Məhkəmə qərarları › İş №e-2-2(3-6)-455/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-455/2026

20.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-455/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə (Açar sözlər: xidmət müqaviləsi, xidmətin dəyərinin ödənilməməsi, inzibati və mülki məsuliyyətin fərqləndirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdeh “xxxx” MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə Iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları

1. Iddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında imzalanmış ##.##.2022-ci il tarixli, SHB/İ-*** nömrəli xidmət müqaviləsinə əsasən icraçı müqavilənin imzalandığı tarixdən etibarən ##.##.2022-ci il tarixinədək sifarişçinin müəyyən etdiyi ərazilərdə özünə məxsus texnika vasitəsi ilə torpaq işlərinin yerinə yetirilməsi və sifarişçiyə təhvil verilməsini öz öhdəsinə götürür. Sifarişçi isə öz növbəsində xidmətləri akt əsasında qəbul etməyi və müqavilənin 4-cü maddəsinə uyğun olaraq xidmətlərin haqqını icraçıya ödəməyi öz öhdəsinə götürür.

2. ##.##.2022-ci il tarixli, SHB/İ-*** nömrəli xidmət müqaviləsinə * nömrəli əlavəyə əsasən xidmət haqqı 6000 manat məbləğində razılaşdırılmışdır.

3. Tərəflər arasında imzalanmış ##.##.2022-ci il tarixli, * nömrəli akta əsasən ##.##.2022-ci il tarixli, SHB/İ-*** saylı xidmət müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə 6000 manat məbləğində xidmət göstərilmişdir.

4. Iddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında imzalanmış ##.##.2023-cü il tarixli, SHB/İ-*** nömrəli xidmət müqaviləsinə əsasən icraçı müqavilənin imzalandığı tarixdən etibarən ## ###### 2023-cü il tarixinədək sifarişçinin müəyyən etdiyi ərazilərdə özünə məxsus (**-BC- ***) nömrə nişanlı Ekskavator) texnika vasitəsilə torpaq işlərinin yerinə yetirilməsi (yüklənməsinə görə) (26 iş günü işləmək şərti ilə 12000 manat + ədv olmaqla xidmət haqqı nəzərdə tutulmuşdur) və sifarişçiyə təhvil verilməsini öz öhdəsinə götürür. Müqavilənin: 1.2-ci bəndinə əsasən sifarişçi isə öz növbəsində xidmətləri akt əsasında qəbul etməyi və müqavilənin 4-cü maddəsinə uyğun olaraq xidmətlərin haqqını icraçıya ödəməyi öz öhdəsinə götürür. 4.1-ci bəndinə əsasən icraçı tərəfindən yerinə yetirilmiş xidmətlərin haqqı hər xidmət ayı üzrə tərəflər arasında tərtib olunan akta uyğun olaraq növbəti ay ərzində icraçı tərəfindən təqdim olunacaq hesab-faktura sənədi əsasında ödəniləcəkdir. Xidmətlərin haqqı faktiki olaraq göstərildiyi ay üçün hesablanacaqdır.

5. Tərəflər arasında imzalanmış ##.##.2023-cü il tarixli, ** nömrəli akta əsasən ##.##.2023-cü il tarixli, SHB/İ-*** saylı xidmət müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə ədv daxil 5446,17 manat məbləğində xidmət göstərilmişdir.

6. Tərəflər arasında imzalanmış ##.##.2023-cü il tarixli, ** nömrəli akta əsasən ##.##.2023-cü il tarixli, SHB/İ-*** saylı xidmət müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə ədv daxil 12526,15 manat məbləğində xidmət göstərilmişdir.

7. Tərəflər arasında imzalanmış ##.##.2023-cü il tarixli, ** nömrəli akta əsasən ##.##.2023-cü il tarixli, SHB/İ-*** saylı xidmət müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə ədv daxil 13615,43 manat məbləğində xidmət göstərilmişdir.

8. Tərəflər arasında imzalanmış ##.##.2023-cü il tarixli, ** nömrəli akta əsasən ##.##.2023-cü il tarixli, SHB/İ-*** saylı xidmət müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə ədv daxil 13615,43 manat məbləğində xidmət göstərilmişdir.

9. Tərəflər arasında imzalanmış ##.##.2023-cü il tarixli, ** nömrəli akta əsasən ##.##.2023-cü il tarixli, SHB/İ-*** saylı xidmət müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə ədv daxil 13070,81 manat məbləğində xidmət göstərilmişdir. 20. Tərəflər arasında imzalanmış ##.##.2023-cü il tarixli, ** nömrəli akta əsasən ##.##.2023-cü il tarixli, SHB/İ-*** saylı xidmət müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə ədv daxil 5990,77 manat məbləğində xidmət göstərilmişdir.

10. Iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ##.##.2022-ci il tarixli, EBBW ****** nömrəli 6000 manat məbləğində, ##.##.2023-cü il tarixli, EBDH ****** nömrəli 5446,17 manat məbləğində, ##.##.2023-cü il tarixli, EBDJ ****** nömrəli 12526,15 manat məbləğində, ##.##.2023-cü il tarixli, EBDL ****** nömrəli 13615,43 manat məbləğində, ##.##.2023-cü il tarixli, EBDN ****** nömrəli 13615,43 manat məbləğində, ##.##.2023-cü il tarixli, EBDQ ****** nömrəli 13070,81 manat məbləğində, ##.##.2023-cü il tarixli, EBDR ****** nömrəli 5990,77 manat məbləğində elektron qaimə fakturalar təqdim edilmişdir.

11. Iddiaçıya məxsus bank hesabından çıxarış məlumatlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya ##.##.2022-ci il tarixdə 4500 manat, ##.##.2022-ci il tarixdə 1500 manat, ##.##.2023-cü ildə 12000 manat, ##.##.2023-cü ildə 12000 manat məbləğində vəsait ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

12. Iddiaçı İddiaçı (bundan sonra-iddiaçı) cavabdeh xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış SHB/İ-*** nömrəli, ## ### 2023-cü il tarixli xidmət müqaviləsinə əsasən cavabdehdən 35934,32 (otuz beş min doqquz yüz otuz dörd manat otuz iki qəpik) manat (ƏDV daxil olmaqla) əsas borcun, gecikdirməyə görə 4132,44 (dörd min yüz otuz iki manat qırx dörd qəpik) manat məbləğində faiz borcunun, cəmi 40066,76 (qırx min altmış altı manat yetmiş altı qəpik) məbləğində pulun, ödənilmiş 211 (iki yüz on bir) manat dövlət rüsumunun barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, icraçı kimi iddiaçı ilə cavabdeh arasında SHB/İ-*** nömrəli ## ### 2023-cü il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsində göstərilmişdir ki, “Icraçı Müqavilənin imzalandığı tarixdən etibarən ##.##.2023-cü il tarixinədək Sifarişçinin müəyyən etdiyi ərazilərdə özünə məxsus texnika vasitəsilə torpaq işlərinin yerinə yetirilməsi və Sifarişçiyə təhvil verilməsini öz öhdəsinə götürür. Sifarişçi isə öz növbədində xidmətləri Akt əsasında qəbul etməyi və Müqavilənin 4-cü maddəsinə uyğun olaraq xidmətlərin haqqını Icraçıya ödəməyi öz öhdəsinə götürür.” Cavabdeh şirkətə elektron qaimələr tərtib edilib göndərilməklə xidmət göstərilmişdir. Sifarişlər üzrə göstərdiyim xidmətlər üzrə aprel-oktyabr 2023-cü ildə aktlar tərtib olunmuş, həmin aktlar tərəflərin imzası və möhürü ilə təsdiq olunmuşdur. Lakin bu günə kimi cavabdeh Müqavilə üzrə yaranmış 35934,32 manat xidmət haqqı borcunu ödəməmişdir. Gecikdirilmiş məbləğə müddəti üçün illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır. Bu da (35934,32 x5 % x 2 il 3 ay) 4132,44 manat təşkil edir. Müqavilənin 5.3-cü maddəsinə əsasən Tərəflərdən biri Müqavilə üzrə öhdəliklərini iki dəfədən çox pozması ilə əlaqədar xəbərdar olunmasına baxmayaraq müqavilə şərtlərini yerinə yetirməkdən boyun qaçırdığı halda digər tərəf müqaviləni birtərəfli qaydada ləğv edə bilər. Bu zaman bütün məsuliyyət təqsirli tərəfin üzərinə düşür və həmin tərəf digər tərəfə dəyən zərəri ödəməyə borcludur. Cavabdehə dəfələrlə şifahi və yazılı surətdə müraciətlər etməyimizə baxmayaraq bu günə kimi ödəniş etməmişdir. Cavabdehə rəsmi qaydada pretenziya məkubu göndərilsə də, Cavabdeh tərəfindən borc məbləği bu günə qədər ödənilmir. Cavabdeh borcun qaytarılması ilə bağlı tələblərimə məhəl qoymur, hər dəfə bir bəhanə gətirərək, borcu qaytarmaqdan yayınır.

14. Cavabdeh iddia ərizəsinə ##.##.2026-cı il tarixdə yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir.

15. Etiraz onunla əsaslandırılmışdır ki, fərdi sahibkarlar İddiaçı, Abdullayev Sərdar və Rzayev Vüsal ilə eyni məzmunda tərtib olunmuş xidməti müqavilə bağlanaraq Laçın Rayonu L- 5 adlı layihədə Bozlu-Qaragöl hərbi təminat avtomobil yolunun tikintisində Fərdi sahibkar kimi xidmət göstərmişlər. 2023-cü ilin sentyabırın 19-u tarixdə antiterror əməliyyatı zamanı Abdullayev Sərdar və Rzayev Vüsal özüboşaldan avtomaşınlarını məlumat vermədən İddiaçı isə əvvəlcədən məlumatlandırmaqla mexanizmini tikinti sahəsindən aparmışlar. Baş podratçı “xxxx” Şirkəti tərəfindən iki ay yarım gecikmə ilə maliyyə vəsaiti Oktyabr ayının 9-u tarixində ödənilən zaman ümumilikdə 37000.0 AZN pul vəsaiti ödənilmişdir. Bundan sonra işlər zəifləmişdir. Ona görə də həmin fərdi sahibkarlara qalıq vəsaitlərinin ödənilməsini “xxxx” Şirkətində qalan 10%-lik təminat pulu 2024-cü ilin mart ayında ödənilən zaman veriləcəyini bildirmişik. Lakin onlar (Abdullayev Sərdar, Rzayev Vüsal və İddiaçı etibarnaməsi əsasında onun adından çıxış edən qardaşı Ismayılov Mübariz) bununla razılaşmayaraq Hüquq Mühafizə orqanlarına müraciət etmişlər. Bununla əlaqədar olaraq Dövlət Təhlükəsizlik Xidmətinə olan müraciət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə araşdırılması üçün göndərmişdir. Bundan sonra “xxxx” MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən yuxarıda göstərilən fiziki şəxslərin məlumatlarına əsasən seçmə üsulu (eyni məzmunlu müqavilə olduğu və birgə müraciət olunduğu üçün) bağlanmış müqavilələri qanunsuz hesab edərək protokol tərtib edilmiş (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsindən araşdırılma səbəbi barədə bildiriş alınmasını vacib bilirik) və tərtib olunmuş inzibati xəta haqqında protokola və inzibati xəta haqqında materiala Nərimanov Raron Məhkəməsində baxılmışdır. Məhkəmədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsinin vəsatəti əsasında hər üç şikayətçi şahid qismində təmsil olunmuşdur. Nərimanov Rayon Məhkəməsinin ilkin hazırlıq iclasında hər üç fiziki şəxs iştirak etmişdir. Baxış zamanı Isamyılov Qalibin ehtibarnamə əsasında olan təmsilçisi Ismayılov Mübariz (qardaşı) iştirak etməmişdir. Məhkəmənin yekun iclası zamanı həmin şəxsləri şifahi məlumatları əsas götürülərək “xxxx” MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək “xxxx” MMC barəsində 20.000 (iyirmi min) manat, vəzifəli şəxs qismində mənə 4000 (dörd) min manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Tərəfimizdən Nərimanov Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsi məhkəmə iclası zamanı İddiaçı ehtibarnamə əasısında olan təmsilçisi olan Ismayılov Mübariz (qardaşı) tərəfindən verilən ilkin məlumatın yalnış olduğunu bildirsə də, hakim üç nəfər şikayətçinin ikisinin ifadəsini əsas götürərək Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlanılmasına qərar vemişdir. Bununla bağlı Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinə müraciət edilmiş, lakin həmin məhkəmə bu materiallara baxmaqdan imtina qərarı vemişdir. Ali məhkəmə isə inzibati xətalar üzrə işlərə baxmadıqları barədə bildiriş göndərmişdir. Dəfələrlə şikayətçi olan fiziki şəxslərə, Nərimanov Rayon Məhkəməsi zamanı düzgün olmayan ifadələr əsasında çıxarılmış qərara görə bağlanmış xidməti müqavilələrinin etibarsız sayılmasından və tərtib olunmuş protokolların ləğv edilməsi üçün apellyasiya şikayəti verməklə qərarların dəyişdirilməsi əsasında müqavilələrin bərpa edilməsini bildirsək də, onlar bunu etməkdən boyun qaçırmışlar. Azərbaycan Respublikasının Konsitutsiyasına 64-cü maddəsinə görə hüquqi və fiziki şəxs buraxılmış xəta üzrə yalnız bir dəfə təqsirli bilinərək cəzalandırıla bilər. Odur ki, hazırki iş üzrə icraata xitam verilməsini xahiş edir.

16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (qardaşı) M.Ismayılov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

18. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” MMC-dən 35934,32 manat əsas borc, 4042,44 manat faiz borcu, 209,93 manat dövlət rüsumu, ümumilikdə 40186,69 (qırx min bir yüz səksən altı manat altmış doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 1,07 (bir manat sıfır yeddi qəpik) manat dövlət rüsumunun iddiaçı İddiaçı özünə aid edilməsi qət olunmuşdur.

19. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

 Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında ##.##.2023-cü il tarixdə podrat müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.  Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında ##.##.2023-cü il tarixli podrat müqaviləsi bağlanmış, iddiaçı sifarişçinin sifarişi əsasında mülkiyyətində olan texnika ilə torpaq qazıntısı və yük daşınması işlərinin icra edilməsi öhdəliyini icra etməyi üzərinə götürmüşdür. Iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etsə də cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.  Belə ki, iddiaçı tərəfindən həmin müqavilə üzrə icra edilmiş işlərlə bağlı cavabdehə təqdim edilmiş elektron qaimələr üzrə ümumilikdə 70264,76 manat məbləğində ödəniş edilməli olduğu halda cavabdeh tərəfindən cəmi 30000 manat vəsait ödənilmiş, qalıq borc ödənilməmişdir.  Təqdim edilmiş sənədlərdən qalıq borcun məbləğinin 40264,76 manat olması müəyyən edilmiş, lakin iddiaçı iddia ərizəsində qalıq 35934,32 manat borcun tutulmasını xahiş etmişdir.  Məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığı üçün iddia əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 35934,32 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.  Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 35934,32 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməli, cavabdehdən 35934,32 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.  Iddia ərizəsindən görünür ki, iddiaçı podrat müqaviləsi üzrə icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində 27 aylıq dövr üzrə ümumilikdə 4132,44 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) pulun ödənilməsi tələbini də irəli sürmüşdür.  Bununla yanaşı, məhkəmə hesab edir ki, tələb edilən zərərin məbləği iddiaçı tərəfindən düzgün hesablanmamışdır.  Iddiaçı məhkəmə iclasındakı izahatında zərərin 27 ay üçün tələb edildiyini bildirmiş, iddia ərizəsində də həmin dövr üzrə zərər hesablandığı göstərilmişdir.  Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan faiz borcunun məbləği 4042,44 manat (35934,32 manat * 5 % / 100 / 12 ay (149,72 manat) * 27 ay) müəyyən edilməlidir.  Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 35934,32 manat əsas borc, 4042,44 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.  Məhkəmə cavabdehin hazırkı iş üzrə icraata xitam verilməli olması barədə dəlili ilə razılaşmır, həmin dəlilə cavab olaraq bildirir ki, cavabdehin törətdiyi inzibati xəta ilə bağlı inzibati məsuliyyətə cəlb edilməsi hazırkı işə xitam verilməsi üçün əsas deyildir.  Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 209,93 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan ödənilmiş 1,07 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-

20. 398.1, 399.1, 442, 445.1, 445.2, 445.2.1, 445.2.2, 445.7, 448.1, 448.2, 449.1, 752.1, ci, 386.1-ci, 753.1-ci və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli qərarına istinad etmişdir.

21. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmadığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

23. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmiş, cavabdehin qanuni nümayəndəsi isə şikayətin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

25. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir

26. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

31. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

32. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

42. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və Apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qanuni və əsasslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni yalnız iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmiş, iddiaçı isə iddia tələbi qismən təmin olunmasına baxmayaraq qətnamədən apellyasiya şikayəti verməmişdir.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

43. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

44. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

45. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin Inzibati-Iqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).

46. Iddiaçının iddia tələbini əsaslandırdığı faktiki halların məcmusunu nəzərə alan kollegiya hesab edir ki, müvafiq tələbin qanuni əsası kimi mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəaları (§ 31, 32) nəzərdən keçirilə bilər.

47. Belə ki, Kollegiya qeyd edir ki, mülki qanunvericilikdə xidmət müqaviləsi ilə bağlı tənzimləmələr müəyyən olunmasa da, Mülki Məcəllənin qanunun analogiyası ilə bağlı müəyyən etdiyi qaydalara uyğun olaraq, müqaviləyə podratla bağlı şərtlər tətbiq edilməlidir.1

48. Işin hallarından görünür ki, tərəflər arasında faktiki olaraq xidmət münasibətləri yaranmış, iddiaçı cavabdehin sifarişi əsasında müəyyən ərazilərdə texnika vasitəsilə torpaq işləri görmüşdür. Həmin xidmətlərin icrası ilə bağlı tərəflər arasında aktlar tərtib edilmiş, bu aktlar tərəflərin imza və möhürləri ilə təsdiq olunmuşdur. Bu isə xidmətlərin faktiki göstərildiyini və cavabdeh tərəfindən qəbul edildiyini təsdiq edir.

49. Apellyasiya şikayətində cavabdeh xidmət münasibətlərinin mövcudluğunu və ya görülmüş işlərin həcmini konkret olaraq mübahisələndirməmiş, əsasən inzibati icraat çərçivəsində qəbul edilmiş qərarlara və həmin qərarların nəticələrinə istinad etmişdir. Halbuki, inzibati xəta üzrə aparılmış icraat tərəflər arasında yaranmış mülki-hüquqi xidmət münasibətlərini və həmin münasibətlərdən irəli gələn ödəniş öhdəliyini aradan qaldırmır.

50. Cavabdehin Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə istinad etməklə eyni əmələ görə iki dəfə məsuliyyətə cəlb olunması barədə dəlili də əsassızdır. Belə ki, inzibati məsuliyyət ilə müqavilə öhdəliyinin icra edilməməsindən irəli gələn mülki-hüquqi

1 Ali Məhkəmə, Iş № 2-2(102)-324/2023, § 63

(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_324+19.07.2023.pdf) məsuliyyət fərqli hüquqi münasibətlərdən yaranır və onların hüquqi təbiəti müxtəlifdir. Hazırkı iş üzrə cavabdehdən tutulmuş məbləğ cəza xarakteri daşımayıb, müqavilə üzrə icra edilmiş xidmətlərin dəyərinin və gecikdirilmiş ödənişə görə faiz məbləğinin ödənilməsinə yönəlmiş mülkihüquqi məsuliyyətdir.

51. Kollegiya həmçinin qeyd edir ki, apellyator tərəfindən apellyasiya şikayətində əsas borcun və faiz borcunun hesablanmasının düzgün aparılmaması, yaxud həmin məbləğlərin faktiki iş həcminə uyğun olmaması barədə hər hansı konkret dəlil və ya hesablama təqdim edilməmiş, əsas borcun və faiz borcunun məbləği mübahisələndirmədiyindən həmin hissədə əlavə araşdırma aparılmasına zərurət yoxdur.

52. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

53. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar