Məhkəmə qərarları › İş №e-2-2(4-24)-8/2026

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-24)-8/2026

09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(4-24)-8/2026 09.01.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, iddiaçı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin cavabdeh “X3” MMC-nə qarşı pul tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin səlahiyyətli nümayəndəsi Nümayəndə 08 yanvar 2026-cı il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illərə dair X2 8.8.2.1.1-ci və8.8.2.1.2-ci yarımbəndlərinə uyğun olaraq Naxçıvan şəhər Əliabad qəsəbəsində yeni internat tipli, eləcə də Naxçıvan şəhərində 1000 şagird yerlik yeni məktəb binalarının layihələndirilməsi məqsədilə Təhsil Nazirliyi ilə “X3” MMC arasında xx.xx.2023-cü il tarixdə (xx.xx.2024-cü il tarixli əlavəsi ilə) ümumi dəyəri 103.132 (yüz üç min yüz otuz iki) manat olan “650 şagird yerlik tam orta və 315 yerlik məktəbəqədər təhsil müəssisəsinin tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması” və xx.xx.2023-cü il tarixdə (xx.xx.2024-cü il tarixli əlavəsi ilə) ümumi dəyəri 998.28 (doxsan doqquz min səkkiz yüz iyirmi səkkiz) manat olan “Naxçıvan şəhər Xətai məhəlləsində 1000 şagird yerlik məktəb binasının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması” üzrə satınalma müqavilələri üzrə ödənilmiş 30 939,60 (otuz min doqquz yüz otuz doqquz manat altmış qəpik) manat və 29948,40 (iyirmi doqquz min doqquz yüz qırx səkkiz manat qırx qəpik) manat olmaqla, ümumilikdə 60888 (altmış min səkkiz yüz səksən səkkiz) manat avansın, eləcə də avansın geri qaytarılması üzrə gecikdirilmiş vaxt üçün illik 0.1% hesablanmış 179.39,09 (on yeddi min doqquz yüz otuz doqquz manat doqquz qəpik) manat faiz borcunun cavabdeh "X3" MMC-dən tutularaq Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı müəyyən etmişdir ki, iddia ərizəsinin geri qaytarılması üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnformasiya Sistemindən, həmçinin EMİS-dən əldə edilmiş məlumatlardan görünür ki, iddiaçı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin iddia ərizəsinin məzmununda cavabdeh qismində göstərdiyi “X3” MMC-nin hüquqi ünvanın ünvan 1 olması qeyd edilmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. 150.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq əlavə edilir. 150.1.6-cı maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyrirezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edildikdə pretenziya bildirişinin (xəbərdarlıq məktubunun), iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində və ya Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə göndərildiyini təsdiq edən müvafiq sənədlər iddia ərizəsinə əlavə edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, MPM-nin 4.3-cü maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir:

1. Cavabdehin hüquqi ünvanının Bakı şəhəri, Nərimanov rayonunda olmasına baxmayaraq, iddiaçı tərəfindən MPM-nin 35.2-ci maddəsi ilə müəyyən edilmiş ərazi aidiyyəti qaydalarına əməl edilməmişdir.

2. İddiaçı tərəfindən MPM-in 149.2.2-ci maddəsinin tələblərinə riayət edilməmiş, nəticə etibarilə cavabdeh, habelə adı, həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı, eyniləşdirmə məlumatları (VÖEN), olduğu halda - cavabdehin telefon nömrəsi, elektron poçt ünvanı ərizədə qeyd olunmamışdır.

3. İddiaçı tərəfindən cavabdeh “X3” MMC ilə münasibətlərin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməmiş, edilsə belə bunu təsdiq edən pretenziya bildirişinin (xəbərdarlıq məktubunun) cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində və ya Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə göndərildiyini təsdiq edən müvafiq sənədlər iş materiallarına əlavə edilməmişdir.

4. İddiaçı tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində və ya Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə göndərildiyini təsdiq edən müvafiq sənədlər iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.1-cü maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin cavabdeh “X3” MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilmədiyindən və ərazi aidiyyəti qaydalarına əməl edilmədiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin cavabdeh “X3” MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, iddia ərizəsinin geri qaytarılmasına dair qeyd olunan bütün nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardaddan, onun tərəfə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəfə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar