Məhkəmə qərarları › İş №e-2-2(3-1)-17/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №e-2-2(3-1)-17/2026

29.06.2026 · Kommersiya mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № e-2-2(3-1)-17/2026 29.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (indiki adı - İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti) cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə pul öhdəliyinin geçikdirildiyi vaxt üçün faizin ödənilməsi Hakimlər - X2 (sədrlik edən və məruzəçi), Quliyev Vüqar Kərim oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, Işin halları

1. Cavabdeh (borcalan) ilə Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC (borcalan) arasında bağlanmış K-***/**** saylı ##.##.2014-cü il tarixli kredit müqaviləsinin 2.2-2.3cü bəndlərinə əsasən, borcverən kənd təsərrüfatı məhsulu istehsalı məqsədləri üçün borcalana 100.000 AZN məbləğində kreditin verilməsini, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı (ödəməyi), müqavilənin şərtlərinin pozulması ilə yarana biləcək dəbbə pulu məbləğini ödəməyi və digər öhdəliklərini təmin etməyi öhdələrinə götürmüşlər.

2. Cavabdeh (bundan sonra cavabdeh) qeyd edilən kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi tam icra etmədiyindən Bakı Kommersiya Məhkəməsinin *-*(***)-**/**** saylı ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən, cavabdehdən Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin (bundan sonra iddiaçı) xeyrinə K-***/**** saylı ## ####### 2014-cü il tarixli kredit müqaviləsi üzrə 45.444,53 manat əsas borc, 1.113,39 manat faiz borcu, 2.200 manat dəbbə (penya) pulu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün 7.763,44 manat faiz, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 1.020 manatın tutulması qət edilmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin sözügedən qətnaməsi ilə qət edilmiş pul məbləğinin ödənilməsi cavabdeh tərəfindən apellyasiya və kassasiya şikayətləri verilməklə 2 il gecikdirilmişdir.

Məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı 2025-ci il ## ######## tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən K-***/**** saylı ##.##.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin gecikdirilməsi nəticəsində dəymiş maddi ziyan - 5754,13 manat borcun, həmçinin məhkəməyə müraciət edilməsi ilə əlaqədar 78 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin *- *(***)-**/**** saylı 2023-cü il ## ##### tarixli qətnaməsi ilə qət olunmuş pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

6. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. Icranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Pul məbləğinin ödənilməsi cavabdeh tərəfindən 2 il gecikdirildiyi üçün iddiaçıya maddi ziyan dəymişdir.

7. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-**/**** saylı 2023-cü il ## ##### tarixli qətnaməsində göstərilən ümumilikdə 57.541,36 manat məbləğinə gecikdirilmiş hər ilə görə beş faiz hesablanaraq (##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək - 2 il) 5.754,13 manat (57541.36 X 5%=2877.068 X 2=5754.13) vəsait təşkil edir.

8. Iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.1, 21.2, 443.1, 445.7 və 449.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il ## ### və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra - Konstitusiya Məhkəməsi Plenumunun) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarlarına istinad etmişdir.

9. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli 2026-cı il ## ###### tarixli qətnaməsi ilə iddia tələbinin əsaslı olduğundan təmin edilməsi, cavabdehdən faiz borcu üzrə 5.754,13 manatın, iddiaçı tərəfindən ödənilmiş 78 manat dövlət rüsumunun 77,54 manatının alınıb iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən artıq ödənilmiş 0,46 manat dövlət rüsumunun iddiaçıya qaytarılması, Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, **** saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 manat ekspertiza xərcinin cavabdehdən alınıb müvafiq bank hesabına ödənilməsi qət edilmişdir (hakim Elşən Salmanov).

10. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı qaydada əsaslandırmışdır. Məhkəmə hesab edir ki, hər iki tərəfin iradə ifadəsi və qarşılıqlı razılığı əsasında ## ####### 2014-cü il tarixli K-***/**** saylı kredit müqaviləsinin bağlanması, qarşılıqlı hüquq və vəzifələr müəyyən etməklə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yaranmasına əsas olmuş, aralarında yaranmış mübahisə üzrə məhkəmələr tərəfindən qərarlar qəbul olunmuş və qanuni qüvvəsini almışdır.

11. Cavabdehin həmin müqavilə üzrə iddiaçı qarşısında öhdəliyi barədə məsələ işin mübahisələndirilməyən halı kimi qiymətləndirilir.

12. Həmçinin məhkəmə iddiaçı tərəfindən iddia müddətinin keçməsinə dair verdiyi ərizədə iddia müddətinin keçməsi ilə iddiadan imtina olunmasını xahiş etməsini verilmiş iddianın qəbul olunmsı kimi qiymətləndirir.

13. Məhkəmə cavabdeh tərəfindən ##.##.2025-ci il və ##.##.2026-cı il tarixlərdə məhkəməyə ünvanlanmış iddia müddətinin tətbiq olunmasına dair ərizələrə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehdən ##.##.2014-cü il tarixli K-***/**** saylı kredit müqaviləsi üzrə qalan borc məbləğini deyil, Bakı Kommersiya Məhkəməsinin *- *(***)-**/**** saylı ##.##.2023-cü il tarixli qətnaməsində göstərilən ümumilikdə 57.541,36 manat məbləğinə gecikdirilmiş hər ilə görə beş faiz hesablanaraq (##.##.2023-cü il tarixindən ##.##.2025-ci il tarixinədək - 2 il) 5.754,13 manat tələb etmiş, bu xüsusatlar və qanunvericiliyin müvafiq maddələri məhkəmə tərəfindən nəzərə alınaraq verilmiş tələb üzrə iddia müddətinin keçmədiyi açıq-aşkar göründüyündən iddia müddətinin tətbiq edilməsini qeyri-mümkün hesab edir.

14. Cavabdehin iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarlarını icra etməməklə, yəni üzərinə qoyulmuş ödəmələri etməməklə iddiaçıya zərər vurduğu işin halları ilə müəyyən edilir.

15. Məhkəmə ekspert rəyini də nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya faiz borcu 5.754,13 manatdır.

16. Iddia tam təmin edilməli, faiz borcu üzrə 5.754,13 manat və ödənilmiş 78 manat dövlət rüsumunun 77,54 manatı cavabdehdən alınıb iddiaçıya ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0,46 manat dövlət rüsumu iddiaçıya qaytarılmalı, 60 manat ekspertiza xərci cavabdehdən alınıb müvafiq hesaba ödənilməlidir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin III hissəsi, 60-cı maddəsinin II hissəsi, 127-ci maddəsinin II və VII hissələrinə, Mülki Məcəllənin 6.2, 14.2, 14.2.1, 21.1, 21.2, 372.1, 372.2, 373.1-373.5, 374.1, 374.2, 375.1, 375.2, 376, 385.1, 386.1, 443.1, 445.7, 449.1, 739.1, 739.2 və 743.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 76.1, 76.2, 77.1, 81, 82.3, 88, 107, 108.1, 108.1.1, 108.2, 112.1, 112.1.1, 115.0-115.0.1, 119.1, 218.1, 220.4 və 222.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarına istinadən əsaslandırmışdır.

18. Cavabdeh 2026-cı il ## #### tarixdə apellyasiya şikayəti ilə müraciət edərək Naxçıvan MR Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

19. Işin halları üzrə - Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *- *(***)-**/**** nömrəli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün müvafiq icra şöbəsinə göndərilmiş, icraata başlamaq haqqında qərarın surəti cavabdeh tərəfindən qəbul edildikdən sonra könüllü icra müddətində qətnamə üzrə nəzərdə tutulmuş 57.625 manat borc məbləği, əlavə olaraq 2.200 manat dəbbə pulu, müqavilə müddəti bitdikdən sonra 7.763,44 manat faiz borcu tam ödənilmişdir. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi 2025-ci ilin oktyabr ayında olmuşdur. Cavabdeh tərəfindən məhkəmə qətnaməsi üzrə qət edilmiş vəsaitin saxlanılması o halda sayılardı ki, vəsait ödənilməmiş olardı. Lakin vəsait məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən dərhal sonra ödənilmişdir. Ona görə də hazırkı iş üzrə qət edilmiş qətnamə əsassızdır. Tərəflər arasında kredit müqaviləsi ##.##.2014-cu il tarixdə 60 ay müddətinə bağlanmışdır. Kredit müqaviləsinin bitmə tarixi ##.##.2019-cu il tarixidir. Iddiaçı isə kredit müqaviləsindən irəli gələn mübahisə üzrə iddia tələbini 2025-ci ildə irəli sürmüşdür. Buna görə də hesab edir ki, iddia tələbi əsassızdır.

20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il # #### tarixli Qərarı üzrə - Qərarın mətnindən müəyyən hissələr qeyd olunmuş, lakin hazırkı iş üzrə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni ifadə edən izah verilməmişdir.

21. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsi, 127-ci maddəsinin II hissəsi və 129cu maddəsinin III hissəsi üzrə - məhkəmə tərəfindən işin faktiki halları nəzərə alınmamış, iş üçün əhəmiyyətli olan faktlara diqqət yetirilməmiş, iş üçün əhəmiyyət kəsb edən sübutlara düzgün qiymət verilməmiş və əsassız olaraq iddia tələbinin təmin edilməsi barədə yekun məhkəmə aktı çıxarılmış, cavabdeh tərəfindən qətnamə üzrə ödənişin dərhal həyata keçirilməsi, buna əsasən də guya vəsaitin əsassız olaraq saxlanılmasına görə hazırkı iddia tələbinin təmin olunması absurddur.

22. Insan hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 2009-cu il # #### tarixli Qərarı - qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. ...

23. Mülki Prosessual Məcəllənin 87.2-ci maddəsi üzrə - məhkəmə tərəfindən cavabdehin bundan öncəki iddia tələbi üzrə vəsaiti vaxtında ödəməsi nəzərə alınmamışdır.

24. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi üzrə - (bax §19).

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Işdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi

26. Işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, iddiaçının nümayəndəsi və cavabdeh heç bir məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçı ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə daxil olmuş ərizəsində Naxçıvan MR Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsinin qanuni və əsaslı olduğunu, apellyasiya şikayətini əsassız hesab etdiklərini bildirərək, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

27. Iş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur.

28. Apellyasiya baxışında ## ### 2026-cı il tarixli qərardadla təyin edilmiş əlavə məhkəmə-mühasibat ekspertizası ilə bağlı Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş *** nömrəli ##.##.2026-cı il tarixli ekspert rəyində Bakı Kommersiya Məhkəməsinin *-*(***)-**/**** nömrəli ##.##.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş məbləğlərə ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək gecikdirilmiş müddət üçün illik 5% olmaqla hesablanmış faiz məbləğləri aşağıdakı kimi müəyyən edilir: 45.444,53 manat əsas borc üzrə - 4.544,45 AZN; 1.113,39 manat faiz borcu üzrə - 111,34 AZN; 2.200,00 manat dəbbə (penya) üzrə 220,00 AZN; 7.763,44 manat faiz borcu üzrə (müqavilə müddəti bitdikdən sonra) - 776,34 AZN; 1.020,00 manat (vəkilin göstərdiyi yardıma görə ödənilmiş məbləğ) üzrə - 102,00 AZN. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir.

29. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçot idarəsi tərəfindən verilmiş *-**-*-*- */*-*****/**** nömrəli ##.##.2026-cı il tarixli çıxarışdan görünür ki, iddiaçı qurumun əvvəlki adı Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC, hazırkı adı İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC, qeydiyyata alındığı tarix ##.##.2013, dövlət qeydiyyat № (VÖEN) **********dir.

Apellyasiya baxışının hədləri

30. Kollegiya Mülki Prosessual Məcəllənin 372.6-372.7-ci maddələrinin tələblərini nəzərə alaraq apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən onun əsaslılığını tam, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Tətbiq edilən hüquq normaları

31. Mülki Məcəllə Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 373. Iddia müddətləri 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 377. Iddia müddətinin başlanması 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 380. Iddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (maddənin bu mətni 2023-cü il #######ın #-dək qüvvədədir).

32. Mülki Prosessual Məcəllə Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. ... 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; … Maddə 386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi

33. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

34. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq kommersiya mübahisəsinə dair işin həlli üzrə aşağıdakıları qeyd edir.

35. Hazırkı işdə iddia üzrə mübahisə iddiaçının cavabdehdən K-***/**** saylı ## ####### 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin gecikdirilməsi nəticəsində 5.754,13 manat maddi ziyan borcunun və ödənilmiş 78 manat dövlət rüsumunun tələb olunması ilə bağlıdır.

36. Iddianın maddi-hüquqi əsasını Mülki Məcəllənin 2023-cü il #######ın #-dək qüvvədə olmuş redaksiyadakı 445.7-ci maddəsi təşkil edir. Belə ki, Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına əsasən çıxarılır. Iddia tələbi üzrə qeyd olunan mübahisə isə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-**/**** saylı 2023cü il ## ##### tarixli qətnaməsi qəbul olunduqdan sonra yaranmışdır.

37. Cavabdehin apellyasiya şikayəti üzrə əsas dəlili kredit müqaviləsinin müddətinin ##.##.2019-cu ildə bitməsi və 3 illik iddia müddətinin (Mülki Məcəllənin 373.2ci maddəsi) keçməsidir. Lakin kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin keçmədiyini müəyyən edərkən haqlı olmuşdur.

38. Çünki iddiaçı hazırkı işdə ##.##.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn ilkin borcu tələb etmir, həmin borc artıq Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə həll olunmuşdur. Iddiaçı yeni bir hüquq pozuntusuna - qeyd edilən qətnamə ilə təsdiq olunmuş pul vəsaitinin ##.##.2023-cü il tarixdən sonra cavabdeh tərəfindən gecikdirilməsinə görə yaranan zərərə (Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərə) istinad edir. Həmin zərərin hesablanma dövrü: ##.##.2023 - ##.##.2025 (2 il), məhkəməyə müraciət tarixi isə ##.##.2025-ci ildir.

39. Aşkar göründüyü kimi hüququn pozulduğu andan, yəni qətnamədən sonrakı gecikmənin başladığı tarixdən iddia verilən tarixədək gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsi öhdəliyi üzrə cavabdehin qeyd etdiyi 3 illik müddət (Mülki Məcəllənin 373.2-ci maddəsi) keçməmişdir. Iddia isə kredit müqaviləsindən irəli gələn mübahisə deyil, sözügedən qətnamənin çıxarıldığı andan icra olunduğu vaxtadək iddiaçıya dəymiş maddi ziyan tələbi ilə bağlıdır.

40. Cavabdeh iddia edir ki, “Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli qərarından sonra qanuni qüvvəyə minmiş, icra olunması üçün müvafiq icra orqanına göndərilmiş, icraata başlanması haqqında qərar qəbul edildikdən sonra könüllü icra müddətində qətnamə üzrə nəzərdə tutulmuş 57.625 manat borcu praktiki olaraq ##.##.2025-ci il tarixdə dərhal ödəmişdir, ona görə də "gecikdirilmə" yoxdur”.

41. Bu arqument ilk baxışdan məntiqli görünsə də, qanunvericiliyin tələblərinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə ziddir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il ## ###### tarixli Qərarına görə, məhkəmə qətnaməsinin çıxarılması borclunun maddi hüquqi öhdəliyini dayandırmır və ya xitam vermir. Məhkəmə sadəcə mövcud öhdəliyi təsdiq edir. Borclunun birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya və kassasiya şikayətləri verməsi onun qanuni hüququ olsa da, əgər bu şikayətlər təmin edilmirsə (yəni ilkin qətnamə qüvvədə saxlanılırsa), bütün məhkəmə çəkişməsi dövründə pul vəsaitindən iddiaçının istifadə edə bilməməsinin riskini və zərərini borclu (cavabdeh) daşıyır.

42. Kredit münasibətlərindən yaranan mübahisələrə dair iddia müddətinin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il # #### tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Bu mənada, hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. ... Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir.

43. Göstərilənlərə əsasən cavabdehin ## ####### 2014-cü il tarixli müqaviləyə istinadən gətirdiyi iddia müddəti arqumenti rədd edilməlidir. Çünki qeyd olunduğu kimi, hazırkı faiz tələbi kredit müqaviləsindən deyil, ##.##.2023-cü il tarixli məhkəmə qətnaməsinin icrasının gecikdirilməsindən (maddi ziyan formasında qanuni faiz öhdəliyindən) yaranmışdır. Məhkəmə qətnaməsindən (2023) hazırkı iddianın verilməsinə (sentyabr 2025) qədər olan müddət mülki qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini aşmır.

44. Gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizinin ödənilməsinə gəlikdə isə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, ... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. Icranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri) MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir”.

45. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir.

46. Kollegiya tərəfindən iddia tələbi ilə bağlı mübahisənin hüquqi əsaslandırılması və məhkəmə təcrübəsi üzrə yanaşması aşağıdakı kimidir. Mülki Məcəllənin 445.7-ci maddəsində qeyd olunan "gecikdirilmiş məbləğ" anlayışı birbaşa yerinə yetirilməmiş əsas pul öhdəliyini nəzərdə tutur. Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə təmin edilmiş ümumi məbləğin (57.541,36 manat) tərkibinə artıq hesablanmış faizlər və sanksiyalar daxildir.

47. Faizə faiz hesablana bilməz: Iddiaçının tələb etdiyi məbləğin daxilində qətnamə ilə tanınmış 1.113,39 manat faiz borcu və 7.763,44 manat gecikdirilmiş vaxt üçün faiz var. Məhkəmə təcrübəsinə görə, qanunvericilikdə və ya müqavilədə xüsusi olaraq nəzərdə tutulmayıbsa, faizə yenidən faiz hesablanması (anatosizm) mülki hüquq prinsiplərinə ziddir. (Mülki Məcəllənin 445.7-ci maddəsi).

48. Dəbbə pulu mülki məsuliyyət tədbiridir: Qətnamədəki 2.200 manat dəbbə pulu öhdəliyin pozulmasına görə tətbiq edilən sanksiyadır (məsuliyyətdir). Məsuliyyət tədbirinin özünə görə yenidən gecikmə faizi (faiz formasında zərər) hesablamaq hüquqi cəhətdən qeyrimümkündür.

49. Məhkəmə xərcləri (vəkil pulu): Ödənilmiş 1.020 manat vəkil pulu pul öhdəliyi deyil, prosessual xərcdir. Maddi hüquq norması olan Mülki Məcəllənin 445.7-ci maddəsi prosessual xərclərin gecikdirilməsinə şamil edilə bilməz.

50. Məhkəmə qətnaməsi ilə tutulmuş məbləğlərin icra olunması səbəbindən Mülki Məcəllənin 445.7-ci maddəsinə görə faizlər hesablanarkən, faiz dərəcəsi yalnız qətnamədə göstərilən əsas borcun (əsas öhdəliyin) məbləğinə tətbiq edilməlidir. Qətnamə ilə müəyyən edilmiş məhkəmə xərcləri, dəbbə pulu və əvvəlki dövr üçün hesablanmış faizlər bu hesablamadan xaric edilməlidir.

51. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş *** nömrəli ##.##.2026-cı il tarixli ekspert rəyində iddia tələbi üzrə əsas borca, faiz borcuna, dəbbə puluna, müqavilə müddəti bitdikdən sonra faiz borcuna və vəkilin göstərdiyi yardıma görə ödənilmiş məbləğə 5% üzrə hesablanmış məbləğlər müəyyən edilmişdir. (bax §28).

52. Iddiaçının təqdim etdiyi hesablama mexanizminə diqqət yetirsək, gecikdirilmiş vaxt üçün illik beş faiz Bakı Kommersiya Məhkəməsinin qətnaməsindəki cavabdehin ödəməli olduğu və ödəməkdən yayındığı əsas borc məbləğinə deyil, həm əsas borca, həm də faizlərə, dəbbə puluna və məhkəmə xərcinə (57.541,36 manat) hesablanmışdır. Bu səbəbdən iddiaçının "ikiqat ödəmə" və ya "əsassız faiz" iddiası tamamilə qanundankənardır.

53. Birinci instansiya məhkəməsi iddiaçının tələbini qismən təmin etməli, yəni illik 5% gecikmə faizini qətnamədəki ümumi məbləğə yox, yalnız əsas borca (45,444.53 manata) hesablamalı olduğu halda, iddianı tam təmin etmiş və səhv nəticəyə gəlmişdir.

54. Qeyd olunanlara müvafiq olaraq birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı və iddia tələbi qismən - 4.544,45 manat hissəsində təmin edilməli, artıq tələb olunan 1.209,68 manat (5.754,13 - 4.544,45) hissəsində isə iddia rədd olunmalıdır.

55. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiq edilməsində səhv buraxmış (işə aidiyyəti olmadığı halda Mülki Məcəllənin 373.1, 373.3, 373.4, 373.5, 374.2, 449.1-ci maddələrinə istinad olunmuş), tətbiq edilməli olan qanunu tətbiq etməmiş (Mülki Məcəllənin 445.7-ci maddəsi 2023-cü il #######ın #-dək qüvvədə olmuş redaksiyada tətbiq olunmalı olduğu halda, mübahisəli hüquq münasibətinin yarandığı zaman mövcud olmamış, 2023-cü il #######ın #-dən qüvvəyə minmiş 445.7 və 743.2-ci maddələrinə istinad edilmiş), işin faktiki hallarına və sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə müvafiq olaraq qiymət verməmiş, 217.2-ci maddənin tələbi pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. (Mülki Prosessual Məcəllənin 386, 387.1 və 388-ci maddələri).

56. Məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Ona görə məhkəmə xərcləri iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq yenidən hesablanmalıdır.

57. Iddia tələbi 78,98% təmin olunacağından iddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 78 manatın 61,60 manatı cavabdehdən alınıb iddiaçıya, cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş 39 manatın 8,2 manatı iddiaçıdan alınıb cavabdehə ödənilməli, qalan hissələrdə tərəflərin özlərinə aid edilməlidir. Lakin kollegiya hesab edir ki, dövlət rüsumuna aid hissədə tərəflərin bir-birinə ödəməli olduqları məbləğlərin qarşılıqlı olaraq əvəzləşdirilməsi və cavabdehdən 53,4 (61,60-8,2) manatın alınıb iddiaçıya verilməsi məqsədəmüvafiqdir.

58. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə-mühasibat və apellyasiya məhkəməsində təyin olunmuş əlavə məhkəmə-mühasibat ekspertizaları üzrə aparılmış tədqiqatların dəyəri də ödənilmiş tələbə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir.

59. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki; - cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli; - e-*-*(***)-***/**** nömrəli 2026-cı il ## ###### tarixli qətnamə qismən ləğv olunmalı, - yeni qətnamə qəbul edilməli və iddia qismən təmin olunmalı, - cavabdehdən K-***/**** saylı 2014-cü il ## ####### tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin gecikdirilməsi nəticəsində dəymiş maddi ziyana görə 4.544,45 manat alınaraq iddiaçıya ödənilməli, - iddia tələbi 1.209,68 manat hissəsində rədd edilməli, - məhkəmə xərclərinin bölüşdürülməsi dəyişdirilməli: cavabdehdən 53,4 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissələrdə tərəflərin özlərinə aid edilməli; Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: **** saylı 2025ci il ## ###### tarixli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 60 manatın 47,4 manatı cavabdehdən, 12,6 manatı iddiaçıdan, *** nömrəli 2026-cı il ## ### tarixli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 150 manatın 118,45 manatı cavabdehdən, 31,55 manatı iddiaçıdan alınıb ekspert rəylərinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişlərdə göstərilən hesablara ödənilməlidir.

60. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələrinə dair işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Ona görə də iddia üzrə iddia tələbinin məbləği ümumilikdə 5754,13 manat təşkil etdiyindən qətnamədən kassasiya şikayəti verilməsinə yol verilmir.

Nəticəvi hissə

61. Mülki Prosessual Məcəllənin 365, 382, 384.0 və 384.0.2, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin, e-*-*(***)-***/**** nömrəli 2026-cı il ## ###### tarixli qətnaməsi qismən ləğv olunsun. Yeni qətnamə qəbul edilsin, iddia qismən təmin olunsun. Cavabdeh Cavabdeh K-***/**** saylı 2014-cü il ## ####### tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin gecikdirilməsi nəticəsində dəymiş maddi ziyana görə 4.544,45 (dörd min beş yüz qırx dörd manat qırx beş qəpik) manat alınaraq iddiaçı İddiaçı BOKT MMCyə ödənilsin. Iddia tələbi qalan hissədə rədd edilsin. Məhkəmə xərclərinin bölüşdürülməsi dəyişdirilsin: Cavabdeh Cavabdeh 53,4 (əlli üç manat qırx qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı İddiaçı BOKT MMC-yə ödənilsin. Dövlət rüsumu qalan hissələrdə tərəflərin özlərinə aid edilsin. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: **** saylı 2025-ci il ## ###### tarixli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 60 (altmış) manatın 47,4 (qırx yeddi manat qırx qəpik) manatı cavabdehdən, 12,6 (on iki manat altmış qəpik) manatı iddiaçıdan, *** nömrəli 2026-cı il ## ### tarixli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) manatın 118,45 (yüz on səkkiz manat qırx beş qəpik) manatı cavabdehdən, 31,55 (otuz bir manat əlli beş qəpik) manatı iddiaçıdan alınıb ekspert rəylərinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişlərdə göstərilən hesablara ödənilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Sədrlik edən: Səxavət Bəylərli Hakimlər: Vüqar Quliyev, Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar