Məhkəmə qərarları › İş №e-2-2(123)-343/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-343/2024

25.07.2024 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmtəə nişanından qanunsuz istifadə ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-343/2024 25.07.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, iddiaçı DSM X4 ve Satış Ticaret Anonim Şirketinin cavabdeh X3 qarşı “qeydiyyata alınmış əmtəə nişanının sahibinin razılığı olmadan ona məxsus əmtəə nişanından cavabdeh tərəfindən ticarətdə istifadə etməsinin qarşısının alınması və kompensasiyanın ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı DSM X4 ve Satış Ticaret Anonim Şirketinin vəkili-nümayəndəsi Vəkil 21 may 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının adına qeydiyyata alınmış və Azərbaycan Respublikasının ərazisində qorunan “trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar “brendyol” söz nişanının və ya onlara qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlardan istifadənin cavabdeh X3 qadağa olunması, o cümlədən cavabdeh X3 məxsus ünvan 1 ünvanda yerləşən mağazanın girişindən, reklam lövfələrindən, çap olunmuş materiallardan və fiziki olaraq məhsullardan iddiaçıya məxsus “trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar “brendyol” söz nişanın və ya ona qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanların sökülməsi, TikTok sosial şəbəkədə və Google Maps-da (Google Xəritələr) cavabdehin mağazasına aid səhifələrdə “trendyol” və “brendyol” əmtəə nişanlarının və ya onlara qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlarının yığışdırılması, iddiaçıya vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə 50,000 (əlli min) manat kompensasiyanın və məhkəməyə müraciət etmək üçün 240 (iki yüz qırx) manat dövlət rüsumunun əvəzinin cavabdeh X1 tutularaq iddiaçı DSM GRUP DANİŞMANLİK İLETİŞİM VE SATİŞ TİCARET A.S.şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 22 may 2024-cü il tarixli, e-2-2(123)-343/2024 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. 13 iyun 2024-cü il tarixdə cavabdehin vəkili-nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ünvanlayaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının vəkili-nümayəndəsi Vəkil, üçüncü şəxs AR Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi, cavabdeh X5 və cavabdehin vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmə səbəbləri haqqında məhkəməyə məlumat verməmiş, iddiaçının vəkili-nümayəndəsi Vəkil 24 iyul 2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin məhkəmə iclasına gəlməməsini, iştirak etməmə səbəbləri haqqında məhkəməyə məlumat vermədiklərini, işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərini, həmçinin qeyd olunan ərizəni nəzərə almaqla hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1- 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.2-ci maddəsinə əsasən, qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. 260.3-cü maddəsinə əsasən, qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Bundan əlavə, iş materiallarında olan elektron iddia ərizəsinin dövlət rüsumunun ödənilməsi haqqında məlumat hissəsindən görünür ki, məhkəmədə iddia qaldırılarkən iddiaçı tərəfindən 14 may 2024-cü il tarixli, ********** №-li qəbz ilə 240.00 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1 və 114.1.5-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarının: - 2.1 və 2.1.2-ci maddələrinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. - 4.1-ci maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. - 4.2-ci maddəsinə əsasən dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 7 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Dövlət rüsumunun düzgün tutulmaması və ya artıq ödənilməsi təsdiq edilmədiyi halda, bu barədə dövlət rüsumunu tutan orqan 5 gün müddətində dövlət rüsumunun ödəyicisinə məlumat verməlidir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyindən və iştirak etməmə səbəbləri haqqında məhkəməyə məlumat vermədiklərindən, eləcə də işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, həmçinin iddiaçının vəkilinümayəndəsi Vəkil 24 iyul 2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən göstərilən hallar nəzərə alınmaqla iddia ərizəsi baxılmamış saxlanılmalı, məhkəməyə iddia verilərkən 14 may 2024-cü il tarixli, ********** №-li qəbz ilə ödənilmiş 240.00 AZN məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına uyğun olaraq iddiaçıya geri qaytarılmalıdır. Həmçinin, iş üzrə tərəflərə izah edilir ki, AR MPM-in 260.5-ci maddəsinə əsasən, məhkəmə iclasında iştirak etməmənin və bu haqda məhkəməyə məlumat verməmənin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edildiyi təqdirdə hakim ərizənin baxılmamış saxlanması barədə qərardadı ləğv edə və ərizəyə mahiyyəti üzrə yenidən baxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 267, 268-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı DSM X4 ve Satış Ticaret Anonim Şirketinin cavabdeh X3 qarşı “qeydiyyata alınmış əmtəə nişanının sahibinin razılığı olmadan ona məxsus əmtəə nişanından cavabdeh tərəfindən ticarətdə istifadə etməsinin qarşısının alınması və kompensasiyanın ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Məhkəməyə iddia verilərkən iddiaçı tərəfindən 14 may 2024-cü il tarixli, ********** №-li qəbz ilə ödənilmiş 240.00 AZN məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar