Məhkəmə qərarları › İş №e-2-2(3-9)-72/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-72/2026

30.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-72/2026 30.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlundan və X3 ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil Vəkil və Cavabdeh IB-nin nümayəndəsi X2 iştirakları ilə, Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxıb MÜƏYYƏN ETDİ: Iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh IB-nin əməkdaşları tərəfindən İddiaçı məxsus Sabirabad rayonu Salmanlı kəndində yerləşən qeyri-əhali sektoru üzrə (Abonent kodu: 235402200000001; KP kodu 23/32665) qazdan istifadəyə görə ümumilikdə 188659,02 manat məbləğdə borc hesablanmışdır. Sabirabad rayonu Salmanlı kəndində yerləşən istixanada qeyd edilən vaxtlarda abonent saldosunda göstərilən həcmdə qaz sərf edilməmişdir. Həmin istixananın qaz sayğacının nasazlığı nəticəsində göstərilən həcmdə qaz sərfiyyatı qeydə alınmışdır. Belə ki, Cavabdeh IB tərəfindən həmin istixanaya qaz sayğacına laboratoriya şəraitində baxış keçirilmiş və yoxlanış zamanı müəyyən edilmişdir ki, sayğac qaz sərfiyyatını düzgün qeyd etmir. Buna baxmayaraq, Cavabdeh IB tərəfindən nasaz sayğacın qeyd etdiyi qaz sərfiyyatı üzrə hesablanmış 188659,02 manat borc məbləğinin ödənilməsi tələb edilir. Hal-hazırda *************** saylı abonent koduna aid hər hansı sayğac yoxdur və qaz verilişi dayandırılmışdır. İŞİN HALLARİ: İddiaçı sahibkarlıq subyekti kimi ##.##.2017-ci il tarixdə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN - 6801383052) verilmişdir. ##.##.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı Sabirabad rayonu Salmanlı kəndində yerləşən əmlakına qaz təchizatı ilə bağlı qazın alğı-satqısı barədə müqavilənin bağlanmasını xahiş etmişdir. ##.##.2020-ci il tarixli razılaşma protokolundan görünür ki, tərəflər, İddiaçı istifadə etdiyi təbii qaza görə Cavabdeh IB qarşısında 86527 manat məbləğdə yaranmış debitor borcunun ödənilməsinə dair razılığa gəlirlər. ##.##.2020-ci il tarixli **/* nömrəli arayışdan görünür ki, Sabirabad rayonu Salmanlı kəndində yerləşən qeyri-əhali sektoru üzrə (abonent kodu 235402200000001, KP kodu 23/32665) İddiaçı qaz təchizatı ilə bağlı bütün sənədlərinə baxış keçirilmiş və qanunsuzluq aşkarlanmamışdır. Abonentlə borcun ödənilməsi haqqında bağlanmış razılaşma protokoluna əsasən təbii qazın alğı-satqı barədə müqavilənin bağlanmasına etiraz edilmir. Cavabdeh IB ilə İddiaçı arasında bağlanmış ##.##.2020-ci il tarixli AMX-****/** nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısına dair” müqavilənin şərtlərinə əsasən istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə növbəti dövlət yoxlanılmasından keçirmək, “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, bu mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq, habelə dövlət yoxlamasından keçirmək paylayıcının vəzifələrinə aiddir. Abonent saldosuna əsasən Cavabdeh IB tərəfindən İddiaçı 188659,02 manat məbləğdə borc hesablanmışdır. Məhkəmə iclaslarında mütəxəssis X1 Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli məktubuna əsasən verilmiş mütəxəssis rəyini məhkəmə kollegiyasına təqdim edərək, ona uyğun izahat vermişdir. Həmçinin bildirmişdir ki, sözügedən rəy abonent saldosu və razılaşma protokolu əsasında verilmişdir. Cavabdeh IB tərəfindən ona təqdim olunan sənədlərdə hansı sayğacın quraşdırılması və ya hansı tarixlərdə dövlət yoxlamasına getməsi ilə bağlı sənədlər mövcud olmadığından mütəxəssis rəyi tam formada tərtib olunmamış, ümumiyyətlə sayğacın özünə baxış keçirə bilməmişlər. Adıçəkilən aktların təqdim edilməməsi səbəbindən iş üzrə tam dolğun rəyin tərtibi mümkünsüzdür. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ ICRAAT: Şirvan Kommersiya Məhkəməsinin iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Zaur Abbasov) iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh IB tərəfindən Sabirabad rayonu Salmanlı kəndində yerləşən İddiaçı istifadəsində olan istixananın 235402200000001 abonent kodu üzrə qazdan istifadəyə görə hesablanmış 188659,02 manat məbləğdə borcdan İddiaçı ilə Cavabdeh IB arasında imzalanmış ##.##.2020-ci il tarixli Razılaşma protokoluna əsasən hesablanmış 86527 manat məbləğdə olan hissəsinin silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında imzalanmış razılaşma protokolu hüquqi mahiyyəti etibarı ilə öhdəliyi öz üzərinə götürmək haqqında müqavilədir. Iddiaçının abonent hesabından 86527 manat məbləğdə borc məbləği silinməlidir. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçının cavabdehə olan ümumilikdə 188659,02 manat məbləğində olan borc öhdəliyi iki əsasla yaranmışdır. Ümumi borc məbləğinin 86527 manat olan hissəsi tərəflər arasında bağlanmış ##.##.2020-ci il tarixli Razılaşma protokoluna əsasən həmin tarixədək iddiaçıdan əvvəlki abonent tərəfindən istehlak edilmiş təbii qazın dəyəri kimi abonent kodunda mövcud olmuş borc öhdəliyini, qalan hissəsi isə tərəflər arasında bağlanmış ##.##.2020-ci il tarixli AMX-****/** nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair” müqaviləyə əsasən müqavilə bağlandığı tarixdən 2023-cü ilin may ayınadək iddiaçı tərəfindən istehlak edilmiş təbii qazın dəyəri olaraq yaranmış borc öhdəliyini təşkil edir. ##.##.2020-ci il tarixli Razılaşma protokoluna əsasən iddiaçı 86527 manat məbləğdə borcu hissə-hissə olmaqla ## ###### 2021-ci il tarixinə kimi ödəyəcəyinə dair vəd versə də, işdə olan abonentin saldosundan və tərəflərin nümayəndələrinin məhkəmə iclaslarında verdikləri izahatlardan məlum olmuşdur ki, iddiaçı tərəfindən həmin ödəniş həyata keçirilməmişdir. ##.##.2020-ci il tarixli AMX-****/** nömrəli təbii qazın alğı-satqısına dair müqavilə üzrə isə iddiaçı tərəfindən ##.##.2020-ci il tarixindən 2023-cü ilin sentyabr ayına kimi istehlak edilmiş qazın dəyəri olaraq cavabdehin hesabına ümumilikdə 444000 manat məbləğdə ödəniş edilmiş, bununla da həmin müqavilə üzrə istehlak edilmiş təbii qaza görə iddiaçının 102132,2 manat məbləğdə borcu qalmışdır. Məhkəmə ##.##.2020-ci il tarixli Razılaşma protokoluna əsasən ##.##.2020-ci il tarixədək mövcud olan borcun tələb edilməsi üçün iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə münasibətdə belə qənaətə gəlir ki, həmin hissədə iddia əsaslıdır. Belə ki, hazırkı işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ##.##.2020-ci il tarixli Razılaşma protokoluna əsasən iddiaçı ##.##.2021-ci il tarixinə kimi ödəməyi üzərinə götürdüyü 86527 manat borc məbləğindən heç bir ödəniş həyata keçirməmişdir. Cavabdeh isə həmin öhdəlik üzrə son icra tarixinin ##.##.2021-ci il kimi müəyyən edilməsinə, ümumiyyətlə tərəflər arasında təbii qazın alğısatqısına dair münasibətlərin 2023-cü ilin may ayından etibarən bitməsinə baxmayaraq, həmin borcun ödənilməsinə dair iddiaçıya qarşı tələb irəli sürməmişdir. Məhkəmə hesab edir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil etdiyinə görə ##.##.2020-ci il tarixli Razılaşma protokoluna əsasən iddiaçının ödəməyi üzərinə götürdüyü 86527 manat borc məbləğinin ödənilməsinin tələb edilməsi müddəti cavabdeh tərəfindən ötürülmüşdür. Məhkəmə qəbul etdiyi qərarın maddi-hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci, 4.2-ci, 4.9-cu, 6.4-cü bəndlərinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 337.1-ci, 339.1-ci, 339.6-cı, 354.2-ci, 385.1-ci, 550-ci, 554.1-ci 882.1-ci, 882.2-ci, 882.4-cü 522.1-ci maddələrinə istinad etmişdir. APELLYASIYA ŞIKAYƏTI VƏ DƏLILLƏR: İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borcun hesablandığı tarixdə abonent saldosunda göstərilən həcmdə qaz sərf edilməmişdir. Həmin istixananın qaz sayğacının nasazlığı nəticəsində həmin həcmdə qaz sərfiyyatı qeydə alınmışdır. Belə ki, Cavabdeh IB tərəfindən həmin istixanaya qaz sayğacına laboratoriya şəraitində baxış keçirilmiş və yoxlanış zamanı müəyyən edilmişdir ki, sayğac qaz sərfiyyatını düzgün qeyd etmir. Buna baxmayaraq, Cavabdeh IB tərəfindən nasaz sayğacın qeyd etdiyi qaz sərfiyyatı üzrə hesablanmış 188659,02 manat borc məbləğinin ödənilməsi tələb edilir. Artıq dörd ildən çoxdur ki, *************** saylı abonent koduna aid hər hansı sayğac yoxdur və qaz verilməsi dayandırılmışdır. Məhkəmə qeyd edir ki, sayğacın nasaz olmasına, sərfiyyatı düzgün hesablamamasına dair hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Lakin birinci instansiya məhkəməsinə “Qeyri-əhali qaz sayğacının yoxlanması və sayğacın nasaz olması barədə” # ###### 2022-ci tarixli akt təqdim edilmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən sahibkarlıq subyektində aparılmış yoxlamanın qanuna uyğun olub-olmamasını yetərincə və hərtərəfli araşdırmamış, sübutlar toplamamışdır. Bu yanaşma sahibkar olaraq hüquqlarını pozmuşdur. Belə ki, Cavabdeh IB tərəfindən həmin istixanaya qaz sayğacına məxsus sayğac çıxarılaraq aparılmış və laboratoriya şəraitində baxış keçirilmişdir. Ilkin baxış zamanı “sayğacın daxili çirkli olduğu müəyyən edildi, impuls ötürücüsü normaldır, sayğaca hava vuruldu, hesablayıcı mexanizm ilişərək işləyir, hava keçir, rotorlar fırlanır, sayğac sərfiyyatı qeyd etmir, göstəricilər arasında fərq var” qənaətinə gəlinmişdir. Cavabdeh IB Qanunun tələblərini pozaraq aparılmış yoxlama barəsində reyestrdə qeydiyyat aparmamış, müvafiq dövlət orqanına məlumat verməmişdir. Cavabdeh IB apellyasiya şikayəti verərək onun təmin olunmasını, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə verilmişdir. Məhkəmə MM-in 375.2-ci maddəsinin tələblərini pozaraq iddiaçının nümayəndəsinin ərizəsi əsasında iddia müddəti tətbiq edərək 86527 manat məbləğdə borcun silinməsi barədə qətnamə qəbul etmişdir. Əgər məhkəmə sübutları düzgün tədqiq etsəydi, 188659,02 manat borcun iki əsasla yaranması qənaətinə gəlməzdi. Belə ki, abonent saldosundan da göründüyü kimi iddiaçı 2018-ci ilin yanvar ayında abonent qeydiyyatına alınmışdır. ##.##.2023-cü il tarixə 188659,02 manat borc qalmışdır. TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı nümayəndəsi vəkil Vəkil məhkəmə iclaslarında öz apellyasiya şikayətlərini müdafiə edərək izahatında bildirdi ki, cavabdehin nümayəndəsi sahibkarlıq obyektində yoxlamalar zamanı hər hansı icazə alınması, 2020-ci ildən quraşdırılan və sonradan aşkar edilən sayğacdakı qüsurun aradan qaldırılması ilə bağlı sənədlərdə qeydiyyat aparılması ilə bağlı suallara cavab verə bilmir. Çünki yoxlamalara icazə, sayğacın quraşdırılmasının rəsmiləşdirilməsi və s. mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsində təqdim edilmiş sənədlər isə mötəbər sübut kimi qəbul edilə bilməz. Çünkli sözügedən aktlar və ## ###### 2022-ci il tarixli Razılaşma protokolunun mötəbərliyi şübhə doğurur. Çünki cavabdeh tərəfin nümayəndəsi bunları nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya məhkəməsində əvvəlki iclaslarda təqdim etmişdir. Həmin sənədlərin əsilləri yoxdur və oradakı iddiaçıya aid imzalar tamamilə fərqlidir. Cavabdeh IB-nin nümayəndəsi X2 məhkəmə iclaslarında öz apellyasiya şikayətlərini müdafiə edərək izahatında bildirdi ki, əvvəlki iclasda qeyd edilən sənədləri mütəxəssisə təqdim etmək mümkün olmadı. Yalnız 2022-2023-cü illərə aid sayğacın çıxarılması ilə bağlı aktlar mövcuddur. 2018-ci ildən 2022-ci ilə kimi sayğacın çıxarılması və quraşdırılması ilə bağlı aktları təqdim edə bilmir. Abonentin borc məbləği Abonent saldosu əsasında hesablanmışdır. 2022-ci ilin noyabr ayına aid razılaşma protokolundan görünür ki, iddiaçı 128207 manat məbləğdə borcu etiraf etmişdir. Həmçinin sayğac 2023-cü ilin oktyabr ayında başqa adamın adına keçmişdir. Yoxlamaya ehtiyac olduğu üçün 2022-ci ilin noyabr, 2023cü ilin dekabr aylarında sayğacın çıxarılmasına zərurət yaranmışdır. Bununla bağlı hərəkətlər reyestrdə qeydiyyatdan keçirilməmişdir. Yoxlama məqamında sayğacın düzgün işləmədiyi müəyyən edilən zaman sayğac laboratoriyaya verilir. Qüsur aşkar olunursa ya təmir olunur, ya da yenisi ilə əvəz olunur. Bununla bağlı aktlar tərtib olunur. PROSESSUAL MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. PM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. TƏLƏBİN QANUNİ ƏSASİ: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 324.1-324.3-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 882.1, 882.2-ci və 882.4-cü maddələrinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama – yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin qanunun 1.1.2-1-ci bəndə görə sahibkarın işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə fəaliyyəti yoxlama obyekti sayılır. Qanunun 2.1-ci bəndinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 13.1-cü bəndində göstərilir: Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun tələblərinə uyğun olaraq təqdim edilmiş yoxlamaları reyestrdə qeydiyyata almalıdır. Yoxlayıcı orqan bu Qanunun 12.1.5-ci maddəsinə əsasən görülmüş işlər barədə yarımillik məlumatı ildə iki dəfə (yanvarın və iyulun 15-dək) yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir. Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sahibkarlıq sahəsində aparılan yoxlamalar barədə və bu Qanunun 13.6-cı maddəsində nəzərdə tutulmuş yarımillik məlumatları ümumiləşdirərək, ildə iki dəfə (fevralın və avqustun 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2011-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri xüsusi idarələrarası dövlət informasiya ehtiyatıdır. Reyestr sahibkarlıq sahəsində yoxlamaların aparılmasının mütəmadiliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunmasını mümkün edir. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Adıçəkilən Əsasnamənin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə görə qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir. Həmin Qaydanın 2.10, 2.11 və 2.11-1-ci bəndlərinin tələbinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir; Qaz paylayıcısının işçiləri müayinənin nəticəsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Istehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. Istehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir; Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Qaydanın 4.8-4.9-cu bəndlərinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; Istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. APELLYASIYA INSTANSIYA MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə, qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonrakı mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi apellyasiya qaydasında yoxlanılarkən iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması müəyyən edilmişdir. Məhkəmə kollegiyası bildirir ki, Şirvan Kommersiya Məhkəməsinin iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsindən hər iki tərəf apellyasiya şikayəti vermişdir. Kollegiya ilk öncə iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməyi zəruri hesab edir. İddiaçı şikayətinin əsas dəlili müqavilə üzrə təbii qazdan istifadəyə görə yaranmış borc öhdəliyi təşkil edir. Tərəflər təbii qazdan istifadə nəticəsində yaranmış mövcud 86527 manat məbləğdə debitor borcunun ödənilməsinə dair razılığa gəlsələr də, qalan məbləğ üzrə qeyd edilməlidir ki, həmin borcun hesablandığı göstəricilərin məxsus olduğu sayğacın quraşdırılması, müvafiq dövrlərdə müayinəsi, nöqsan və ya pozuntuların aşkar edilməsi səbəbindən sökülməsi (təmiri) və digər xidmətlərin göstərilməsi, ümumi olaraq sahibkarlıq sahəsində aparılan yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələbləri cavab verən qaydada aparılmamışdır. Belə ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər və reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların heç bir hüquqi nəticəsi yoxdur. Bu fakt iş materialları və cavabdehin nümayəndəsinin izahatı ilə tam təsdiqini tapmışdır. Nəzərə alınmalıdır ki, qüsurla işləməsi aşkar edildikdə, qaz sayğacını təmir etmək, bu mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq, habelə dövlət yoxlamasından keçirmək paylayıcının vəzifələrinə aiddir. Cavabdeh tərəf isə 2018-ci ildən 2022-ci ilə kimi sayğacın çıxarılması və quraşdırılması ilə bağlı aktları təqdim edə bilməmişdir. Abonentin borc məbləği saldo əsasında hesablanmışdır. Iş üzrə mütəxəssis də məhz Saldo əsasında rəy vermiş və adıçəkilən - sayğacın çıxarılması və quraşdırılması ilə bağlı aktların ona təqdim edilməməsi səbəbindən dolğun rəyin tərtibinin mümkünsüzlüyünü qeyd etmişdir. Beləcə, təbii qazın alğı-satqısı müqaviləsi üzrə borcun silinməsi tələbinə münasibətdə birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmamışdır. Iş materialları və tərəflərin izahatları ilə də müəyyən edilir ki, müxtəlif vaxtlarda qaz sayğacına baxış keçirilməsi zamanı onun və hesablayıcı mexanizminin texniki cəhətdən saz olmasına baxmayaraq, sayğacın sərf edilmiş qazın həcmini düzgün qeydə almadığı, göstəricilər arasında uyğunsuzluqlar yarandığı müəyyən edilmişdir. Bu səbəbdən də, iddiaçıya 102132,02 manat borcun hesablanması düzgün əsaslar üzrə aparılmadığından həmin hissədə iddia tələbi əsaslıdır. Bundan başqa, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər, habelə ## ###### 2022-ci il tarixli Razılaşma protokolu məhkəmə tərəfindən mötəbər və vaxtında verilmiş sübut kimi dəyərləndirilə bilməz. Bununla bağlı qeyd edilməlidir ki, MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bununla yanaşı, MPM-in 361.4-cü maddəsinin tələbinə əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Apellyator öz şikayətində istənilən yeni sübuta istinad edə bilməz. Qanunvericiliyə nəzər saldıqda, qeyd edilən məhdudiyyətin məhz adıçəkilən Məcəllənin 372-ci maddəsində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərindən irəli gəldiyi açıq-aydın müəyyən edilir. Apellyasiya instansiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında (habelə yoxlanmasında) mövcud məhdudiyyətlər ölkəmizdə natamam apellyasiyanın mövcud olması ilə şərtlənir. Natamam apellyasiya zamanı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini əvəz etmir. Onun vəzifəsi yalnız apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir. Habelə nəzərə alınmalıdır ki, natamam apellyasiya zamanı (Almaniya, Avstriya və s.) sübutetmə prosesi birinci instansiya məhkəməsinə aid olmaqla, apellyasiya məhkəməsi isə birinci instansiyada tərəflərin təqdim etdiyi faktiki materiallar əsasında (372-ci maddənin tələbləri nəzərə alınmaqla) işə yenidən baxaraq onun səhvlərini və nöqsanlarını aradan qaldırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, işdən göründüyü kimi, birinci instansiyada məhkəmə proseslərində iştirak edən cavabdeh tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən apellyasiya instansiya məhkəməsində təqdim edilmiş sənədlər gecikmiş sübut olduğundan mötəbər qəbul edilə bilməz. Belə ki, adıçəkilən sənədlər yalnız apellyasiya instansiyası məhkəməsində icraat zamanı təqdim edilmiş, birinci instansiya məhkəməsində isə təqdim edilməməsinin üzrlü səbəbləri əsaslandırılmamışdır. Tərəflərə birinci instansiya məhkəməsində icraat zamanı qanunla müəyyən edilmiş prosessual müddətlər çərçivəsində özlərinin mötəbər sübutlarını məhkəməyə təqdim etmək üçün kifayət qədər vaxt ayrılmış və zəruri şərait yaradılmışdır. Iş materiallarına əlavə edilmiş sübutlardan da görünür ki, tərəflərə birinci instansiya məhkəməsində keçirilmiş iclasların vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi ##.##.2020-ci il tarixli Razılaşma protokolu üzrə 86527 manat məbləğdə borcun silinməsinə dair qərarında haqlı olmamışdır. Belə ki, məhkəmə həmin hissədə iddianı təmin edən zaman iddia müddətinin ötməsi barədə iddiaçının ərizəsinə əsaslanmışdır. Ancaq kollegiya qeyd edir ki, adıçəkilən Razılaşma protokolu üzrə üzərinə götürdüyü öhdəliyin silinməsini tələb edən şəxs İddiaçıdur. Ancaq bildiyimiz kimi, həmin öhdəliyin icrasını tələb etmək hüququ isə Cavabdeh IB-yə məxsusdur. Qeyd edilməlidir ki, “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin ## #### 2020-ci il tarixli plenum qərarında göstərilmişdir ki, iddia müddəti tələb hüququ (pozulmuş hüququn müdafiə edilməsi) üçün xarakterikdir. Həmçinin nəzərə alaq ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə yaranmış borcun və ya zərərin istehlakçıdan tələb edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ Cavabdeh IB-yə aid olduğundan, belə tələblər üzrə iddia müddəti ötürüldüyü halda həmin işdə potensial cavabdeh olan şəxsin ərizəsinə əsasən iddia müddətinin tətbiq edilməsi və iddianın həmin əsasla rədd edilməsi mümkündür. Lakin Cavabdeh IB belə iddia tələbi ilə məhkəməyə müraciət etmədən, həmin borcu iddiaçıdan məhkəmədən kənar qaydada tələb etdiyinə görə iddiaçı qeyd olunan borcun silinməsi, yəni borcunun olmadığını təsbit etmək barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Tələb hüququ ilə bağlı olmayan, borcun olmadığını (borcun silinməsini) təsbit etmək barədə iddiaya iddia müddəti tətbiq oluna bilməz. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Habelə həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə isə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hazırkı halda, iddiaçının tələbindən göründüyü kimi, iddia Mülki Məcəllənin 372.1-ci maddəsinə nəzərdə tutulmuş, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququ ilə bağlı deyildir. Işə baxmış olan birinci instansiya məhkəməsi isə iddiaçının iddiasını müqavilə münasibətlərindən irəli gələn tələb kimi qiymətləndirərək, həmin iddia üzrə iddia müddətini tətbiq etməklə maddi hüquq normasını yanlış tətbiq etmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı işin hallarına düzgün hüquqi qiymət verilməmiş və həmin hissədə iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh IB-nin apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qətnaməsi ləğv olunaraq yeni qətnəmə çıxarılmalı, iddia qismən təmin edilərək Cavabdeh IB tərəfindən Şaməddin Yaqub oğlunun istifadəsində olan Sabirabad rayonu Salmanlı kəndində yerləşən istixananın *************** saylı abonent koduna qazdan istifadəyə görə hesablanmış 102132,02 manat məbləğdə borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və MPM-in 14, 77, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh IB-nin apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qətnaməsi ləğv olunsun və yeni qətnəmə çıxarılsın. Iddia qismən təmin edilsin. Cavabdeh IB tərəfindən Şaməddin Yaqub oğlunun istifadəsində olan və Sabirabad rayonu Salmanlı kəndində yerləşən istixananın *************** saylı abonent koduna qazdan istifadəyə görə hesablanmış 102132,02 manat (yüz iki min yüz otuz iki manat iki qəpik) məbləğdə borc silinsin. Iddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Həmin müddət ərzində şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar