Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-563/2026 10.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV daxil olmaqla 876,78 (səkkiz yüz yetmiş altı manat yetmiş səkkiz qəpik) manat məbləğində xidmət haqqı, borcun ödənilmədiyi bütün müddət üçün 263 (iki yüz altımış üç) manat məbləğində dəbbə pulu, 300 (üç yüz) manat məbləğində hüquqi yardım xərci və 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, ALYANS TEKSTİL” MMC ilə İddiaçı MMC arsında xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinə texniki xidmət və təmir haqqında İM00005 nömrəli müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin nəqliyyat vasitələrinə texniki və təmir xidmətlər göstərilmişdir. Göstərilmiş xidmətlərlə bağlı müvafiq elektron qaimə və zəruri olan digər sənədlər tərtib edilərək cavabdehə təqdim edilmişdir. Müqavilənin 5.7-ci maddəsinə əsasən göstərilmiş xidmətlərin dəyəri elektron qaimənin cavabdehə verildiyi gündən 10 (on) gün ərzində icra edilməlidir. Lakin cavabdeh elektron qaimənin ona verilməsinə baxmayaraq İddiaçı MMC-yə olan borcunu tam ödəməmişdir. Hazırda göstərilən texniki və təmir xidmətlərinə görə cavabdehin İddiaçı MMC-yə 876,78 (səkkiz yüz yetmiş altı manat yetmiş səkkiz qəpik) manat məbləğində borcu yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
III. Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. - 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər.
IV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 762.1-ci maddəsinə əsaəsn podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. - 762.3-ci maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. - 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında xx.xx.2022-ci il tarixində “Avtomobillərə texniki xidmət və təmiri haqqında” müqavilə bağlanmışdır.
8. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişinə əsasən ona məxsus olan avtonəqliyyat vasitələrinə texniki xidmət və təmir işlərini icra etməyi, sifarişçi isə icra edilmiş xidmətləri təhvil almağı və razılaşdırılmış xidmət haqqını icraçıya ödəməyi öhdəsinə götürür.
9. Müqavilənin 1.2-ci bəndinə əsasən təmir üçün qəbul ediləcək avtomobillər, onların markası, modeli və dövltə nömrə nişanının siyahısı hazırki müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə № 1-də göstərilir.
10. Müqavilənin 5.3-cü bəndinə əsasən ödəniş icraçı tərəfindən tərtib və təqdim edilmiş hesab-faktura əsasında icra edilir.
11. Müqavilənin 5.7-ci bəndinə əsasən sifarişçi xidmətin dəyərini avtmobili TXS-dan təhvil götürdüyü zaman nağd şəkildə və ya icraçı tərəfindən hesab-fakturanın sifarişçinin səlahiyyətli nümayəndəsinə çatdırıldığı andan etibarən 1 (ay) ərzində köçürmə yolu ilə icraçının hesablaşma hesabına ödəməlidir.
12. “Avtomobillərə texniki xidmət və təmiri haqqında” İM00005 saylı Müqaviləyə xx.xx.2023-cü il tarixli Əlavə və dəyişikliklərlə tərəflər müqavilənin 1.1-ci bəndinin “Hazırki nüqaviləyə əsasən İcraçı Sifarişçinin sifarişinə əsasən hər hansı bir əsasla ona məxsus olan (mülkiyyət, sahiblik, isifadə, icarə, etibarnamə və sairə hər hansı digər bir əsasla ona məxsus olan və idarə etdiyi) avtonəqliyyat vasitələrinə (bundan sonra avtomobil) texniki xidmət və təmir işlərini (bundan sonra xidmət) icra etməyi, sifarişçi isə icra edilmiş xidmətləri təhvil almağı və razılaşdırılmış xidmət haqqını icraçıya ödəməyi öhdəsinə götürür barədə razılığa gəlmişlər.” Redaksiyada verilməsi, müqavilənin 1.2-ci bəndinin “Təmir üçün qəbul ediləcək avtomobillər, onların markası, modeli və dövlət nömrə nişanının siyahısı hazırki müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavələrində göstərilir. Lakin xidmətin göstərilməsi yalnız Əlavələrində göstərilən avtomobillərlə məhdudlaşmır. Sifarişçinin rəsmi nümayəndəsinin və sürücülərinin təmir xidmətinin göstərilməsi üçün təqdim etdiyi və hər hansı bir əsasla sifarişçiyə məxsus olan avtomobillər xidmət göstərilməsi üçün qəbul edilir və həmin avtomobillərə xidmət göstərilir.” Redaksiyada verilməsi barədə razılığa gəlmişlər.
13. Müqavilə və ona Əlavələr hər iki hüquqi şəxsin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış podrat müqaviləsindən irəli gəlir.
15. Qeyd edilməlidir ki, podrat müqaviləsi üzrə ilk növbədə işlərin icra edilməsini sübut etmə vəzifəsi podratçı olan İddiaçı üzərinə düşür.
16. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə MT2406 seriyalı 10771521 saylı xx.xx.2024-cü il tarixli dəyəri 1.584,78 manat məbləğində olan elektron qaimə göndərilmişdir.
17. Hazırda iddiaçı cavabdeh tərəfindən ödənişlər həyata keçirildikdən sonra 876,78 manat məbləğində borcunun qaldığını bildirərək iddiaçının xeyrinə tutulmasını xahiş edir.
18. Məhkəmə hesab edir ki, qeyd olunan elektron qaimə ilə bağlı hər hansı bir etiraz verilmədiyi və tərəflərin ödənişin qaimə-faktura əsasında edilməsini razılaşdırdıqları nəzərə alındığına, iddiaçı tərəfindən müvafiq xidmətlər cavabdehə göstərilmiş, cavabdehin isə göstərilmiş xidmətlərin dəyərini ödəmək vəzifəsi yaranmışdır.
19. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.
20. Cavabdeh tərəf də, iddiaya münasibət (etiraz) bildirməmiş, tələb edilən borcun ödənildiyini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
21. Belə olan halda, Məhkəmə hesab edir ki, 876,78 manat məbləğində pul cavadehdən tutularaq iddiaçıya verilməlidir.
22. Məhkəmə 263 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
23. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 5.8-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən sifarişçi xidmət haqqının ödənilməsinin gecikdirərsə hər bir gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0,1% miqdarında dəbbə pulu ödəməlidir.
24. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
25. Hazırkı işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 50 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
26. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı 300 manat məbləğində hüquqi xidmət haqqı tələb etsə də, iddia ərizəsinə 300 manat məbləğində pulun hüquqi xidmət üçün ödənilməsini təsdiq edən sənəd əlavə etməmişdir.
27. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
28. Beləlikdə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 876 (səkkiz yüz yetmiş altı) manat 78 (yetmiş səkkiz) qəpik, cərimə borcu üzrə 50 (əlli) manat olmaqla, ümumilikdə 926 (doqquz iyirmi altı) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 (otuz iki) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov