Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(4-13)-33/2026 24.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddia tələbi:
1. İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 169,52 (yüz altmış doqquz manat, əlli iki qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 12 avqust 2020-ci il tarixli NBA-Z.A.Z-001 nömrəli xidmət müqaviləsi imzalanmış və həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə müvafiq xidmətlər göstərilmişdir. İddiaçı tərəfindən göstərilən xidmətlərə müvafiq olaraq cavabdehin iddiaçıya, ümumilikdə 510,52 manat məbləğində borcu mövcud olmuşdur. Cavahdeh həmin borc məbləğinin 341 manat hissəsini ödəmiş, lakin iddiaçı tərəfindən dəfələrlə edilən müraciətlərə baxmayaraq qalan məbləği ödəməkdən imtina etmişdir. Odur ki, cavabdehin iddiaçıya 169,52 manat məbləğində borcu qalmışdır.
3. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildirişlər müvafiq qaydada cavabdehə göndərilmişdir.
4. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
İş materialları:
5. İş materiallarında olan tərəflər arasında bağlanmış 12 avqust 2020-ci il tarixli NBA- Z.A.Z-001 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı (İddiaçı MMC) onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sistəminə vaxtlı-vaxtında texniki xidmət göstərilməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassa istifadə üçün təqdim olunması xidmətlərini göstərməyi, sifarişçi (Cavabdeh) isə icraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini icraçının və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nəzarət orqanlarının tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürür.
6. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, göstərilən xidmətlərin tam siyahısı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilmişdir.
7. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilənin 1 saylı əlavəsinə əsasən razılaşdırılmış ödəniş sifarişçi tərəfindən bu müqavilə imzalandığı, müvafiq sənədlər təqdim edildiyi gündən sonra 5 iş günü ərzində həyata keçiriləcəkdir.
8. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, ödəniş həyata keçirildikdən sonra icraçı 10 iş günü ərzində işləri təhvil verməlidir və göstərilən xidmət üçün xidmətlərin göstərilməsi barədə akt və elektron qaimə-faktura sifarişçiyə təqdim edilməlidir.
9. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki-hüquqi məsuliyyət daşıyırlar.
10. Həmin müqaviləyə 1 nömrəli Əlavə olan 1 nömrəli Texniki xidmət müqaviləsi üçün qiymət razılaşdırılması protokolundan görürünür ki, tərəflər kassanın qeydiyyatı xidməti və token üçün vahidinin qiyməti 60 manat olmaqla ƏDV daxil 141,6 manat (2*60 manat + ƏDV 21,6 manat = 141,6 manat) olması və bu protokolun icraçı və sifarişçi arasında hesablaşmaların və ödənişlərin aparılması üçün əsas olması barədə razılığa gəlmişlər.
11. Həmin müqaviləyə 2 nömrəli Əlavə olan 2 nömrəli Texniki xidmət müqaviləsi üçün qiymət razılaşdırılması protokolundan görürünür ki, tərəflər nəzarət kassa aparatına göstərilən aylıq servis xidməti üçün vahidinin qiyməti 8 manat olmaqla ƏDV daxil 18,88 manat (2*8 manat + ƏDV 2,88 manat = 18,88 manat) olması və bu protokolun icraçı və sifarişçi arasında hesablaşmaların və ödənişlərin aparılması üçün əsas olması barədə razılığa gəlmişlər.
12. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə nəzarət-kassa aparatının qeydiyyatı və token xidmətləri üçün 141,6 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 06 noyabr 2020-ci il tarixli EBAS seriyalı 285052 nömrəli elektron qaimə-faktura göndərilmişdir.
13. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə nəzarət kassa aparatına xidmətlərin göstərilməsi ilə əlaqədar 18,88 manat dəyərində 13 oktyabr 2020-ci il tarixli EBAR seriyalı 205335 nömrəli, 06 noyabr 2020-ci il tarixli EBAS seriyalı 296090 nömrəli, 14 dekabr 2020-ci il tarixli EBAT seriyalı 872857 nömrəli, 07 yanvar 2021-ci il tarixli EBAV seriyalı 846016 nömrəli, 05 fevral 2021-ci il tarixli EBAX seriyalı 067441 nömrəli, 03 mart 2021-ci il tarixli EBAY seriyalı 210177 nömrəli, 06 aprel 2021-ci il tarixli EBAZ seriyalı 700065 nömrəli, 18 yanvar 2022-ci il tarixli EBBP seriyalı 794179 nömrəli, 01 fevral 2022-ci il tarixli EBBQ seriyalı 563461 nömrəli, 03 mart 2022-ci il tarixli EBBS seriyalı 243484 nömrəli, 04 aprel 2022-ci il tarixli EBBT seriyalı 839570 nömrəli, 10 may 2022-ci il tarixli EBBV seriyalı 975900 nömrəli, 06 iyun 2022-ci il tarixli EBBX seriyalı 711410 nömrəli, 07 iyul 2022-ci il tarixli EBBZ seriyalı 609456 nömrəli, 01 avqust 2022-ci il tarixli EBCB seriyalı 077514 nömrəli, 06 sentyabr 2022-ci il tarixli EBCD seriyalı 226730 nömrəli, 04 oktyabr 2022-ci il tarixli EBCG seriyalı 458523 nömrəli, 10 noyabr 2022-ci il tarixli EBCİ seriyalı 858464 nömrəli, 05 dekabr 2022-ci il tarixli EBCK seriyalı 450125 nömrəli, 10,2 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 11 sentyabr 2020-ci il tarixli EBAP seriyalı 888996 nömrəli olmaqla, ümumi dəyəri 368,92 manat olan elektron qaimə-fakturalar göndərilmişdir.
14. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 510,52 manat məbləğində borcu mövcud olmuş, cavabdeh tərəfindən həmin borc məbləğinin 341 manat hissəsi ödənilmişdir, hazırda cavabdehin iddiaçıya olan borcu 169,52 manat məbləğində təşkil edir.
15. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi portalı olan https://e-kassa.gov.az/az internet səhifəsindən çıxarışdan görünür ki, iddiaçı təşkilat e-kassa operatorlarının siyasındadır.
Tətbiq edilən hüquq:
16. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
18. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
19. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
20. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
23. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
24. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
25. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.
26. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2).
28. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 1.4.1-ci yarmbəndinə əsasən, nəzarət-kassa aparatı (NKA) - malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı aparılan pul hesablaşmaları barədə məlumatların toplanması, emal edilməsi, saxlanması və internet vasitəsilə ötürülməsi imkanına malik olan elektron avadanlıq və ya kompüter sistemləridir.
30. Həmin Qaydaların 1.4.5-ci yarımbəndinə əsasən, operator - nəzarət-kassa aparatının təqdim edilməsi və təchizatını, nəzarət mexanizmi qurğusuna müvafiq proqram təminatının yazılmasını, habelə bu avadanlıq və qurğulara servis-texniki xidmətlərin göstərilməsini həyata keçirən Operator qismində qeydiyyatdan keçmiş rezident hüquqi şəxsdir.
31. Həmin Qaydaların 1.4.7-ci yarımbəndinə əsasən, akt - nəzarət-kassa aparatının vergi orqanında uçota alınması və uçotdan çıxarılması, quraşdırılması, servis-texniki xidmət göstərilməsi, habelə nəzarət mexanizmi qurğusunun aktivləşdirilməsi zamanı Operator tərəfindən portal üzərindən qeydiyyata alınmaqla tərtib edilən sənəddir.
32. Həmin Qaydaların 1.4.6-cı bəndinə əsasən, istifadəçi - malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmaları vergi orqanında uçota alınmış NKA vasitəsilə həyata keçirməli olan vergi ödəyicisidir.
33. Həmin Qaydaların 8.3.6-cı yarımbəndinə əsasən, nəzarət-kassa aparatının vergi orqanlarında uçota alınmasını və uçotdan çıxarılmasını təmin etmək istifadəçinin vəzifələrinə daxildir.
Məhkəmənin mövqeyi:
34. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 12 avqust 2020-ci il tarixli NBA-Z.A.Z-001 nömrəli podrat müqaviləsinin elementlərinə malik xidmət müqaviləsi bağlanılmış, iddiaçı onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sistəminə vaxtlı-vaxtında texniki xidmət göstərilməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassa istifadə üçün təqdim olunması xidmətlərini göstərməyi, cavabdeh isə iddiaçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini iddiaçının və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nəzarət orqanlarının tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilə öhdəliklərinə uyğun olaraq icraçı qismində olan iddiaçı həmin müqavilə üzrə nəzərdə tutulan xismdətləri göstərmiş, sifarişçi qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək göstərilən xidmətlərin dəyərini iddiaçıya ödəməmiş, nəticədə onun iddiaçıya 169,52 manat məbləğində borcu yaranmışdır.
35. Belə ki, tərəflər arasında bağlanmış 12 avqust 2020-ci il tarixli NBA-Z.A.Z-001 nömrəli müqavilənin və həmin müqavilənin Əlavələri olan qiymət razılaşdırılma protokollarının müddəalarına, eyni zamanda iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimə-fakturalara əsasən, nəzarət kassa aparatının qeydiyyatı və token xidmətləri, nəzarət-kassa aparatına xidmətlərin göstərilməsi ilə əlaqədar 510,52 manat məbləğində xidmət göstərilmiş, cavabdeh tərəfindən 341 manat məbləğində borc ödənilmiş, 169,52 manat məbləğində borcu qalmışdır.
36. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 12 avqust 2020-ci il tarixli xidmət müqaviləsi üzrə 169,52 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
37. Bundan əlavə, iddia tələbinin 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 20 noyabr 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
38. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur.
39. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
40. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia təmin edildiyindən 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
42. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 169,52 manat məbləğində əsas bоrc və 30 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 199,52 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq,
QƏT E T D İ:
İddia təmin edilsin. Cavabdeh 169,52 (yüz altmış doqquz manat, əlli iki qəpik) manat məbləğində əsas borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 199,52 (yüz doxsan doqquz manat, əlli iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərman Həmidli