Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-389/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh Cavabdeh qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: öhdəliyin pozulması nəticəsində dəymiş ziyan, sübutetmə vəzifəsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) və Cavabdeh (alıcı) arasında bağlanmış ##.##.2021-ci il tarixli *** nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı 20 baş “Simmental” cinsli damazlıq heyvanı satmağı, alıcı isə həmin malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüş, müqavilədə 1 ədədinin qiyməti 5626 manat (güzəşt məbləği 3276,67 manat; ödəniş məbləği 2350 manat) olmaqla 20 baş heyvanın satılması razılaşdırılmışdır.
2. ##.##.2021-ci il tarixdə Cavabdeh Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (Agentlik) ərizə ilə müraciət edərək, *** nömrəli ## ###### 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satış dəyəri 112 533,4 manat olan 20 baş “Simmental” cinsli damazlıq heyvan satış dəyərinin minimum 40 faizinin tərəfindən ödənilməklə, gömrük satış dəyərinin 60 faizinin Agentliyin vəsaiti hesabına güzəşt edilməsi və “xxxx” ASC-də olan bank hesabına köçürülməsini xahiş etmişdir.
3. Cavabdeh ##.##.2021-ci il tarixdə damazlıq heyvanın saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq edəcəyi, damazlıq heyvanın verilməsinə dair onunla bağlanmış müqavilələrdə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq icra edəcəyi, habelə damazlıq heyvanı 3 il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməyəcəyi və baytarın müsbət rəyi olmadan kəsməyəcəyinə dair iltizam vermiş, heyvanlar “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ##.##.2021-ci il tarixdən ##.##.2022-ci il tarixədək müvafiq risklər üzrə sığortalanmışdır.
4. Agentliyin təqdim etdiyi maliyyə arayışına əsasən, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 4.4-cü bəndinə və 6.2.2-ci yarımbəndinə, “Agentliyin vəsaitindən istifadəyə dair” qaydalara əsasən satıcı “xxxx” MMC və Cavabdeh arasında bağlanmış 2021-ci il ## ###### tarixli *** nömrəli müqaviləyə və damazlıq heyvanların güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında 2021-ci il ## ### tarixli iltizama uyğun olaraq, Cavabdeh 65 533,44 manat güzəşt (subsidiya) ayrılmış, lakin alıcı tərəfindən öhdəliklər pozulmuş və Agentliyə həmin məbləğdə zərər dəymişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən dəymiş zərərin əvəzi olaraq 65 533,44 manatın, hüquqi yardım üçün ödənilmiş xərcin əvəzi olaraq 576,28 manatın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ## ###### 2021-ci il tarixində iddiaçının vasitəsilə güzəştli maliyyələşmə ilə 20 baş “Simmental” cinsli damazlıq inək əldə etmiş, damazlıq heyvanların alınması üçün cavabdehə 65 533,44 manat miqdarında güzəşt məbləği ayrılmışdır. 2024-cü ilin 1-ci rübü ərzində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən keçirilmiş monitorinq nəticəsində güzəşt (subsidiya) ayrılmış 20 baş heyvanın təsərrüfatda olmaması aşkar edilmişdir. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, 20 baş heyvanın ölüm və ya məcburi kəsim sənədləri iddiaçıya təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 6.2.2-ci bəndinə əsasən, idxal edilən damazlıq heyvanın gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir. Cavabdeh ##.##.2021-ci il tarixli iltizamla iddaçının vəsaiti hesabına ona verilən damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına qulluq edəcəyinə, öhdəliklərini mütəmadi olaraq ödəyəcəyinə, 3 il ərzində damazlıq heyvanları üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı bir formada istifadəsinə verməyəcəyinə, baytarın rəyi olmadan məcburi kəsim etməyəcəyinə dair öhdəlik götürmüş, əks halda isə cavabdehə ödənilmiş güzəşt məbləğinin geri qaytarılması, habelə Agentliyə vurulan zərərin ödənilməsi haqqında xəbərdar edilmişdir. Cavabdeh damazlıq heyvanların qorunub saxlanılması ilə əlaqədar götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə iddiaçıya 65 533,44 manat ziyan vurmuşdur. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən ödənişlər yerinə yetirilməmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdeh isə iddiaya etiraz edərək Hesablama Palatası və iddiaçı tərəfindən hər hansı yoxlama aprılmadığını, tərəfindən 3 illik müddətə əməl edildiyini və 2024-cü ilin payızında heyvanları satdığını, bir baş heyvanın öldüyünü, buna görə sığorta ödənişi edildiyini bildirmişdir.
8. Birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələblərinin rədd edilməsi qət olunmuşdur.
9. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
İddianın faktiki əsasını cavabdehin ##.##.2021-ci tarixli iltizamla iddiaçı qarşısında üzərinə görüdüyü ##.##.2021-ci il tarixli müqavilə ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vasitəsilə güzəştli maliyyələşmə ilə əldə etdiyi 20 baş “Simmental” cinsli damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına qulluq edəcəyinə, öhdəliklərini mütəmadi olaraq ödəyəcəyinə, 3 il ərzində damazlıq heyvanları üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı bir formada istifadəsinə verməyəcəyinə, baytarın rəyi olmadan məcburi kəsim etməyəcəyinə dair öhdəliyini pozması, həmçinin 2024-cü ilin 1-ci rübü ərzində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən keçirilmiş monitorinq nəticəsində güzəşt (subsidiya) ayrılmış 20 baş heyvanın təsərrüfatda olmamasının aşkar edilməsi, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq 20 baş heyvanın ölüm və ya məcburi kəsim sənədlərinin cavabdeh tərəfindən iddiçıya təqdim edilməməsi təşkil edir.
İddia ərizəsində qeyd olunan tarix (2024-cü ilin 1-ci rübü) cavabdehin məsuliyyət daşıdığı 3 illik müddət dövrünə aid olsa da, iddiaçı tərəfindən qeyd edilən monitorinqin keçirilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. İddiaçı cavabdehin məsuliyyət daşıdığı 3 illik müddətdən sonrakı dövrə aid ##.##.2025-ci il tarixli akt tərtib etmişdir ki, həmin akt iddianın faktiki əsasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.
Borclu tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə icranın gecikdirilməsi arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır. Yalnız cavabdeh tərəfindən öhdəliyin pozulması halı müəyyən edildikdən sonra sonuncunun həmin pozulma üçün məsuliyyəti müəyyən edilə bilər. Hazırda isə adıçəkilən hal iş materialları ilə sübut edilmir.
10. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386.1ci, 442-ci, 443.1-ci, 443.2-ci, 443.3-cü, 443.4-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə” Qaydalarına istinad etmişdir.
11. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, monitorinqin Hesablama Palatası tərəfindən keçirildiyini, onun nəticələrinə dair aktın Hesablama Palatasında saxlandığını, qeyd edilən halların məhkəmə tərəfindən araşdırılmadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı
13. İşə baxılmasının yeri (vaxtı) barədə lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlməmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
19. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
24. Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
30. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
31. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
32. Qeyd olunmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
33. İddiaçı bildirir ki, 2024-cü ilin birinci rübü ərzində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən keçirilmiş monitorinq nəticəsində güzəşt əsasında ayrılmış 20 baş heyvanın təsərrüfatda mövcud olmadığı müəyyənləşdirilmiş, edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh 20 baş heyvanın ölümü və ya məcburi kəsimi barədə sənədləri iddiaçıya verməmiş, bununla da damazlıq heyvanların qorunub saxlanılması ilə əlaqədar götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə iddiaçıya 65 533,44 manat ziyan vurmuşdur.
34. Cavabdeh isə iddiaçı və ya Hesablama Palatası tərəfindən monitorinqin aparılmadığını, 3 illik müddətlə bağlı tələbə əməl etdiyini, 2024-cü ilin payızında heyvanları satdığını bildirmişdir.
35. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən 2024-cü ilin 1-ci rübündə monitorinqin keçirilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
36. Halbuki məhz həmin hal sübutetmənin predmetini təşkil etmişdir və sözügedən halı sübut etmək vəzifəsini iddiaçı daşıyır.
37. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olubolmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
38. Apellyasiya şikayətində iddiaçının nümayəndəsi müvafiq sübutun (aktın) Hesablama Palatasında saxlanıldığını və onun məhkəmə tərəfindən əldə edilməli olduğunu bildirsə də, sözügedən aktı özünün müstəqil əldə etmək imkanı olmadığına dair sübut da təqdim etməmişdir.
39. Nəzərə alınmalıdır ki, məhkəmə iddiaçının (xüsusilə, peşəkar hüquqşünaslarla təmsil olunan iddiaçının) əvəzinə sübut toplamaq vəzifəsi daşımır və mülki prosessual qanunvericiliyin əsas prinsiplərindən olan dispozitivlik, habelə formal həqiqət prinsiplərinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilməklə, hakim tərəflərin məhkəməyə bildirdiyi və təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır.
40. İddiaçının məhkəməyə təqdim etdiyi, cavabdehin məsuliyyət daşıdığı 3 illik müddətdən sonrakı dövrdə (##.##.2025-ci il tarixdə) cavabdehin iştirakı olmadan tərtib olunmuş, “təsərrüfat sahibi ilə əlaqə saxlanılması mümkün olmadığından təsərrüfata baxış keçirilməsi və monitorinqin aparılması mümkün olmamışdır” məzmunlu akt isə müvafiq halı müəyyən edən sübut kimi qiymətləndirilə bilməz.
41. Beləliklə iddiaçı, cavabdehin müvafiq öhdəliyini, yəni “damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına qulluq edəcəyi, öhdəliklərini mütəmadi olaraq ödəyəcəyi, 3 il ərzində damazlıq heyvanların üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı bir formada istifadəsinə verməyəcəyi, baytarın rəyi olmadan məcburi kəsim etməyəcəyi” ilə bağlı öhdəliyini pozduğunu sübut edə bilməmişdir.
42. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
43. Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsinin (vəkilinin) apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Səməd Cəfərov