Məhkəmə qərarları › İş №e-2-2(4-11)-1077/2026

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-11)-1077/2026

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(4-11)-1077/2026 11.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı sadələşdirilmişdiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV daxil olmaqla 2305 (iki min üç yüz beş) manat məbləğində xidmət haqqı, borcun ödənilmədiyi bütün müddət üçün 691,5 (altı yüz doxsan bir manat əlli qəpik) manat məbləğində dəbbə pulu, 500 (beş yüz) manat məbləğində hüquqi yardım xərci və 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh MMC-dən İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, sadələşdirilmiş iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1-ci maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1-cü maddəsinə əasasən bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. 284-4.2-ci maddəsinə əsasən Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. İddia ərizəsinə əlavə edilən sənədlərdən müəyyən edilir ki, "Sifarişçinin” (Cavabdeh MMC ilə “İcraçı” (İddiaçı MMC) arasında xx.xx.2023-cü il tarixli İM00202 nömrəli “nəqliyyat vasitələrinə texniki xidmət və təmir haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən “İcraçı” (İddiaçı MMC) "Sifarişçinin” (Cavabdeh MMC) sifarişinə əsasən hər hansı bir əsasla ona məxsus olan (mülkiyyət, sahiblik, istifadə, icarə, etibarnamə və sairə hər hansı digər bir əsasla ona məxsus olan və İdarə etdiyi) avtonəqliyyat vasitələrinə (bundan sonra Avtomobil) texniki xidmət və təmir işlərini (bundan sonra Xidmət) icra etməyi, “Sifarişçi” isə icra edilmiş Xidmətləri təhvil almağı və razılaşdırılmış Xidmət haqqını “İcraçı”ya ödəməyi öhdəsinə götürmüşdür. İddia ərizəsinin əsaslandırılmasından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli İM00202 nömrəli “nəqliyyat vasitələrinə texniki xidmət və təmir haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən “İcraçı” (İddiaçı MMC) "Sifarişçinin” (Cavabdeh MMC) sifarişinə əsasən hər hansı bir əsasla ona məxsus olan (mülkiyyət, sahiblik, istifadə, icarə, etibarnamə və sairə hər hansı digər bir əsasla ona məxsus olan və İdarə etdiyi) avtonəqliyyat vasitələrinə (bundan sonra Avtomobil) texniki xidmət və təmir işlərini (bundan sonra Xidmət) icra etməyi, “Sifarişçi” isə icra edilmiş Xidmətləri təhvil almağı və razılaşdırılmış Xidmət haqqını “İcraçı”ya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.2-ci bəndində qeyd edilmişdir ki, “Sifarişçi”nin nümayəndəsinin (sürücüsünün) sifariş-tapşırığı və servis-kartını imzalaması verilmiş sifarişin icra edildiyini və Avtomobilin təhvil alındığı faktını təsdiq edir. Lakin iddia ərizəsinə əlavə edilən sənədlərdən müəyyən edilir ki, ne servis kartı, nə də görülmüş işlərə dair AKT sifarişçi tərəfindən təsdiq edilməmişdir. Odur ki, tələbi təsdiq edən sənədlərin təqdim edildiyi müəyyən edilmir. Halbuki, tələbi təsdiq edən sənədlərin təqdim edilməsi ona görə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması üçün mümkünlük şərtidir ki, sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında, tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır, bu zaman tələbi təsdiq edən sənədlərin əvvəldən mövcudluğuna ehtiyac vardır. Bu səbəbdən də hesab edirəm ki, sadələşdirilmiş iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-4-cü maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. İddia icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edilmədiyi təqdirdə (iddiaçının bu barədə müraciəti olduqda) ödənilmiş 50,60 (əlli manat altmış qəpik) manat məbləğində dövlət rüsumu (qəbz № **********) geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar