Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-99/2024 08.02.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Niftiyev Vüsal Nəbi oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı əqdin etibarlı sayılması barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 375,8 m2 təşkil edən qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı əqdin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2001-ci il tarixli müqaviləyə əsasən tərəflər, cavabdehə məxsus binanın iddiaçıya satılması barədə razılığa gəlmişlər. Müqaviləyə əsasən, iddiaçı 118.000.000 manat (köhnə Azərbaycan manatı) pulun cavabdehin hesabına köçürülməsi, cavabdeh isə pulu aldıqdan sonra binanın iddiaçıya təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Tərəflər arasında mülki-hüquqi münasibət yarandığı zaman Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335-ci maddəsi (“Əqdin notarial formasına riayət edilməməsinin nəticələri) qüvvədə olmuşdur. Müqavilə bağlandıqdan dərhal sonra, iddiaçı, bu Müqaviləyə əsasən və MM-in 335-ci maddəsindən irəli gələrək, öhdəliyin icrası qaydasında xx.xx.2001-ci il tarixli, 52 saylı ödəniş tapşırığına əsasən, cavabdehin hesabına xx.xx.2001-ci il tarixli müqaviləyə əsasən binanın alınması üçün 118.000.000 manat pul köçürmüşdür. Bu addımı ilə, iddiaçı əqdi tamamilə icra etmişdir. Tərəflər arasında hüquqi münasibətlər yarandığı vaxtdan etibarən Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 14 (keçmiş Azadlıq küçəsi14) ünvanında yerləşən qeyri-yaşayış binası "xxxx" ASC-nin “Kürdəmir” filialı fəaliyyət göstərmişdir (və halhazırda da fəaliyyət göstərir). Müvafiq fakt Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Belə ki, Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 14 (keçmiş Azadlıq küçəsi14) ünvanında yerləşən qeyri-yaşayış binası 20-ci əsrin 60-cı illərində inşa edilmiş və həmin binada 20-ci əsrin 90-cı illərinin axrına kimi “Aqrar Sənaye” Bankı fəaliyyət göstərmiş, hazırda həmin ünvanda 2001-ci ildən etibarən Azərbaycan Beynəlxalq Bankının Kürdəmir filialı fəaliyyət göstərir. Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 14 (keçmiş Azadlıq küçəsi-14) ünvanında yerləşən qeyri-yaşayış binası "xxxx" ASC-nin faktiki sahibliyində və istifadəsində olmuş, həmçinin iddiaçı tərəfindən müvafiq vergilər ödənmişdir. Bundan əlavə, "xxxx" ASC nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxs olduğu üçün ona məxsus olan əmlaklar barəsində müvafiq hesabatlar, o cümlədən hər il “Dövlət təsisatının balansında olan dövlət əmlakının siyahısı” Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilmiş və həmin siyahıda 2001-ci ildən bugünədək qeyri-yaşayış sahəsi iddiaçının balansında olan əmlak qismində göstərilmişdir. Bundan sonra, xx.xx.2001-ci il tarixli, 96 saylı alqı-satqı müqaviləsinə əsasən, satıcı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 375,8 m2 təşkil edən qeyri-yaşayış sahəsi 33.344.000 manata (köhnə Azərbaycan manatı) cavabdehə satılmış, bu barədə sonuncunun adına “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.2004-cü il tarixli, 001571 saylı şəhadətnamə verilmişdir. İddiaçı tərəfindən əqdin (müqavilənin) tamamilə icra edilməsinə baxmayaraq, əqdin (müqavilənin) digər tərəfi Cavabdeh MMC (cavabdeh) bundan sonra, üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, yəni tərəflər arasında bağlanmış müvafiq müqaviləni notariat qaydasında təsdiqləməkdən boyun qaçırmışdır. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməməklə yanaşı, iddiaçıya qarşı heç bir iddia, pretenziya qaldırmamışdır. Bu vəziyyət təxminən 18 il ərzində davam etmiş və nəhayat Cavabdeh MMC-nin "xxxx" ASC-yə qarşı iddia qaldırması aşağıda göstərilən şəkildə nəticələnmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(086)-567/2019 saylı qətnaməsi ilə "xxxx" MMC-nin iddiası təmin edilərək, "xxxx" ASC-nin (Kürdəmir filialının) əmlakları ilə birlikdə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti (keçmiş Azadlıq küçəsi) 14 ünvanında yerləşən iddiaçı "xxxx" MMC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə təhvil verilməsi qət edilmiş, iddia tələbi dəymiş zərərin ödənilməsi hissəsində təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-2(106)-68/2020 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Şirvan İnzibati-lqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2- 2(086)-567/2019 saylı qətnaməsi iddianın qismən təmin edilməsi, "xxxx" ASC-nin (Kürdəmir filialının) əmlakları ilə birlikdə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti (keçmiş Azadlıq küçəsi) 14 ünvanında yerləşən iddiaçı "Könüİ-Z” MMC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə təhvil verilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-2(102)-64/2021 saylı qərarı ilə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-2(106)-68/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu qərarda qeyd edilmişdir ki, xx.xx.2001-ci il tarixli müqaviləyə görə bank binanın dəyərini pulla ödəməyi, iddiaçı (Könül-Z) isə binanı bankın mülkiyyətinə keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə, bina özəlləşməmişdən əvvəl baş vermiş və iddiaçı (Könül-Z) satıcı olaraq əqdin subyekti ola bilməzdi. Lakin bu cür müqavilə bağlanması qanunvericilikdə qadağan da edilməmişdir. Müqavilə üzrə tərəflər üzərlərinə öhdəlik götürmüşlər, cavabdeh ("xxxx" ASC) öz öhdəliyini yerinə yetirmiş, lakin iddiaçı (Könül-Z) öz öhdəliyini yerinə yetirməmişdir. İddiaçının (Könül-Z) öz öhdəliyini yerinə yetirməməsi səbəbindən tərəflər arasında sonradan alqı-satqı müqaviləsi rəsmiləşdirilməmiş, lakin təxminən 18 il ərzində cavabdehin əmlakdan istifadəsinə etirazını bildirməmişdir. Aydın olduğu kimi, bina əvvəldən, yəni tərəflər arasında icarə müqaviləsi bağlanan tarixdən cavabdehin ("xxxx" ASC) qanunsuz sahibliyində olmamış, daha sonra tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmış və bank müqavilə üzrə öhdəliklərini yerinə yetirmişdir. Belə olan halda, cavabdehin ("xxxx" ASC) faktiki olaraq sahibliyi və istifadəsində olan qeyri-yaşayış sahəsindən qanunsuz istifadə etməsi barədə iddiaçının dəlilləri əsassız olmuşdur”. "xxxx" ASC tərəfindən hüquqlarının qorunması üçün Şirvan Kommersiya Məhkəməsinə müraciət edilmiş, Cavabdeh MMC tərəfindən xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasının başa çatdırılması, Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin iddiaçıya satılması və onun mülkiyyətinə keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada bütün hüquqi və faktiki hərəkətlərin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(121)-1355/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim R.İsmayılov). Həmin qətnamədən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətində iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul olunması xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(106)-23/2022 saylı qətnaməsi ilə iddiaçının ("xxxx" ASC-nin) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov və Z.Zeynalov). Bu qətnamədən iddiaçı ("xxxx" ASC) tərəfindən verilmiş kassasiya şikayətində qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(102)-457/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(106)-23/2022 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bu iddia ərizəsinin 8.3-cü bəndində müəyyən edilmiş və qanuni qüvvəyə minmiş (preyudisial əhəmiyyət daşıyan) faktlardan göründüyü kimi, qanuni qüvvədə olan məhkəmə aktlarına əsasən tərəflərin sözügedən qeyri-yaşayış sahəsinin alqı-satqısı üzrə əldə etdikləri razılığa əsasən əmlakın alıcıya təqdim edilməsi, alıcının 2001-ci ildən faktiki olaraq əldə etdiyi əmlaka görə dəyərin satıcıya ödəməsi, lakin satıcının həmin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı öhdəliyini yerinə yetirməməsi, başqa sözlə, alqı-satqı münasibətlərinin başa çatmaması müəyyən edilmişdir. Bu yanaşma tərəflər arasında olan digər mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(102)- 457/2022 nömrəli qərarında da öz əksini tapmışdır. Bu Qərarda həmçinin qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, MM-nin tərəflər arasında münasibətlərin yarandığı 2001-ci ildə qüvvədə olmuş (Azərbaycan Respublikasının 2005-ci il 4 iyun tarixli, 949-İİQD nömrəli Qanunu ilə MM-dən çıxarılmış) 335.2-ci maddəsinə görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Ali Məhkəmənin qanuni qüvvəyə minmiş 2 qərarında (xx.xx.2021-ci il tarixli, 2-2(102)-64/2021 nömrəli və xx.xx.2022-ci il tarixli, 2- 2(102)-457/2022 nömrəli) tərəflər arasında bağlanmış müqavilənin (xx.xx.2001-ci il tarixli müqavilə) etibarsız olması barədə heç bir müddəa olmamışdır. Əksinə, bu qərarlarlarda müəyyən edilən hüquqi mövqelərdən aydın olur ki, tərəflər arasında olan xx.xx.2001-ci il tarixli müqavilə ilə qurulan münasibətlər və daha sonradan onların etdikləri hərəkətlər ("xxxx" ASC-nin pulu ödəməsi, Cavabdeh MMC-nin isə əmlaka dair 001571 saylı şəhadətnamə əldə etməsi), tərəflər arasında bağlanmış müqavilənin etibarlı olmasını və bu müqavilənin tərəflərin iradə ifadəsini əks etdirməsinin göstəricisi olmuşdur. Bununla yanaşı, Cavabdeh MMC tərəfindən müvafiq şəhadətnamə əldə edildikdən və vəsaiti "xxxx" ASCdən qəbul etdikdən sonra digər hərəkəti yerinə yetirməməsi (müqavilənin notariat təsdiqindən boyun qaçırması), təxminən 18 il ərzində heç bir etiraz bildirmədiyinə baxmayaraq daha sonradan tərəflər arasında olan müqavilənin “etibarsız müqavilə olduğu fikrini” irəli sürməsi, "xxxx" ASC-nin hüquqlarının pozulmasına gətirib çıxarmışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın əsassız olması və iddia müddətinin ötürülməsi səbəbi ilə rədd edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə "xxxx" Firması arasında bağlanmış xx.xx.2001-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" Firmasına məxsus binanın "xxxx" ASC-yə satılması barədə tərəflər razılığa gəlmişlər. Müqaviləyə əsasən, "xxxx" ASC 118.000.000 manat (AZM) pulun "xxxx" Firmasının hesabına köçürülməsi, "xxxx" Firması isə pulu aldıqdan sonra binanın "xxxx" ASC-yə təhvil verilməsi barədə öhdəlik götürmüşlər. İşə əlavə olan xx.xx.2001-ci il tarixli, 52 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC-nin Kürdəmir filialı tərəfindən "xxxx" Firmasının hesabına xx.xx.2001-ci il tarixli müqaviləyə əsasən binanın alınması üçün 118.000.000 manat pulun köçürülməsinə dair ödəniş tapşırığı verilmişdir. İşin materiallarında olan icarəyə verilmiş əmlakın xx.xx.2001-ci il tarixli, 96 saylı alqısatqı müqaviləsinin surətindən görünür ki, satıcı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 375,8 m2 təşkil edən qeyri-yaşayış sahəsi 33.344.000 manata (AZM) alıcı "xxxx" Firmasına satılmışdır. İş materiallarına əlavə olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilən Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2004-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, ünvan 10 ünvanındakı ikimərtəbəli binada yerləşən 375,8 kv.m qeyri-yaşayış sahəsi "xxxx" firmasının toxunulmaz mülkiyyətində olması təsdiq edilmişdir. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e- 2-2(086)-567/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh MMC-nin iddiasının qismən təmin edilməsi, "xxxx" ASC-nin (Kürdəmir filialı) əmlakları ilə birlikdə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti (keçmiş Azadlıq küçəsi) 14 ünvanında yerləşən iddiaçı Cavabdeh MMC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 2(106)-68/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(086)-567/2019 saylı qətnaməsi iddianın qismən təmin edilməsi "xxxx" ASC (Kürdəmir filialı) əmlakları ilə birlikdə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti (keçmiş Azadlıq küçəsi) 14 ünvanında yerləşən iddiaçı Cavabdeh MMC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsi "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə təhvil verilməsi hissəsində ləğv edilməsi, iddianın həmin hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-2(102)-64/2021 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Aybəniz Ramazanova tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-2(106)-68/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Şivan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2- 2(121)-1355/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMCyə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) mülkiyyət hüququnun tanınması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 2(106)-23/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(121)-1355/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(102)-457/2022 saylı qərarından görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(106)-23/2022 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(121)-559/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMCyə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) müqavilə öhdəliklərinin icrasının başa çatdırılmaması və s. tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İşdən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası xx.xx.2022-ci il tarixli, e-2-2(121)-132/2022 saylı qərardadı ilə hər iki birləşdirmiş və yeni işə e-2-2(106)-149/2022 saylı qeydiyyat nömrəsi vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 2(106)-149/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(121)-1355/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(121)-1355/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, "xxxx" ASC-nin Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması, iddiaçı "xxxx" ASC-nin Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(121)- 559/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(121)-559/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(102)-262/2023 saylı qərarından görünür ki, iddiaçı "xxxx" ASC-nin kassasiya şikayətinin qismən təmin edilməsi, Cavabdeh MMC-nin kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(106)-149/2022 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(106)-107/2023 saylı qətnaməsindən görünür ki, birinci iddia üzrə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(121)1355/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması tələbinə dair iddiasının təmin edilməməsi, ikinci iddia üzrə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(121)-559/2022 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı "xxxx" ASC Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) Cavabdeh MMC tərəfindən xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasının başa çatdırılması, Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin əlavə ödəniş edilmədən iddiaçı "xxxx" ASC-yə verilməsi və onun mülkiyyətinə keçirilməsi üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bütün hüquqi və faktiki hərəkətlərin edilməsi vəzifəsinin Cavabdeh MMCnin üzərinə qoyulması vəzifəsinin müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, hər iki iddia üzrə ödənilmiş dövlət rüsumlarının "xxxx" ASC-yə aid edilməsi qət edilmişdir. İşdən görünür ki, Cavabdeh MMC “iddiaya etiraz” və “iddia müddətinin tətbiqi barədə ərizə”lərlə məhkəməyə müraciət edərək, iddiaya etiraz etmiş və iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş, mübahisələndirilməyən hallarına görə tərəflər arasında xx.xx.2001-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, cavabdehə məxsus binanın iddiaçıya satılması barədə tərəflər razılığa gəlmişdir. Müqaviləyə əsasən, iddiaçı 118.000.000 manat pulun cavabdehin hesabına köçürülməsi, cavabdeh isə pulu aldıqdan sonra binanın iddiaçıya təhvil verilməsi barədə öhdəlik götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilərək, cavabdehin hesabına xx.xx.2011-ci il tarixli ödəniş tapşırığına əsasən, xx.xx.2001-ci il tarixli müqavilə üzrə binanın alınması üçün 118.000.000 manat pulun köçürülməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bundan başqa, baxılan iş üzrə hər iki tərəfin iştirak etdiyi, başqa kommersiya mübahisəsi üzrə qəbul edilmiş, qanuni qüvvədə olan məhkəmə aktları ilə (Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(106)-68/2020 nömrəli qətnaməsi və Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-2(102)-64/2021 nömrəli qərarı) sözügedən qeyriyaşayış sahəsindən iddiaçının ("xxxx" ASC) çıxarılmasına dair cavabdehin (Cavabdeh MMC) tələbi təmin edilməmiş və müəyyən edilmişdir ki, xx.xx.2001-ci il tarixli müqaviləyə görə bank binanın dəyərini pulla ödəməyi, iddiaçı (hazırki iş üzrə cavabdeh) isə binanı bankın mülkiyyətinə keçirməyi öz öhdəsinə götürmüşdür. Qeyd edilməlidir ki, tərəflər arasında xx.xx.2001-ci il tarixli müqavilə, bina özəlləşməmişdən əvvəl bağlanmışdır və həmin vaxt iddiaçı satıcı olaraq tərəflər arasında bağlanmış əqdin subyekti ola bilməzdi. Lakin bu cür müqavilə bağlanması qanunvericilikdə qadağan da edilməmişdir. Müqavilə üzrə tərəflər üzərlərinə öhdəlik götürmüşlər, cavabdeh öz öhdəliyini yerinə yetirmiş, lakin iddiaçı öz öhdəliyini yerinə yetirməmişdir. İddiaçının öz öhdəliyini yerinə yetirməməsi səbəbindən tərəflər arasında sonradan alqı-satqı müqaviləsi rəsmiləşdirilməmiş, lakin təxminən 18 il ərzində cavabdehin əmlakdan istifadəsinə etirazını bildirməmişdir. Aydın olduğu kimi, bina əvvəldən, yəni tərəflər arasında icarə müqaviləsi bağlanan tarixdən cavabdehin qanunsuz sahibliyində olmamış, daha sonra tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmış və bank müqavilə üzrə öhdəliklərini yerinə yetirmişdir. Belə olan halda, cavabdehin faktiki olaraq sahibliyi və istifadəsində olan qeyri-yaşayış sahəsindən qanunsuz istifadə etməsi barədə iddiaçının dəlilləri əsassız olmuşdur. Göründüyü kimi, qanuni qüvvədə olan məhkəmə aktlarına əsasən tərəflərin sözügedən qeyri-yaşayış sahəsinin alqı-satqısı üzrə əldə etdikləri razılığa əsasən əmlakın alıcıya təqdim edilməsi, alıcının 2001-ci ildən faktiki olaraq əldə etdiyi əmlaka görə dəyərini satıcıya ödəməsi, lakin satıcının həmin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı öhdəliyini yerinə yetirməməsi, başqa sözlə, alqı-satqı münasibətlərinin başa çatmaması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən fakt hazırkı mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktları heç kim mübahisələndirə bilməz. Ona görə də, bu hal olması məhkəmə üçün məcburidir və göstərilən hal yenidən sübut edilməməlidir. Qanuni qüvvədə olan məhkəmə aktları ilə, tərəflər arasındakı müqavilə münasibətlərinin etibarsızlığı müəyyən edilməmiş, əksinə sözügedən qeyri-yaşayış sahəsinin alıcısının (iddiaçı Bankın) həmin əmlakdan keçən 18 il ərzində istifadəsinin qanuni olması, sonuncunun həmin sahədən çıxarılması üçün əsasların olmaması müəyyən edilmişdir. İşin faktiki hallarına əsasən, tərəflər arasında xx.xx.2001-ci il tarixli müqavilə bağlandıqdan sonra əsas müqavilə bağlanmamışdır. Həmçinin, iş materiallarına əsasən, mübahisəli daşınmaz əmlak iddiaçının maneəsiz istifadəsindədir. İlkin müqavilədə əmlakın iddiaçıya təhvil verilməsi nəzərdə tutulmuş, tərəflər arasında pul məbləğinin ödənildiyi, pul məbləğinin cavabdehin hesabına köçürülməsi mübahisə doğurmasa da, tərəflər arasında sonradan qanunvericiliklə müəyyən edilmiş qaydada alqısatqı müqaviləsi bağlanmamışdır. Belə ki, tərəflərin niyyəti əmlakın gələcəkdə alqı-satqısı olsa belə, bu hal nəticə etibarilə onlar arasında alqı-satqı müqaviləsinin bağlanmasını özündə ehtiva etmir və iş materiallarına əsasən tərəflər arasında sonradan notariat qaydasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.4-cü maddəsinə əsasən, ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Qanuni qüvvədə olan məhkəmə aktları ilə iddiaçının notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi icra etməsi, digər tərəfin isə həmin əqdin notariat qaydasında təsdiq edilməsindən boyun qaçırması, alqı-satqı münasibətlərinin başa çatmaması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Qeyd edilən Məcəllənin 570.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Göstərilən Məcəllənin 646-cı maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MM-in tərəflər arasında münasibətlərin yarandığı 2001-ci ildə qüvvədə olmuş (Azərbaycan Respublikasının 2005-ci il 4 iyun tarixli, 949- İİQD nömrəli Qanunu ilə MM-dən çıxarılmış) 335.2-ci maddəsinə görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə icra edilmiş olsa da, cavabdeh sonradan notariat qaydasında daşınmaz əmlakın alqı-satqı müqaviləsini rəsmiləşdirməkdən boyun qaçırdığından, habelə tərəflər arasındakı müqavilə münasibətlərinin etibarsızlığı müəyyən edilmədiyindən, iddiaçı əqdin məhkəmə qaydasında etibarlı sayılmasını tələb etməkdə haqlıdır. Buna görə də, onun qeyd edilən haqlı tələbi təmin edilməlidir. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi, qeyri-yaşayış sahəsi əvvəldən, yəni tərəflər arasında icarə müqaviləsi bağlanan tarixdən iddiaçının qanunsuz sahibliyində olmamış, daha sonra tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmış və iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmişdir. Belə olan halda, həmin əmlak faktiki olaraq iddiaçının sahibliyi və istifadəsində olmuş və hal hazırda da sahiblik və istifadəsindədir. İddiaçı qeyd edilən daşınmaz əmlakın sahibi olduğundan, bu münasibətlərə iddia müddəti şamil edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Nəzərə alınmalıdır ki, MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. MM-in 384.0.4-cü maddəsi mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil edilmədiyini təsbit etmişdir. Sadalanan xüsusatlara və qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi barəsində ərizəsinin dəlilləri əsassızdır. Buna görə də, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisə tərəfi olan cavabdehin nümayəndəsi iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, iş üzrə iddia müddəti tətbiq edilərək, iddiadan imtina edilə bilməz. Digər tərəfdən, iş materiallarından da aydın olur ki, cavabdeh öz öhdəliyini icra etmədiyi halda iddiaçıdan qeyri-yaşayış sahəsindən çıxmağı tələb edir. Bu vəziyyətdə işin hallarına həm də Mülki Məcəllənin 560.1-ci maddəsində müəyyən olunmuş hüquqdan suiistifadənin yolverilməzliyi barədə müddəaları əsasında qiymət verilməlidir. Belə ki, dürüstlük mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, “Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.” (Konstitusiya Məhkəməsinin X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 sentyabr 2021-ci il tarixli qərarı). Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Cavabdeh iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinin dəyərini ödəməklə 18 ildən (hazırda 23 ildən) artıq olan müddətə oradan hər hansı etiraz olmadan istifadə (və sahiblik) etdiyini bildirmişdir. Cavabdeh buna etiraz etməmişdir. Odur ki, cavabdehin etirazının dəlilləri əsassızdır. Buna görə də, iddia təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci bəndinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən qismən (yəni, iddiaçı tərəfindən 50 manat mediasiya xərci, 50 manat isə dövlət rüsumu ödənilmişdir) azad olunduğundan, məhkəmə xərcinə daxil olan 100 manat dövlət rüsumunun 50 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh MMC arasında Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 14 (keçmiş Kürdəmir şəhəri, Azadlıq küçəsi,14) ünvanında yerləşən, ümumi sahəsi 375,8 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin alqı-satqısına dair bağlanmış 27 iyul 2001-ci il tarixli əqd (müqavilə) etibarlı sayılsın. 50 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-99/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-99/2024
08.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver