Məhkəmə qərarları › İş №e-2-2(123)-474/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-474/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-474/2024 28.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1nə qarşı təmir işlərinin görülməsinə dair xidmət müqaviləsi üzrə öhdəliklərin icra olunmasına görə pul tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 14 avqust 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə ödənilən 29987,34 (iyirmi doqquz min doqquz yüz səksən yeddi manat otuz dörd qəpik) manatın və məhkəməyə müraciət üçün ödənilən 179,96 (yüz yetmiş doqquz manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumunun, ümumillikdə 30167,30 (otuz min yüz altmış yeddi manat otuz qəpik) manat vəsaitin cavabdehdən tutularaq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsində 21 dekabr 2023-cü il tarixində Cavabdeh1 ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında 12 nömrəli təmir işlərinin görülməsinə dair xidmət müqaviləsinin bağlanıldığını, 21 dekabr 2023-cü ildə bağlanılmış 12 nömrəli təmir işlərinin görülməsinə dair xidmət müqaviləsinə əsasən İcraçı, yəni Cavabdeh1 MMC Sifarişçinin, yəni "xxxx" QSC-nin tapşırığı əsasında onun (sifarişçinin) balansında olan inzibati binanın daxilində yerləşən “Günaydın” povilyonunda təmir işləri xidmətini göstərir, Sifarişçi isə öz növbəsində göstərilən xidmətin əvəzində İcraçıya sözügedən müqavilədə nəzərdə tutulmuş miqdarda haqq ödəməyi öz öhdəsinə götürdüyünü, görüləcək işlərin ümumi dəyərinin sözügedən müqavilənin tərkib hissəsi sayılan “Qiymət-Razılaşma Protokolu”nda 29987,34 (iyirmi doqquz min doqquz yüz səksən yeddi manat otuz dörd qəpik) manat olaraq müəyyən edildiyini, təmir işlərinin başlanması üçün istifadə olunacaq avadanlıq və materialların İcraçı tərəfində çatışmazlığının aradan qaldırılması zərurəti yarandığından Cavabdeh1 ilə aralarında bağlanan müqavilənin 7.1-ci yarımbəndini rəhbər tutaraq, tərəflərindən xidmətin göstərilməsi qarşılığında ödəniləcək olan 29987,34 (iyirmi doqquz min doqquz yüz səksən yeddi manat otuz dörd qəpik) manat məbləğində vəsaitin əvvəlcədən İcraçının bank hesabına köçürüldüyünü, lakin İcraçı tərəfindən müqavilənin predmetinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını təmin etmədiyini, yaranan mübahisə ilə bağlı olaraq tərəflərindən İcraçıya dəfələrlə müraciətlər və xəbərdarlıqlar ünvanlandığını və hər dəfəsində cavab olaraq, müəyyən vaxt intervalında işlərə başlayacağına dair vədlər irəli sürdüyünü, cavabdeh ilə aralarında bağlanmış 21 dekabr 2023-cü il tarixli 12 nömrəli müqavilənin 7.2-ci və 7.3-cü maddələrinə əsasən bu müqavilənin icrası zamanı ortaya çıxan bütün mübahisələrin və iddiaların Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun həll olunduğunu, yuxarıda qeyd edilənlərə əsasən müqavilədə təyin olunmuş işlərin yerinə yetirilməsi və ya ödənilən məbləğin tam şəkildə Cəmiyyətin hesabına geri ödənilməsi üçün "xxxx" QSC tərəfindən Cavabdeh tərəfə xx.xx.2024- cü il tarixdə 67/24 nömrəli xəbərdarlıq məktubu və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlər Vergi Xidmətinin “İnternet Vergi İdarəsi” portalı vasitəsilə cavabdehin vergi kabinetinə onlayn xəbərdarlıq məktubunun göndərildiyini və yaranmış mübahisənin həll olunmasının tələb olunduğunu, göndərilmiş xəbərdarlıq məktublarından sonra cavabdeh tərəfdən onlarla əlaqə saxlanıldığını və 2 təqvim günü ərzində təmir işlərinə başlanılacağını vəd etsə də, qarşı tərəfdən mübahisənin həlli yolunda heç bir addım atılmadığını, qeyd olunanların heç bir nəticə verməyəcəyini düşünərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə əsasən cavabdeh tərəfindən pozulmuş hüquqlarının bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət etmək zərurətinin yarandığını bildirmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Keçirilən məhkəmə iclaslarında verdiyi izahatında iddiaçının nümayəndəsi Nümayəndə müqaviləni tələsik bağladıqlarını, çünki dekabr ayının axırları olduğunu, dövlət büdcəsi bağlandığını, onların da Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyəşən bir orqan olduqlarını, qalan pul olduqda dövlət büdcəsinə yenidən qaytarıldığını, yanvar ayında yenidən hesablanaraq pul vəsaiti verildiyini, otuz min manata yaxın pul qaldığını, bu pulu səmərəli istifadə etmələri barədə fikirləşdiklərini, onsuz da Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin binasının avadnlıq və inzibati bina cəhətdən az da olsa digər dövlət orqanlarından geridə qaldığını, onların da bundan istifadə edərək binanı daha yaxşı hala gətirmək istədiklərini, məhkəməyə may ayında müraciət etmək istədiklərini, lakin onlarda Hesablamalar Palatasından yoxlamaların olduğuna görə avqust ayına qədər müraciət edə bilmədiklərini, dəfələrlə Sahil müəllimin cavabdeh tərəfi qəbul edərək işini görməyini tələb etdiyini, ancaq onun hər dəfəsində on gün sonra, üç gün sonra, novruz bayramından sonra dediyini, ən son onunla danışıb iki gün sonra gələcəyini dediyini, ondan sonra əlaqə saxlaya bilmədiklərini, qohumları ilə əlaqə saxladıqlarını, Türkiyədə olduğunu dediklərini, araşdırma apardıqlarını, təkcə onlarla deyil neçə dənə hüquqi şəxslə arasında belə problemləri olmasının məlum olduğunu, öhdəliyin icra vaxtının müqavilədə qeyd olunmadığını, ancaq cavabdeh təşkilatla öhdəliyin fevral ayının axırı və ya mart ayının əvvəli icra olunacağı barədə şifahi formada razılaşdıqlarını, lakin Cavabdeh1 MMC-in "xxxx" QSC-nin balansında olan inzibati binanın daxilində yerləşən “Günaydın” povilyonunda təmir işləri xidmətini göstərmədiyini, dəfələrlə xəbərdarlıq olunmasının fayda vermədiyini, bu səbəbdən ödənilən pulun qaytarılması zərurətinin yarandığını göstərərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qabaqcadan rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 21 dekabr 2023-cü il tarixli, 12 saylı “təmir işlərinin göstərilməsinə dair” Xidmət Müqaviləsindən görünür ki, "xxxx" QSC ilə Cavabdeh1 MMC arasında müqavilə bağlanmış və tərəflər üzərinə bir sıra öhdəliklər götürmüşdür. Həmin müqavilənin 1.1-ci bəndinə, əsasən, icraçı, sifarişçinin tapşırığı əsasında onun (sifarişçinin) yerləşdiyi inzibati binanın daxilində olan “Günaydın” povilyonunda təmir işləri xidməti göstərir, sifarişçi isə icraçının göstərdiyi mütəmadi xidmətin əvəzində ona (icraçıya) xidmət haqqı ödəyir. 21 dekabr 2023-cü il tarxili, 12 saylı Alqı-satqı müqaviləsinə xx.xx.2023-cü il tarixli Qiymət- Razılaşma protokolundan görünür ki, Cavabdeh1 MMC tərəfindən görüləcək işlərin ümumi dəyəri 29987,34 manat olaraq müəyyən edilmişdir. 25 dekabr 2023-cü il tarixli 694 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh1 MMC-nin AZ61NAXB**********1153008 saylı bank hesabına 25413,00 (iyirmi beş min dördd yüz on üç) manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, Cavabdeh1 MMC tərəfindən Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-yə 3673,13 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli **********61 saylı mədaxil qəbzindən görünür ki, "xxxx" QSC tərəfindən məhkəmədə iddia qaldırılması üçün “Asan ödəniş” sistemi vasitəsilə dövlət büdcəsinin AZ21NABZ******************** saylı xəzinə hesabına 180 (bir yüz səksən) manat pul vəsaiti ödənilmişdir. Beləliklə, məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək qeyd edir ki, yuxarıda göstərilən iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı tələbində haqlıdır. Belə ki, tərəflər aralarında xidmət müqaviləsi bağlayaraq üzərlərinə öhdəlik götürmüşdür. Sifarişçi yəni iddiaçı "xxxx" QSC cavabdehin bank hesabına müqavilə ilə razılaşdırılmış pul məbləğini köçürməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, icraçı yəni Cavabdeh1 MMC isə müqavilədə nəzərdə tutulmuş sifarişçinin yerləşdiyi inzibati binanın daxilində olan “Günaydın” povilyonunda təmir işləri xidməti göstərməyərək müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bu səbəbdən müqavilə üzrə sifarişçi yəni iddiaçı "xxxx" QSC pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə belə qənaətə gəlir ki, qanunvericiliyin tələbinə uyğun olaraq Cavabdeh1 MMC tərəfindən 29987,34 (iyirmi doqquz min doqquz yüz səksən yeddi manat otuz dörd qəpik) manat pul vəsaiti iddiaçı "xxxx" QSC-yə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1 və 108.1.1-ci maddələrinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə bildirir ki, hazırkı iddia ərizəsi üzrə iddiaçı xx.xx.2024-cü il tarixli qəbzlə 180 (bir yüz səksən) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli olduğundan qanunvericiliyin tələbinə müvafiq olaraq 179.96 (yüz yetmiş doqquz manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1 MMC-dən tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməlidir. Beləliklə, Cavabdeh1 MMC-dən (VÖEN-**********) 29987,34 (iyirmi doqquz min doqquz yüz səksən yeddi manat otuz dörd qəpik) manat tutularaq iddiaçı "xxxx" QSC-yə (VÖEN-**********) ödənilməli, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 179.96 (yüz yetmiş doqquz manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1 MMC-dən alınıb iddiaçı "xxxx" QSCyə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh1 MMC-dən (VÖEN-**********) 29987,34 (iyirmi doqquz min doqquz yüz səksən yeddi manat otuz dörd qəpik) manat tutularaq iddiaçı "xxxx" QSC-yə (VÖEN-**********) ödənilsin. İddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 179.96 (yüz yetmiş doqquz manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1 MMC-dən alınıb iddiaçı "xxxx" QSC-yə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar