtəlif adda gübrə təhvil verilmişdir, cavabdeh isə aldığı malın dəyərini tam ödəməmiş, nəticədə onun iddiaçıya 777960,84 manat məbləğində borcu qalmışdır. Məhkəmə, işdə olan sənədlərə, tərəflərin izahatlarına və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında xam pambığın alqı-satqısını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, həmçinin gübrənin alqı-satqısı ilə bağlı şifahi razılıq əldə olunduğu, iddiaçı tərəfindən cavabdehə 96849,35 manat məbləğində avans (ödəniş tapşırıqları, hər iki tərəfin imzası ilə təsdiq edilmiş qaimə-fakturalara və iş aktlarına əsasən) və 906681.84 manat dəyərində müxtəlif adda gübrə verildiyi (hər iki tərəfin imzası ilə təsdiq edilmiş qaimə fakturalara əsasən), cavabdeh tərəfindən xam pambığın alqısatqısı müqaviləsi üzrə iddiaçıya 15868,85 manat dəyərində xam pambıq təhvil verildiyi (pambıq qəbulu qəbzlərinə əsasən) işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli hallarını cavabdeh tərəfindən ona verilmiş avansın və təhvil aldığı gübrənin dəyərinin tam ödənilməməsi barədə iddiaçının tələbi, eləcə də cavabdehin avans məbləğinə uyğun xam pambığın təhvil verilməməsində fors major halların səbəb olması və aldığı gübrənin həcminin az olduğu, həmçinin tərəfindən 300 ton gübrənin geri qaytarıldığı barədə etirazı təşkil edir. Məhkəmə qeyd edir ki, göründüyü kimi baxılan işin əsas mübahisəli məqamı tərəflər arasında mövcud olmuş alqı-satqı müqaviləsi üzrə verilmiş avansın və təhvil alınmış (verilmiş) malların və həmin avansa və mallara görə həyata keçirilmiş ödənişlərin məbləğləri ilə bağlıdır. Məhkəmə, işin müəyyən edilmiş mübahisəsiz hallarına və işdə olan sənədlərə əsasən bu qənaətə gəlir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübut edə bilmişdir, cavabdeh isə etirazına səbəb olan hallarla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, tələb olunan borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi, sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşməsinə baxmayaraq, Cavabdeh tərəfindən qeyd edilən xüsusatı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Lakin işdə olan sənədlərə əsasən xam pambığın alqı-satqısı üzrə cavabdehin aldığı avansa görə ödənilməmiş 78147,51 manat borcunun qaldığı tam təsdiq olunmuşdur və həmçinin cavabdehin özü tərəfindən yazılaraq imzalanmış izahatdan göründüyü kimi gübrənin alqı-satqısı ilə bağlı Cavabdeh iddiaçıya 780000 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Belə olan halda məhkəmə, iddiaçı tərəfindən verilmiş avansın və təhvil verilmiş gübrənin müqabilində cavabdehin ödənilməmiş borcunun qalmasının tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı tərəflər arasında bağlanmış müqavilə və şifahi razılaşma üzrə pul tələbinə dair tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. İddiaçının cavabdehə verdiyi avansın qaytarılmayan hissəsinin tutulmasına dair, eləcə də satılmış gübrənin əvəzinin tutulması barədə iddiası həmçinin öhdəlik hüququnun ümumi normalarının tələblərindən də irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə görə, cavabdeh müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil vermədiyi təqdirdə cərimə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh tərəfindən öhdəlik götürdüyü miqdarda xam pambıq təhvil vermədiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən müqavilə üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas və faiz borcuna nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 7814,75 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 500 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddiaçı tərəfindən ödənilmiş 1154 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 47 nömrəli müqavilə üzrə 78147,51 manat məbləğində əsas borc, 500 manat məbləğində cərimə, gübrə satışına görə yaranmış 777960,84 manat məbləğində borc və ödənilmiş 1154 manat dövlət rüsumu məbləği olmaqla, ümumilikdə 857762,35 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-94/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-94/2025
06.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver