Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-530/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: xidmət müqaviləsi, işgüzar adətlər) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehin nümayəndəsi (vəkili) vəkil1 iştirakları ilə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*- *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı: Işin halları
1. Cavabdeh MMC (“sifarişçi”) ilə “xxxx” MMC (“icraçı”) arasında ##.##.2025-ci il tarixli, ****** nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən sifarişçi layihələr üzrə bu maddənin ikinci bəndində qeyd edilən texnikalar ilə zəruri işlərin icrasını sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada zəruri işləri icra etməyi öhdəsinə götürür; 1.2-ci bəndinə əsasən icraçı müvafiq xidməti aşağıdakı cədvəldə qeyd edilən texnikaları icra edir: “Doosan DX260 markalı ekskavator”. Dövlət qeydiyyat nişanı **-AB-***; Qiyməti ƏDVsiz 10000 manat; Ölçü vahidi: aylıq 26 iş günü; “Hidromek 310 LC markalı ekskavator” Dövlət qeydiyyat nişanı **-AB-***; Qiyməti ƏDV-siz 10000 manat; Ölçü vahidi: aylıq 26 iş günü; “XCMG ZL50GN markalı Frontal yükləyici”. Dövlət qeydiyyat nişanı **-AB-***; Qiyməti ƏDVsiz 5500 manat; Ölçü vahidi: aylıq 26 iş günü; 2.1-ci bəndinə əsasən icraçı sifarişçinin sifariş verdiyi texnikanın təyinatına uyğun işləri həyata keçirir; 3.1-ci bəndinə əsasən sifarişçinin göstərilmiş işin dəyərini ödəmək vəzifəsi vardır; 4.1-ci bəndinə əsasən göstərilən işlərin qiyməti müqavilənin 1.2-ci maddəsində göstərilən texnikalar ilə yerinə yetirilən işlərə görə hesablanır; 4.2-ci bəndinə əsasən müvafiq texnikalar ilə işlərin aylıq həcmi sifarişçinin təyin etdiyi sahə rəisi tərəfindən müəyyən olunur və hər ay bitdikdən sonra texnikalar üçün növbəti ayın 15-nə kimi görülmüş işlər barədə üzləşmə aktı tərtib olunur; 4.3-cü bəndinə əsasən ödənişlər müqavilənin 4.1, 4.2, 6.4.1 və 6.4.2-ci maddələri nəzərə alınmaqla üzləşmə aktı əsasında aylıq ödəmələr şəklində həyata keçirilir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. Sifarişçi qismində Cavabdeh MMC ilə icraçı qismində “xxxx” MMC arasında imzalanmış ##.##.2025-ci il tarixli təhvil-təslim aktına əsasən icraçı yuxarıda göstərilən müqavilənin şərtlərinə müvafiq olaraq sifarişçinin xidməti ehtiyacları üçün qeyd edilmiş xüsusi texnikaları təhvil verir, sifarişçi isə həmin xüsusi texnikaları öz xidməti ehtiyacları üçün qəbul edir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. ##.##.2025-ci il tarixli, MT2502 seriyalı, ******** nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 22828,72 manat təşkil edir. Qaimənin əsası kimi ##.##.2025-ci il tarixli, ****** saylı müqavilə qeyd edilmişdir.
4. ##.##.2025-ci il tarixli, MT2502 seriyalı, ******** nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 6235,9 manat təşkil edir. Qaimənin əsası kimi ##.##.2025-ci il tarixli, ****** saylı müqavilə qeyd edilmişdir.
5. “xxxx” ASC tərəfindən tərtib və təsdiq edilmiş ##.##.2025-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən “xxxx” MMC-yə 5000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi MT2502 seriyalı, ******** nömrəli elektron qaimə qeyd edilmişdir.
6. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli köçürmənin aparılması barədə bildirişin məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən “xxxx” MMC-yə 900 manat ƏDV ödənişi edilmişdir. Ödənişin təyinatı kimi MT2502 seriyalı, ******** nömrəli qaimə üzrə qismən ödəniş qeyd edilmişdir.
7. “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış ##.##.2025-ci il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, müqavilə üzrə borcun tam ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (“xxxx” MMC) cavabdeh Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrasının təmin olunaraq 23164,62 manat borc, hüquqi yardım üçün ödənilmiş 1000 manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş 165 manat dövlət rüsumu olmaqla, cəmi 24329,62 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə Cavabdeh MMC arasında ## ###### 2025-ci il tarixində ****** saylı xidmət müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi layihələr üzrə bu maddənin ikinci bəndində qeyd edilən texnikalar ilə zəruri işlərin icrasını sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada zəruri işləri icra etməyi öhdəsinə götürür. Həmçinin müqavilənin 4.4 və 4.5-ci maddələrinə əsasən hazırki müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə həyata keçirilir və hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılır. Qeyd edilən məbləğlər vergi daxil məbləğlərdir. Belə ki, göstərilmiş xidmətlərin haqqının ödənilməsi üçün “xxxx” MMC tərəfindən Cavabdeh MMC-ə görülmüş işlərin dəyərinə uyğun məbləğlərdə qaimələr göndərilmişdir. Müqavilənin 4.3-cü bəndinə əsasən ödənişlər müqavilənin 4.1, 4.2, 6.4.1 və 6.4.2-ci maddələri nəzərə alınmaqla üzləşmə aktı əsasında aylıq ödəmələr şəklində həyata keçirilir. Işin icrası müddətindən asılı olaraq, aylıq ödəmə qeyd edilən məbləğdən artıq və ya əskik ola bilər. Müqavilənin tələblərinə əsasən sifarişçi Cavabdeh MMC tərəfindən xidmət ehtiyacları üçün nəzərdə tutulmuş xüsusi texnikalar təhvil-təslim aktı əsasında qəbul edilmiş və sifarişçi icraçı “xxxx" MMC-yə texnikanın dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Belə ki, göstərilmiş xidmətlərin haqqının ödənilməsi üçün “xxxx" MMC tərəfindən “xxxx" MMC-yə ##.##.2025-cü il tarixində MT************ nömrəli 22828,72 manat (iyirmi iki min səkkiz yüz iyirmi səkkiz manat yetmiş iki qəpik), ##.##.2025-ci il tarixində MT************ nömrəli 6235,90 manat (altı min iki yüz otuz beş manat doxsan qəpik) məbləğlərində qaimələr göndərilmişdir. Cavabdeh MMC-nin qeyd edilmiş qaimələr üzrə ümumilikdə 29064,62 manat (iyirmi doqquz min altmış dörd manat altmış iki qəpik) borcu yaranmışdır. Cavabdeh MMC tərəfindən ##.##.2025-ci il tarixdə ümumi borc məbləğindən 5900 manat (beş min doqquz manat) ödənilmişdir. “xxxx" MMC tərəfindən müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklər tam yerinə yetirilərək xidmətlər icra edilsə də, sifarişçi tərəf Cavabdeh MMC öz öhdəliklərini tam şəkildə yerinə yetirməmiş və bu səbəbdən "xxxx" MMC qarşısında ƏDV daxil olmaqla, ümumilikdə 23164,62 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Bu barədə cavabdeh Cavabdeh MMC-yə dəfələrlə şifahi və yazılı formada xəbərdarlıq edilmiş, müqavilə üzrə olan ödənişlərin edilməsi xahiş edilmişdir. Belə ki, sonuncu dəfə ## ###### 2025-ci il tarixdə pretenziya məktubu ilə cavabdehə müraciət edərək, borcun ödənilməsi tələb edilmiş, lakin həmin pretenziya məktubu cavabdehə təqdim edilsə də, heç bir məbləğ ödənilməmişdir.
10. Cavabdeh tərəfindən iddiaya yazılı izahat daxil olmuşdur. Izahatda qeyd edilmişdir ki, iddiaçının iddianın əsası kimi məhkəməyə təqdim etmiş olduğu yeganə sənəd özü tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrdir. Iş matriallarında iddia tələbi həcmində xidmətlərin göstərilməsini təsdiq edən heç bir sübut mövcüd deyil. Tərəflər arasında bağlanmış müqavilənin 4-cü bəndində işlərin qiyməti hesablaşma qaydası və işlərin təhvil verilmə qaydası müəyyən edilib. Belə ki, müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən işlərin qiyməti müqavilənin 1.2-ci maddəsində göstərilən texnikalar ilə yerinə yetirilən işlərə görə hesablanır. Müqavilənin bu bəndinin tələbindən aydın olur ki, tərəflər göstərilən xidmətlər üçün aylıq qiymət müəyyən etməyiblər. Tərəflərin razılaşmasına görə işlərin (xidmətlərin) dəyəri texnikaların ay ərzində görmüş olduğu günlər əsasında müəyyən ediləcəkdir. Müqavilənin 4.2-ci bəndinə əsasən müvafiq texnikalar ilə işlərin aylıq həcmi sifarişçinin təyin etdiyi sahə rəisi tərəfindən müəyyən olunur və hər ay bitdikdən sonra texnikalar üçün növbəti ayın 15-nə kimi görülmüş işlər barədə üzləşmə aktı tərtib olunur. Müqavilənin 4.3-cü bəndinə əsasən ödənişlər müqavilənin 4.1, 4.2, 6.4.1 və 6.4.2-ci maddələri nəzərə alınmaqla üzləşmə aktı əsasında aylıq ödəmələr şəklində həyata keçirilir. Müqavilənin 4.2 və 4.3-cü bəndlərindən görünür ki, işin həcmi sifarişçi tərəfindən müəyyən edilir və tərəflər arasında tərtib olunmuş üzləşmə aktı ilə təsdiq edilir. Lakin iddiaçı tərəfindən xidmətlərin yerinə yetirilməsini təsdiq edən heç bir akt (mötəbər sübut) məhkəməyə təqdim edilməyib. Iddiaçı yalnız sifariş etmiş olduğu işin dəyərini ödəyib. Həmçinin qeyd edək ki, iddianın yeganə əsası kimi məhkəməyə təqdim edilmiş elektron qaimələrdə cavabdeh tərəfindən də təsdiq olunmayıbdır. Ilkin uçot sənədi olan elektron qaimə fakturaların kommersiya mübahisələrinin həlli zamanı sübut əhəmiyyəti ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il ## ##### tarixli Qərarında göstərilmişdir ki, ... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış 2 və ya mübahisələndirilməmiş elektron vergi hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir Göründüyü kimi, elektron qaimə-faktura elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir və öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir.
11. Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
12. Cavabdehin nümayəndəsi və vəkili vəkil1 məhkəmə iclasında etiraz ərizəsinə uyğun izahat verərək və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdehdən 23164,62 manat (iyirmi üç min yüz altmış dörd manat altmış iki qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 159,50 manat (yüz əlli doqquz manat əlli qəpik) olmaqla, ümumilikdə 23324,12 manat (iyirmi üç min üç yüz iyirmi dörd manat on iki qəpik) məbləğində pul vəsaitinin iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Işin faktiki hallarından göründüyü kimi, tərəflər arasında ##.##.2025-ci il tarixli, ****** nömrəli podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqaviləyə əsasən sifarişçi layihələr üzrə bu maddənin ikinci bəndində qeyd edilən texnikalar ilə zəruri işlərin icrasını sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada zəruri işləri icra etməyi öhdəsinə götürür. Iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş, müqavilədə razılaşdırılmış işlər cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən isə müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirilmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır.
15. Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının həmin öhdəliyin icra olunmasını, görülmüş işlərin haqqının ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia qeyd edilən hissədə təmin edilməli və cavabdeh Cavabdeh 23164,62 manat (iyirmi üç min yüz altmış dörd manat altmış iki qəpik) borc tutularaq iddiaçıya ödənilməlidir. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Belə ki, iddiaçı tərəfindən iş materiallarına 2 elektron qaimə əlavə edilmişdir. Həmin qaimələrə əsasən müəyyən olunur ki, “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 29064,62 manat (22828,72+6235,9) olan işlər görülmüşdür. “xxxx” ASC tərəfindən tərtib və təsdiq edilmiş ödəniş tapşırıqlarına əsasən Cavabdeh MMC tərəfindən “xxxx” MMC-yə ümumilikdə 5900 manat (5000 manat +900 manat ƏDV) ödəniş edilmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan məbləğ 29064,62-5900=23164,62 manat təşkil edəcəkdir. Eyni zamanda məhkəmə cavabdehin etirazını əsassız saymışdır. Belə ki, müəyyən olunmuşdur ki, tərəflər heç də müqavilə şərtlərinə uyğun hərəkət etməmişlər (işlər görülüb, təhvil verilsə də, üzləşmə aktı tərtib olunmamışdır və s.). Cavabdeh ümumi dəyəri 22828,72 manat təşkil edən ##.##.2025-ci il tarixli, MT2502 seriyalı, ******** nömrəli elektron qaimə üzrə qismən, 5900 manat məbləğində ödəniş etmiş, göndərilən qaimələrlə bağlı iddiaşıya heç bir etirazı olmamış, qaimələr geri qaytarılmamış, düzəlişə göndərilməmişdir və s.. Cavabdehin ödənişini etdiyi 5900 manat dəyərində işlə bağlı da hər hansı akt tərtib olunmamışdır. Ona görə də cavabdehin etirazı əsaslı sayıla bilməz.
16. Məhkəmə hesab etmişdir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq dövlət rüsumuna görə 159,50 manat (yüz əlli doqquz manat əlli qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
17. Hüquqi yardımın göstərilməsi ilə əlaqədar çəkilmiş xərcə münasibətdə məhkəmə hesab etmişdir ki, həmin ödənişin edildiyini təsdiq edən sənəd (qəbz, ödəniş tapşırığı və s.) iş materiallarına əlavə edilmədiyindən tələb həmin hissədə təmin edilməməlidir.
18. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 425.1, 442, 448.1, 752.1, 753.1-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
19. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Iddiaçının yeganə əsası məhkəməyə təqdim etdiyi özü tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrdir. Iş materiallarında iddia tələbi həcmində xidmətlərin göstərilməsini təsdiq edən heç bir sübut mövcud deyil. Elektron qaimə yalnız vergi uçotu sənədidir, heç bir halda xidmətlərin faktiki icrasını təsdiqləmir. Məhkəmənin elektron qaiməyə həddindən artıq hüquqi qüvvə verərək malların təhvil verilməsini məhz elektron qaimə ilə təsdiqləndiyini bildirməsi qaydaların məqsədinə ziddir. Ümumiyyətlə iş materialları arasında işin görülməsi ilə bağlı sübut mövcud deyil. Cavabdehin ##.##.2025-ci il tarixli MT2502 seriyalı ******** nömrəli e-qaimədən məhkəmə mübahisəsinə qədər xəbəri olmayıb və sözügedən qaimə işin hallarına və müqavilə şərtlərinə uyğun deyil. Tərəflər müqavilə üzrə yalnız texnikalar vasitəsi ilə icra ediləcək işin qiymətini müəyyənləşdiriblər. Həmin e-qaimənin 1-ci bəndində daşıma xərci adı ilə cavabdehdən 1062 manat məbləğində xidmət haqqı tələb edilmişdir. Müqavilədə isə daşıma xərci nəzərdə tutulmamışdır. Xidmət müqaviləsi mahiyyəti etibari ilə tərəflər işlərin görülməsi ilə bağlı müəyyən bir məbləğdə razılığa gəlirlər, bütün vergi və digər xərclər tərəflərin özlərinə aid olur.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) isə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
23. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
24. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Maddə 398.1. Əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
28. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
29. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
30. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
31. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
35. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
36. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
45. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və Apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qanuni və əsasslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni yalnız iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmiş, iddiaçı isə iddia tələbi qismən təmin olunmasına baxmayaraq qətnamədən apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
46. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
48. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
49. Mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
50. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
51. Qeyd olunanlara əsaslanaraq və birinci instansiya məhkəməsi hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarını tətbiq etməkdə haqlı olmuşdur.
52. Işin faktiki hallarına əsasən xidmətin yerinə yetirilməsini sübutetmə yükü iddiaçının, göstərilmiş xidmətlərə görə ödənişlərin edilməsinin sübutetmə yükü isə cavabdehin üzərinə düşür.
53. Apellyasiya şikayətində müqaviləyə əsasən xidmətlərin üzləşmə aktı ilə rəsmiləşdirilməli olduğu göstərilsə də, tərəflər arasında formalaşmış işgüzar münasibətlərdən görünür ki, hesablaşmalar elektron qaimə-fakturalar əsasında aparılmış, cavabdeh uzun müddət həmin qaydada təqdim edilən sənədlərə etiraz etməmişdir. Bu baxımdan, ayrıca üzləşmə aktının təqdim edilməməsi iddia tələbinin əsassız olması nəticəsinə gəlmək üçün kifayət etmir.
54. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2021-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.13-cü bəndində göstərilmişdir ki, “Mallar (işlər, xidmətlər) sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərildikdə, göndərilmiş elektron qaimə-faktura qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününün axırınadək təsdiq edilməlidir. Elektron qaiməfaktura həmin müddətdə təsdiq edilmədikdə, proqram təminatı vasitəsilə ləğv edilir və göndərilməmiş hesab olunur. Elektron qaimə-faktura ayın sonuncu günü göndərildiyi halda elektron qaimə-fakturanı göndərərkən alan şəxs tərəfindən həmin gün təsdiq edilməyəcəyi təqdirdə elektron qaimə-fakturanın proqram təminatı tərəfindən ləğv ediləcəyi barədə Portalda xəbərdarlıq xarakterli bildiriş verilir. Sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərilən elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edildikdə, elektron qaimə-fakturanı göndərən şəxsə bu barədə xəbərdarlıq xarakterli bildiriş göndərilir”.
55. Nəzərə alınmalıdır ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” ## ######## 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.
56. Lakin cavabdeh həmin elektron qaimələr üzrə göndərilən qaimələrlə bağlı iddiaçıya heç bir etirazı olmamış, qaimələr geri qaytarılmamış, düzəlişə göndərilməmişdir; əksinə həmin qaimələr üzrə qismən ödəniş etmişdir.
57. Kollegiya hesab edir ki, mülki dövriyyənin adi qaydalarına uyğun olaraq, şəxs tərəfindən təqdim edilmiş hesablaşma sənədi üzrə qismən ödənişin həyata keçirilməsi həmin sənədin əsasını təşkil edən hüquqi münasibətin və ondan irəli gələn öhdəliyin qəbul edilməsi kimi qiymətləndirilməlidir.
58. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
59. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.