Məhkəmə qərarları › İş №e-2-2(3-6)-489/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-489/2026

12.05.2026 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-489/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı-nin Cavabdeh MMC-nə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: iş üzrə icraata xitam verilməsi, işə məhkəmədə baxılmalı olmaması, xarici hüquqi şəxsin iştirakı ilə icraat) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X2 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, İddiaçı-nin Cavabdeh MMC-nə qarşı “məlumatın vergi orqanına verilməsi, Cavabdeh MMCnin yenidən uçota alınması üçün müvafiq qərarların qəbul edilməsi və həmin qərarların vergi orqanına təqdim olunması öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması, qeydiyyatın və qərarların etibarsız hesab edilməsi” tələblərinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. İddiaçı ilə Tam Xarici İnvestisiyalı Cavabdeh MMC 2007-ci ildə İran İslam Respublikasında 100 səhmdən ibarət “X4” QSC-ni təsis etmişlər.

2. İddiaçı (iddiaçı) Cavabdeh MMC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ##.##.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmış tam xarici investisiyalı Cavabdeh MMC-nin təsisçisi tam xarici investor olan Rusiya Federasiyasının İnquşetiya Respublikasında **** saylı qeydiyyat nömrəsi ilə ##.##.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmış QSC “X1 ve Tic İnc” (ZAO "RABO CUVAL SAN. VE TIC." INC. 106**********) olmuş, Cavabdeh MMC ##.##.2001-ci il tarixdə tam xarici investisiyalı hüquqi şəxs kimi dövlət qeydiyyatına alındığı dövrdə təsisçi kimi göstərilən ZAO “X1 VE TIC INC” (RF qeydiyyat №: 106**********) ##.##.2006-cı il tarixdə Rusiya Federasiyasının vergi orqanı tərəfindən ləğv edilməsi nəzərə alınaraq təsisi və fəaliyyəti tam etibarsız olmuşdur. Azərbaycan Respublikasında Nizamnamə əsasında fəaliyyət göstərən Cavabdeh MMC ##.##.2007-ci il tarixində MMC-nin qərarı ilə İİR vətəndaşları ilə birgə İran İslam Respublikasında ünvanı İran İslam Respublikası, Təbriz şəhəri, Kağızsatanlar bazarı 99, təsis payı yüz səhmdən ibarət olan Qapalı tipli Səhmdar Cəmiyyətin yaradılması, cəmi 100 səhmdən ibarət olan və həmin səhmlərin 50 ədədinə sahibllik hüququ Cavabdeh MMC-yə məxsus olmaqla, (100 səhmin) 46 ədədi X8 və (100 səhmin) 4 ədədi X7 məxsus “X4” QSC-nin təsis edilməsi barədə qərar qəbul edilmişdir. QSC ##.##.2007-ci il tarixdə 21974 nömrə ilə İran İslam Respublikasında qeydiyyatdan keçmişdir. Buna baxmayaraq, həmin ləğv edilmiş hüquqi şəxs adından ##.##.2007-ci il tarixdə Cavabdeh MMC tərəfindən İran İslam Respublikasında 100 səhmdən ibarət “X4” QSC-nin yaradılmasına dair qərar qəbul edilmişdir. Təsis paylarının bölgüsü aşağıdakı kimidir: “xxxx” LTD MMC - 50 səhmdə, X6 (İddiaçı) - 46 səhm, X7 - 4 səhm. Bu təsisçilik özü də hüquqi əsasdan məhrumdur, çünki Cavabdeh MMC-nin təsisçisi 2006-cı ildə hüquqi şəxs statusunu itirdikdən sonra hüquqi şəxs yaratmışdır. Azərbaycan Respublikasında Nizamnamə əsasında fəaliyyət göstərən Cavabdeh MMC-nin təsisçisi ZAO “RABO CUVAL SAN. VE TIC." INC. 106**********- faəliyyət göstərmədiyi üçün ##.##.2006-cı il tarixdə yerli vergi xidmətinin *** saylı məcburi ləğv, qeydiyyatın ləğvi barədə qərarı əsasında fəaliyyətnə xitam verilməklə hüquqi şəxsin qeydiyyatı ləğv edilmişdir. Bundan əlavə, Cavabdeh MMC 2019-cu ildən başlayaraq qeyri-qanuni yollarla əvvəl “xxxx” MMCyə, sonra "xxxx” MMC-yə ötürülmüşdür. Bu dəyişikliklər notarial və qanunla tələb olunan qaydada təsdiqlənməmişdir. 2019-cu ildə qeyri müəyyən şəkildə hüquqi əsası olmadan və ya bu əsasa hüquqi cəhətdən icazə verilməyən sənədlər əsasında Cavabdeh MMC-nin təsisçiliyi “Pera İndustries” MMC-yə (vöen 1603329871) keçir həmçinin təsis payı azalır. Daha sonra “Pera İndustries” MMC nizamnamə kapitalında və təsisçilərin sayında dəyişiklik edərək 18 592 manatlıq 4 paydan ibarət hissənin bir payını “xxxx” MMC-yə (vöen 1000036541) satır. Yenidən həmin dövrdə “Pera İndustries” MMC təsisçi kimi Cəmiyyətin nizamnamə kapitalı azaldılaraq təsisçilikdən kənarlaşır. Cəmiyyətin təsisçisi “xxxx” MMC-yə qalır. Qeyd edək ki, Cavabdeh MMCnin bir sıra törəmə müəsissələrin həmtəsisçisi və təsçisidir, o cümlədən X8 və X7 məxsus “X4” QSC-nin həm təsisçisidir. Həmtəsisçilərə indi məlum olmuşdur ki, qeyri müəyyən şəraitdə, hüquq verən sənəd və səlahiyyətlər olmadan sahibkarlıq fəaliyyəti ilə məşqul olan tərəfdaşlıq və öz ölkəsində, həmçinin beynəlxalq səviyyədə tanınan və bu günədək şəffaf fəaliyyət göstərən “X4” QSC-nin həm indiki fəaliyyətinə mane ola bilər və tərfdaşları arasında etibarsızlığıa və maliyyə itkilərinə səbəb olacaq halların qarşısını almaq məqsədilə ##.##.2007 tarixli “X4” QSC-nin təsis edilməsi barədə qərar etibarsız olduğu halda, yəni "RABO CUVAL SAN. VE TIC." INC hüquqi cəhətdən mövcud olmadığı dövrdə “Tam xarici investisiyalı Cavabdeh MMC”nin təsis edilməsinin hüquqi əsası olmadığı üçün onun fəaliyyəti və qəbul etdiyi qərarlar etibarsızdır. Bu səbədən hüquqi əsas olmadan təsis edilmiş Cavabdeh MMC (vöen 10200299372) ##.##.2007-ci il tarixində MMC-nin qərarı ilə İİR vətəndaşları ilə birgə İran İslam Respublikasında ünvanı İran İslam Respublikası, Təbriz şəhəri, Kağızsatanlar bazarı 99-da yerləşən təsis payı yüz səhmdən ibarət olan QSC-nin yaradılması, cəmi 100 səhmdən ibarət olan və həmin səhmlərin 50 ədədinə sahibllik hüququ Cavabdeh MMC-yə məxsus olmaqla, (100 səhmin) 46 ədədi X8 və (100 səhmin) 4 ədədi X7 məxsus "X4” QSC-nin təsis edilməsi barədə qərar etibarsız hesab edilməli, ##.##.2007ci il tarixdə 21974 nömrə ilə İran İslam Respublikasında qeydiyyatdan keçmiş "X4” QSC-dəki payı ləğv edilərək müəsissənin təsisçiliyindən çıxmalıdır.

4. Cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmiş, etirazını aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “... İddiaçı Bakı İnzibati məhkəməsinə də eyni məzmunlu iddia ilə və eyni sənədlərlə müraciət etmiş, Cavabdeh MMC-nin ləğv edilməsi işinə baxılmış, Bakı İnzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı məhkəmənin qərardadından apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışıdr. MM-nin 59.2-ci maddəsinə görə, hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər: 59.2.1. onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq; 59.2.2. hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda. Biz şirkət olaraq heç bir ləğv etmə komissiyası təşkil etməmişik və bu hüququ heç kimə vermirik. Hal-hazırda da iddiaçının eyni iddia tələbi ilə məhkəməyə müraciət etməsi qanunvericiliyin, mülki prosesual qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh MMC yaradılarkən tam qanunvericiliyin tələblərinə uyğun olaraq yaradılmış, fəaliyyət göstərmiş vergi ödəyicisidir və qarşı tərəfin cəmiyyətə qarşı qaldırdığı iddianın heç bir əsası yoxdur. Subyektiv hüquqa malik deyildir. Əsas məqamlardan biri odur ki, iddia ərizəsində qeyd edilən paly bölgüsü barədə informasiya bugünkü günü əks etdirmir. İran İslam Respublikasında uzun müddətdir ki, təsisçilər arasında məhkəmə çəkişmələri olub, bütün bu iddia edilən məsələrlə də daxil məhkəmə işləri olmuş, qanunsuz və səlahiyyətlərindən sui-istifadəyə görə Jafar və Jalil qardaşları məsuliyyətə cəlb olunublar. “X3” şirkətinin hissələri Cavabdeh MMC-yə ötürülüb, 88% “X3” şirkətində paya malik Cavabdeh MMC-dir. Lakin bu günə kimi bununla razılaşmırlar. Azərbaycanda səlahiyyətləri olmayan məsələlərə müdaxilə edirlər. Azərbaycan Respublikasında olan məhkəmələr, yəni ##.##.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya məhkəməsi də bu işlə bağlı öz mövqeyini bildirmişdir.

Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə aktı

5. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, ##.##.2025-ci il tarixli qərardadı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, ##.##.2026-cı il tarixli qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və “X3” QSC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb olunmuşlar.

6. İddiaçının nümayəndəsi ##.##.2026-cı il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etmiş, 1) ZAO "X1 VE TIC INC” (RF qeydiyyat №: 106**********) şirkətinin ## ##### 2006-cı il tarixdə Rusiya Federasiyasının vergi orqanı tərəfindən ləğv edilməsi barədə məlumatın vergi orqanına verilməsi və "xxxx” MMC-nin (Tam Xarici İnvestisiyalı "xxxx” MMC) yenidən uçota alınması üçün müvafiq qərarların qəbul edilməsi və həmin qərarların vergi orqanına təqdim edilməsi öhdəliyinin "xxxx” MMC-nin üzərinə qoyulması, "xxxx” MMC-nin ## ##### 2006ci il tarixdən ## ######## 2018-ci il tarixədək İran islam Respublikasında fəaliyyət göstərən "X4” QSC barədə qəbul etdiyi bütün qərarların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçının nümayəndəsi ##.##.2026-cı il tarixdə iddia tələbini növbəti dəfə dəqiqləşdirmiş, ZAO "X1 VE TIC INC” şirkətinin ## ##### 2006-cı il tarixdə Rusiya Federasiyasının vergi orqanı tərəfindən ləğv edilməsi barədə məlumatın vergi orqanına verilməsi və "xxxx” MMC-nin (Tam Xarici İnvestisiyalı "xxxx” MMC) yenidən uçota alınması üçün müvafiq qərarların qəbul edilməsi və həmin qərarların vergi orqanına təqdim edilməsi öhdəliyinin "xxxx” MMC-nin üzərinə qoyulması, “X4” Qapalı Səhmdar Cəmiyyətinin təsis edilməsi üçün əsas olmuş X10 və Sənayə Mülkiyyəti Baş İdarəsinin Qapalı Səhmdar Cəmiyyətlərinin Qeydiyyatına dair ****** nömrəli, A/84 seriya nömrəli Bəyannamənin "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid olan hissəsinin etibarsız hesab edilməsi, Cavabdeh MMC-nin ## ##### 2006-ci il tarixdən ## ######## 2018-ci il tarixədək İran İslam Respublikasında fəaliyyət göstərən “X4” QSC barədə qəbul etdiyi bütün qərarların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbləri üzrə icraata xitam verilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı-yə geri qaytarılması qərara alınmışdır.

9. Məhkəmə, gəldiyi nəticəni Mülki Məcəllənin 8.1-ci, 9.1-ci, “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 12-ci, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 2-ci, Mülki Prosessual Məcəllənin 1-ci, 2.1-ci, 3.2-ci, 3.3-cü, 4.1-ci, 261.0.1-ci, 262.1-ci, 444.0.2-ci maddələrinə istinadla aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

İddia ərizəsi 3 hissədən ibarətdir: 1. ZAO “X1 VE TIC INC” (RF qeydiyyat №: 106**********) şirkətinin ## ##### 2006-cı il tarixdə Rusiya Federasiyasının vergi orqanı tərəfindən ləğv edilməsi barədə məlumatın vergi orqanına verilməsi və “xxxx" MMC-nin (Tam Xarici İnvestisiyalı Cavabdeh MMC) yenidən uçota alınması üçün müvafiq qərarların qəbul edilməsi və həmin qərarların vergi orqanına təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması; 2. “X4" Qapalı Səhmdar Cəmiyyətinin təsis edilməsi üçün əsas olmuş X10 və Sənaye Mülkiyyəti Baş İdarəsinin Qapalı Səhmdar Cəmiyyətlərinin Qeydiyyatına dair ****** nömrəli, A/84 seriya nömrəli Bəyannamənin cavabdehə aid olan hissəsi etibarsız hesab edilməsi; Cavabdehin ## ##### 2006-ci il tarixdən ## ######## 2018-ci il tarixədək İran İslam Respublikasında fəaliyyət göstərən "X4” QSC barədə qəbul etdiyi bütün qərarların etibarsız hesab edilməsi.

Məhkəmə birinci tələbə münasibətdə hesab edir ki, həmin iddia tələbinə məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyildir.

Belə ki, qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının məqsədi və ya vəzifəsi hər bir fiziki və yaxud hüquqi şəxsin hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması, qorunması, təmin olunmasıdır. Yəni, məhkəmə qaydasında istənilən məsələ deyil, yalnız hüququ pozulmuş şəxs üçün hər hansı hüquqi nəticə yaradan hallar məhkəmə qaydasında mübahisələndirilə bilər. ZAO “X1 VE TIC INC” (RF qeydiyyat №: 106**********) şirkətinin ## ##### 2006-cı il tarixdə Rusiya Federasiyasının vergi orqanı tərəfindən ləğv edilməsi barədə məlumatın vergi orqanına verilməsi və cavabdehin yenidən uçota alınması üçün müvafiq qərarların qəbul edilməsi və həmin qərarların vergi orqanına təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinin ayrıca iddia tələbi kimi irəli sürülməsi mümkün deyildir, habelə bu, ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz.

Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və ya yaxud təsdiqi üçün verilmiş olsun. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun.

Məhkəmə ikinci və üçüncü tələblərə münasibətdə hesab edir ki, həmin iddia tələblərinə Azərbaycan Respublikası məhkəmələrinin baxmağa səlahiyyətli yoxdur.

İddiaçı hazırda "X4” Qapalı Səhmdar Cəmiyyətinin qeydiyyatının qismən - cavabdehə aid hissədə etibarsız hesab edilməsini və həmin hüquqi şəxsin qərarlarının etibarsız hesab edilməsini xahiş edir.

İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş X10 və Sənaye Mülkiyyəti Baş İdarəsinin Qapalı Səhmdar Cəmiyyətlərinin Qeydiyyatına dair ****** nömrəli, A/84 seriya nömrəli Bəyannamədən görünür ki, "X4” Qapalı Səhmdar Cəmiyyəti ##.##.2007-ci ildə İran İslam Respublikasında təsis edilməklə həmin ölkədə qeydə alınmış hüquqi şəxsdir. Həmin hüquqi şəxsin hüquqi ünvanı İran İslam Respublikası, Təbriz şəhəri, Kağız satanlar Bazarı, 99-cu evdir. Həmin hüquqi şəxsin Azərbaycan Respiblikasında filialı və ya nümayəndəliyi mövcud deyildir.

Göründüyü kimi, adıçəkilən həmin hüquqi şəxsin qeydiyyatının mübahisələndirilməsi, həmin hüquqi şəxs tərəfindən qəbul edilmiş qərarların etibarlılığının yoxlanılması barədə mübahisələrə baxılması Azərbaycan Respublikasının məhkəmələrinin səlahiyyətinə aid deyildir.

Həmin tələblərə Azərbaycan Respublikasının məhkəmələri baxmaqda haqlı olmadıqları üçün həmin hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya həmin tələblərlə bağlı İran İslam Respublikasının aidiyyəti məhkəmələrinə müraciət etmək hüququ izah edilməlidir.

10. Həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət də məhkəmənin ## ##### 2026-cı il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

11. Şikayət iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, “məhkəmə # ##### 2026-cı il tarixdə 4-cü baxış iclasında heç bir hüquqi əsas olmadan kommersiya icraatına xitam verilməsi barədə qərardad qəbul etmişdir. Qərardad əsassızdır, bütün iddia tələbləri üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, kommersiya işi üzrə tələblər cavabdehin qeydiyyatda olduğu ölkə üzrə verilir. Mülki-Prosessual Məcəllənin 28-ci maddəsi əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. "Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının qanununun 12-ci maddəsinə əsasən hüquqi şəxsin təsis edildiyi ölkənin hüququ onun istinad etdiyi qanun hesab olunur. İddiaçı İran İslam Respublikasında qeydiyyatdadır və İran İslam Respublikasının Mülki-Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən (Qanun-e Ayin-Dadrasi Madani) iddia ərizəsi cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəməyə verilir. Cari kommersiya işi üzrə birinci iddia tələbinin hüquqi mahiyyəti cavabdehin üzərinə öhdəliyin qoyulmasından ibarətdir və həmin tələbin hüquqi əsasını AR Mülki Məcəlləsinin 336-cı maddəsi və Vergilər Məcəlləsinin 34.4-cü maddəsi təşkil edir. İkinci və üçüncü tələb üzrə mübahisələndiirlən aktın tərəfi "xxxx” MMC olduğundan, iş Bakı Kommersiya Məhkəməsinə verilməlidir. Həmin tələblərin hüquqi əsaslarını AR Mülki Məcəlləsinin 337 və 350-ci maddələri təşkil edir. İş üzrə məhkəmə aidiyyətini müəyyən edilməsi (1-3 prosessual aiddiyyət, 4-8 mahiyyəti üzrə hüquq normalarının cəmi) üçün hüquqi əlaqənin mövcud olmasının əsasları: 1) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26 və 28-ci maddələri 2) ## ###### 2023-cü il tarixli “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı 3) İran İslam Respublikasının Mülki- Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən (Qanun-e Ayin- DadrasiMadani) - Azərbaycan Respublikasının “Beynəlxalq xüsusi hüquq haqqında” qanununun 12-ci maddəsi əsasında iddiaçının hüququ yaranır. 4) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2008ci il tarixli qərarı - İddiaçının cavabdehə qarçı irəli sürülən tələblər barəsində subyektiv hüququ olmasına dair 5) Azərbaycan Respublikası “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 12.8.1-ci maddəsi 6) İran İslam Respublikasının Qanuni Mədəninin 588.2-ci maddəsi 7) AR Mülki Məcəllənin 336 və 350-cı maddələri 8) Vergilər Məcəlləsinin 34.4-cü maddəsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2008-ci il tarixli qərarına əsasən, hüquq münasibətlərinin subyektinin hərəkət və ya hərəkətsizliyi 3-cü şəxslərin hüquqlarına təsir göstərmə ehtimalı olduğda 3-cü şəxslərin həmin hüquq münasibətlərinin subyektindən müvafiq hərəkətləri və ya hərəkətsizliyi tələb etmək hüququ yaranır (subyektiv iddiaçı və ya cavabdeh olma hüququ). E-*-*(***)-****/**** nömrəli kommersiya işi üzrə “xxxx” QSC ilə Tam Xarici İnvestisiyalı "xxxx” MMC İran İslam Respublikasına 100 səhmdən ibarət "X4” QSC təsis etmişdirlər və bunun nəticəsində tərəflər arasında korporativ hüquq münasibətləri yaranmışdır. 2001-ci il tarixdə yaradılmış Tam Xarici İnvestisiyalı “xxxx” MMC-nin yeganə təsiscisi Rusiya Federasiyasına qeydiyatdan keçən "X1 ve Ticİnc” QSC olmuşdur, həmin şirkət 2006-ci il tarixdə ləğv edilmiş və həmin şirkət yeganə təsisçinin ləğvi barədə qeydiyyatın aparılması üçün Dövlət Vergi xidmətinə 15 gün ərizində yazılı məlumat verməmişdir. Bundan sonra heç bir hüququ əsas olmadan Tam Xarici İnvestisiyalı Cavabdeh MMC 2018-ci il tarixdə təşkilatı hüquqi formasını dəyişdirmiş və "xxxx” MMC olaraq qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 59.2.2-ci maddəsinə əsasən, hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 12.8.1-ci maddəsinə əsasən xarici hüquqi şəxslərin ləğvi məhkəmə qaydasında aparılmasını ehtiva edir. “Beynəlxalq xüsusi hüquq haqqında” qanunun 12-ci maddəsinə əsasən, hüquqi şəxsin təsis edildiyi ölkənin hüququ onun istinad etdiyi qanun hesab olunur. "xxxx” QSC İran İslam Respublikasında təsis edilmişdir və bununlada iddiaçının sözgedən kommersiya işi üzrə İran İslam Respublikasının qanunvericilik normalarına istinad etmək hüququ mövcuddur və həmin maddi normalar məhkəmə tərəfindən tətbiq edilməlidir. İran İslam Respublikasının Qanuni Mədəninin (Mülki Məcəllə) 588.2-ci maddəsinə əsasən, hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar İran İslam Respublikasında mövcud olan hüquqi şəxsin təsiscisi hüquqi qabiliyyəti mövcud deyildir (müvafiq hərəkətlər etməyi qadağan edilmişdir). Hesab edirik ki, İran İslam Respublikasının Qanuni Mədəninin (Mülki Məcəllə) 588.2-ci maddəsinin tələbi ilə iddiaçı "xxxx” QSC korporativ hüquqları bərpa edilməz şəkildə pozulur və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2008-ci il tarixli qərarına əsasən "xxxx” QSC-nin sözügedən kommersiya işi üzrə iddiaçı qismində subyektiv hüququ mövcudur. İran İslam Respublikasında qüvvədə olan Qanuni Mədəninin (Mülki Məcəllə) 588.2-ci maddəsinə əsasən hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar İran İslam Respublikasında mövcud olan hüquqi şəxsin təsiscisi hüquqi qabiliyyəti mövcud deyildir (müvafiq hərəkətlər etməyi qadağan edilmişdir) və “Beynəlxalq xüsusi hüquq haqqında” qanunun 12-ci maddəsinə əsasən, ərizəçi həmin hüquq normasına istinad etmək hüququna malikdir və məhkəmə üçün Qanuni Mədəninin (Mülki Məcəllə) 588.2-ci maddəsi iş üzrə tətbiq edilən hüquq normasıdır. Cavabdeh MMC-nin birmənalı olmayan qeydiyyatı “X4” QSC "xxxx” MMC-nin birmənalı olmayan, qanunsuz qeydiyyatı “X4” QSC barəsində İran İslam Respublikasında hüquqi cəzalandırma təbdirlərinin görülməsi üçün əsasdır (Qanuni Mədəninin 588.2-ci maddəsini pozulması) və “X4” QSC-nin bəzi səhmləri ərizəçiyə məxsus olduğundan onun qərarı olmadan İddiaçı barəsində hüquqi cəzalandırma təbdirlərinin görülməsi ilə nəticələnəcəkdir. Cavabdeh MMC-nin qeyri-qanuni hərəkətləri və hərəkətsizliyi (qeydiyyatdan yenidən keçməməklə) nəticəsində qanuni hərəkətlər icra edən İddiaçı-nin kommersiya, mülkiyyət hüquqları bərpa edilməz şəkildə pozulur. Hazırkı işin həcminin iri olmasından istifadə edən cavabdeh şirkət uzun uzun etirazlar yazaraq yalan dolu sənədi məhkəməyə təqdim edir”.

Apellyasiya baxışı

12. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

13. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

14. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

15. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

16. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

17. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

18. Maddə 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.

19. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

20. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

21. Maddə 439.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır.

22. Maddə 439.2. Xarici şəxslər Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri ilə bərabər prosessual hüquqlardan istifadə edir və prosessual vəzifələri daşıyırlar.

23. Maddə 440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.

24. Maddə 440.2. Məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçirilir.

25. Maddə 440.3. Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin prosessual hüquqları üzrə xüsusi məhdudiyyətlərə yol verən dövlətlərdən olan xarici şəxslərə münasibətdə Azərbaycan Respublikası tərəfindən cavab məhdudiyyətləri müəyyən edilə bilər.

26. Maddə 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.2. xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda.

27. Maddə 444.0. Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə aşağıdakılar daxildir: 444.0.2. hüquqi şəxsin həqiqiliyinin və ya qeyri-həqiqiliyinin tanınması və hüquqi şəxsin buraxılması, yaxud onun qərarlarının ləğv edilməsi iddialarına dair işlər, əgər hüquqi şəxsin Azərbaycan Respublikasında hüquqi ünvanı (olduğu yer) vardırsa.

Məhkəmə kollegiyasının mövqeyi

28. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (§ 15). İddia ərizəsi Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (§ 17). Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (§ 18), əgər iş icraata qəbul edilibsə iş üzrə icraata xitam verir (§ 19).

29. Prosessual qanunvericilik həmçinin təsbit edir ki, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda baxmağa haqlıdır (§ 26), habelə, hüquqi şəxsin həqiqiliyinin və ya qeyri-həqiqiliyinin tanınması və hüquqi şəxsin buraxılması, yaxud onun qərarlarının ləğv edilməsi iddialarına dair işlər, əgər hüquqi şəxsin Azərbaycan Respublikasında hüquqi ünvanı (olduğu yer) vardırsa, Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə daxildir (§ 27).

30. Baxılan iş üzrə yaranmış fikir ayrılığı məhz MPM-nin 261.0.1-ci, 443-cü və 444-cü maddələrinin tətbiqi ilə bağlıdır.

31. Qeyd edilməlidir ki, iş üzrə icraata xitam verilməsi şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, verilmiş iddia üzrə icraata MPM-nin göstərilən maddələri əsasında xitam verilməsi zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olub-olmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia üzrə icraat davam etdirilməlidir.

32. Prosessual qanunvericilik işə məhkəmədə baxılmalı olmadığı zaman iş üzrə icraata xitam verilməli olmasını nəzərdə tutur və kollegiya hesab edir ki, işin məhkəmədə baxılmalı olmaması işin, ümumiyyətlə məhkəməyə aid olmadığını və ya iş məhkəməyə aid olsa da, Azərbaycan Respublikasının məhkəmələrinin səlahiyyətinə aid olmadığını nəzərdə tutur.

33. Bu kontekstdə kollegiya, iddiaçının “X4" Qapalı Səhmdar Cəmiyyətinin təsis edilməsi üçün əsas olmuş X10 və Sənaye Mülkiyyəti Baş İdarəsinin Qapalı Səhmdar Cəmiyyətlərinin Qeydiyyatına dair ****** nömrəli, A/84 seriya nömrəli Bəyannamənin cavabdehə aid olan hissəsinin etibarsız hesab edilməsi” tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir; belə ki, həmin tələb xarici ölkənin hüquqi şəxslərlə bağlı reyestrinin düzgünlüyü barədə olmaqla bu tələbə baxılması Azərbaycan Respublikasının məhkəmələrinin səlahiyyətində deyildir (§ 26, 27).

34. Bununla belə kollegiya, məhkəmənin “ZAO “X1 VE TIC INC” şirkətinin ## ##### 2006cı il tarixdə Rusiya Federasiyasının vergi orqanı tərəfindən ləğv edilməsi barədə məlumatın vergi orqanına verilməsi və "xxxx” MMC-nin (Tam Xarici İnvestisiyalı "xxxx” MMC) yenidən uçota alınması üçün müvafiq qərarların qəbul edilməsi və həmin qərarların vergi orqanına təqdim edilməsi öhdəliyinin "xxxx” MMC-nin üzərinə qoyulması”, habelə “cavabdehin ## ##### 2006-ci il tarixdən ## ######## 2018-ci il tarixədək İran İslam Respublikasında fəaliyyət göstərən “X4” QSC barədə qəbul etdiyi bütün qərarların etibarsız hesab edilməsi” tələbləri üzrə gəldiyi nəticə ilə razılaşmır.

35. Belə ki, əgər Cavabdeh MMC Azərbaycan Respublikasında qeydə alınmış xarici investisiyalı hüquqi şəxs olaraq fəaliyyətini davam etdirirsə, bu halda ona qarşı yönəlmiş tələblərə baxılması Azərbaycan Respublikasının məhkəmələrinin səlahiyyətinə aiddir, eyni zamanda qeyd olunan tələblər “məhkəmə qaydasında baxılmalı olmayan tələblər” kimi də qiymətləndirilə bilməz.

36. Başqa sözlə kollegiyanın qənaətinə görə, məhkəmə sözügedən tələblər üzrə icraata müvafiq əsaslandırma ilə xitam verməkdə haqlı olmamışdır - buna görə də qeyd olunan hissədə qərardad ləğv olunmalı, həmin tələblərə mahiyyəti üzrə baxılmasının mümkünlüyü məsələsi yenidən müzakirə edilməlidir. Kollegiya onu da vurğulamağı zəruri hesab edir ki, əgər “cavabdehin ## ##### 2006ci il tarixdən

37. ## ######## 2018-ci il tarixədək İran İslam Respublikasında fəaliyyət göstərən “X4” QSC barədə qəbul etdiyi bütün qərarların etibarsız hesab edilməsi” tələbinə mahiyyəti üzrə baxılması mümkün hesab olunarsa, bu tələb üzrə qəbul olunacaq məhkəmə aktının xarici ölkənin hüquqi şəxsinin fəaliyyətinə təsir göstərə biləcəyi nəzərə alınmalı, onun məhkəmə icraatı barədə məlumatlandırılması təmin edilməlidir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ## ##### 2026-cı il tarixli qərardadı, iddiaçının “ZAO “X1 VE TIC INC” şirkətinin ## ##### 2006-cı il tarixdə Rusiya Federasiyasının vergi orqanı tərəfindən ləğv edilməsi barədə məlumatın vergi orqanına verilməsi və Cavabdeh MMC-nin (Tam Xarici İnvestisiyalı Cavabdeh MMC) yenidən uçota alınması üçün müvafiq qərarların qəbul edilməsi və həmin qərarların vergi orqanına təqdim edilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması”, habelə “cavabdehin ## ##### 2006-ci il tarixdən ## ######## 2018-ci il tarixədək İran İslam Respublikasında fəaliyyət göstərən “X4” QSC barədə qəbul etdiyi bütün qərarların etibarsız hesab edilməsi” tələbləri üzrə icraata xitam verilməsi hissələrində ləğv olunsun və iş, sözügedən tələblərə mahiyyəti üzrə baxılmasının mümkünlüyü məsələsinin yenidən müzakirə edilməsi, əgər baxılması mümkündürsə, müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardadın, birinci instansiya məhkəməsinin aktının dəyişdirilmədən saxlanılması ilə bağlı hissəsindən, İddiaçı tərəfindən qərardad ona rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar