Məhkəmə qərarları › İş №e-2-2(121)-977/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-977/2023

31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-977/2023 31.08.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi və s. tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd Sampo Roseniew SR-2065 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 20.186 (iyirmi min yüz səksən altı) manat dəymiş maddi ziyanın və 200 (iki yüz) manat mediasiya xərcinin - cəmi 20.386 (iyirmi min üç yüz səksən altı) manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 2022-ci il 19 aprel tarixli 07/02039 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Roseniew SR-2065 markalı taxılyığan kombaynı ona istifadəyə verilmişdir. Bildiririk ki, lizinq alanın həmin müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş Sampo Roseniew SR-2065 markalı taxılyığan kombayna baxış keçirilmiş və nəticədə texnikaya 20 186,00 (iyirmi min yüz səksən altı) manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, Sampo Roseniew SR-2065 markalı taxılyığan kombaynın tam bərpası üçün20 186,00 (iyirmi min yüz səksən altı) manat dəymiş maddi ziyan hesablanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini, iddia ərizəsinə əlavə edilmiş sənədləri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 07/02039 saylı operativ lizinq müqaviləsinin surətindən görünür ki, 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayn İddiaçı ASC tərəfindən Cavabdeh lizinqə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı ASC-yə məxsus olan texnikanın texniki vəziyyəti barədə 1 saylı aktdan görünür ki, İddiaçı ASC-nin istifadəsində olan texnika saz vəziyyətdə mexanizator Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh 07/02039 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə əsasında saz vəziyyətdə müvəqqəti istifadəyə götürdüyü 1 ədəd SR-2065 markalı taxılyığan kombayna 2022-ci il taxıl yığımına hazırlıq işləri ilə əlaqədar cari texniki qulluq işlərini göstərməyi, texnikanı müvafiq normalara uyğun saxlamağı, biçin üçün tam texniki qulluq işlərini göstərməyi, texnikanı müvafiq normalara uyğun saxlamağı, biçin üçün tam hazır vəziyyətə gətirməyi, eləcə də, biçin zamanı cəmiyyət tərəfindən müəyyən edilmiş ümumi disklokasiya planına əməl etməyi, texnikadan istifadə zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik, o cümlədən yanğən təhlükəsizliyi qaydalarına riayət etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı ASC-yə məxsus olan texniki vəziyyəti haqqında 2 saylı aktdan görünür ki, 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayn Cavabdeh tərəfindən İddiaçı ASC-yə təhvil verilmiş və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, texnikanın xeyderi, maili kamerası, kabinası, kombaynın dayaq çərçivəsi, silkələyici lövhə, alt və üst ələkləri, bunkerə dən qaldırıcı şnek və gövdəsi, bunkerdən taxılboşaldan şnek və hidrosilindri, fırlanan hava qəbuledicisi, qoruyucu toru, fırlanan təmizləyici ekranı, işıqlanma sistemi, sağ və sol yan qoruycu örtükləri, taxıl bunkeri istifadəyə yararsız vəziyyətdə mexanizator Cavabdeh tərəfindən təhvil verilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş “SR-2065” Sampo markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər barədə arayışından görünür ki, texnikanın saz vəziyyətə gətirilməsi üçün 20.186 manat məbləğində ehtimal xərclər müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, texnikaya dəymiş 20.186 manat məbləğində zərər tez bir zamanda İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi xahiş edilmiş, əks halda texnikaya dəymiş maddi ziyan üzrə borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 30 mart 2023-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 (iki yüz) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 07/02039 saylı operativ lizinq müqaviləsi bağlanılmış və tərəflərin müqavilə üzrə hüquq və vəzifələri müəyyən olunmuşdur. Həmin müqavilə əsasında 1 ədəd SR-2065 markalı taxılyığan kombayn xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cavabdehə lizinqə verilmişdir. Sözügedən texnika cavabdeh tərəfindən nasaz vəziyyətdə iddiaçıya təhvil verilmişdir. Texnika iddiaçıya təhvil verilərkən iddiaçının nümayəndələri tərəfindən texnikaya baxış keçirilmişdir. Baxış nəticəsində müəyyən edilmişdir ki, texnikanın xeyderi, maili kamerası, kabinası, kombaynın dayaq çərçivəsi, silkələyici lövhə, alt və üst ələkləri, bunkerə dən qaldırıcı şnek və gövdəsi, bunkerdən taxılboşaldan şnek və hidrosilindri, fırlanan hava qəbuledicisi, qoruyucu toru, fırlanan təmizləyici ekranı, işıqlanma sistemi, sağ və sol yan qoruycu örtükləri, taxıl bunkeri yararsız vəziyyətdədir. Bununla bağlı qüsur aktı tərtib edilərək texnikaya dəymiş zərərin ehtimal olaraq 20.186 manat olması müəyyən edilmişdir. Cavabdehə dəymiş zərərin ödənilməsi barədə xəbərdarlıq göndərilsə də, sonuncu yaranmış borcunu ödəməmişdir. Cavabdehin dəymiş zərərin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 07/02039 saylı operativ lizinq müqaviləsinin 2.2.5-ci, 2.2.6-cı və 2.2.8-ci maddələrində, o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-7.1-ci maddəsində təsbit edilmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, zərərin ödənilməsi ilə bağlı tələbdə təqsirin mövcud olması əsas şərtlərdən biridir. İlkin olaraq qanunsuz hərəkət və ya hərəkətsizliklə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı, zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və hüquqa zidd əməli, əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. “Azərbaycan Respublikası Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Hazırki halda iddiaçı, cavabdehin qanunsuz hərəkətləri nəticəsində hüquqi şəxsə maddi ziyan vurulduğunu iddia etsə də, dəymiş maddi zərər barədə məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının sübut olaraq təqdim etdiyi “SR-2065 Sampo” markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər barədə arayış mötəbər sübut kimi qəbul edilə bilməz. Arayışdan da göründüyü kimi, iddiaçı dəymiş zərəri xüsusi biliyə malik olan mütəxəssislərin və ya digər aidiyyəti şəxslərin iştirakı olmadan yalnız öz nümayəndələrinin iştirakı ilə təxmini olaraq hesablayaraq belə bir qənaətə gəlmişdir. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 751-ci maddəsi lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan müddəalarının müvafiq surətdə tətbiqini mümkün hesab edir. Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normasına əsasən qeyd edir ki, iddiaçının dəymiş maddi ziyanla bağlı tələbi Mülki Məcəllənin 697.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Həmin maddəyə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd olunan normasının məzmununa əsasən qeyd edir ki, kirayəyə verənin (hazırki işdə lizinqə verənin) maddi zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun icarəyə (lizinqə) verilmiş əşyanı, əmlakı geri aldığı andan başlanır. Həmin normada müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir və qanunda bu müddətin dayandırılması və ya kəsilməsi mümkünlüyü müəyyən edilməmişdir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, iddiaçı (lizinqə verən) əmlakı lizinq alandan geri aldığı andan 6 (altı) ay ərzində həmin əmlaka dəymiş maddi ziyanın ödənilməsinə dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə iddiaçı bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. İş materiallarında olan texnikanın iddiaçıya geri qaytarılmasına dair tərtib edilmiş texniki vəziyyət haqqında 2 saylı aktdan görünür ki, texnika 16 iyul 2022-ci il tarixində iddiaçıya təhvil verilmişdir və həmin tarixdə tərtib edilmiş qüsur aktı ilə texnikaya zərərin dəydiyi müəyyən olunmuşdur. Belə olduğu təqdirdə iddiaçı öz hüquqlarının cavabdeh tərəfindən pozulduğunu 16 iyul 2022-ci il tarixində bilmiş, hazırkı iddianı isə 19 aprel 2023-cü ildə, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan 9 (doqquz) ay sonra qaldırmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Məhkəmə, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən hesab edir ki, tərəflər arasında bağlanılmış lizinq müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normalarına əsasən iddiaçının cavabdehə qarşı maddi zərərin ödənilməsi ilə bağlı tələb hüququ olsa da, onun tələb etmək hüququ Mülki Məcəllənin 697.4-cü maddəsinin tələbinə uyğun olaraq müddətin keçməsinə görə qüvvədən düşdüyündən, iddia tələbi təmin edilə bilməz. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən və iddiaçı məhkəmə xərclərindən azad edilmədiyindən iş üzrə iddiaçı tərəfindən mediasiya xərci ilə əlaqədar ödənilmiş 200 manat rüsum İddiaçı ASC-yə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar