Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-1376/2026 11.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kiçik mübahisələr üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV daxil olmaqla 6251,21 (altı min əlli bir manat iyirmi bir manat) manat məbləğində xidmət haqqı, borcun ödənilmədiyi bütün müddət üçün 691,67 (altı yüz doxsan bir manat altımış yeddi qəpik) manat məbləğində dəbbə pulu, 500 (beş yüz) manat məbləğində hüquqi yardım xərci 90 (doxsan) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2025-ci il tarixli İM00402 nömrəli nəqliyyat vasitələrinə texniki xidmət və təmir haqqında müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin nəqliyyat vasitələrinə texniki və təmir xidmətlər göstərilmişdir. Göstərilmiş xidmətlərlə bağlı müvafiq elektron qaimə və zəruri olan digər sənədlər tərtib edilərək cavabdehə təqdim edilmişdir. Müqavilənin 5.7-ci maddəsinə əsasən göstərilmiş xidmətlərin dəyəri elektron qaimənin cavabdehə verildiyi gündən 10 (on) gün ərzində icra edilməlidir. Lakin cavabdeh elektron qaimənin ona verilməsinə baxmayaraq İddiaçı MMCyə heç bir ödəniş etməmişdir. Hazırda göstərdikləri texniki və təmir xidmətlərinə görə cavabdehin İddiaçı MMC-yə 6251,21 (altı min əlli bir manat iyirmi bir manat) manat məbləğində borcu yaranmışdır. Cavabdehlə aparılmış danışıqlar heç bir nəticə vermədiyi üçün İddiaçı MMC xx.xx.2026-cı il tarixində borcun ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanı aldıqdan sonra da cavabdeh nə pretenziyaya münasibət bildirmiş, nə də ödəməli olduğu borcunu ödəmişdir. Bu isə İddiaçı MMC-nin hüquqlarını pozduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Həmçinin, müqavilənin 5.8-ci maddəsinə əsasən “Sifarişçi” xidmət haqqının ödənişini gecikdirirsə ödənişi gecikdirdiyi hər bir gün üçün gecikdirilmiş məbləğin 0,1% miqdarında dəbbə pulu ödəməlidir və dəbbə pulunun miqdarı ödənilməli olan məbləğin 10%-dən artıq ola bilməz. Cavabdeh isə göstərilmiş xidmətlərin dəyərini təşkil edən 6251,21 (altı min əlli bir manat iyirmi bir manat) manat məbləğində pulun ödənişini uzun müddət gecikdirmişdir. Hesablanmış dəbbə pulunun məbləğin 1353,36 (bir min üç yüz əlli üç manat otuz altı qəpik) manat təşkil etsə də müqavilənin 5.8-ci maddəsinə əsasən biz həmin məbləğdən 691,67 (altı yüz doxsan bir manat altımış yeddi qəpik) manat məbləğində olan hissəni cavabdehdən tələb edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2026-cı il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC ilə “X1" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli, İM00402 nömrəli avtomobillərə texniki xidmət və təmiri haqqında müqavilədən görünür ki, icraçısifarişçinin mülkiyyətində olan avtonəqliyyat vasitələrinə texniki xidmət və təmir işlərini icra etməyi, sifarişıçi isə icra edilmiş xidmətləri təhvil almağı və razılaşdırılmış haqqını icraçıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.7-ci bəndinə əsasən, sifarişçi xidjmətin dəyərini avtomobili TXS-dan təhvil götürdüyü zaman icraçı tərəfindən elektron qaimə-fakturanın sifarişçinin səlahiyyətli nümayəndəsinə çatdırıldığı andan etibarən 10 (on) gün ərzində köçürmə yolu ilə icraçının hesablaşma hesabına öğdəməlidir. Həmin müqavilənin 5.8-ci bəndinə əsasən, sifarişçi xidmət haqqının ödənişini gecikdirirsə ödənişi gecikdirdiyi hər bir gün üçün gecikdirilmiş məbləğin 0,1% miqdarında dəbbə pulu ödəməlidir və dəbbə pulunun miqdarı ödənilməli olan məbləğin 10%-dən artıq ola bilməz. xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli invoyslardan görünür ki, “X1" MMC-nin mülkiyyətində olan “Mitsubishi L200” markalı, **-YK-***, “Renault Dokker” markalı, **-PG-*** və “Chanqan F70 minik” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə İddiaçı MMC tərəfindən ümumilikdə (ƏDV daxil olmaqla) 6752,78 manat məbləğində xidmət göstərilmişdir. 197178, 197179, 202611, 199832, 201228, 201218, 197326, 194840, 200800, 203669 və 203670 nömrəli servis kartlarından görünür ki, “X1" MMC-nin mülkiyyətində olan “Mitsubishi L200” markalı, **-YK-***, “Renault Dokker” markalı, **-PG-*** və “Chanqan F70 minik” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə (hava süzgəcinin dəyişdirilməsi, mühərrikin yağ və süzgəcinin dəyidirilməsi və yanacaq süzgəcinin dəyidirilməsi üçün) İddiaçı MMC tərəfindən ümumilikdə (ƏDV daxil olmaqla) 1335,99 manat məbləğində xidmət göstərilmişdir. Seriya MT2507 seriyalı, 12329631 nömrəli, xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 830,46 manat ƏDV olmaqla, (arxa sağ qanadın rənglənməsi və süzgəcinin dəyişdirilməsi və s. xidmətlər üçün), ümumilikdə 5444,17 manat dəyərində “X1" MMC-yə xidmətlər həyata keçirilmişdir. Seriya MT2508 seriyalı, 10529013 nömrəli, xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 35,27 manat ƏDV olmaqla, (farsunkaların yuyuıması və s. xidmətlər üçün), ümumilikdə 231,22 manat dəyərində “X1" MMC-yə xidmətlər həyata keçirilmişdir. Seriya MT2508 seriyalı, 11896027 nömrəli, xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 1,98 manat ƏDV olmaqla, (kondisoner sisteminin diaqnostikası üçün), ümumilikdə 12,98 manat dəyərində “X1" MMC-yə xidmətlər həyata keçirilmişdir. Seriya MT2509 seriyalı, 11710775 nömrəli, xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 13,39 manat ƏDV olmaqla, (mühərrikin yax və süzgəcinin dəyişdirilməsi və s. xidmətlər üçün), ümumilikdə 87,92 manat dəyərində “X1" MMC-yə xidmətlər həyata keçirilmişdir. Seriya MT2509 seriyalı, 12025681 nömrəli, xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 25,02 manat ƏDV olmaqla, (mühərrikin yağ və süzgəcinin dəyişdirilməsi və s. xidmətlər üçün), ümumilikdə 164,06 manat dəyərində “X1" MMC-yə xidmətlər həyata keçirilmişdir. Seriya MT2509 seriyalı, 12026135 nömrəli, xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 27,12 manat ƏDV olmaqla, (mühərrikin yağ və süzgəcinin dəyişdirilməsi və s. xidmətlər üçün), ümumilikdə 177,82 manat dəyərində “X1" MMC-yə xidmətlər həyata keçirilmişdir. Seriya MT2511 seriyalı, 10630237 nömrəli, xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 56,03 manat ƏDV olmaqla, (təkər çəplik içliyinin dəyişdirilməsi və s. xidmətlər üçün), ümumilikdə 367,33 manat dəyərində “X1" MMC-yə xidmətlər həyata keçirilmişdir. Seriya MT2511 seriyalı, 11998457 nömrəli, xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 40,78 manat ƏDV olmaqla, (arxa sağ dayanma işığının lampasının dəyişdirilməsi və s. xidmətlər üçün), ümumilikdə 267,38 manat dəyərində “X1" MMC-yə xidmətlər həyata keçirilmişdir. İddiaçı MMC-nin direktoru Zaur Abbasov ilə “X1" MMC-nin direktoru Camaləddin Əliyev arasında imzalanmış xx.xx.2025-ci il tarixli üzləşmə Aktından görünür ki, xx.xx.2025-ci il tarixli, İM00402 nömrəli avtomobillərə texniki xidmət və təmir haqqında müqaviləyə əsasən “X1" MMC-nin 01 dekabr 2025-ci il tarixinə invoyslaşdırılmış 6251,21 manat borcu vardır və bu borc barədə tərəflərin bir-birinə qarşı heç bir etirazı olmamışdır. xx.xx.2026-cı il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, Əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Göründüyü kimi, tərəflər arasında avtomobillərə texniki xidmət və təmir haqqında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan xidmətləri göstərmiş, lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında ödənilməmiş pul öhdəliyi yaranmışdır. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli və Cavabdeh MMC-dən xx.xx.2025-ci il tarixli, İM00402 nömrəli avtomobillərə texniki xidmət və təmir haqqında müqavilə üzrə 6251,21 (altı min iki yüz əlli bir manat 21 qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Digər tərəfdən, xx.xx.2025-ci il tarixli, İM00402 nömrəli avtomobillərə texniki xidmət və təmir haqqında müqavilənin şərtlərinə əsasən iddiaçı 6251,21 manat cərimə pulu tələb etmişdir. Hesab edirəm ki, 691,67 manat əsas borc üzrə həmin məbləğdə cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 691,67 manat məbləğində hesablanmış cərimə məbləğinin 312,55 (tələb edilən əsas borcun 5% həddində) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Qeyd olunanlara əsasən belə qənaətə gəlirəm ki, iddia qismən təmin edilməli, müqavilədə nəzərdə tutulan öhdəlik yerinə yetirmədiyindən, öhdəliyin icrası üçün ödənilməli olan 6251,21 manat əsas borc, 312,55 manat cərimə cavabdehdən alınaraq İddiaçı MMC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı öz tələbində hüquqi yardım üçün 500 manat məbləğində vəsaitin cavabdehdən tutulmasını xahiş etsə də, bununla bağlı heç bir rəsmi sübut iddia ərizəsinə əlavə etməmişdir. Ona görə də hesab edirəm ki, iddia hüquqi yardımı üçün ödənilmiş vəsaitin tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat+1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia qismən təmin edildiyindən hesab edirəm ki, ödənilmiş 90,60 manat dövlət rüsumunun 85,63 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2025-ci il tarixli, İM00402 nömrəli avtomobillərə texniki xidmət və təmir haqqında müqavilə üzrə 6251,21 (altı min iki yüz əlli bir manat 21 qəpik) manat məbləğində əsas, 312,55 (üç yüz on iki manat 55 qəpik) manat cərimə və ödənilmiş 85,63 (səksən beş manat 63 qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 6649,39 (altı min altı yüz qırx doqquz manat 39 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2-2(4-11)-1376/2026
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-11)-1376/2026
11.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver