Məhkəmə qərarları › İş №e-2-2(123)-72/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-72/2024

19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-72/2024 19.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X2 məhkəmə iclas katibliyi, ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “mobil radiotelefon şəbəkəsindən istifadə” müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı MMC və iddiaçının nümayəndəsi Nümayəndə1 21 noyabr 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən xx.xx.2007-cü il tarixli, 575902 saylı “mobil radiotelefon şəbəkəsindən istifadə” müqaviləsinə əsasən yaranmış 7859,89 manat (yeddi min səkkiz yüz əlli doqquz manat 89 qəpik) xidmət haqqının və ödənilmiş 100 (yüz) manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı, ərizəsində, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 25 dekabr 2007ci il tarixli, 575902 saylı “mobil radiotelefon şəbəkəsindən istifadə” müqaviləsinə və həmin müqaviləyə əlavələrə əsasən Cavabdeh MMC-yə *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, 070 *** ** ** nömrələrinin təqdim edildiyini və telekommunikasiya xidmətlərinin göstərildiyini, Cavabdeh MMC-nin isə müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edib xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirməli olduğunu, lakin cavabdehin öz üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyini, yuxarıda göstərilən nömrələrdən istifadə nəticəsində yaranmış 7859,89 manat (yeddi min səkkiz yüz əlli doqquz manat 89 qəpik) borcu bu günə kimi ödəmədiyini, borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya məktubları ünvanlasalar da, bu günə kimi borc məbləğinin ödənilmədiyini, Abunə müqavilələrinin 4.3-cü maddəsinə görə abunəçinin müntəzəm olaraq balansını yoxlamalı olduğunu və müsbət olmasını təmin etməli olduğunu, müqavilənin şərtlərinə uyğun olaraq vaxtlı-vaxtında xidmətlərdən istifadəyə görə və İddiaçı tərəfindən ayrılmış kredit limiti üzrə yaranmış borcların ödənişini həyata keçirməli olduğunu, Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşüldüyünü, Mülki Məcəllənin 445.2-ci maddəsinə görə 445.2.1ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsinin borclunun icranı gecikdirməsi sayıldığını, Mülki Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclunun onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğunu, Borclunun öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrinin baxdığını, Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə görə mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verildiyini, Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə görə isə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakimin cavabdehə rəsmi qaydada bildiriş göndərdiyini, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğunu qeyd etməklə əsaslandırmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-343/2023 saylı qərardadı ilə İddiaçı MMCnin Cavabdeh MMC-yə qarşı “mobil radiotelefon şəbəkəsindən istifadə” müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsi icraata qəbul edilmişdir. 05 dekabr 2023-cü il tarixdə Cavabdeh MMC tərəfindən elektron qaydada məhkəməyə qarşılıqlı iddia ərizəsi daxil olaraq həmin ərizədə İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı ”mobil radiotelefon şəbəkəsindən istifadə müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” ərizə ilə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət etdiyi, eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş və elektron kabinetə yerləşdirilmiş xx.xx.2023-cü il tarixli “Maliyyə arayışına” görə, borcun yarandığı axırıncı tarixin xx.xx.2010-cu il tarixə təsadüf etdiyi, belə borc məbləğinin yarandığını qəbul etmədikləri, çünki, xx.xx.2007-ci il tarixli mobil radiotelefon şəbəkəsindən istifadə müqaviləsinin bağlandığı tarixdən 16 il, borcun yarandığı axırıncı tarix olan xx.xx.2010-cu il tarixdən isə 13 ildən artıq bir müddətin keçdiyi, bu illər ərzində yaranmış borcla bağlı İddiaçı MMC tərəfindən heç bir bildiriş məktubu gəlmədiyi, əgər İddiaçı MMC yığılmış borclarla bağlı illik hesabatlar apardığı zaman bunu aşkar etmişdisə, nədən bu illər ərzində bildiriş göndərmədiyi, yox əgər aşkar etməmişdisə, o zaman nədən üstündən bu qədər illər keçdikdən sonra belə bir iddia qaldırdığı qeyd olunmuş, bundan başqa istifadələrində olan nömrələri 15 il qabaq onlara geri qaytardıqları və əgər həmin nömrələrlə bağlı ondan sonra hər hansı borc yaranıbsa, o nömrələrin onlar tərəfindən istifadə olunması, daha dəqiq deyilsə Cavabdeh MMC-nin əməkdaşları tərəfindən istifadə olunmasını təsdiq edən danışıq səslərini əks etdirən sübutların işə əlavə olunmadığı, çünki, həmin iddiaya etiraz etdikləri, onu qəbul etmədikləri və o borcun onlarla əlaqəsinin olmadığını iddia etdikləri qeyd olunmuş, İlkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli mobil radiotelefon şəbəkəsindən istifadə Müqaviləsinə xitam verilməsi və həmin Müqavilyə görə hesablanmış 7859,89 manat (yeddi min səkkiz yüz əlli doqquz manat 89 qəpik) xidmət haqqı borcunun yaranması faktının Cavabdeh MMC-nə münasibətdə etibarsız sayılması xahiş edilmişdir. Məhkəmənin 07 dekabr 2023-cü il tarixli qərardadı ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi tərəfindən e-2-2(123)-343/2023 saylı iş üzrə qəbul edilmiş 21 noyabr 2023-cü il tarixli qərardadın “ərizəyə məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında 30 (otuz) iş günü ərzində baxılsın” hissəsinin ləğv edilməsi, e-2-2(123)-343/2023 saylı işə iddiaçı-cavabdeh İddiaçı MMC-nin cavabdeh-iddiaçı Cavabdeh MMC-yə qarşı “mobil radiotelefon şəbəkəsindən istifadə” müqaviləsi üzrə borcun ödənilməsi tələbi və cavabdehiddiaçı Cavabdeh MMC-nin iddiaçı-cavabdeh İddiaçı MMC-yə qarşı xx.xx.2007-ci il tarixli mobil radiotelefon şəbəkəsindən istifadə müqaviləsinə xitam verilməsi və həmin müqavilyə görə hesablanmış 7859,89 manat (yeddi min səkkiz yüz əlli doqquz manat 89 qəpik) xidmət haqqı borcunun yaranması faktının Cavabdeh MMC-yə münasibətdə etibarsız sayılması tələbi həcmində iddia icraatı qaydasında baxılması qərara alınmışdır. 05 dekabr 2023-cü il tarixdə Cavabdeh MMC tərəfindən məhkəməyə “İddia müddətinin tətbiqi barədə” ərizə daxil olaraq həmin ərizədə İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı ”mobil radiotelefon şəbəkəsindən istifadə müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” ərizə ilə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət etdiyi, eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş və elektron kabinetə yerləşdirilmiş xx.xx.2023-cü il tarixli “Maliyyə arayışına” görə, borcun yarandığı axırıncı tarixin xx.xx.2010-cu il tarixə təsadüf etdiyi, AR Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olduğu, bundan başqa xx.xx.2007-ci il tarixli mobil radiotelefon şəbəkəsindən istifadə müqaviləsinin bağlandığı tarixdən 16 il, borcun yarandığı axırıncı tarix olan xx.xx.2010-cu il tarixdən isə 13 ildən artıq bir müddət keçdiyi, deməli, müqavilə tələbləri üzrə iddia müddəti üçün qanunvericliklə nəzərdə tutulmuş 3 il müddətin – hər iki halda ötdüyü, L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına (nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin şərhləri məcburi xarakterə malikdir) əsasən hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər halların da nəzərə alınmalı olduğu, iddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə iddia etmək hüququnun iddianın təmin olunması hüquqlarından ibarət olduğunun nəzərə alınmalı olduğu, bu hüququn iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutduğu, iddia müddətinin keçməsinin məhz bu mümkünlüyün qarşısını aldığı və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürüldüyü, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələblərinin əsasən imperativ xarakter daşıdığı, eyni zamanda qanunun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutduğu, Mülki Məcəllənin 373.2ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edildiyi, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsinin məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğu, əlavə olaraq qeyd olunan maddi hüquq normasının tələbini nəzərə almaq və məhkəmə araşdırmasını mülki-prosessual qanunvericiliyin tələbinə uyğun aparmaq məqsədilə – hazırda iş üzrə müəyyən edilmiş halların yuxarıda qeyd olunan maddi hüquq normaları baxımından düzgün qiymətlədirilməsi zəurəti yarandığı, bununla da, mübahisə tərəfi olan Cavabdeh MMC-nin, tətbiq edilməkçün ərizə verdiyi iddia müddətinin keçməsi faktının– məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün birbaşa əsas olduğunun müəyyən olunduğu, odur ki, müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olması haqqında Mülki Məcəllənin 373.2-ci maddəsini, o cümlədən yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək iddia müddətinin tətbiq olunmasina dair verdiyi ərizəsinə əsasən, iddia müddətinin keçməsinin – məhkəmənin iddiadan imtina etməyə dair qərar çıxarması üçün əsas olduğu qeyd olunmuş, Mülki Məcəllənin 375.2-ci maddəsini rəhbər tutaraq, iddia müddətinin tətbiq olunmasına dair verdiyi ərizə əsasında, iddiadan imtina barəsində qərar qəbul edilməsi xahiş olunmuşdur. Həmçinin, 12 yanvar 2024-cü il tarixdə Cavabdeh-iddiaçının və cavabdeh-iddiaçının nümayəndəsinin vəkili-nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə elektron qaydada ərizə daxil olaraq həmin ərizədə icraatda olan e-2-2(123)-72/2024 saylı iş üzrə tərəflərindən verilən qarşılıqlı iddia ərizəsini geri götürdükləri, eyni zamanda işə – daha əvvəl verdikləri iddia müddətinin tətbiqi haqqında ərizə əsasında baxılmasını istədikləri, əlavə olaraq iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş və elektron kabinetə yerləşdirilmiş xx.xx.2023-cü il tarixli “Maliyyə arayışına” görə, axırıncı borcun yarandığı tarixin xx.xx.2010- cu il tarixə təsadüf etdiyi, belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olduğu, bundan başqa mobil radiotelefon şəbəkəsindən istifadə müqaviləsinin bağlandığı xx.xx.2007-ci il tarixdən 16 il, axırıncı borcun yarandığı xx.xx.2010-cu il tarixdən isə 13 ildən artıq bir müddətin keçdiyi, deməli, müqavilə tələbləri üzrə iddia müddəti üçün qanunvericliklə nəzərdə tutulmuş 3 il müddətin – hər iki halda ötdüyü, odur ki, qarşılıqlı iddia ərizəsinin geri götürülməsinin nəzərə alınması, həmçinin iddia müddətinin keçməsinin məhkəmənin iddiadan imtina haqda qərar çıxarmasına əsas olan Mülki Məcəllənin 375.2-ci maddəsi rəhbər tutulmaqla iddia müddətinin tətbiq olunması haqda daha əvvəl verilən ərizə əsasında iddiadan imtina barəsində qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. 19 yanvar 2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh-iddiaçının və cavabdehiddiaçının nümayəndəsinin vəkili-nümayəndəsi Nümayəndə2 tərəfindən 12 yanvar 2024-cü il tarixdə elektron qaydada məhkəməyə təqdim edilmiş ərizə nəzərə alınmaqla e-2-2(123)- 72/2024 saylı iş üzrə icraata bundan sonra İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “mobil radiotelefon şəbəkəsindən istifadə” müqaviləsi üzrə borcun ödənilməsi tələbi həcmində baxılması qərara alınmışdır. 08 yanvar 2024-cü il tarixli məhkəmə iclasında Cavabdehin və cavabdehin nümayəndəsinin vəkili-nümayəndəsi Nümayəndə2 ərizələri ilə bağlı qısa qeyd vermək istədiyini, ilkin olaraq iddianın tətbiqi barədə müddətin axımı ilə bağlı müraciət etdiklərini, ərizənin daxil olduğunu, kabinet vasitəsilə də bunu yerləşdirdiklərini, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddia qaldırdığı və iddiaya əlavə etdiyi sənədlərdən xx.xx.2023-cü il tarixli maliyyə arayışından borcun yarandığı axırıncı tarixin xx.xx.2010-cu ilə təsadüf etdiyini, Mülki Məcəllənin 373.2-ci maddəsinin tələbinə görə iddia müddətinin müqavilələrdən irəli gələn tələblər üzrə 3 il olduğu halda bunların xx.xx.2007-ci il tarixdə bağlanmış müqavilədən hesabladıqda 16 il, borcun yarandığı axırıncı tarixdən hesabladıqda 13 ildən artıq bir müddətin keçdiyinin müəyyən edildiyini, bunları əsas gətirərək ərizələrinin təmin edilməsini, iddia müddətini tətbiq edərək iddiadan imtina edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdiyini, qarşılıqlı iddia ərizəsini paralel birləşdirmələrinin son dəyişikliklərlə bağlı olduğunu, hazırlıq dövrünə qədər sənədlər yerləşdirilməli olduğundan paralel olaraq yerləşdirdiklərini, amma ilkin olaraq iddia müddətinin tətbiqi barədə ərizənin nəzərə alınmasını xahiş edərək 30 yanvar 2024-cü il tarixli məhkəmə iclasında iddia müddətinin keçməsini əsas götürərək iddia tələbinin borc hissəsini qismən qəbul etdiyini, 23 fevral 2024-cü il tarixli məhkəmə baxışı iclasında verdiyi izahatında iddiaçının qaldırdığı iddia tələbi borc tələbi ilə bağlı olduğu üçün və iş materiallarına əlavə etdikləri sənədlərdən göründüyü kimi, borcun yarandığı axırıncı günün xx.xx.2010-cu il tarixdə olduğunun iddiaçının iddiaya əlavə etdikləri sənəddən açıq-aşkar göründüyünü, bununla da iddia müddətinin qanunla nəzərdə tutulan müqavilə öhdəlikləri üzrə maksimum müddətin 3 ilə qədər olduğu dövrdə iddiaçının hal hazırkı iddia tələblərinə istinad etdikləri müddətdən yəni, xx.xx.2007-ci il tarixli mobil radio telefon şəbəkəsi istifadə müqaviləsi bağlandığı tarixdən 16 il, borcun yarandığı axırıncı tarixdən xx.xx.2010-cu il tarixdən isə 13 ildən artıq bir müddətin keçdiyinin müəyyən olunduğunu, belə bir halda onların iddia tələbini müddətin ötməsi ilə bağlı əsassız saydıqlarını və məhkəmədən iddia müddətinin keçməsi faktının müəyyən edilməsi ilə Mülki Məcəllənin 375.2 maddəsi rəhbər tutulmaqla iddiadan imtina barəsində qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 19 mart 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. 19 mart 2024-cü il tarixdə cavabdehin vəkili-nümayəndəsi Nümayəndə2 məhkəməyə elektron sistemlə ərizə göndərərək, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə baxışının iştirakları olmadan keçirilməsi və iddia müddətinin tətbiq olunmasına dair verdikləri ərizə əsasında iddiadan imtina barədə qərar qəbul edilməsini bir daha xahiş etdiklərini bildirmişdir. İş materiallarında olan: Mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqda xx.xx.2007-ci il tarixli, 575902 saylı GSM şəbəkəsinə qoşulma müqaviləsindən görünür ki, bu müqavilə Azerfon MMC, “Nar mobile” Ticarət nişanı (bundan sonra Azerfon) və Abunəçi arasında aşağıdakı şərt və müddəalarla bağlanmışdır. Həmin müqavilənin: 3.1-ci bəndindən görünür ki, tərəflər bununla razılaşır ki, Azerfon Abunəçiyə nömrə, açıq rabitə xətti ayırır və rabitə xidmətləri ilə təmin edir, abunəçi isə xidmətlərə görə bu müqavilə, qaydalar və tarif planına əsasən ödəniş həyata keçirir. 4.1.1-ci bəndindən görünür ki, Azerfon müqavilənin imzalanmasından və müvafiq əvvəlcədən ödənişin həyata keçirilməsindən sonra rabitə xəttini açır, Abunəçini nömrə və SİM kartı ilə təmin edir. 4.2.1-ci bəndindən görünür ki, Azerfonun Abunəçidən onun bu müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququ vardır. 4.3 və 4.3.1-ci bəndindən görünür ki, abunəçi müntəzəm şəkildə balansını yoxlayır. 4.3 və 4.3.2-ci bəndindən görünür ki, abunəçi müqavilənin şərtlərinə uyğun olaraq vaxtıvaxtında rabitə xidmətləri üçün ödəniş edir. 9.1-ci bəndindən görünür ki, bu müqavilə hər iki tərəflə imzalandığı və nömrənin aktivləşdirilməsi tarixindən qüvvəyə minir və qeyri müəyyən vaxt davam edir. xx.xx.2007-ci il tarixli Müqaviləyə xidmətin göstərilməsinə dair A N575902 saylı əlavəyə əsasən İddiaçı LLC tərəfindən 575902 nömrəli müqavilə üzrə abunəçi Cavabdeh MMC-yə ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** olan abunəçi nömrələrini təqdim edilmiş və müvafiq xidmətlər göstərmişdir. 16 oktyabr 2023-cü il tarixli, A-1503 nömrəli X1 İştirak edilməməsi barədə arayışdan görünür ki, 16 oktyabr 2023-cü il tarixdə Naxçıvan şəhəri, İMS ZOOM üzərindən Videoformatda keçirilmiş X1 İddiaçı MMC-nin nümayəndəsi X3 iştirak etmiş və tərəfindən 100 (bir) yüz manat məbləğində mediasiya xərci ödənilmiş, Cavabdeh MMC isə mediasiya prosesində nümayəndəsinin iştirakını təmin etməmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 25 dekabr 2007-ci il tarixli mobil radiotelefon şəbəkəsindən istifadə müqaviləsinə və həmin müqaviləyə əlavələrə əsasən Cavabdeh MMC-yə ***-***-**-**, ***-***-**- **, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***- **-**, ***-***-**-** nömrələrini təqdim etmiş və telekommunikasiya xidmətləri göstərilmiş, Cavabdeh MMC isə müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edib xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirməli imiş, xidmətlərdən istifadəyə görə abunəçinin İddiaçı MMC-yə 7859,89 manat (yeddi min səkkiz yüz əlli doqquz manat səksən doqquz qəpik) borcu yaranmış, həmin borc məbləği 2007-2010-cu il dövrü üçün yaranmış, “Bilinq” sistemindən çıxarış maliyyə arayışına əlavə edilmiş cədvəldə əks olunmuşdur. Həmçinin maliyyə arayışından görünür ki, borcun yarandığı sonuncu tarix xx.xx.2010-cu il tarixə təsadüf edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərarı). Belə ki, ilk olaraq məhkəmə, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarındabununla belə Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Qeyd edilənlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 08 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə hüquqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı) Məhkəmə iş materiallarını məhkəmə iclaslarında verilmiş izahlar və izahatlar ilə əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, xx.xx.2007-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh MMC arasında Mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqda 575902 saylı GSM şəbəkəsinə qoşulma müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Abunəçiyə nömrə, açıq rabitə xətti ayırmağı, rabitə xidmətləri ilə təmin etməyi, abunəçi isə xidmətlərə görə bu müqavilə, qaydalar və tarif planına əsasən ödəniş həyata keçirməyi, müntəzəm şəkildə balansını yoxlamağı, müqavilənin şərtlərinə uyğun olaraq vaxtı-vaxtında rabitə xidmətləri üçün ödəniş etməyi öhdəsinə götürmüşdür. Bununla da, tərəflər Mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqda müqavilənin mühüm şərtləri hesab edilən hallar barədə razılığa gələrək, müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr əldə etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər də aiddir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Məhkəmə tərəfindən sübutlar qiymətləndirilərək iş materiallarına əlavə edilmiş sənədlərlə əlaqələndirildikdə müəyyən edilir ki, İddiaçı MMC tərəfindən xx.xx.2007-ci il tarixli Müqaviləyə xidmətin göstərilməsinə dair A N575902 saylı əlavəyə əsasən 575902 nömrəli müqavilə üzrə abunəçi Cavabdeh MMC-yə ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** olan abunəçi nömrələri təqdim edilib müvafiq xidmətlər göstərilərək üzərinə düşən öhdəlik lazımınca icra edilsə də, cavabdeh qismində çıxış edən abunəçi Cavabdeh MMC tərəfindən xx.xx.2007-ci il tarixli müqavilənin şərtləri pozularaq vaxtı-vaxtında rabitə xidmətləri üçün ödənişlər tarif planı üzrə icra edilmədiyindən iddiaçının hüquqları pozulmuş və bu əsasdan çıxış edərək pozulmuş hüquqların bərpası məqsədilə iddiaçı 21 noyabr 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı cavabdehin və cavabdehin nümayəndəsinin vəkili-nümayəndəsi Nümayəndə2 30 yanvar 2024-cü il tarixli məhkəmə iclasında iddia müddətinin keçməsini əsas götürərək iddia tələbinin borc hissəsini qismən qəbul etdiyini bildirmişdir. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara əsasən iddiaçının cavabdehə qarşı iddia qaldırmaqda subyektiv hüququnun olduğunu qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını aydınlaşdıraraq iddia ərizəsini, işin materiallarını və işin faktiki hallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri dəqiqliklə tədqiq edib və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia müddəti tətbiq olunaraq iddiadan imtina edilməsi barədə qərar çıxarılması qanuna uyğundur. Belə ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı) İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Qeyd edilənlərlə əlaqədar ilk olaraq öhdəlik hüquq münasibətlərinin yaranma tarixinə nəzər salsaq görərik ki, tərəflər arasında “Mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqda” 575902 saylı GSM şəbəkəsinə qoşulma müqaviləsi 25 dekabr 2007-ci il tarixdə bağlanmış, həmin müqavilənin 9.1-ci bəndinə əsasən bu müqavilənin hər iki tərəflə imzalandığı və nömrənin aktivləşdirilməsi tarixindən qüvvəyə mindiyi və qeyri müəyyən vaxta davam etdiyi qeyd olunmuşdur. Həmçinin, sözügedən müqavilədə hər hansı bir müddəa ilə öhdəliyin icra müddətinin müəyyənləşdirilməsinin tənzimlənmədiyi də göz önündədir. Belə ki, qeyd edilənlər onu deməyə əsas verir ki, tərəflər arasında bağlanmış müqavilə öhdəliyin icra müddəti dəqiq vaxt dövrü ilə əhatə olunmamaqla müddətsiz olaraq bağlanmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, öhdəliklərin icra müddəti ilə müqavilənin qüvvədə olma müddəti fərqli anlayışlardır. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, müqavilənin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, öhdəliyin icra müddəti isə müvafiq ödənişlərin müddətini əhatə edir. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən, bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəaları nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. (lakin icra müddəti bitdikdən, iddia müddəti keçdikdən sonra iddia müddətinin tətbiqinə dair ərizə verildiyi hallar istisna olmaqla) Yuxarıda qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, öhdəliklərin xitamına əsas kimi müqavilənin qüvvədə olma müddətinin bitməsi göstərilmiş, belə şərtin olmadığı müqavilə isə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Belə ki, iş üzrə tərəflər arasında bağlamış müqavilənin şərtlərindən aydın olur ki, müqavilənin qüvvədə olma müddəti, habelə öhdəliyin icra edilməsi müddəti konkret ifadə edilməmişdir. Belə olduğu halda Mülki qanunvericiliklə tənzimlənən müddəalara əsaslanaraq iddia müddətinin başlandığı vaxt dövrünü təyin etmək mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 25 dekabr 2007-ci il tarixli mobil radiotelefon şəbəkəsindən istifadə müqaviləsinə və həmin müqaviləyə əlavələrə əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə yaranmış borc məbləği xx.xx.2007-ci ildən xx.xx.2010-cu il tarixə qədər olan dövrü əhatə edir. Belə olduğu halda aydın olur ki, artıq öhdəliklərin icra edilmədiyi və lazımınca icra edilmədiyi, habelə müqavilədən irəli gələn hüquqlarının pozulduğu iddiaçıya xx.xx.2010-cu il tarixdən məlum olmuş, həmin tarixdən 13 il müddət keçdikdən sonra 21 noyabr 2023-cü il tarixdə cavabdehə qarşı iddia qaldıraraq məhkəməyə müraciət etmişdir. Bununla yanaşı iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir.(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı) Belə olduğu halda hazırkı müqavilə üzrə şərtləşdirilmiş qaydada müqavilənin müddətsiz olaraq qüvvədə olması halı nəzərdə tutulsa da, iddiaçı bu hala əsaslanaraq cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verilməklə həmin ərizə əsasında işin halları araşdırılaraq qanunla müəyyən edilmiş iddia müddətinin ötürüldüyü aşkar edildikdən sonra borcludan öhdəliyin icra edilməsini tələb etməkdə haqlılıq hüququnu itirmiş hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1 -ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, xx.xx.2007-ci il tarixli “mobil radiotelefon şəbəkəsindən istifadə” müqaviləsi üzrə icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan yəni 17 noyabr 2023-cü il tarixli maliyyə arayışı üzrə yaranmış sonuncu tarix olan xx.xx.2010-cu il tarixdən başlandığından, təqdim edilmiş sənədlərdən iddia müddətinin kəsilməsinə və ya dayandırılmasına əsas olan hallar müşayiət edilmədiyindən, müqavilə tələbləri üzrə üç il iddia müddətinin iş üzrə tətbiqində xx.xx.2013-cu il tarixinə təsadüf etdiyindən, iddiaçı təşkilat isə yalnız xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən məhkəmə belə qərara gəlir ki, qanunla müəyyən edilmiş müqavilə tələbləri üzrə 3 illik iddia müddəti və buraxılmışdır. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutları, müəyyən edilən halları nəzərə alaraq belə qərara gəlir ki, iş üzrə qanunla müəyyən edilmiş iddia müddəti ötürüldüyündən, iddia müddəti tətbiq olunmaqla iddia tələbindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 16 oktyabr 2023-cü il tarixli, A-1503 nömrəli X1 İştirak edilməməsi barədə arayışdan müəyyən olunur ki, 16 oktyabr 2023-cü il tarixdə Naxçıvan şəhəri, İMS ZOOM üzərindən Videoformatda keçirilmiş X1 İddiaçı MMC-nin nümayəndəsi X3 iştirak etmiş və tərəfindən 100 (bir) yüz manat məbləğində mediasiya xərci ödənilmiş, Cavabdeh MMC isə mediasiya prosesində nümayəndəsinin iştirakını təmin etməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1 və 8.1.2-ci maddələrinə əsasən iddianın qiyməti 1000 manatdan 10.000 manatadək olduqda qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində hesablanır. 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Belə ki, hazırkı iş üzrə iddianın qiyməti 7859,89 (yeddi min səkkiz yüz əlli doqquz manat 89 qəpik) manat olduğundan iddianın qiymətinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 98,60 (doxsan səkkiz manat 60 qəpik) manat məbləğində müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən 16 oktyabr 2023-cü il tarixdə 100 (bir yüz) manat məbləğində ödənilən mediasiya xərci iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 98,60 (doxsan səkkiz manat 60 qəpik) manat məbləğində dövlət rüsumunu əhatə etdiyindən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. İddiaçı İlkin Mediasiya Sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 (bir yüz) manat məbləğində mediasiya xərcinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə tutulmasını tələb etsə də iddiaçının tələbinə münasibətdə iddia müddəti tətbiq edilərək, iddia təmin edilməyəcəyi düşünüldüyündən İMS ilə əlaqədar ödənilən 100 (bir yüz) manat məbləğində mediasiya xərci təmin edilməməklə iddiaçının özünə aid edilməsi, iddiaçı dövlət büdcəsinə ödənilməli olan 98,60 (doxsan səkkiz manat 60 qəpik) manat məbləğində dövlət rüsumu ödəməkdən azad olunduğundan məhkəmə həmin hissəyə MPM-nin 124.2-ci maddəsinə əsasən iddiaçıdan alınmaması qənaətindədir. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Kapital Bank vasitəsilə ödənilmiş ********** nömrəli qəbzdən görünür ki, cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə 110 (bir yüz on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bununla əlaqəli olaraq məhkəmə qeyd edir ki, cavabdehin və cavabdehin nümayəndəsinin vəkili-nümayəndəsi Nümayəndə2 tərəfindən 12 yanvar 2024-cü il tarixdə daxil olmuş ərizə ilə qarşılıqlı iddia ərizəsi geri götürüldüyündən məhkəmə dövlət büdcəsinə ödənilmiş 110 (bir yüz on) manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən Cavabdeh MMC-yə qaytarılması qənaətindədir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “mobil radiotelefon şəbəkəsindən istifadə” müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə iddia tələbinə iddia müddəti tətbiq edilərək təmin edilməsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat məbləğində mediasiya xərci iddia təmin edilmədiyindən təmin edilməməklə iddiaçının özünə aid edilsin. Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 110 (bir yüz on) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən Cavabdeh MMC-yə qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar