Məhkəmə qərarları › İş №e-2-2(4-11)-1102/2026

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-11)-1102/2026

16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(4-11)-1102/2026 16.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh MMC-yə qarşı “hesabın bloklanmasının qanunsuz hesab edilməsi, ziyanın ödənilməsi və s.” tələblərinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilənin 9.1-ci bəndinin etibarsız sayılması, hesabın bloklanmasının qanunsuz hesab edilməsi, itirilmiş gəlirin cavabdehdən tutulması, reputasiya zərərinə görə 7000 manat kompensasiyanın tutulması, “Çoxsaylı şikayətlər” iddiasına dair sübutların məhkəməyə təqdim edilməsi, mediaya verilmiş məlumatların sübutsuz olduğunun tanınması, hesabın bərpası və məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Çünki iddiaçı tərəfindən dövlət rüsumu tam məbləğdə ödənilməmişdir. Belə ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən xx.xx.2026-cı il tarixli, ********** nömrəli qəbzə əsasən 30 manat məbləğində rüsum ödənmişdir. Halbuki, ən azından iddiaçının tələb etdiyi 7000 manat zərərə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddia qiymətinə müvafiq olaraq 90 manat dövlət rüsumu ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddia qiyməti alınan məbləğlə müəyyən edilir. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. Bundan başqa iddiaçı tərəfindən iddia ərizəsində itirilmiş gəlirin cavabdehdən tutulması xahiş edilsə, itirilmiş gəlir üzrə iddianın qiyməti ərizədə göstərilməmişdir. Belə olan halda isə həmin hissədə iddianın qiyməti olmadığından iddia ərizəsi üzrə ödənilməli olan ümumi dövlət rüsumununun məbləğini dəqiq müəyyən etmək mümkün deyildir. Çünki “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddia qiymətinə uyğun olaraq müvafiq dövlət rüsumu ödənilməlidir. Bundan başqa, iddiaçı iddia ərizəsində “Çoxsaylı şikayətlər” iddiasına dair sübutların məhkəməyə təqdim edilməsini tələb etsə də, hesab edirəm ki, iddiaçı sübutların təqdim edilməsi üçün məhkəməyə tələb formasında iddia ərizəsi ilə deyil, işə baxılarkən vəsatətlə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Həmçinin, iddiaçının tələbinin “mediaya verilmiş məlumatların sübutsuz olduğunun tanınması” hissəsi aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı deyil, habelə tələbin məzmunu qeyri-müəyyəndir. Birincisi, hər hansı hüquqi əhəmiyyətli faktın tanınmasına kommersiya mübahisəsi kimi kommersiya məhkəməsində deyil, xüsusi icraat qaydasında ümumi məhkəmələrdə baxılır, ikincisi, isə iddiaçı həmin hissədə iddia predmetini dəqiq (hansı məlumatların, hansı mediada) göstərməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269-cu maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçı Cavabdeh MMC-yə qarşı “hesabın bloklanmasının qanunsuz hesab edilməsi, ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar