Məhkəmə qərarları › İş №e-2-2(3-6)-462/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-462/2026

14.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-462/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “S.Ə.X2-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun cavabdeh Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin Halları Sifarişçi qismində Cavabdeh MMC ilə icraçı qismində S.Ə.X2Tədqiqat və Layihə- 1. Konstruktor İnşaat Materialları İnstitutu arasında ##.##.2024-cü il tarixli, ****/** nömrəli sınaq işlərinin aparılmasına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən «Sifarişçi» Bakı şəhəri, Abdulla Şaiq küçəsində inşa olunacaq “Mərkəzi park ərazisində yeraltı piyada keçidinin tikintisi” layihəsi üzrə yeraltı piyada keçidinin tikintisində istifadə olunacaq tikinti materiallarının laboratoriya şəraitində sınağının aparılmasını tapşırır, «İcraçı» isə həmin işlərin yerinə yetirilməsini öz öhdəsinə götürür.

2. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən «Sifarişçi» görülən işlərin müqabilində «İcraçı»ya «08» avqust 2024-cü il tarixli «smeta» sənədi və * saylı X5 əsasında (əlavə olunur) razılaşdırılmış (ƏDV-18% lə birlikdə) - 10384,00AZN (On min üç yüz səksən dörd manat, 00 qəpik) məbləğində ödənişi həyata keçirir.

3. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən «Sifarişçi» görüləcək sınaq işlərinə görə «İcraçı»nın hesabına ümumi məbləğin 30%-ni avans şəklində əvvəlcədən ödəyir. Ödənilən avansın həcmində işlər «İcarçı» tərəfindən yerinə yetirildikdən sonra «Sifarişçi» onları təhvil-qəbul aktı ilə qəbul edir.

4. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə qiymətinin qalan hissəsinin (70%i) ödənişi görülmüş işlərin həcmindən asılı olaraq ayrı-ayrılıqda təqdim edilmiş təhvil-qəbul aktına və hesab-fakturaya uyğun aparılır.

5. ##.##.2024-cü il tarixli, ****/** nömrəli müqaviləyə X5 № *-ə əsasən sınaq işlərinin aparılması üçün ümumi qiymət məbləğ (ƏDV18% ilə birgə) 10384 AZN məbləğində razılaşdırılmışdır.

6. Bakı şəhəri, Abdulla Şaiq küçəsində inşa edilən “Mərkəzi Park ərazisində yeraltı piyada keçidinin tikintisi” layihəsi üzrə istifadə olunan inşaat materiallarının keyfiyyətinin yoxlanılması üçün Smetaya əsasən sınaq işlərinin ümüumi dəyəri ədv daxil 10384 manat məbləğində müəyyən edilmişdir.

7. ##.##.2025-ci il tarixli ***/** nömrəli yoxlama sınaq işlərinin təhvil-qəbulu aktına əsasən 10384 manat məbləğində işlərin görülməsi Cavabdeh MMC tərəfindən qəbul edilmiş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı AR FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.X2- Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış ****/**/yol nömrəli müqavilə üzrə 10384 manat və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 121,15 (Bir yüz iyirmi bir manat 15 qəpik) manat dövlət rüsumunun, ümumilikdə 10505,15 manat ƏDV ilə məbləğin Cavabdeh MMC -nin hesabından tutularaq, S.Ə. X2Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutunun hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S. Ə. X2Tədqiqat və Layihə- 9. Konstruktor İnşaat Materialları İnstitutuna müraciət edilərək Bakı şəhəri, Abdulla Şaiq küçəsində inşa olunacaq “Mərkəzi park ərazisində yeraltı piyada keçidinin tikintisi”ndə istifadə olunan tikinti materiallarının keyfiyyətinin və konstruktiv elementlərin sınaq işləri aparılmışdır. Həmin müraciət əsasında ****/**/Yol/ nömrəli ##.##.2024-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, İnstitut tərəfindən öhdəliklər tam yerinə yetirilərək istifadə edilən inşaat materiallarının keyfiyyətinin sınaq işləri aparılmışdır. Sınaq işlərinin aparılması ilə əlaqədar müqavilə dəyəri 10384,00 (On min üç yüz səksən dörd manat 00 qəpik) manat olan ****/**/yol nömrəli müqavilə üzrə qalıq məbləğ 10384,00 (On min üç yüz səksən dörd manat 00 qəpik) manat ƏDV ilə bu günədək institutun hesabına ödənilməmişdir. Cavabdeh ilə görülmüş işlərin qalıq dəyərinin ödənilməsi barədə uzun müddət aparılan danışıqlar nəticəsiz qalmışdır. Mövcud problem uzun müddətdir ki, davam edir və S. Ə. X2Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu təsərrüfat hesablı müəssisə olduğu üçün debitor borcların yığılması İnstitutun üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsinə səbəb olub ki, bu da müəssisənin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi – onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə uyğun olaraq müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

10. Cavabdehin iddiaya etirazı onunla əsaslandırılmışıdır ki, iddiaçı S.Ə.X2-Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutu cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 1725/24 yol nömrəli, ##.##.2024-cü il tarixli müqavilə üzrə yaranmış 10384,00 manat və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 121,15 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq, S.Ə.X2-Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutunun hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kommersiya işi baxılması üçün Sizin icraatınıza verilmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, iddiaçının iddia ərizəi əsassızdır, iddiaçı görmədiyi işə görə bizdən pul tələb edir, iddiaçı iddiasını təsdiq edən mötəbər sübut məhkəməyə təqdim etməmişdir. İddia ərizəsi əsassızdır, maddi və prosesual normalara uyğun deyildir, iddianın təmin edilməsi üçün iddiasını əsaslandırmamış, mötəbər sübut ərizəsinə əlavə etməmişdir. Belə ki, ilkin olaraq bildiririk ki, iddiaçı ümumiyyətlə iddia ərizəsini əsaslandırmamışdır. Ancaq tərəflər arasında sistem üzərində avtomatik təsdiq edilmiş, lakin icra edilməmiş, ancaq kağız üzərində qalmış müqaviləyə istinad edir. Bildiririk ki, tərəflər arasında müqavilə imzalansa da, lakin sonradan aramızda qiymətlərlə bağlı narazılıq olduğundan, müqavilə icrasız qalmışdır. Belə ki, ilkin olaraq işin halları ilə bağlı diqqətinizə çatdırırıq ki, iddiaçı “S.Ə.X2-Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutu ilə cavabdeh Cavabdeh MMC arasında 1725/24 yol nömrəli, ##.##.2024-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə Bakı şəhəri, Abdulla Şaiq küçəsində inşa olunacaq “Mərkəzi park ərazisində yeraltı piyada keçidinin tikintisində” istifadə olunan tikinti materiallarının keyfiyyətinin və konstruktiv elementlərin sınaq işlərinin aparılması öhdəliyi “S.Ə.X2Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutunun üzərinə qoyulmuşdur. Sınaq işlərinin aparılması ilə əlaqədar müqavilə dəyəri 10384,00 manat müəyyən edilmişdir. Qeyd etdiyimiz kimi tərəflər arasında müqavilə imzalansa da müqavilə kağız üzərində qalmış icra edilməmişdir. İddiaçı iddia ərizsəində vurğulamışdır ki, institut müqavilə üzrə öhdəliyini tam və düzgün şəkildə icra etmiş, inşaat mallarının keyfiyyəti işlərinini yerinə yetirməsinə baxmayaraq, Cavabdeh MMC tərəfindən öhdəliyin icrasına görə heç bir ödəniş edilməmişdir. Lakin göstərilən fakt əsassızdır və heç bir faktiki sübutla əsaslandırılmamışdır. İddia ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmir, iddiaçının iddiasının əsası kimi nə hər hansı təhvil-təslim aktı nə də, işin tam və vaxtında görülməsini təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edtməmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, Elmi- Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutu müqavilə üzrə üzərinə qoyulmuş öhdəliyi iddia ərizəsində qeyd etdiyinin əksinə olaraq tam, düzgün və vaxtında yerinə yetirməmişdir. Qeyd edilən xidmətin nəticələri rəsmi qaydada cavabdehə təqdim edilməmişdir. Hətta bununla bağlı Cavabdeh MMC müəyyən problemlərlə üzləşmək məcburiyyətində qalmışdır. Çünki iddiaçı tərəfindən müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi, yəni inşaat materiallarının keyfiyyətinin vaxtında və tam yoxlanılmaması inşaat işinin icrasının ləngiməsinə səbəb olmuşdur. Yəni iddiaçı müqavilə üzrə icra etməli işləri tam və vaxtında icra etməmiş, işlərim yarımçıq qalmışdır. İşlərinin tam icra etməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Elmi-Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutu iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh ilə görülmüş işlərin qalıq dəyərinin ödənilməsi barədə uzun müddət danışıqlar aparılması nəticəsiz qalmışdır. Yenədə qeyd etmək zəruridir ki, Elmi-Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutu tərəfindən müqavilə üzrə işlər yerinə yetirilməmiş, yarımçıq qalmışdır, bununla bağlı çoxlu narazılıqların yaranmasına, şifahi xəbərdarlıqların edilməsinə baxmayaq görülməli işlərin vəziyyəti yenədə eyni qalmışıdır. Qeyd edilənlər onu göstərir ki belə halların mövcudluğunda Elmi-Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutu tərəfindən “xxxx “ MMC ilə borcun ödənilməsinən dair heç bir danışıq aparıla biləzdi çünki borc o zaman yaranmış hesab olunardı ki, Elmi-Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutu müqavilə üzrə inşaat materiallarını götürmək vəzifəsini yerinə yetirərdi. Elmi-Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutu tərəfindən görülməli işlər yerinə yetirilməyibsə yaranmış borcun ödənilməsi ilə bağlı tələb əsassızıdr.

11. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir.

12. Cavabdeh Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı görmədiyi işə görə bizdən pul tələb edir, iddiaçı iddiasını təsdiq edən mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında müqavilə imzalansa da, lakin sonradan aramızda qiymətlərlə bağlı narazılıq olduğundan, müqavilə icrasız qalmışdır. İddiasının əsası kimi nə hər hansı təhvil-təslim aktı nə də işin tam və vaxtında görülməsini təsdiq edən mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Qeyd edilən xidmətin nəticələri rəsmi qaydada cavabdehə təqdim edilməmişdir. iddiaçı tərəfindənmüqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi, yəni inşaat materiallarının keyfiyyətinin vaxtında və tam yoxlanılmaması inşaat işinin icrasının ləngiməsinə səbəb olmuşdur. Yəni iddiaçı müqavilə üzrə icra etməli işləri tam və vaxtında icra etməmiş, işlərin yarımçıq qalmışdır. İşlərinin tam icra etməsi ilə bağlıməhkəməyə heç bir sübut təqdim etməmişdir. Müqavilə üzrə işlər yerinə yetirilməmiş, yarımçıq qalmışdır, bununla bağlı çoxlu narazılıqların yaranmasına, şifahi xəbərdarlıqların edilməsinə baxmayaraq görülməli işlərin vəziyyəti yenə də eyni qalmışdır. E-qaimələr, təhvil təslim aktları, üzləşmə aktlar mövcud deyildir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin olunmamasını xahiş etdi.

16. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

20. Maddə 442, 443.1 və 448.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

22. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

23. Maddə 752.1 Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

24. . Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

25. Maddə 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

26. Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilmədirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. . Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında ##.##.2024-cü il tarixli, ****/** nömrəli müqavilə əsasında öhdəlik hüquq münsibətləri yaranmışdır.

36. Apellyator şikayətində iddiaçının işləri tam yerinə yetirmədiyi, təhvil-təslim sənədlərinin və görülmüş işləri təsdiq edən sübutların olmadığını qeyd etsədə, iş materiallarında olan ##.##.2025-ci il tarixli, ***/** nömrəli yoxlama-sınaq işlərinin təhvil-qəbulu aktı həmin arqumentləri təkzib edir. Belə ki, sözügedən aktdan görünür ki, 10.384 manat məbləğində görülmüş işlər Cavabdeh MMC tərəfindən qəbul edilmiş, MMC-nin direktoru İsa Cəfərov tərəfindən imzalanmış və möhürlə təsdiqlənmişdir. Mülki qanunvericiliyin ümumi prinsiplərinə görə, tərəflər arasında imzalanmış təhvilqəbul37.aktı görülmüş işlərin həcmini, nəticəsini və sifarişçi tərəfindən qəbul edilməsini təsdiq edən əsas sübut hesab olunur. Cavabdeh tərəfindən həmin akt etibarsız hesab edilməmiş, saxtalaşdırılması barədə hər hansı tələb irəli sürülməmişdir. Bu baxımdan cavabdehin sonradan işlərin görülmədiyi, yarımçıq qaldığı və ya qəbul edilmədiyi barədə arqumentləri öz imzası və möhürü ilə təsdiqlədiyi sənədin məzmunu ilə ziddiyyət təşkil edir.

38. Bundan əlavə, kollegiya qeyd edir ki, əgər işlərin keyfiyyəti, həcmi və ya icrası ilə bağlı real iradlar mövcud olmuş olsaydı, cavabdeh həmin halları təhvil-qəbul aktında qeyd etməli və ya aktı imzalamaqdan imtina etməli idi. Lakin cavabdeh görülmüş işləri qəbul etmiş, bununla da işlərin müəyyən həcmdə və nəticə etibarilə icra olunduğunu təsdiqləmişdir. Sonradan yalnız ödənişdən yayınmaq məqsədilə işlərin ümumiyyətlə görülmədiyini iddia etmək vicdanlı davranış prinsipinə uyğun deyildir.

39. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlosakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”

40. Məhkəmə kollegiyası qeyd edir ki, birnici instasniya məhkəməsində icraat zamanı, həmçinin apellyasiya icraatı zamanı cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – yalnız iddia tələbinə etirazın təqdim edilməklə kifayətlənməsi, etirazında və apellyasiya şikayətində qeyd etdiyi hallara dair hər hansı sübut əlavə etməməsi iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

41. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

42. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

43. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

44. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar