Məhkəmə qərarları › İş №e-2-2(4-11)-1437/2026

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-11)-1437/2026

24.02.2026 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(4-11)-1437/2026 24.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı1 cavabdehlər Cavabdeh3 MTK, Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh5 və Cavabdeh6 “ümumi yığıncağın protokolunun ləğv edilməsi və s” tələblərinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 MTK-nın üzvlərinin ümumi yığıncağının 05 may 2019-cu il tarixli 16 saylı Protokolunun ləğv edilməsi, Protokol əsasında MTK-ya cavabdehlər tərəfindən vurulmuş ziyanın ödənilməsi, Cavabdeh3 MTKda 19.8% payı olan iddiaçı Ayhan Çalbaya ünvan 1 ünvanında tikilmiş və istismara verilmiş 20 mərtəbəli, zirzəmili yaşayış binasının (Blok A) 17124.9 kv.m ümumi sahəsindən (19.8%) - 3390.73 kv.m, 19 mərtəbəli, zirzəmili yaşayış binasının (Blok B) 12558.2 kv.m ümumi sahəsindən (19.8%) 2486.52 kv.m, Cavabdeh3 MTK-da 4.95% payı olan İddiaçı1 ünvan 2 ünvanında tikilmiş və istismara verilmiş 20 mərtəbəli, zirzəmili yaşayış binasının (Blok A) 17124.9 kv.m ümumi sahəsindən (4.95%) - 847.68 kv.m, 19 mərtəbəli, zirzəmili yaşayış binasının (Blok B) 12558.2 kv.m ümumi sahəsindən (4.95%) 621.63 kv.m sahənin ayrılaraq verilməsi, - İddiaçılara ünvan 2 ünvanında tikilmiş və istismara verilmiş 20 mərtəbəli, zirzəmili yaşayış binasından (Blok A) və 19 mərtəbəli, zirzəmili yaşayış binasından (Blok B) payın naturada ayrılması mümkün olmadığı təqdirdə, verilməli olan sahənin iddia verilən tarixə bazar qiyməti hesablanaraq kompensasiyanın cavabdehlər "xxxx" MTK-dan, Qanuni nümayəndə, Cavabdeh1, Cavabdeh6 Şixəli oğlu, Cavabdeh5 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində “protokol əsasında MTK-ya cavabdehlər tərəfindən vurulmuş ziyanın ödənilməsi” xahiş edilsə də, vurulmuş ziyan üzrə iddianın qiyməti ərizədə göstərilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən cavabdehlərdən Cavabdeh3 MTK-ya və VÖEN-i olan Cavabdeh5 mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmiş, eyni zamanda iddia ərizəsi elektron qaydada deyil, poçt vasitəsilə çatdırılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddia qiyməti alınan məbləğlə müəyyən edilir. 112.4-cü maddəsinə əsasən iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) sənəd iddia ərizəsinə əlavə edilməlidir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1, 152.1.4 və 152.1.6-cı maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, həmçinin müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269-cu maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçı1 cavabdehlər Cavabdeh3 MTK, Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh5 və Cavabdeh6 “ümumi yığıncağın protokolunun ləğv edilməsi və s” tələblərinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar