Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-259/2025 28.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədov, iddiaçı "xxxx" ASC-nin cavabdeh X3 qarşı pul tələbi üzrə kiçik iddialara dair işlər üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı "xxxx" ASC 12 iyun 2025-ci il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 xx.xx.2022-ci il tarixli Endirim Kampaniyasında iştirak edilməsi haqqında müqavilə üzrə 326,61 AZN məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, İddiaçı ASC ilə cavabdeh – X4 arasında xx.xx.2022-ci il tarixli Endirim Kampaniyasında iştirak edilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndində göstərildiyi kimi bu müqavilə ilə Müştərilərin Təşkilatçıda apardıqları əməliyyatlarla bağlı Təşkilatçı tərəfindən Müştərilərə Endirim faizlərinin tətbiq edilməsi və Bank tərəfindən bu Müqavilənin şərtlərinə uyğun olaraq Endirim Kampaniyasının reklamının həyata keçirilməsi üzrə Bank və Təşkilatçı arasında yaranmış münasibətlər tənzimlənir. Müqavilənin 4.2.4-cü bəndinə əsasən Müqavilənin qüvvədə olduğu müddət ərzində Bank kartlarının sahiblərinə bu Müqavilənin 1 saylı Əlavəsində göstərilən miqdarda və bu Müqavilənin 2 saylı Əlavəsində göstərilən qaydalara uyğun endirim təklif edilir. Müqavilənin 1 saylı Əlavəsində endirimin miqdarı cəmi 15 %, endirimləri təqdim edən obyekt ünvanı kimi isə Əhməd Rəcəbli 9 (Terminal İD – RT1181278) kimi göstərilmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən Bankın müştəriləri Endirim kampaniyasından yararlanmaq üçün Bank kartlarını Təşkilatçının müştərilərə xidmət göstərən personalına təqdim etməklə, Müqavilənin şərtlərinə uyğun endirimlər alır. Müqavilənin 3.6-cı bəndinə əsasən Bank Endirim faizini Müştərinin xeyrinə nağd pul şəklində hesabladığı hallarda, Təşkilatçının müəssisələrində xidmətin tam dəyəri Digər bankların post terminalları vasitəsi ilə ödənilərsə, xidmətin tam dəyəri (endirim hissəsi daxil olmaqla) Müştərinin (alıcının) Bank kartının bağlı olduğu hesabından silinərək Təşkilatçının Digər bankda olan bank hesabına mədaxil edilir. Endirim məbləğinin Müştəriyə çatmalı olan hissəsi Bankın hesabından Müştərinin Bank kartının bağlı olduğu hesabına ödənilir. Endirim faizi nisbətində pul vəsaitinin Müştəriyə çatmalı olan hissəsini Bank öz hesabından Müştəriyə ödədiyi üçün, Endirim faizi nisbətində pul vəsaitinin (Müştəriyə çatmalı olan hissəsi də daxil olmaqla) əgər Müqavilənin 3.8ci bəndində nəzərdə tutulmuş qaydada ödənilməsi mümkün deyildirsə, Təşkilatçının sərəncamı əsasında onun hesabından Bankın müxbir hesabına hər ayın ilk 10 (on) iş günü ərzində bu Müqavilənin 3.7-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilir. Müqavilənin 4.1.4-cü bəndinə əsasən Endirim kampaniyası çərçivəsində Təşkilatçının Digər banklarda olan pos-terminala bağlı hesabına köçürülmüş endirim faizi nisbətində pul vəsaitinin hər ayın ilk 10 (on) iş günü ərzində Bankın müxbir hesabına köçürülməsini və ya nağd qaydada ödənilməsini Təşkilatçıdan tələb etmək hüququ vardır. Müqavilənin 4.2.12-ci bəndinə əsasən Endirim kampaniyası ilə əlaqədar hesabına daxil olmuş pul vəsaitinin, endirim faizi nisbətində hissəsinin akseptsiz qaydada silinməsini təmin etmək, silinməsinə və aidiyyatı üzrə köçürülməsinə maneəçilik törətməmək, bu məqsədlə vəsaitin Banka köçürülməsi üçün həmin banka əvvəlcədən yazılı razılıq vermək və hər ayın ilk 10 (on) iş günündən gec olmayaraq Banka ödəmək vəzifəsi vardır. Müqavilənin şərtlərinə görə cavabdeh öhdəliyini tam və vaxtında icra etməyi öhdəsinə götürsə də, vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan arayışına əsasən cavabdeh X2 (VÖEN: **********)xx.xx.2022-ci il tarixli MD-CB 906N-li “Endirim kampaniyasında iştirak edilməsi haqqında” müqaviləyə əsasən AZ60RBTA******************** saylı hesabı üzrə borc aşağıdakı səbəblərdən yaranmışdır: Müqavilə şərtlərinə əsasən Kartmane kart müştəriləri Confetti restoranında ödəniş zamanı Rabitəbank ödəniş məbləğinin 15% qədərini tərəfdaşın adından müştərilərə geri qaytarıb. Daha sonra qaytarılmış bu məbləğ Tərəfdaş tərəfindən banka geri ödəniş olunmalı idi. Lakin Tərəfdaş bu məbləği Banka geri ödəniş etməmişdir. X2 (VÖEN: **********)xx.xx.2025-ci il tarixinə Banka olan borcu 326,61 AZN-dir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü, 24.2ci, 74-cü, 216-220-ci, 284-1-ci, 284-6-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci, 389.1-ci, 390.1-ci, 442-ci, 445.2.1-ci, 447.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə, "xxxx" ASC-nin cavabdeh X3 qarşı sadələşdirilmiş icraat qaydasında kreditin verilməsinə dair razılaşma üzrə borcun qaytarılması tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə xx.xx.2025-ci il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdeh bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarında olan: xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X2 "xxxx" ASC-nə xx.xx.2025-ci il tarixə 326.61 manat borcu vardır. xx.xx.2025-ci il tarixli pretenziya məktubundan məlum olur ki, X3 "xxxx" ASC-ə 326.61 manat endirim-faiz güzəşti borcunun 3 iş günü ərzində ödəməsi, əks-halda qanunamüvafiq tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli MD-CB 906 saylı Endirim Kampaniyasında iştirak edilməsi haqqında müqavilədən görünür ki, X4 "xxxx" ASC arasında müqavilə bağlanılmış və tərəflər bir sıra öhdəlikləri yerinə yetirməyi öz üzərinə götürmüşdürlər. xx.xx.2022-ci il tarixli MD-CB 906 saylı Endirim Kampaniyasında iştirak edilməsi haqqında müqavilənin 2.1-ci bəndindən görünür ki, müqavilənin predmeti Müştərilərin Təşkilatçıda apardıqları əməliyyatlarla bağlı Təşkilatçı tərəfindən Müştərilərə Endirim faizlərinin tətbiq edilməsi və Bank tərəfindən bu Müqavilənin şərtlərinə uyğun olaraq Endirim kampaniyasının reklamının həyata keçirilməsi üzrə Bank və Təşkilatçı arasında yaranınış münasibətlər tənzimlənməsində ibarətdir. Endirim Kampaniyasında iştirak edilməsi haqqında xx.xx.2022-ci il tarixli müqaviləyə 1 saylı əlavədən görünür ki, endirimin miqdarı cəmi 15 %, endirimləri təqdim edən obyekt ünvanı kimi isə Əhməd Rəcəbli 9 (Terminal İD – RT1181278) kimi göstərilmişdir. xx.xx.2022 - xx.xx.2022 tarixləri əhatə edən hesab üzrə əməliyyatlardan görünür ki, X4 iş materiallarındakı cədvəldə qeyd olunan kart sahibləri ilə 2310.31 manat dəyərində əməliyyatlar aparmış və nəticədə 346.61 manat borcu yaranmışdır. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Təqdim edilmiş sübutlara əsasən pul vəsaitinin borclunun hesabına köçürülməsi ilə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 385-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətlərizamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 447.1-ci maddəsinə əsasən Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddiaçı "xxxx" ASC-i ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, “Endirim kampaniyasında iştirak edilməsi haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə görə Müqavilə şərtlərinə əsasən Kartmane kart müştəriləri Confetti restoranında ödəniş zamanı Rabitəbank ödəniş məbləğinin 15% qədərini tərəfdaşın adından müştərilərə geri qaytarıb. Daha sonra qaytarılmış bu məbləğ Tərəfdaş tərəfindən banka geri ödəniş olunmalı idi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bank tərəfindən “Endirim kampaniyasında iştirak edilməsi haqqında” müqavilə üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilsə də, cavabdeh üzərinə düşən məbləği ödəməyərək üzərlərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırmış, kreditorun xx.xx.2025-ci il tarixdə etdiyi xəbərdarlıqdan sonra da öhdəliyini lazımi qaydada icra etməyərək icranı gecikdirmiş və barəsində qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaranmışdır. Beləliklə, məhkəmə borclunun öhdəliyin icrasını pozduğunu müşayiət etdiyindən kreditorun öhdəliyin icrasını tələb etməkdə haqlı olduğu qənaətindədir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2022-ciil tarixli “Endirim kampaniyasında iştirak edilməsi haqqında” müqavilənin mühüm şərtləri hesab edilən hallar barədə tərəflər razılığa gələrək, maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr əldə etmiş, nəticədə tərəflər arasında olan razılıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı). Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, e-2-2(123)-259/2025 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdeh tərəfindən öhdəliyin onlar tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, ona qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədə müvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.1-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat həddində müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 326.61 manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 30 (otuz) manatdır. Qeyd olunan dövlət rüsumunun məbləği iddiaçı "xxxx" ASC-i tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli məxaric orderinə əsasən qanunvericiliyə uyğun olaraq ödənilmişdir. Nəticədə, iddia təmin edilməli, cavabdeh X1 əsas borc üzrə 326.61 (üç yüz iyirmi altı manat altmış bir qəpik) manat və iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, qət e t d i: İddia təmin edilsin. Cavabdeh X1 əsas borc üzrə 326.61 (üç yüz iyirmi altı manat altmış bir qəpik) manat və iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-259/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-259/2025
28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver