Məhkəmə qərarları › İş №e-2-2(3-6)-422/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-422/2026

08.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-422/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 MMC və Mahmudov İlham İsa oğluna qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: podrat müqaviləsi, korporativ mübahisə, direktorun məsuliyyət dairəsi, maddi zərər) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 MMC və Mahmudov İlham İsa oğluna qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-**/**** saylı qətnaməsindən iddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı ASC (sifarişçi) ilə cavabdeh2 MMC arasında imzalanmış ##.##.2022-ci il tarixli, ******/** nömrəli auditor xidməti göstərilməsi barədə müqaviləyə əsasən sifarişçi tapşırır, icraçı isə 2021-ci ilin maliyyə hesabatlarının icbari auditinə dair auditor xidmətlərinin göstərilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin: 1.3-cü bəndinə əsasən sifarişçi göstərilmiş auditor xidmətlərinin müqavilində bu müqavilədə nəzərdə tutulmuş məbləği ödəyir. 3.1-ci bəndinə əsasən tərəflərin razılığına əsasən bu müqavilədə nəzərdə tutulan auditor xidmətinin dəyəri ƏDV-siz 1500.00 manat, ədv məbləği 270.00 manat təşkil edir.

2. İddiaçı ASC ilə cavabdeh2 MMC arasında ##.##.2022-ci il tarixdə imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktına əsasən cavabdeh2 MMC tərəfindən ##.##.2022-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq audit aparılmış, auditin yekununda 4 səhifə auditor müqaviləsi, 19 səhifə audit hesabatı, 2 səhifə auditor rəyi İddiaçı ASC-yə təhvil verilmişdir.

3. İddiaçı ASC (sifarişçi) ilə cavabdeh2 MMC arasında imzalanmış ##.##.2023-cü il tarixli, ******/** nömrəli auditor xidməti göstərilməsi barədə müqaviləyə əsasən sifarişçi tapşırır, icraçı isə 2022-ci ilin maliyyə hesabatlarının icbari auditinə dair auditor xidmətlərinin göstərilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin: 1.3-cü bəndinə əsasən sifarişçi göstərilmiş auditor xidmətlərinin müqavilində bu müqavilədə nəzərdə tutulmuş məbləği ödəyir. 3.1-ci bəndinə əsasən tərəflərin razılığına əsasən bu müqavilədə nəzərdə tutulan auditor xidmətinin dəyəri ƏDV-siz 1500.00 (bir min beş yüz) manat, ƏDV məbləği 270.00 (iki yüz yetmiş) manat təşkil edir. Sifarişçi icraçıya xidmət haqqını göstərilmiş xidmət üzrə təhvil-təslim aktı imzalandığı tarixdən 5 iş günü müddətində ödəməlidir.

4. İddiaçı ASC ilə cavabdeh2 MMC arasında ##.##.2023-cü il tarixdə imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktına əsasən cavabdeh2 MMC tərəfindən ##.##.2023-cü il tarixli müqavilənin şərtlərinə uyğun olaraq audit aparılmış, auditin yekununda 4 səhifə auditor müqaviləsi, 19 səhifə audit hesabatı, 2 səhifə auditor rəyi İddiaçı ASC-yə təhvil verilmişdir.

5. İddiaçı ASC (sifarişçi) ilə cavabdeh2 MMC arasında imzalanmış ##.##.2024-ci il tarixli, ******/** nömrəli auditor xidməti göstərilməsi barədə müqaviləyə əsasən sifarişçi tapşırır, icraçı isə 2023-cü ilin maliyyə hesabatlarının icbari auditinə dair auditor xidmətlərinin göstərilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin: 1.3-cü bəndinə əsasən sifarişçi göstərilmiş auditor xidmətlərinin müqavilində bu müqavilədə nəzərdə tutulmuş məbləği ödəyir. 3.1-ci bəndinə əsasən tərəflərin razılığına əsasən bu müqavilədə nəzərdə tutulan auditor xidmətinin dəyəri ƏDV-siz 1500.00 manat, ədv məbləği 270 manat təşkil edir. Cəmi 1770 manat sifarişçi icraçıya xidmət haqqını göstərilmiş xidmət üzrə təhvil-təslim aktı imzalandığı tarixdən 5 iş günü müddətində ödəməlidir.

6. İddiaçı ASC ilə cavabdeh2 MMC arasında ##.##.2024-cü il tarixdə imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktına əsasən cavabdeh2 MMC tərəfindən ##.##.2023-cü il tarixli müqavilənin şərtlərinə uyğun olaraq audit aparılmış, auditin yekununda 4 səhifə auditor müqaviləsi, 19 səhifə audit hesabatı, 2 səhifə auditor rəyi İddiaçı ASC-yə təhvil verilmişdir.

7. İş materiallarından görünür ki, cavabdeh2 MMC tərəfindən İddiaçı ASC-yə ##.##.2022ci il tarixli, EBBV ****** nömrəli, 1770 manat məbləğində, ##.##.2023-cü il tarixli, EBDH ****** nömrəli, 1770 manat məbləğində, ##.##.2024-cü il tarixli, EBED ****** nömrəli, 1770 manat məbləğində elektron qaimələr təqdim edilmişdir.

8. İş materiallarında olan ##.##.2024-cü il tarixli, **************** nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, cavabdeh2 MMC tərəfindən İddiaçı ASC-nin ədv sub-uçot hesabına 270 manat ədv ödənişi köçürülmüşdür.

9. İş materiallarında olan ##.##.2023-cü il tarixli, **************** nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, cavabdeh2 MMC tərəfindən İddiaçı ASC-nin ədv sub-uçot hesabına 270 manat ədv ödənişi köçürülmüşdür.

10. İş materiallarında olan ##.##.2022-ci il tarixli, nb nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, cavabdeh2 MMC tərəfindən İddiaçı ASC-nin ədv sub-uçot hesabına 270 manat ədv ödənişi köçürülmüşdür.

11. İş materiallarında olan ##.##.2023-cü il tarixli, *** nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh2 MMC-yə 1500 manat vəsait ödənilmişdir.

12. İş materiallarında olan ##.##.2024-cü il tarixli, ** nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh2 MMC-yə 1500 manat vəsait ödənilmişdir.

13. İş materiallarında olan ***IPEX********* nömrəli kredit haqqında bildirişə əsasən İddiaçı ASC tərəfindən ##.##.2022-ci il tarixdə 1500 AZN vəsait cavabdeh2 MMC-yə ödənilmişdir.

14. İş materiallarında olan Azərbaycan Respublikasının Auditorlar Palatasının İddiaçı ASC-yə ünvanladığı ## ###### 2025-ci il tarixli, **-*/*-***/**** nömrəli məktubun məzmunundan müəyyən edilmişdir ki, 2025-ci il ## ######## tarixində Azərbaycan Respublikasının Auditorlar Palatasına cavabdeh2 MMC tərəfindən "xxxx” ASC-yə verilmiş rəy barədə daxil olmuş ASC-nin məktubuna aidiyyatı üzrə baxılmışdır. Məktubla Palataya müraciət edərək "xxxx” MMC tərəfindən təqdim edilmiş audit rəylərinin qanunvericiliyə və peşə standartlarına uyğunluğunun yoxlanılmasını, audit xidmətlərinin müqavilə şərtlərinə uyğun icra olunub- olunmamasının araşdırılmasını, ödənilmiş 5310 manat məbləğində vəsaitin geri qaytarılması tələbi üzrə mübahisənin Palata tərəfindən baxılmasını və müvafiq rəy verilməsini xahiş etmişlər. Həmin məsələlərin araşdırılması üçün "xxxx” MMC-nin direktoru Qanuni nümayəndə Palataya dəvət edilmiş, ondan "xxxx” ASC-nin auditi ilə bağlı sənədlər tələb olunaraq keyfiyyətə kənar nəzarət üzrə plandankənar monitorinqin aparılması üçün götürülmüşdür. Aparılmış monitorinqin nəticəsi olaraq müəyyən edilmişdir ki, "xxxx’ MMC tərəfindən 2023-cü il ## ### və 2024-cü il ## ### tarixli "xxxx” ASC-nin auditinə dair təqdim edilmiş rəylər X3 qismən riayət edilməklə verilmişdir. Rəyin formalaşdırılması, hesabatın verilməsi, xüsusi elementlərin, hesabların və maddələrin auditi üzrə qeyd edilən 500 və *** saylı "Audit sübutları" və "Kənar mənbədən təsdiqləmələr", *** saylı "Maliyyə hesabatları haqqında rəyin formalaşdırılması və hesabat verilməsi", *** saylı "Müstəqil auditorun hesabatında fərqli rəylər", *** saylı “Müstəqil auditorun hesabatında izahedici paraqraflar və digər məsələlər paraqrafı", *** saylı "Auditi aparılmış maliyyə hesabatlarını əks etdirən sənədlərdəki digər məlumatlar üzrə auditorun məsuliyyəti" X3 qismən qənaətbəxş səviyyədə əməl edilmişdir. Məktubda qeyd etdikləri ödənilmiş 5310 manat məbləğində vəsaitin geri qaytarılması tələbi üzrə mübahisənin Palata tərəfindən baxılması məsələsi ilə bağlı bildirmək istəyirlər ki, audit icra olunduğu üçün müqavilə üzrə qeyd olunan öhdəliklər qismən olsa da, yerinə yetirilmiş hesab edilmiş, həmçinin təşkilatın səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış təhvil-təslim aktı mövcuddur. Bu səbəbdən məsələyə məhkəmə qaydasında baxılmasını məqsədəmüvafiq hesab edirlər. Nəzərinizə çatdırırlar ki, Auditorlar Palatası aparılmış auditə mahiyyəti üzrə qiymət vermir. Monitorinq zamanı yalnız auditorun apardığı auditə və aparılmış audit zamanı X3 (BAS) riayət olunmasına qiymət verilir”.

Birinci instansiya məhkəməsindəki icraat:

15. İddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh2 MMC və Mahmudov İlham İsa oğluna qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 5310 manat məbləğində pul vəsaitinin, eyni zamanda iddiaçı tərəfindən vəkilə ödənilmiş 700 manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 73.1 manat məbləğində pulun əvəzinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, təftiş əsasında müəyyən edilmişdir ki, heç bir əsas (müqavilə, təhvil-təslim aktı və ya digər sənədlər) olmadan cavabdeh2 MMC-yə ödənişlər edilmişdir. Yalnız məhkəmə icraatı zamanı iddiaçı ilə cavabdeh cavabdeh2 MMC arasında müqavilələr olduğunu, audit rəylərinin verildiyi məlum olmuşdur. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə iddiaçının hazırkı tələblə bağlı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində bu kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş tələbə əməl edilməməsi, hazırkı mübahisəyə Auditorlar Palatasında baxılmaması əsas gətirilməklə mülki iş baxılmamış saxlanılmışdır. Daha sonra cavabdeh2 MMC tərəfindən təqdim edilmiş audit rəylərinin qanunvericiliyə və peşə standartlarına uyğunluğunun yoxlanılması, audit xidmətlərinin müqavilə şərtlərinə uyğun icra olunub-olunmamasının araşdırılması, ödənilmiş 5310 manat məbləğində vəsaitin geri qaytarılması tələbi üzrə mübahisənin Palata tərəfindən baxılması və müvafiq rəy verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Auditorlar Palatasına müraciət edilmişdir. Azərbaycan Respublikasının Auditorlar Palatasının ##.##.2025-ci il tarixli cavabına əsasən, aparılmış monitorinqin nəticəsi olaraq müəyyən edilmişdir ki, “FCHAIN AUDİT” MMC tərəfindən 2023-cü il ## ### və 2024-cü il ## ### tarixli İddiaçı ASC-nin auditinə dair təqdim edilmiş rəylər X3 qismən riayət edilməklə verilmişdir. Rəyin formalaşdırılması, hesabatın verilməsi, xüsusi elementlərin, hesabların va maddələrin auditi üzrə qeyd edilən 500 va *** saylı "Audit sübutları" və "Kenar mənbədən təsdiqləmələr", *** saylı "Maliyyə hesabatları haqqında rayin formalaşdırılması və hesabat verilməsi", *** saylı "Müstəqil auditorun hesabatında fərqli rəylər", *** saylı "Müstəqil auditorun hesabatında izahedici paragraflar və digər məsələlər paraqrafı, *** saylı "Auditi aparılmış maliyyə hesabatlarını əks etdiran sənədlərdəki digər məlumatlar üzrə auditorun məsuliyyəti" X3 qənaətbəxş səviyyədə əməl edilmişdir. Ödənilmiş 5310 manat məbləğində vəsaitin geri qaytarılması tələbi üzrə məsələyə məhkəmə qaydasında baxılması məqsədəmüvafiq hesab edilmişdir. Nəzərlərinə çatdırırlar ki, İddiaçı ASC-nin keçmiş direktoru Mahmudov İlham İsa oğlunun fəaliyyəti dövründə İddiaçı ASC ilə cavabdeh2 MMC arasında imzalanmış ## ##### 2022- ci il tarixli ******/** saylı, ## ### 2023-cü il tarixli, ******/** saylı, ## ##### 2024-cu il tarixli, ******/** saylı Auditor xidməti göstərilməsi barədə müqavilələrin 5.1 və 5.2-ci maddələrinə əsasən, Sifarişçi İcraçiya xidmət göstərilməsi üçün təqdim etdiyi bütün sənədlərin, o cümlədən yazılı və şifahi izahatların düzgünlüyünə məsuliyyət daşıyır. Sifarişçi və İcraçı öhdəliyi tam və ya qismən yerinə yetirmədikdə qüvvədə olan qanunverciliyə və baglanmış müqavilənin şərtlərinə görə əmlak məsuliyyəti daşıyır. Sözügedən müqavilələrə əsasən e-qaimələr üzrə İddiaçı ASC-nin hesabından cavabdeh2 MMC-yə 27-04-2022-ci il tarixli, EBBV ****** nömrəli elektron qaimə üzrə 28-04-2022-ci il tarixdə 1770 manat, 02-06- 2023-ci il tarixli, EBDH ****** nömrəli elektron qaimə üzrə 02-06-2023-cü il tarixdə 1770 manat, 20-05-2024-cü il tarixli, EBED ****** nömrəli elektron qaimə üzrə 23-05-2024-cü il tarixdə 1770 manat olmaqla, ümumilikdə 5310 manat pul vəsaiti İddiaçı ASC-nin hesabından cavabdeh2 MMC-yə ödənilmişdir. Qeyd edək ki, cavabdeh2 MMC tərəfindən verilmiş audit rəylərində ASCnin nizamnamə kapitalı düzgün qeyd edilməmişdir. Belə ki, Cəmiyyətin təsis və hüquqi sənədlərində təsdiqlənmiş 755 002 manat məbləğində nizamnamə kapitalı olduğu halda, təqdim edilmiş hesabatlarda bu rəqəm düzgün göstərilməmişdir. Nizamnamə kapitalı əvəzinə səhmlərin ümumi miqdarı 377 501 manat qeyd edilmişdir. Sözügedən hal maliyyə məlumatlarının düzgünlüyü ilə bağlı şübhələr doğurur və hesabatların etibarlılığına təsir göstərə bilər. Qeyd edirik ki, bu uyğunsuzluq cavabdeh2 MMC tərəfindən hazırlanmış bütün maliyyə hesabatlarında öz əksini tapmışdır. Həmin dövrdə direktor olmuş Mahmudov İlham İsa oğlu isə Cəmiyyətin icra orqanı kimi heç bir hüquqi tədbir görmədən, müqavilə öhdəliklərini düzgün yerinə yetirməyən cavabdeh2 MMC-yə ödənişin edilməsinə razılıq vermişdir.

17. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-**/**** saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddia ərizəsi verilərkən ödənilmiş 73,10 manat dövlət rüsumu və 700 manat hüquqi yardıma görə xərc iddiaçı İddiaçı ASC-nin özünə aid edilmişdir.

18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh MMC arasında ##.##.2022-ci il tarixli, ##.##.2023cü il tarixli, ##.##.2024-ci il tarixli audit xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr imzalanmış, həmin müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 5310 manat vəsait ödənilmişdir. İddiaçı iddia ərizəsində həmin müqavilələr üzrə öhdəliklərin cavabdeh MMC tərəfindən lazımınca icra edilmədiyini, işin nəticəsinin qüsurlu olduğunu, bu səbəbdən ödənilmiş vəsaitin geri qaytarılmasını xahiş edir. Belə ki, tərəflər arasında bağlanmış adıçəkilən müqavilələrdə keyfiyyət şərtləşdirilməmişdir, belə olduqda görülmüş işin nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Müqavilələrdən görünür ki, təhvil aktını alan iddiaçı 5 gün müddətində işin nəticəsini yoxlamalı, hər hansı etirazı olmadıqda təhvil aktını imza etməlidir. İşin araşdırılan hallarından müəyyən edilib ki, iddiaçı tərəfindən hər hansı qeydşərt edilmədən görülmüş işlərin nəticəsi qəbul edilmiş, təhvil aktları ilə işin təhvili rəsmiləşdirilmiş, dəyəri iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edib ki, hazırkı halda 5310 manat məbləğində pulun cavabdeh MMC-dən geri tələb edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir, iddia cavabdeh MMC-yə aid hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə hesab edib ki, iddia cavabdeh İ.Mahmudova aid hissədə də əsassızdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə cavabdeh İ.Mahmudov tərəfindən 5310 manat pulun mənimsənilməsi və ya israf edilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır. Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qeyd edilən normalardan görünüb ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər” (Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il ## ##### tarixli Qərarı). Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edib ki, iddia tələbi 20092 manat zərərin tələb edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İddia ərizəsində 700 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehlərdən tutulması tələb edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edib ki, iddia təmin edilmədiyindən 700 manat hüquqi yardıma görə xərc iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edib ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 73,10 manat dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 21.2, 49.4.5, 386.1, 752.1, 753.1, 762.1, 762.2, 560.1, 1096, 1097-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il ## ### tarixli Qərarına istinad etmişdir.

20. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi, cavabdehler "FCHAIN AUDİT" MMC-dən və Mahmudov llham Isa oğlundan müştərək qaydada 5310 (beş min üç yüz on) manat məbləğində pul vəsaitinin, eyni zamanda iddiaçı tərəfindən vəkilə ödənilmiş 700 (yeddi yüz) manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 73.1 (yetmiş üç manat, on qəpik) manat məbləğində pulun əvəzinin tutularaq, iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 49.3, 49.4.5, 385. 386, 425, 442, 443, 448, 529.3, 529.5-сі maddələrini düzgün tətbiq etməmişdir. Məhkəmə öhdəliklərin icra olunması ilə bağlı qanunda nəzərdə tutulan tələbləri nəzərə almadan, faktiki hallarla uzlaşmayan hüquqi nəticəyə gəlmişdir. İddiaçı ilə cavabdeh cavabdeh2 MMC arasında 2022, 2023 və 2024-cü illər üzrə audit xidmətlərinin göstərilməsi barədə müqavilələr bağlanmışdır. Həmin müqavilələr əsasında cavabdeh audit xidmətləri göstərməli olmuş, iddiaçı isə bu xidmətlərə görə ümumilikdə 5310 manat ödəniş etmişdir. Lakin sonradan müəyyən edilmişdir ki, audit xidmətləri X3 uyğun aparılmamış, audit prosedurlarının mühüm hissəsi icra edilməmiş, audit rəylərində əhəmiyyətli maliyyə göstəriciləri yanlış əks etdirilmişdir. Bu hallar Auditorlar Palatasının rəyində də öz təsdiqini tapmışdır. "xxxx” ASC-nin keçmiş direktoru cavabdeh1 İsa oğlunun fəaliyyəti dövründə “xxxx" ASC ilə "xxxx” MMC arasında imzalanmış ## ##### 2022ci il tarixli ******/** saylı, ## ### 2023-cü il tarixli, ******/** saylı, ## ##### 2024-cu il tarixli, ******/** saylı Auditor xidməti göstərilməsi barədə müqavilələrin 5.1 və 5.2-ci maddələrinə əsasən, Sifarişçi İcraçiya xidmət göstərilməsi üçün təqdim etdiyi bütün sənədlərin, o cümlədən yazılı və şifahi izahatların düzgünlüyünə məsuliyyət daşıyır. Sifarişçi və icraçı öhdəliyi tam və ya qismən yerinə yetirmədikdə qüvvədə olan qanunverciliyə və bağlanmış müqavilənin şərtlərinə görə əmlak məsuliyyəti daşıyır. Göründüyü kimi, müqavilənin 5.2-ci bəndinə əsasən, tərəflər öhdəlikləri yerinə yetirmədikdə əmlak məsuliyyəti daşıyırlar. Audit xidmətinin keyfiyyətsiz göstərilməsi müqavilə öhdəliyinin lazımınca icra edilməməsi deməkdir. Bu isə birbaşa mülki-hüquqi məsuliyyət yaradır. Məhkəmə isə bu müddəanı cavabdehin xeyrinə şərh edərək müqavilənin mahiyyətinə zidd nəticəyə gəlmişdir İddiaçı tərəfindən ödənilmiş 5310 manat faktiki olaraq keyfiyyətsiz xidmətə görə ödənilmiş vəsaitdir Xidmət öz məqsədinə çatmadığı üçün iqtisadi baxımdan dəyərsizdir. Bu halda ödənilmiş məbləğ real zərər kimi qiymətləndirilməlidir. Məhkəmə isə zərərin mövcudluğunu və səbəbli əlaqəni əsassız olaraq inkar etmişdir. Eyni zamanda, Mahmudov llham Isa oğlu cəmiyyətin icra orqanının rəhbəri olmuş, audit xidmətlərinin qəbul edilməsi və ödənilməsi barədə qərarlar vermişdir. Əgər xidmət keyfiyyətsiz olmuşdursa, buna baxmayaraq ödəniş edilmişdirsə, bu hal vəzifə borcunun lazımınca yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə bu məsələni səthi araşdırmış və hüquqi qiymət verməmişdir. AR MPM 77.1, 88, 217-ci maddələri - birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə qanunsuz və əsassız olmaqla işin faktiki hallarına uyğun gəlmir. Məhkəmə tərəfindən iş üçün əhəmiyyətli olan hallar tam və hərtərəfli araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə iş üzrə əsas sübutlardan biri olan Auditorlar Palatasının rəyini formal qiymətləndirmişdir. Həmin rəydə açıq şəkildə qeyd olunur ki audit zamanı beynəlxalq standartların tələblərinə tam əməl olunmamışdır, audit prosedurları natamam icra edilmişdir. Bu isə xidmətin nəinki qüsursuz, hətta lazımi keyfiyyət standartlarına cavab vermədiyini göstərir. Məhkəmə isə bu faktı nəzərə almadan, əsassız olaraq xidmətin yerinə yetirildiyi nəticəsinə gəlmişdir. Audit xidməti adi xidmət növü deyil. Bu xidmət yüksək peşəkarlıq, xüsusi bilik və metodologiya, beynəlxalq standartlara ciddi riayət tələb edən fəaliyyət sahəsidir. Auditin əsas məqsədi maliyyə hesabatlarının düzgünlüyü barədə etibarlı rəy formalaşdırmaqdır. Əgər audit standartlara uyğun aparılmayıbsa, yanlış nəticə veribsə, belə xidmət hüquqi baxımdan yerinə yetirilmiş hesab edilə bilməz. Məhkəmə bu prinsipial məqamı nəzərə almamışdır. İş materiallarından müəyyən olunur ki, audit hesabatlarında nizamnamə kapitalı əvəzinə səhmlərin sayı göstərilmişdir. Bu səhv maliyyə hesabatlarının əsas elementinə aiddir, istifadəçilərin qərarlarına birbaşa təsir edir, audit rəyinin etibarlılığını şübhə altına alır. Belə bir səhvin "texniki" kimi qiymətləndirilməsi hüquqi və iqtisadi baxımdan tamamilə əsassızdır. Bu, əhəmiyyətli (material) qüsur hesab olunmalıdır. Məhkəmə iddianı rədd edərkən əsas arqument kimi iddiaçının işin nəticəsini qəbul etməsini göstərmişdir. Lakin audit xidmətində qüsurlar dərhal aşkar edilə bilməz bu qüsurlar yalnız sonradan peşəkar yoxlama nəticəsində üzə çıxır, sifarişçinin aktı imzalaması icraçının məsuliyyətini aradan qaldırmır. Bu səbəbdən məhkəmənin gəldiyi nəticələr iş materialları ilə təsdiq olunmur. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, prosessual hüquq normaları kobud şəkildə pozulmuş, sübutlara birtərəfli və səthi qiymət verilmişdir. Yuxarıda qeyd olunan pozuntuların nəticəsi olaraq, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri iş üzrə müəyyən edilmiş faktiki hallarla uyğunluq təşkil etmir. Məhkəmənin gəldiyi qənaət iş materiallarında mövcud olan sübutlarla təsdiqlənmir və obyektiv reallığa ziddir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

22. Tərəflər məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

23. Mülki Məcəllənin: -21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 49.3-cü maddəsinə görə hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. - 49.4-cü maddəsinə görə hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: 49.4.1. hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyrimütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; 49.4.2. hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; 49.4.3. hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; 49.4.4. hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; 49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; 49.4.6. səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması. - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. -762.2-ci maddəsinə görə podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. -773-cü maddəsinə görə əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

24. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmədiyindən və həmin qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh Mahmudov İlham İsa oğlu 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyun ayına qədər iddiaçı İddiaçı ASC-nin direktoru olub. Onun rəhbərliyi dövründə, iddiaçı ilə cavabdeh cavabdeh2 MMC arasında ##.##.2022-ci il tarixli, ##.##.2023-cü il tarixli, ##.##.2024-ci il tarixli audit xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr bağlanmış və həmin müqavilələrə əsasən cavabdeh cavabdeh2 MMC tərəfindən göstərilmiş auditor xidmətlərinə görə iddiaçı tərəfindən cavabdehə 5310 manat pul vəsaiti ödənilmişdir. Hazırda iddiaçı həmin müqavilələr üzrə öhdəliklərin cavabdeh cavabdeh2 MMC tərəfindən lazımınca icra edilmədiyini, işin nəticəsinin qüsurlu olduğunu, bu səbəbdən ödənilmiş vəsaitin geri qaytarılmasını tələb edir.

30. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Mülki Məcəllədə xidmət müqaviləsini tənzimləyən xüsusi normalar nəzərdə tutulmadığından mübahisəyə analogiya üzrə xidmət müqaviləsinə yaxın olan podrat müqaviləsini tənzimləyən normalar tətbiq edilməlidir.

31. Odur ki, cavabdeh cavabdeh2 MMC-dən pulun tutulması hissəsində iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 752.1-ci və 773-cü maddələri təşkil edir.

32. Mübahisənin mahiyyətinə gəldikdə, kollegiya qeyd edir ki, audit xidmətlərinin göstərilmiş olması və həmin xidmətlərin dəyərinin ödənilməsi işin mübahisəsiz hallarını təşkil edir. Digər tərəfdən, iddiaçı ödənişlərin geri qaytarılması üçün əsas kimi xidmətlərin keyfiyyətsizliyinə (nizamnamə kapitalının yanlış göstərilməsi, audit rəylərinin X3 uyğun olmaması, maliyyə göstəricilərinin audit rəylərində səhv əks olunması və s.) istinad etmişdir.

33. Bununla bağlı qeyd edilir ki, tərəflər arasında bağlanmış müqavilədə göstərilən xidmətlərin və veriləcək audit rəylərin keyfiyyəti ilə bağlı xüsusi şərtlər yer almamışdır. Belə olan halda isə, Mülki Məcəllənin 762-ci maddəsinin tələbləri baxımından audit rəyləri yalnız o halda qüsurlu hesab oluna bilərdi ki, rəydə yol verilmiş ciddi nöqsanlar onun təyinatına uyğun istifadəni qeyri-mümkün etsin və ya qərarvermə üçün yararsız hala gətirsin. Hazırkı halda isə iddiaçının istinad etdiyi Azərbaycan Respublikasının Auditorlar Palatasının məktubunda audit hesabatlarının hazırlanması zamanı standartlara qismən qənaətbəxş səviyyədə əməl edildiyi göstərilmiş, iddiaçı isə mübahisəli rəylərin onun təyinatına uyğun istifadə üçün yararsız olmasını sübuta yetirə bilməmişdir. Odur ki, mübahisəli rəylərin qüsurlu hesab edilməsi üçün əsaslar müəyyən edilmir.

34. Rəylərin həqiqətən də qüsurlu olması fərz edilərsə belə nəzərə alınmalıdır ki, görülmüş iş (göstərilmiş xidmət) qüsurlu olduğu halda sifarişçinin istifadə edə biləcəyi müdafiə vasitələri Mülki Məcəllənin 763-766-ci maddələrində müəyyən edilmişdir. Həmin maddələrə görə iş qüsurlu olduqda sifarişçi ilk növbədə podratçıdan əlavə icra tələb etməli və qüsurların aradan qaldırılması üçün sonuncuya vaxt verməlidir. Yalnız əlavə icra üçün verilmiş müddət nəticəsiz qurtardıqda sifarişçi digər müdafiə vasitələrindən - öz hesabına qüsurları aradan qaldırmaq, muzdu azaltmaq və müqavilədə imtina etmək hüquqlarından istifadə edə bilər. Hazırkı halda isə iddiaçının auditor rəyləri ona təhvil verildiyi vaxtdan keçən bir ildən artıq müddət ərzində işin keyfiyyəti ilə bağlı hər hansı bir etiraz, irad bildirməmiş, qüsurları aradan qaldırmaq üçün müddət verməmiş, əksinə təhvil-təslim aktını imzalamaqla işi qəbul etmişdir.

35. Bununla bağlı kollegiya onu da vurğulayır ki, Mülki Məcəllənin 773-cü maddəsinin mənasına görə, sifarişçi işin qüsurlu olduğunu bildiyi halda ona etiraz etmədən qəbul edərsə, həmin qüsurlara əsaslanaraq sonradan tələb irəli sürmək hüququnu itirir.

36. İddianın cavabdeh Mahmudov İlham İsa oğluna qarşı yönəldilmiş hissəsinə dair iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı həmin hissədə tələbini Mahmudov İlham İsa oğlunun ASC-nin icra orqanı (direktoru) kimi fəaliyyət göstərərkən audit xidmətlərinin keyfiyyətsiz və müqaviləyə uyğun olmamasına baxmayaraq cavabdeh2 MMC-yə ödənişlərin həyata keçirilməsinə razılıq verməsi və bununla da cəmiyyətin maraqlarını lazımi qaydada müdafiə etməməsi ilə əsaslandırır.

37. Məhkəmə tərkibi həmin tələbi Mülki Məcəllənin 49.3 və 49.4-cü maddəsinin tələbləri kontekstində qiymətləndirərək qeyd edir ki, hüquqi şəxsin icra orqanının rəhbərinə (direktora) qarşı yönəldilmiş dəymiş zərərin ödənilməsi barədə iddialara baxılarkən nəzərə alınmalıdır ki, hüquqi şəxs fiktiv subyekt olduğundan, onun iradəsi adından çıxış edən orqanlar və fiziki şəxslər vasitəsilə ifadə olunur. Lakin təmsilçilik səlahiyyətinin konkret şəxs kimi icra orqanının rəhbərinə (direktora) verilməsi bütün hallarda hüquqi şəxsə dəymiş zərərə və ya kommersiya subyekti kimi uğursuz fəaliyyətə görə direktorun məsuliyyət daşıması anlamına gəlmir. Əksinə qanunverici hüquqi şəxsə dəymiş zərərə görə direktorun məsuliyyət daşımasını direktorun vəzifələrini icra edərkən vicdansız, məntiqsiz, qeyri-peşəkar davranması, yəni onun hüquqazidd davranışı (hərəkət və ya hərəkətsizliyi) ilə dəymiş zərər arasında birbaşa səbəbli əlaqənin mövcud olması ilə şərtləndirir.

38. Hazırkı halda isə iddiaçı keyfiyyətsiz xidmətin qəbul edilməsinin keçmiş direktorun konkret davranışları ilə, birbaşa göstərişləri ilə bağlı olmasını təsdiq edən sübutları təqdim etməmişdir.

39. Odur ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianı rədd etməkdə haqlı olmuşdur.

40. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar