Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-887/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli satış xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 68.046,03 manat məbləğində pulun və ödənilmiş 295 manat dövlət rüsumunun, 320 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi və vəkili vəkil1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-2-2(113)- ****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, işin aidiyyəti üzrə İsmayıllı Rayon Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmış, qərardad ##.##.2026-cı il tarixdə tərəflərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərinə yerləşdirilmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehə yekun məhkəmə aktı barədə məlumat verilməmiş, işin gedişatı haqqında lazımi qaydada xəbərdar edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 135.8-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Faktiki olaraq, cavabdeh iş üzrə qəbul edilmiş qətnamədən yalnız icra tədbirləri zamanı məlumatlı olmuş, qətnamənin surətini yalnız 2026-cı ilin may ayında məhkəmədən əldə etmiş və həmin vaxt barəsində qəbul edilmiş məhkəmə aktı ilə tanış olmuşdur. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsi və müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə əsasən, məhkəməyə çıxış hüququ nəzəri və formal deyil, praktik və səmərəli olmalıdır. Dövlət orqanları prosessual normaları tətbiq edərkən həddindən artıq formallığa yol verməməli, şəxsin məhkəməyə maneəsiz çıxış hüququnu zədələyəcək yanaşmadan çəkinməlidirlər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin *-*(***)-***/**** nömrəli iş üzrə ##.##.2023-cü il tarixli qərarında kassasiya instansiyasının mövqeyində qeyd olunur ki, həm milli, həm də beynəlxalq-hüquqi aktlarda hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş şəxslərin məhkəmə müdafiəsi hüququ hüquq və azadlıqların ən mühüm müdafiə vasitəsi kimi təsbit edilmişdir. Həmin hüquq yaranmış mübahisəyə məhkəmədə baxılması və həll olunması ilə realizə edilmiş olur. Bu baxımdan məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60cımaddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il ## ####### tarixli Qərar). Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi Mülki Prosesual Məcəllədə müəyyən edilmiş prosessual qaydalara zidd davranmış, öz araşdırma funksiyasını tam, obyektiv və hərtəfəli icra etməmiş, nəticə etibarilə qanuni olmayan və əsassız qərardad qəbul etmişdir. Belə ki, cavabdeh məhkəməyə bildirmişdir ki, qətnamə qəbul edilən dövrdə faktiki olaraq qeydiyyatda olduğu ünvanda yaşamamış, iş fəaliyyəti ilə əlaqədar uzun müddət Göyçay rayonunda olmuşdur. Həmçinin izah etmişdir ki, qətnamə onun tərəfindən deyil, həyat yoldaşı tərəfindən qəbul edilmiş, lakin sonuncu həmin sənədi cavabdehə təqdim etməmiş, nəticədə cavabdeh qəbul edilmiş qətnamədən və onun məzmunundan xəbərsiz qalmışdır. Cavabdeh yalnız icra tədbirləri həyata keçirilərkən barəsində qətnamənin mövcudluğunu öyrənmiş, qətnamənin surətini əldə edən kimi isə heç bir ləngiməyə yol vermədən ## ### 2026-cı il tarixdə apellyasiya şikayəti vermişdir. Lakin birinci instansiya məhkəməsi bu halların həqiqiliyini araşdırmadan, yalnız məhkəmə sənədinin cavabdehin həyat yoldaşı tərəfindən qəbul edilməsinə istinad etməklə qətnamənin cavabdehə rəsmi qaydada təqdim edildiyi nəticəsinə gəlmişdir. Məhkəmə cavabdehin faktiki yaşayış yerini, həmin dövrdə başqa rayonda olmasını, sənədin ona faktiki çatdırılıb-çatdırılmadığını, habelə sənədi qəbul etmiş şəxsin bu barədə izahatının alınmasını araşdırmamışdır. Bundan əlavə, məhkəmə qərardadda “ailə üzvünün məhkəmə sənədini cavabdehə təqdim etməməsi ağlabatan deyildir” qənaətinə gəlmişdir. Lakin bu nəticə hər hansı sübuta deyil, yalnız məhkəmənin ehtimalına əsaslanmışdır. Bu faktlar cavabdehin prosessual hüquqlarından qəsdən istifadə etmədiyini və ya məhkəmə prosesinə laqeyd yanaşdığını deyil, əksinə, qətnamədən məlumat əldə etdiyi andan etibarən dərhal qanunla nəzərdə tutulmuş müdafiə vasitəsindən istifadə etdiyini açıq şəkildə göstərir. Birinci instansiya məhkəməsi isə bu halları araşdırmaq əvəzinə yalnız qətnamənin həyat yoldaşı tərəfindən qəbul edilməsinə istinad etmiş və bununla kifayətlənərək cavabdehin göstərdüyü səbəblərin üzrlü olmadığını nəticə kimi qəbul etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Faktiki hallar və hüquqi dəyərləndirmə: -İş materialları ilə müəyyən edilir ki, ##.##.2025-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnamə xəbərnaməli məktubla cavabdehin rəsmi qeydə alındığı ünvana göndərilmiş və həmin ünvanda cavabdehlə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvü olan Xıdırova Zülfiyyə tərəfindən ##.##.2025-ci il tarixdə qəbul edilərək xəbərnaməyə imza edilmişdir. Odur ki, MPM-in 135.3-cü maddəsinə əsasən qətnamə cavabdehə rəsmi çatdırılmış hesab edilmir. Cavabdeh tərəfindən isə həmin qətnamədən apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə verilmiş, bununla da sözügedən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq prosessual müddət buraxılmışdır (1 aylıq prosessual müddət ##.##.2025-ci il tarixdə başlamış və müddətin son günü qeyri-iş gününə düşdüyündən sonraki iş günü olan ##.##.2025-ci il tarixdə başa çatmışdır). Şikayətin arqumentləri: -Kollegiya həmçinin qeyd etməyi zəruri sayır ki, müddətin bərpası barədə ərizədə və apellyasiya şikayətində istinad olunan hallar prosessual müddətin buraxılmasının üzürlü səbəbləri kimi qiymətləndirilə bilməz. Belə ki, prosessual qanunvericilik üzürlü halların dairəsini dəqiq müəyyən etməsə də, ərizəçidən obyektiv və sübuta yetirilə bilən hallara istinad edilməsi tələb olunur. Hazırkı halda isə, cavabdehin qətnamə qəbul edilən dövrdə faktiki olaraq başqa rayonda olması, həyat yoldaşının isə məhkəmə sənədini ona təqdim etməməsi barədə dəlillləri hər hansı sübutla təsdiqlənməməklə yanaşı qətnamədən şikayətin vaxtında verilməsinə mane olan obyektiv hallar kimi də dəyərləndirilmir. Qeyd edilir ki, məhkəməyə çıxış hüququ mütləq hüquq olmayıb, onun həyata keçirilməsi prosessual qanunvericiliklə müəyyən edilmiş qaydalara və müddətlərə riayət olunması şərti ilə təmin edilir. Odur ki, cavabdehin ərizəsində istinad etdiyi hallar formal mülahizə xarakteri daşıyır və məhkəmə tərəfindən qəbul edilmir. Belə olan halda apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-887/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-887/2026
14.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver