Məhkəmə qərarları › İş №e-2-2(4-14)-572/2026

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-14)-572/2026

13.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(4-14)-572/2026 13.02.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin tutulması tələbinə dair iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən müəssisəyə vurulmuş 89919 (səksən doqquz min doqquz yüz on doqquz) manat məbləğində maddi zərərin, 5000 (beş min) manat məbləğində mənəvi zərərin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 380 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixdə biznes sisteminin istifadə edilməsi və bölüşdürülməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Sahib (Araz Supermarket) satıcıya (iddiaçıya) mağazanı əmtəə nişanı altında işlətməyə, idarə etməyə, mağazada malları müştəriyə satmağa və fəaliyyətindən gəlir əldə etməyə icazə verir və Satıcı mağazanı bu müqavilənin şərtlərinə əsasən idarəetməyə, idarə etməyi, Malları sahibdən almağa və müştəriyə satmağı və fəaliyyətini həyata keçirməyi öhdəsinə götürür. "xxxx" Şəbəkəsinin filialı kimi "xxxx" Beyləqan şəbəkəsi yaradılmışdır. Müəssisə mənim VÖEN-im əsasında fəaliyyət göstərmişdir. Cavabdeh ilə iddiaçının arasında xx.xx.2023-ci il tarixli müddətsiz əmək müqaviləsi bağlanılmışdır. Həmin müqavilə ilə Cavabdeh müəssisəyə satıcı qismində işə başlamışdır. Müqavilənin 3.3-cü maddəsinə əsasən işçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının keyfiyyətlə, vicdanla yerinə yetirilməsinə əməletməlidir. Əmək müqaviləsinin 5.1-ci maddəsinə əsasən bu əmək müqaviləsin 5.1-ci maddəsinə əsasən Bu Əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Müqavilənin 5.2-ci maddəsinə əsasən Tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. Müqavilənin 10.5-ci maddəsinə əsasən tərəflər bu Əmək müqaviləsinin şərtlərini, Əmək Məcəlləsi ilə müəyyən edilən vəzifələrini, habelə biri digərinin qanuni mənafelərini və hüquqlarını pozarsa, təqsirkar tərəfin məsuliyyətə cəlb edilməsini müvafiq dövlət orqanlarından, mülkiyyətçidən tələb etmək hüququna malikdirlər. Lakin cavabdeh öz vəzifə öhdəliklərini vicdanla yerinə yetirməyərək işlədiyi müəssisəyə ciddi zərbə vurmuşdur. Belə ki, Cavabdeh malları qəbul etdikdən sonra başqa şəxslərə sataraq ona etibar olunmuş əmlakları mənimsəmişdir. Bununla bağlı müvafiq dövlət qurumlarına da müraciətlər olunmuşdur. Malların təhvil-qəbul aktlarından görünür ki, mallar Cavabdeh tərəfindən təhvil alınmışdır. Həmçinin, Amil Rüstməmov müəssisədə işlədiyi müddətdə müəssisənin və iddiaçının adından müvafiq pul köçürmələri də etmişdir. Ümumiyyətlə, Cavabdeh iddiaçıda tam inam yaratdığından müəssisənin əsas işləri ona etibar edilmişdir. Bu səbəbdən malların təhvil alınması, anbara verilməsi və digər hərəkətlər onun tərəfindən həyata keçirilmişdir. Cavabdeh məhv bu inam-etibardan istifadə edərək müəssisəyə külli miqdarda zərər vurmuş və bu da müəssisənin iflic vəziyyətə düşməsinə səbəb olmuşdur. Hal-hazırda aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən edilmiş qanunsuzluq nəticəsində müəssisəyə hazırkı durumda 89919 manat zərər dəymişdir. Belə ki, obyektə göndərilmiş malların xeyli hissəsi Cavabdeh tərəfindən mənimsənilmiş, nəticədə anbarda olan mal qalığı hazırda 89919 manat təşkil etmişdir. Araşdırmanın nəticəsindən asılı olaraq məbləğdə müəyyən dəyişikliklər ola bilər. Bundan başqa Cavabdeh tərəfindən müəssisəyə vurulmuş zərərlə əlaqədar iddiaçı ciddi mənəvi iztirab çəkmişdir. Bu hadisə nəticəsində iddiaçıya ciddi zərər vurulmuşdur ki, bu da onun ağır mənəvi duruma düşməsinə səbəb olmuşdur. Bunun nəticəsində çoxlu müalicələr alaraq sağalmağa çalışmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndinə əsasən, MPMin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 18-ci bəndinə əsasən, məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. Qanunvericilyin və Plenum qərarının yuxarıda göstərilən norma və tələblərinin məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur. Həmçinin, əmək münasibətlərindən irəli gələn mübahisələrin aidiyyətinin müstəsna qaydada ümumi məhkəmələrə aid olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan görünür ki, tərəflər arasında mübahisə əmək münasibətləri çərçivəsində yaranmışdır və iddianın predmetini işçinin vurduğu ziyanın əvəzinin ödənilməsinə dair tələb təşkil edir. Həmin münasibətlərdən yaranan mübahisələrə isə müstəsna olaraq ümumi məhkəmələr tərəfindən baxıla bilər. Məhkəmə hazırkı iddiaya məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olmadığını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya hazırki tələbi ilə əlaqədar aidiyyəti üzrə cavabdehin qeydiyyatda olduğu yer üzrə ümumi məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda ərizəçiyə izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 403- 1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1.şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; şikayətə əlavə edilən sənədlərin siyahısı. Qeyd edilən Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilən Məcəllənin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.https://e-qanun.az/framework/46945 Yenə həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən, şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin tutulması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən Şirvan Kommersiya Məhkəməsinin hesabına ödənilmiş 380 manat məbləğində dövlət rüsumu (qəbz №:**********) İddiaçı geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar