Məhkəmə qərarları › İş №e-2-2(3-6)-654/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-654/2026

23.06.2026 · Sığorta ödənişinin ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-654/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kiçik iddialara dair iş üzrə (Açar sözlər: icbari sığorta müqaviləsi, sığorta haqqının ödənilməsi, sübutetmə, kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə iddiaçı İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026- cı il tarixli, e-*- *(*-**)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Işin halları

1. İddiaçı Sığorta Şirkəti ASC (Sığortaçı) ilə Cavabdeh MMC (Sığortalı) arasında ##.##.2023-cü tarixdə ************* nömrəli “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən sığortalının “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində həmin Qanunun 3.1-ci maddəsinə uyğun olaraq müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan Qoşmada (bundan sonra müqavilənin mətni üzrə “müqavilənin qoşması”) nəzərdə tutulmuş fiziki şəxslərin (bundan sonra müqavilənin mətni üzrə “sığorta olunanlar”) həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı həmin Qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürür. Həmin Qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tariflərinin tətbiq edilməsi ilə hər bir sığorta olunana münasibətdə hesablanan bir illik sığorta haqqı, sığorta haqqının ödənilmə qaydası, habelə sığorta haqqının müqavilə ili üzrə ümumi məbləği müqavilənin qoşmasında göstərildiyi kimi razılaşdırılır. Bu müqavilənin tələblərinə riayət edilməməsinə görə tərəflər mülki qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

2. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2025-ci tarixli, QH********** nömrəli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin illik qoşmasında sığorta məhsulları üzrə qiymətlər tərəflər arasında razılaşdırılmış, 6975.68 manat ümumi sığorta haqqının hissəvi ödənilməsi müəyyən olunmuşdur.

3. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilən ##.##.2026-cı il tarixli maliyyə arayışından görünür ki, QH********** nömrəli qoşma üzrə cavabdeh Cavabdeh MMC tərəfindən 5372,79 manat ödəniş edildikdən sonra qalıq sığorta haqqı borcu 1602,89 manat təşkil etmişdir.

4. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh MMC-yə göndərilmiş ##.##.2026-cı il tarixli pretenziya məktubunda borcun ##.##.2026-cı il tarixədək ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

5. ##.##.2026-cı il tarixli ********** saylı mədaxil İddiaçı Sığorta Şirkəti ASC tərəfindən dövlət büdcəsinə 36,6 manat dövlət rüsumu ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. Iddiaçı İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Iddia tələbinin təmin edilərək sığorta haqqı borcu üzrə 1602,89 (min altı yüz iki manat səksən doqquz qəpik) manat pulun və və məhkəməyə müraciət etmək üçün ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumunun cavabdeh ″xxxx″ MMC-dən tutularaq iddiaçı İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddia ərizəsi onun əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Sığorta Şirkəti ASC ilə ″xxxx″ MMC arasında elektron qaydada “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi və həmin müqaviləyə QH********** nömrəli ##.##.2025-ci il tarixli Qoşma imzalanmışdır. Həmin Qoşmanın qüvvədə olma müddəti ##.##.2025 – ##.##.2026 cı il tarixinədək olmuşdur. Sığorta haqqının ödənilməsi isə hissəvi formada və cəmi məbləği 6975.68 (altı min doqquz yüz yetmiş beş manat altmış səkkiz qəpik) manat müəyyən edilmişdir. Lakin cavabdeh QH********** nömrəli Qoşma üzrə sığorta haqqından 5372,79 manat ödəmiş, qalıq 1602,89 (min altı yüz iki manat səksən doqquz qəpik) manat məbləğində sığorta haqqı borcunu ödəməmiş və müqavilənin qüvvədə olma müddəti başa çatmışdır. Sığorta haqqı borcunun ##.##.2026-cı il tarixinədək ödənilməsinin təmin olunması tələbini özündə əks etdirən ##.##.2026-cı il tarixli pretenziya məktubu ilə ödəniş üçün yeni müddət müəyyən edilmişdir. Buna baxmayaraq sığorta haqqı borcu hələ də ödənilməmişdir. Nəzərinizə çatdırırıq ki, sığortalı ilə imzalanmış müqavilənin 9.2.1-ci maddəsinə əsasən sığortalının icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək vəzifəsi mövcuddur. Odur ki, məhkəməyə müraciət etməli olmuşlar.

8. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət olunmuşdur.

9. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

 Işdə olan materiallardan və işin faktiki hallarından görünür ki, tərəflər arasında sığota müqaviləsi imzalanmış, həmin müqavilə üzrə tərəflərin hər ikisinin öhdəlikləri olduğu halda, cavabdeh tərəfindən öhdəliklər icra edilməmiş, habelə icra edilmədiyi təqdirdə, onların yerinə yetirilməməsinin hər hansı bir üzrlü səbəbləri göstərilməmişdir. Buna görə də iddiaçının Mülki Məcəllənin 903.6-cı maddəsinə əsasən cavabdehdən sığorta haqqının ödənilməsini tələb etmək hüququ vardır. Bu səbəbdən hesab edirəm ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.  Eyni zamanda iddia təmin edildiyindən ödənilmiş 36,6 manat dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

10. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1, 903.1, 903.5, 903.6-cı maddələri, “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1, 7.2.2, 11.3, 14.1, 14.2-ci maddələrinə istinad etmişdir.

11. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmiş, məhkəmənin mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığını, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını və maddi hüquq normalarını düzgün tətbiq etmədiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

12. Iddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək, təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya baxışı

13. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

15. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

16. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 903.1. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.

19. Maddə 903.5. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.

20. Maddə 903.6. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.

“Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunu

21. Maddə 3.1.1. Hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülkihüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar.

22. Maddə 7.2.2. Icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək sığortalının vəzifəsidir.

23. Maddə 11.3. Icbari sığorta müqaviləsi elektron sənəd formasında “Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34–1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlanılır. Icbari sığorta müqaviləsinin məzmunu və forması Mərkəzi Bank tərəfindən müəyyən edilir.

24. Maddə 14.1. Sığorta haqqı bu Qanuna uyğun olaraq xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanan bir illik əmək haqqı fondunun sığorta tarifinə hasili əsasında müəyyən edilir.

25. Maddə 14.2. Sığorta haqqı sığortalı tərəfindən sığortaçıya müqavilə ilinin əvvəlində icbari sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada hissə-hissə və ya birdəfəlik ödənilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

33. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

36. Kollegiya apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi arqumentlər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.

37. Belə ki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmış, müqavilə üzrə müəyyən edilmiş sığorta haqqının bir hissəsi cavabdeh tərəfindən ödənilsə də, 1.602,89 manat məbləğində qalıq borc ödənilməmiş qalmışdır. Iddiaçı həmin borcun mövcudluğunu müqavilə və ödəniş sənədləri ilə təsdiq etmişdir.

38. Cavabdeh isə apellyasiya şikayətində ümumi qaydada borcun mövcud olmadığını və iş üzrə əlavə araşdırma aparılmalı olduğunu bildirsə də, həmin mövqeyini təsdiq edən hər hansı mötəbər və yol verilən sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübutetmə yükünü tənzimləyən müddəalarına görə tərəf istinad etdiyi halları sübut etməlidir. Borcun ödənildiyini və ya borcun mövcud olmamasını iddia edən cavabdeh bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli idi.

39. Kollegiya həmçinin nəzərə alır ki, hazırkı mübahisə kommersiya mübahisəsi olmaqla məhkəmə icraatı elektron qaydasında aparılmışdır. Kommersiya mübahisələri üzrə tərəflərə sübutlarını elektron qaydada məhkəməyə təqdim etmək üçün kifayət qədər prosessual imkan yaradılmışdır. Cavabdeh borcun mövcud olmamasını təsdiq edən sübutları həm birinci instansiya məhkəməsinə, həm də apellyasiya instansiyası məhkəməsinə elektron qaydada təqdim etmək imkanına malik olmuşdur. Lakin iş materiallarında belə sübutlar mövcud deyildir.

40. Apellyasiya şikayətində əlavə araşdırma aparılmasının zəruriliyi göstərilsə də, hansı konkret halın araşdırılmadığı, həmin halın hansı sübutlarla təsdiq edilə biləcəyi və bunun işin nəticəsinə necə təsir göstərə biləcəyi əsaslandırılmamışdır. Məhkəmə araşdırmasının natamam aparılması barədə ümumi və mücərrəd mülahizələr isə qətnamənin ləğvi üçün əsas hesab oluna bilməz.

41. Bu səbəbdən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və iddianı təmin etməkdə haqlı olmuşdur..

42. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

43. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh “Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz, qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar