Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-38/2026 10.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı «pul» tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yükdaşıma və ekspeditor xidmətləri müqaviləsi) Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədov Fərid Elçin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC və "xxxx" MMC arasında “Yükdaşıma vekspeditor xidmətləri haqqında” xx.xx.2025-ci il tarixli, 11/25 nömrəli müqavilə üzrə iddiaçı tərəfindən göstərilən xidmətlərə görə müəyyən olunmuş ödənilməmiş qalan 2195 (iki min yüz doxsan beş) manat əsas borcun qalıq hissəsinin və borcun gecikdirilməsi üçün həmin xidmətlərin ümumi dəyərinin 0,1 faizi həcmində olan 1415.5 (min dörd yüz on beş manat əlli qəpik) manat cərimənin və ödənilmiş 56.14 (əlli altı manat on dörd qəpik) manat dövlət rüsumunun, ümumilikdə, 3666.64 (üç min altı yüz altmış altı manat altmış dörd qəpik) manat məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və "xxxx" MMC arasında “Yükdaşıma və ekspeditor xidmətləri haqqında” xx.xx.2025-ci il tarixli, 11/25 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçı tərəfindən göstərilən xidmətlərin haqqı 14195 manat (on dörd min yüz doxsan beş) müəyyən edilmişdir. Qeyd edilən müqavilə üzrə göstərilməli olan xidmətlər iddiaçı tərəfindən icra edilmiş, lakin müqavilə üzrə ödənilməli olan vəsait cavabdeh tərəfindən iddiaçının hesabına tam şəkildə köçürülməmişdir. Belə ki, müqavilə üzrə ödənilməli olan 14195 min manat pul vəsaitinin 12000 manat hissəsi ödənilmiş, 2195 manat hissəsi isə ödənilməmişdir. Həmin müqavilənin 4-cü bəndinin tələblərinə görə müqavilə üzrə ödəniş gecikdirilərsə, ekspeditor ödənişin gecikdirildiyi hər təqvim günü üçün müvafiq əlavədə göstərilən xidmətlərin ümumi dəyərinin 0,1 %-i həcmində Müştəriyə cərimə tətbiq edəcək, lakin cərimə məbləği müvafiq əlavədə göstərilən xidmətlərin ümumi dəyərinin 10%-dən çox olmamalıdır. Həmin müqavilənin 3-cü bəndinin 3.2-ci yarımbəndinə əsasən müştəri hesab-fakturanın təqdim edildiyi tarixdən etibarən 15 (on beş) bank günü ərzində ekspeditorun hesabına bank köçürməsi yolu ilə ödəniş etməlidir. Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə cavabdehə xx.xx.2025-ci il tarixli elektron qaimə-faktura təqdim edilmiş, göstərilən xidmətə görə müəyyən edilmiş ödənişi həyata keçirilməsi barədə dəfələrlə xəbərdarlıq edilmiş, lakin iddiaçı tərəfindən 15 bank günü ərzində tələb tam şəkildə icra edilməmişdir. Müqavilə üzrə öhdəliklər tam şəkildə icra edilmədiyinə görə, ödənilməmiş qalan 2195 manat əsas borcun qalıq hissəsinin və borcun gecikdirilməsi üçün həmin xidmətlərin ümumi dəyərinin 0,1 faizi həcmində olan 1415.5 manat cərimənin 10 iş günü ərzində ödənilməsi barədə cavabdeh "xxxx" MMC-nə pretenziya məktubu göndərilmişdir. Cavabdeh ona ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubuna qarşı hər-hansı münasibət bildirməmişdir. Qeyd edilənlərə əsasən, müqavilə üzrə öhdəliklər tam şəkildə icra edilmədiyinə görə, ödənilməmiş qalan 2195 manat əsas borcun qalıq hissəsi və borcun gecikdirilməsi üçün həmin xidmətlərin ümumi dəyərinin 0,1 faizi həcmində olan 1415.5 manat cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə1 iddia tələbini müdafiə edib, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Ekspeditor "xxxx" MMC ilə müştəri Cavabdeh MMC arasında imzalanmış yükdaşıma və ekspeditor xidmətləri göstərilməsi haqqında 11/25 nömrəli, 11 fevral 2025-ci il tarixli müqavilədən görünür ki, ekspeditor müştərinin xərci və məsrəfi hesabına müştərinin yükünü yük maşını, dəmir yolu, dəniz, hava nəqliyyatı və ya hər hansı digər nəqliyyat vasitəsi ilə daşınmasını təşkil edəcək, müştəri isə, müqavilənin 3-cü bölməsinə uyğun olaraq, nəqliyyat xidmətlərinin dəyərini ödəyəcəkdir.
7. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, müştəri ekspeditorun kommersiya təklifində göstərilən və iş Sifarişinin verilməsi ilə Müştəri tərəfindən təsdiqlənmiş tariflərə və qiymətlərə əsasən təqdim edilən hesab fakturalara uyğun olaraq yerinə yetirilən yükdaşıma xidmətlərinə görə ödəniş edir.
8. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, müştəri hesab-fakturanın təqdim edildiyi tarixdən etibarən 15 (on beş) bank günü ərzində ekspeditorun hesabına bank köçürülməsi yolu ilə ödəniş etməlidir.
9. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, müqavilə üzrə ödəniş gecikdirilərsə, ekspeditor ödənişin gecikdirildiyi hər təqvim günü üçün müvafiq əlavədə göstərilən xidmətlərin dəyərinin 0,1%-i həcmində müştəriyə cərimə tətbiq edəcək, lakin cərimə məbləği müvafiq əlavədə göstərilən xidmətlərin ümumi dəyərinin 10%-dən çox olmamalıdır.
10. Ekspeditor "xxxx" MMC ilə müştəri Cavabdeh MMC arasında imzalanmış 11 fevral 2025-ci il tarixli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, China (Xiamen) – Azərbaycan (Bakı) dəmir yolu vasitəsi ilə yük daşıma xidmətinin yerinə yetirilməsi üçün 14195 manat məbləğində qiyməti tərəflər razılaşaraq təsdiq etmişlər.
11. 22.03.2025-ci il tarixli hesab-fakturadan görünür ki, 11/25 nömrəli, 11 fevral 2025ci il tarixli müqavilə üzrə ödəniləcək məbləğ 14195 manat təşkil edir.
12. 01 aprel 2025-ci il tarixli təhvil təslim aktından görünür ki, tərəflər arasında imzalanmış 11/25 nömrəli, 11 fevral 2025-ci il tarixli müqaviləyə əsasən, 2025-ci ilin yanvar ayında Çindən Bakıya tikinti materialı dəmir yolu vasitəsi ilə daşınması üçün sorğu edilib və mart ayında 14195 manat dəyərində olan göstərilən xidmət tam həcmdə və qüsursuz olaraq "xxxx" MMC tərəfindən təhvil verilmişdir.
13. Seriya MT2504 seriyalı, 10082751 nömrəli, xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, "xxxx" MMC tərəfindən China (Xiamen) – Azərbaycan (Bakı) dəmir yolu vasitəsi ilə, ümumilikdə 14195 manat dəyərində Cavabdeh MMC-yə yük daşıma xidməti həyata keçirilmişdir.
14. "xxxx" ASC-yə məxsus xx.xx.2025-ci il tarixli, 000İPX125097E636 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC (VÖEN: **********) tərəfindən 10082751 nömrəli elektron qaiməyə əsasən "xxxx" MMC-nin (VÖEN: **********) hesabına 10095 manat məbləğində ödəniş həyata keçirmişdir.
15. "xxxx" ASC-yə məxsus xx.xx.2025-ci il tarixli, 000İPX1252743C18 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC (VÖEN: **********) tərəfindən MT2504 seriyalı, 10082751 nömrəli elektron qaiməyə əsasən "xxxx" MMC-nin (VÖEN: **********) hesabına 2000 manat məbləğində ödəniş həyata keçirmişdir.
16. 14 aprel 2025-ci il tarixli təhvil təslim aktından görünür ki, tərəflər arasında imzalanmış 11/25 nömrəli, 11 fevral 2025-ci il tarixli müqaviləyə əsasən, Çin (Ningbo) Azərbaycan (Bakı) xidmət tam həcmdə və qüsursuz olaraq "xxxx" MMC tərəfindən təhvil verilmişdir.
17. İşə əlavə edilmiş pretenziyadan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydalarına əməl edilmişdir.
18. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır.
19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında xx.xx.2025-ci il tarixli, 11/25 saylı yükdaşıma və ekspeditor xidmətləri müqaviləsi bağlanmış və həmin müqaviləyə uyğun olaraq iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan sifariş əsasında (Çindən Bakıya tikinti materialı dəmir yolu vasitəsi) xidmətlər göstərmiş, lakin cavabdeh ona göstərilmiş 14195 manat dəyirində xidmətin 12095 manat hissəsini ödəmiş, qalan 2100 manat hissəsi üzrə ödəniş etməmiş və bununla da, üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.
20. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Həmin Məcəllənin Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
25. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
26. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
27. Beləliklə, yuxarıda qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi 2195 manat məbləğində əsas borcun tutulması hissəsində qismən təmin edilməli və Cavabdeh MMC-dən xx.xx.2025-ci il tarixli, 11/25 nömrəli yükdaşıma və ekspeditor xidmətləri müqaviləsinə əsasən 2100 (14195- 12095=2100) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
28. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan lizinq müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh dəbbə pulunu ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin lizinq müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı lizinq müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 1415,50 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir.
29. Məhkəmə işin hallarını nəzərə alıb belə qənaətə gəlir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış dəbbə pulu hissəsində iddia tələbi qismən təmin edilərək, 105 (əsas borcun 5% həddində) manat məbləğində müəyyən edilməlidir.
30. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli, 11/25 nömrəli yükdaşıma və ekspeditor xidmətləri müqaviləsinə əsasən 2100 manat məbləğində əsas borc və 105 manat məbləğində cərimə-dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 56,14 manat məbləğində olan dövlət rüsumunun 42,05 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixli, 11/25 nömrəli yükdaşıma və ekspeditor xidmətləri müqaviləsinə əsasən 2100 (iki min bir yüz) manat məbləğində əsas borc, 105 (bir yüz beş) manat məbləğində cərimə-dəbbə pulu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 42,05 (qırx iki manat 05 qəpik) manatı olmaqla, ümumilikdə 2247,05 (iki min iki yüz qırx yeddi manat 05 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fərid Hətəmzadə