Məhkəmə qərarları › İş №e-2-2(123)-49/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-49/2023

31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-49/2023 31.03.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, iddiaçılar İddiaçı1 və “Nəqşicahan Holdinq LTD X2 X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə, X3, Cavabdeh3, Cavabdeh4 və X6 qarşı “Müəssisədəki payın alqı-satqı müqaviləsi”nin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, “Müəssisədəki payın bəxşiş müqaviləsi”nin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, hər iki müqavilənin etibarsızlığının nəticəsi olaraq tərəflərin əvvəlki vəziyyətinə qaytarılması, “Bağışlama müqaviləsi”nin etibarsız hesab edilməsi və onun əsasında aparılmış sonrakı rəsmiləşdirmələrin etibarsız hesab edilməsi, əmlak kompleksi kimi müəssisənin üzərində “Nəxşicahan Holdinq LTD X2 X8” MMC-nin mülkiyyət hüququnun bərpa edilməsi, həmin əmlak kompleksi kimi müəssisənin iddiaçı “Nəxşicahan Holdinq LTD X2 X8” MMC-nin faktiki sahibliyinə və istifadəsinə qaytarılması tələbi barədə elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçılar İddiaçı1 və “Nəqşicahan Holdinq LTD X2 X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil 30 mart 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1) “X7 Zavodu” MMC-nin təsis payından 70 % təsis payının Cavabdeh3, 15% təsis payının Cavabdeh4 “alqı-satqısına” dair xx.xx.2007-ci il tarixdə Naxçıvan şəhər DNK-da rəsmiləşdirilmiş “Müəssisədəki payın alqı-satqı müqaviləsi”nin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi; Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun “X7 Zavodu” MMC-nin 70 % təsis payının Cavabdeh3 tərəfindən V.İ.Talıbova bəxşiş edilməsinə dair xx.xx.2007-ci il tarixdə Naxçıvan şəhəri Birinci DNK-da rəsmiləşdirilmiş “Müəssisədəki payın bəxşiş müqaviləsi”nin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi; Hər iki müqavilənin etibarsızlığının nəticəsi olaraq tərəflərin əvvəlki vəziyyətinə qaytarılması, Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun “X7 Zavodu” MMC-nin 70% təsis payının V.İ.Talıbovun adına, 15% təsis payının Cavabdeh4 adına dövlət reyestrində qeydiyyatın ləğv edilərək həmin 85% (70%+15%) təsis payının İddiaçı1 adına dövlət qeydiyyatının bərpa olunması; 2) Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun “X7 Zavodu” MMC-nin Şahbuz rayonu, Badamlı qəsəbəsində mülkiyyətində olan 3.44 ha torpaq sahəsində yerləşən 5987.7 kv.m ümumi sahəsi, 4123.4 kv.m əsas, 1864.3 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin (Mineral su zavodu) Təsisçilər: V.İ.Talıbov, Cavabdeh4 və İddiaçı1 tərəfindən Gəmiqaya Holdinqin hüquqi təmsilçisi X6 bağışlanmasına dair xx.xx.2012-ci ildə Naxçıvan şəhər ikinci DNK-da (3M-01-10 №-li reyestrdə) rəsmiləşdirilən “Bağışlama müqaviləsi”nin etibarsız hesab edilməsi və onun əsasında aparılmış sonrakı rəsmiləşdirmələrin: Əmlak kompleksi kimi müəssisəyə (bağışlama müqaviləsində təsviri verilən əmlak) 29 mart 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində “X5” MMC-nin adına aparılmış qeydiyyatın və xx.xx.2019-cu il tarixdə “X7” MMC-nin adına aparılmış qeydiyyatın etibarsız hesab edilməsi; Şahbuz rayonu, Badamlı qəsəbəsində mülkiyyətində olan 3.44 ha torpaq sahəsində yerləşən 5987.7 kv.m ümumi sahəsi, 4123.4 kv.m əsas, 1864.3 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin (Mineral su zavodu) üzərində Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun “X7 Zavodu” MMC-nin mülkiyyət hüququnun bərpa edilməsi, həmin əmlak kompleksi kimi müəssisənin (Mineral su zavodu) iddiaçı Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun “X7 Zavodu” MMC-nin faktiki sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyünün yoxlanılması ilə əlaqədar elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilən sənədlər nəzərdən keçirilərkən, məhkəmə tərəfindən iddia ərizəsinin geri qaytarılması üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 5.5-ci bəndinə əsasən İnformasiya sisteminə daxil edilən məlumatların etibarlılığının və təhlükəsizliyinin təmin olunması məqsədilə İnformasiya sisteminin istifadəçiləri “X10”ndən (“ASAN login”) istifadə etməklə İnformasiya sisteminə daxil olmalı və eyniləşdirilməlidirlər. İnformasiya sistemində elektron sənədlərin təsdiqi və göndərilməsi gücləndirilmiş elektron imzadan istifadə etməklə həyata keçirilməlidir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.4-cü maddəsinə əsasən Elektron imza - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlərdir. 1.1.5-ci maddəsinə əsasən Gücləndirilmiş elektron imza (bundan sonra gücləndirilmiş imza) - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imzadır. MPM-in 149.1-ci maddəsinə əsasən İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. MPM-in 150.1 və 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Qeyd olunan qanunvericilik müddəalarının məzmunundan görünür ki, kommersiya mübahisələri üzrə iddia ərizəsi iddiaçı və ya onun səlahiyyətli nümayəndəsinə məxsus olmaqla onu identikləşdirən elektron imzadan istifadə edilməklə məhkəməyə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilməlidir. Hazırkı vəziyyətdə elektron iddia ərizəsinin ərizəni imzalayan şəxs haqqında məlumat hissəsindən imzalayan şəxsin vəkil-Vəkil olduğu məlum olur. Vəkilin iddia ərizəsini imzalaya bilməsi üçün onun iddiaçıların səlahiyyətli nümayəndəsi olması tələb olunur, belə olan halda onun ərizəni imzalamaq səlahiyyəti elektron imzadan deyil, qanunvericiliyin tələbinə müvafiq olaraq iddiaçı tərəfindən onun adına verilmiş etibarnamə ilə müəyyən edilir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, Vəkil adına İddiaçı1 tərəfindən 18 fevral 2023-cü il tarixdə, “Nəqşicahan Holdinq LTD X2 X8” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən isə 20 fevral 2023cü il tarixdə etibarnamə verilsə də, Vəkil ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 173 saylı müqavilə əsasında xx.xx.2023-cü il tarixli, ******* saylı vəkil orderi, digər iddiaçı “Nəqşicahan Holdinq LTD X2 X8” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli 174 saylı müqavilə əsasında xx.xx.2023-cü il tarixli, ******* saylı vəkil orderi tərtib olunmuşdur. Qanunvericiliklə müəyyən olunmuş qaydada verilmədiyindən, yəni vəkil tərəfindən hüquqi yardım göstərilməsilə bağlı müqavilə bağlanmadan həmin etibarnamələr verildiyi üçün vəkilin nümayəndə səlahiyyətini təsdiq edən sənəd kimi nəzərə alınmamaqdadır. Belə ki, MPM-in 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda bu qanunun Azərbaycan Respublikasının ərazisində hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini həyata keçirmək üçün özünün seçdiyi vəkilə müraciət etmək, tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüquqlarının təmin olunmasının və başqa məsələlər üzrə hüquqi yardım göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə qəbul edildiyi qeyd olunmuşdur. Həmin qanunun 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, Vəkillər hüquqi yardımın göstərilməsi ilə bağlı aşağıdakı məsələlərdə iştirak edirlər: dövlət və qeyri-dövlət orqanlarında və təşkilatlarda, o cümlədən xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fiziki və hüquqi şəxslərin nümayəndəliyinin həyata keçirilməsində; hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar və arayışlar verilməsində; ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsində; fiziki və hüquqi şəxslərə lazımi hüquqi yardım göstərilməsində, onların fəaliyyətinin hüquqi təminatının həyata keçirilməsində; digər növ hüquqi yardım göstərilməsində. Həmin qanunun “Vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydaları” adlı 5-ci maddəsinin 3-cü hissəsinə əsasən, Vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Qeyd olunan qanunun 5-ci maddəsinin 5-ci hissəsinə əsasən, Vəkillik fəaliyyəti fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun yaradılmış vəkil qurumlarının (hüquq məsləhətxanaları, vəkil büroları, vəkil firmaları və s.) tərkibində həyata keçirilə bilər. İstinad olunan müddəaların məzmunundan aydın olur ki, iddiaçının məhkəməyə nümayəndə vasitəsilə müraciət etmək hüququ olsa da, bu hüquqdan istifadə mexanizmi ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə riayət edilməsi məhkəməyə təqdim olunmuş sənədlərdən müəyyən edilməməkdədir. Yəni, şəxsin vəkil kimi fəaliyyət göstərmək hüququnun olması müvafiq qaydada səlahiyyəti müəyyən edilmədən məhkəmədə iddiaçının nümayəndəsi qismində onu təmsil etməsinə, eləcə də iddiaçının adından iddia ərizəsini imzalamasına əsas verməməkdədir. MPM-in 149.2 və 149.2.2-ci maddələrinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. 149.2 və 149.2.3-cü maddələrinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəməyə təqdim edilmiş sözügedən elektron iddia ərizəsinin tərəflər haqqında məlumatların əks olunduğu bölməsində ərizənin mətnində cavabdeh kimi qoyulmuş X4 məlumatları ümumiyyətlə qeyd olunmamış, göstərilməsi məcburi olan iddiaçıların və cavabdehlərin ünvan rekvizitləri, mətnində isə həmçinin iddiaçıların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı qeyd edilməmiş, bununla da iddia ərizəsinin məzmununa dair qanunla müəyyən edilmiş tələblərə riayət olunmamışdır. MPM-in 150.1 və 150.1.4-cü maddələrinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. MPM-in 150.1 və 150.1.6-cı maddələrinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. İddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı iddia ərizəsinə əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən iddia ərizəsinin surəti və pretenziyanın cavabdehlər “X7” MMC-yə və X3 elektron qaydada göndərildiyi, lakin cavabdehlərdən Cavabdeh4 çatdırılmasına dair hər hansı sənədin məhkəməyə təqdim edilmədiyi, ərizəyə əlavə olunmuş, cavabdehlərdən Cavabdeh3 adına olan qaimədən iddia ərizəsi və qoşma sənədlərin ona çatdırıldığı görünsə də, həmin qaimənin pretenziyanın alınmasını təsdiqləyən sənəd olmaması, eləcə də iddia ərizəsi və pretenziyanın cavabdehlərdən X6 çatdırılmasının, yaxud həmin göndərişlə qarşı tərəfə hansı sənədlərin göndərildiyinin TT014309579AZ nömrəli göndəriş üzrə ünvanlanmış məktubun qaiməsindən məlum olmadığı məhkəmə tərəfindən müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1 və 152.1.2-ci maddələrinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1 və 152.1.4-cü maddələrinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1 və 152.1.6-cı maddələrinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin, MPM-in 108.1 və 108.1.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 114.1 və 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manat müəyyən edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4-cü maddəsinə əsasən Mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Haliyədə iş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 15 mart 2023-cü il tarixli, M-305 saylı arayışdan iddiaçı tərəfin mediasiya prosesində iştirak etdiyi, lakin cavabdehlərdən heç birinin iştirak etmədiyi, həmin arayışdan, eləcə də 15 mart 2023-cü il tarixli, 112684 saylı mədaxil qəbzindən 400 AZN məbləğində ilkin mediasiyaya dair xərci iddiaçı tərəfin ödədiyi məlum olur. İddia tələbi qiymətləndirilməyən iddialara aid olduğundan, bu halda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq ödənilməli dövlət rüsumu 100 (bir yüz) manat məbləğ təşkil etdiyindən və mediasiya xərci ilə əhatə olunduğundan iddiaçı tərəf dövlət rüsumunu ödəməkdən azaddır. Buna görə də məhkəmə dövlət rüsumunun qaytarılması məsələsinə toxunmur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və “Nəqşicahan Holdinq LTD X2 X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə, X3, Cavabdeh3, Cavabdeh4 və X6 qarşı “Müəssisədəki payın alqısatqı müqaviləsi”nin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, “Müəssisədəki payın bəxşiş müqaviləsi”nin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, hər iki müqavilənin etibarsızlığının nəticəsi olaraq tərəflərin əvvəlki vəziyyətinə qaytarılması, “Bağışlama müqaviləsi”nin etibarsız hesab edilməsi və onun əsasında aparılmış sonrakı rəsmiləşdirmələrin etibarsız hesab edilməsi, əmlak kompleksi kimi müəssisənin üzərində “Nəxşicahan Holdinq LTD X2 X8” MMC-nin mülkiyyət hüququnun bərpa edilməsi, həmin əmlak kompleksi kimi müəssisənin iddiaçı “Nəxşicahan Holdinq LTD X2 X8” MMC-nin faktiki sahibliyinə və istifadəsinə qaytarılması tələbi barədə 30 mart 2023-cü il tarixində Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və “Nəqşicahan Holdinq LTD X2 X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə, X3, Cavabdeh3, Cavabdeh4 və X6 qarşı “Müəssisədəki payın alqı-satqı müqaviləsi”nin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, “Müəssisədəki payın bəxşiş müqaviləsi”nin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, hər iki müqavilənin etibarsızlığının nəticəsi olaraq tərəflərin əvvəlki vəziyyətinə qaytarılması, “Bağışlama müqaviləsi”nin etibarsız hesab edilməsi və onun əsasında aparılmış sonrakı rəsmiləşdirmələrin etibarsız hesab edilməsi, əmlak kompleksi kimi müəssisənin üzərində “Nəxşicahan Holdinq LTD X2 X8” MMC-nin mülkiyyət hüququnun bərpa edilməsi, həmin əmlak kompleksi kimi müəssisənin iddiaçı “Nəxşicahan Holdinq LTD X2 X8” MMC-nin faktiki sahibliyinə və istifadəsinə qaytarılması tələbi barədə elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılsın. İddiaçıların diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar