Məhkəmə qərarları › İş №e-2-2(123)-125/2022

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-125/2022

01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-125/2022 01.12.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə elektron qaydada göndərilmiş kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 28 noyabr 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1 035.80 (min otuz beş manat səksən qəpik) manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 12 (on iki) manat və 60 (altmış) manat ilkin mediasiya sessiyasi üzrə ödənilən məbləğ olmaqla, cəmi 1107.80 (min yüz yeddi manat, səksən qəpik) manatın tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə kiçik iddia barədə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 69.3-cü maddəsinə əsasən təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. 284-3.2 və 284-3.2.2-ci maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. 152.1 və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizə və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən olundu ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Naxçıvan MR Kommersiya Məhkəməsinə ərizə verilərkən ərizə həmin təşkilatın nümayəndəsi qismində göstərilən Əliağa Babayev tərəfindən imzalanmış, lakin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru kimi göstərilmiş Əliağa Babayevin həmin təşkilatın qanuni təmsilçisi olmasını təsdiq edən hər hansı hüquqi sənəd (təsis sənədi, nizamnamə, müqavilə, vəsiqə və.s) ərizəyə əlavə olunmamışdır. Halbuki mülki prosessual qanunvericiliyin yuxarıda sadalanan maddələrinin tələbindən də göründüyü kimi təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Ərizə və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən həmçinin müəyyən olundu ki, iddiaçı iddia ərizəsinin forma və məzmununa dair tələblərə riayət etməyərək iddia ərizəsində cavabdehin faktiki ünvanı və elektron poçt ünvanını göstərməmişdir. Məhkəmə onu da iddiaçının diqqətinə çatdırmağı vacib hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Nəzərə alınmalıdır ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. Hazırkı icraatın mahiyyəti həmçinin ondan ibarətdir ki, sübut etmə prosesi sadələşdirilməklə yanaşı, iddiaçının təqdim etdiyi tələbin əsaslığını təsdiq edən sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etməli, ərizədə göstərilən hallar təkzibedilməz və mötəbər sübutlarla təsdiq olunmalıdır. İddiaçı ərizəsində istinad etdiyi 01 noyabr 2020-ci il tarixli üzləşmə aktına əsasən cavabdehin iddiaçıya 1035.80 manat borcunun olduğunu qeyd edir. Lakin nəzərə alnmalıdır ki, üzləşmə aktı Cavabdeh tərəfindən deyil, Ə. Allahverdiyev adlı şəxs tərəfindən imzalanmışdır. Buna görə də üzləşmə aktı cavabdeh və ya onu imzalamaq səlahiyyəti qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş nümayəndəsi tərəfindən imzalanmadığından həmin sənəd bu halı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin mediasiya prosesi iddiaçı tərəfdən təmsilçi vasitəsilə (X1) həyata keçirilmiş, lakin təmsilçinin etibarnaməsi ərizəyə əlavə edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, ərizə qanunvericiliyin icrası məcburi olan göstərişlərinə əməl olunmadan məhkəməyə təqdim edildiyindən, yəni ərizə imzalanmadığından və ərizənin forma və məzmununa dair tələbə uyğun olaraq cavabdehə dair bütün məlumatların tam olaraq göstərilmədiyindən geri qaytarılmalı, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməyə haqlı olması iddiaçıya izah olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Elnur Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar