Məhkəmə qərarları › İş №e-2(3-1)-79/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №e-2(3-1)-79/2026

16.04.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № e-2(3-1)-79/2026 16.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI İddiaçı İddiaçı İlyas oğlunun cavabdeh X1 qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və ümumi istifadədə olan yolun açılması tələbinə dair mülki iş üzrə cavabdehin vəkil-nümayəndəsi X2 tərəfindən verilmiş etiraz (Açar sözlər: işə sədrlik edənə etiraz) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zamiq Xudaverdi oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı İlyas oğlunun cavabdeh X1 qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və ümumi istifadədə olan yolun açılması tələbinə dair mülki iş üzrə cavabdehin vəkil-nümayəndəsi X2 tərəfindən hakim Haqverdiyev Tural Ziyat oğluna işə onun sədrliyi ilə baxılmasına dair verdiyi etiraza Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat və etirazın əsasları

1. İddiaçı İddiaçı İlyas oğlunun vəkili və nümayəndəsi vəkil2 İlyas oğlu cavabdeh X1 qarşı ##.##.2002-ci il tarixli, JN-281A_A və JN-281B_A (kod: ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”lərə əsasən NMR, Ordubad rayonu Aşağı Əndəmic kəndində yerləşməklə, iddiaçı İddiaçı İlyas oğlunun mülkiyyətindəki torpaq sahəsinə gedən “əvvəlki yolun açılması, həmin yolda zəbt olunmuş torpaq sahəsinin boşaldılması, yolu məhdudlaşdıran dəmir qapıların və daş hasarların sökülməsi, ümumi istifadədə olan yolun əvvəlki vəziyyətdə bərpa olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İş üzrə cavabdeh X1 vəkili və nümayəndəsi X2 işə baxan hakimə ## #### 2026-cı il tarixdə elektron qaydada etiraz ərizəsi göndərərək mülki işə hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi ilə baxılmasına etiraz etmişdir.

3. Etirazın əsası kimi göstərilmişdir ki, iddiaçı İddiaçı İlyas oğlu iddia ərizəsində mülkiyyətindəki (##.##.2002-ci il tarixli, JN- 281A və JN-***B saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”lərə əsasən) torpaq sahəsinə gedən “əvvəlki yolun açılması, həmin yolda zəbt olunmuş torpaq sahəsinin boşaldılması, yolu məhdudlaşdıran dəmir qapıların və daş hasarların sökülməsi, ümumi istifadədə olan yolun əvvəlki vəziyyətdə bərpa olunması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə iddiaçının vəkili tərəfindən məhkəməyə ərizə ilə müraciət olunaraq müvəqqəti təminat tədbiri barədə qərardad qəbul olunmasını və Ordubad Rayon Məhkəməsində mülki mübahisəyə baxılıb bitənədək və qətnamə qanuni qüvvəsini alanadək iddiaçı İddiaçı İlyas oğlunun mülkiyyətində olan torpaq sahəsinə gedən yolun üzərində cavabdeh X1 və digər şəxslər tərəfindən hər hansı tikinti quraşdırma işlərinin aparılmasının qadağan edilməsi xahiş edilmiş və ərizəyə baxan məhkəmə ərizəni təmin edərək buna dair ##.##.2026-cı il tarixli, **(*-**)-*/**** nömrəli qərardad qəbul etmişdir. Məhkəmə qeyd edilən ərizəyə baxarkən konkret olaraq işə mahiyyəti üzrə qiymət vermiş, işə münasibət bildirmişdir. Belə ki, həmin qərardadın 2-ci səhifəsinin 1-ci abzasında məhkəmə “belə ki, iş materiallarında olan rəsmi sənədlər və aidiyyəti qurumların baxış aktına əsasən, mübahisə predmeti olan yolun cavabdeh tərəfindən dəmir darvaza və daş hasar vasitəsilə bağlandığı və nəticədə iddiaçının öz torpaq sahəsinə maneəsiz giriş-çıxış imkanlarının məhdudlaşdırıldığı müəyyən edilmişdir.” Məhkəmə yuxarıda istinad olunan cümləsi ilə birmənalı və konkret olaraq mübahisəyə əvvəlcədən fikir bildirmiş, çəkişmə prinsipinə əməl etmədən, yerində baxış keçirmədən, ekspertiza təyin olunmadan və ya mütəxəssis rəyi olmadan özü iş materillarında olan sənədlərə əsasən mülki işə əvvəlcədən fikir bildirmişdir. Belə olan təqdirdə isə mülki mübahisəyə Ordubad Rayon Məhkəməsində baxılması işin ədalətli və obyektiv həlli baxımından qeyri mümkündür. Məlumdur ki, AR MPMnin müvafiq maddəsinin tələbinə əsasən müvəqqəti təminat tədbiri işi mahiyyəti üzrə əvvəlcədən həll etmir və həll edə bilməz. Həmçinin müvəqqəti təminat tədbiri ilə bağlı ərizə əsaslandırılmalı və lazımi sübutlar məhkəməyə təqdim olunmaldır. Məhkəmə isə heç bir əsaslandırma olmadan, yalnız “belə bir təhlükə olması ehtimalı ilə” ərizəni təmin etmiş və işə (mübahisəyə) əvvəlcədən açıq-aşkar fikir bildirmişdir. Həmçinin məhkəmə cavabdehin də məhkəmədə iştirakına zəruri şərait yaratmamış, nümayəndə olaraq məhkəmə hazırlıq iclasnın təxirə salınması istənilsə də, işi məhkəmə baxışına keçirmişdir. Nəticə etibarı ilə Ordubad Rayon Məhkəməsinin bu işə obyektiv və ədalətli baxacağında məndə və cavabdehdə çox ciddi şübhələr yaratmışdır.

4. İş üzrə cavabdehin vəkili və nümayəndəsi X2 hakimə etiraz ərizəsinə Ordubad Rayon Məhkəməsinin hakimi Tural Haqverdiyevə *(*-**)-**/**** nömrəli mülki işə onun sədrliyi ilə baxılmasına etiraz etdiklərini, etiraza baxılması və mülki işin başqa məhkəməyə göndərilməsi üçün mülki işin Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kolegiyasına göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Etiraz ərizəsi mülki işlə birlikdə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilmişdir. II. Tətbiq edilən hüquq (istinad edilən plenum qərarları) a) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

6. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır.

7. Maddə 19.1.7. Hakimin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa hakimin işə baxmasına yol verilmir.

8. Maddə 22.5. Əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir.

9. Maddə 23.1. Birinci instansiya məhkəmələrində işə baxan hakimə etiraz və ya özüözünə etiraz təmin edildiyi halda bu işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. b) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” ## #### 2006-cı il tarixli, * saylı Qərarı

10. Bənd 7. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr qərəzsizliyin təmin olunmasına nail olmalıdırlar. Qərəzsizliyinə şübhə olan hər bir hakim işə baxan məhkəmə tərkibindən çıxarılmalıdır. c) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Qərarı

11. Bənd 1. “Məhkəmələr nəzərə almalıdırlar ki, mülki, kommersiya, inzibati və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin özüözünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır.”

12. Bənd 3.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatında işdə iştirak edən şəxslərin inzibati məhkəmə icraatının iştirakçılarının cinayət məhkəmə icraatında cinayət prosesi iştirakçılarının hakimə (məhkəmə tərkibinə) etiraz etmələri həmin şəxslərin subyektiv hüquqları olub, onların öz mülahizələrinə əsasən həyata keçirilir. III. Məhkəmə kollegiyasının mövqeyi

13. Məhkəmə kollegiyası etirazda göstərilən dəlilləri iş materialları ilə əlaqəli olaraq yoxlayıb belə hesab edir ki, etiraz əsaslıdır və təmin edilməlidir.

14. Məhkəmə kollegiyası qeyd edir ki, hakimə etiraz etmək üçün əsasları müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.1.7-ci maddəsinə əsasən hakim şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsi ilə maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa, işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər.

15. Belə ki, Azərbaycan Respublikası MPM-nin hakimə etirazı tənzimləyən normalarına əsasən, hakim işə baxarkən qərəzsiz və obyektiv olmalı, tərəflərdə onun qərəzsizliyinə şübhə yaradan hər hansı hal mövcud olduqda həmin hakim işə baxmaqdan kənarlaşdırılmalıdır. Qanunvericiliyə görə, hakimin iş üzrə əvvəlcədən mövqeyini ifadə etməsi və ya mübahisənin mahiyyəti üzrə qabaqcadan nəticəyə gəlməsi onun qərəzsizliyinə əsaslı şübhə yaradan hal kimi qiymətləndirilir.

16. İş materiallarından və şikayətin dəlillərindən görünür ki, iddiaçı İddiaçı İlyas oğlunun nümayəndəsi və vəkili vəkil2 İlyas oğlu müvəqqəti təminat tədbiri ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2002-ci il tarixli, JN-281A_A və JN-281B_A (kod: ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”lərə əsasən – NMR, Ordubad rayonu, Aşağı Əndəmic kəndində yerləşməklə, iddiaçı İddiaçı İlyas oğlunun mülkiyyətindəki torpaq sahəsinə gedən yolun üzərində e-*(*-**)-**/**** saylı mülki iş üzrə qətnamə qəbul edilənə və həmin qətnamə qanuni qüvvəsini alanadək cavabdeh X1 və digər şəxslər tərəfindən hər hansı tikinti və quraşdırma işlərinin aparılmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, Ordubad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadına əsasən Ordubad rayonu, Aşağı Əndəmic kəndində yerləşən iddiaçı İddiaçı İlyas oğlunun mülkiyyətindəki torpaq sahəsinə gedən yolun üzərində e-*(*-**)-**/**** nömrəli mülki iş üzrə qətnamə qanuni qüvvəsini alanadək cavabdeh X1 və digər şəxslər tərəfindən hər hansı tikinti və quraşdırma işlərinin aparılması qadağan edilmişdir.

17. Həmçinin o da aydın olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli müvəqqəti təminat tədbiri haqqında qərardadda mübahisə predmeti olan yolun cavabdeh tərəfindən bağlanmasının “müəyyən edilməsi” kimi ifadələr işlədilmişdir. Qərardadda göstərilmişdir ki, “belə ki, iş materiallarında olan rəsmi sənədlər və aidiyyəti qurumların baxış aktına əsasən, mübahisə predmeti olan yolun cavabdeh tərəfindən dəmir darvaza və daş hasar vasitəsilə bağlandığı və nəticədə iddiaçının öz torpaq sahəsinə maneəsiz giriş-çıxış imkanlarının məhdudlaşdırıldığı müəyyən edilmişdir.” Halbuki, müvəqqəti təminat tədbirləri barədə qərardadlar işin mahiyyəti üzrə əvvəlcədən nəticə çıxarmağı nəzərdə tutmur və yalnız ehtimal və risklərin qarşısının alınmasına yönəlməlidir.

18. Hakimin qeyd olunan qərardadda istifadə etdiyi ifadələr isə işin halları üzrə qəti mövqenin formalaşdırıldığını göstərir. Bu isə çəkişmə prinsipinin, tərəflərin bərabərliyi və məhkəmənin qərəzsizliyi prinsiplərinin pozulması kimi qiymətləndirilməlidir.

19. Kollegiya qeyd edir ki, hakimin obyektivliyi onun öz vəzifələrini lazımi qaydada icra etməsinin zəruri şərti sayılır. O, təkcə çıxarılan qərarın məzmununda deyil, həm də onun çıxarılmasını müşayiət edən bütün prosessual hərəkətlərdə təzahür edir. Cavabdehin vəkilnümayəndəsi verdiyi etiraz ərizəsindən aydın olur ki, hakimin obyektivliyi və qərəzsizliyi onlarda şübhə yaratdığından o, iş üzrə sədrlik edən hakimə etiraz etmişdir. Buna görə də, etiraz ərizəsində qeyd edilən hallar Ordubad Rayon Məhkəməsinin sədri Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi ilə həmin iş üzrə qəbul ediləcək qərarın obyektivliyinin və qərəzsizliyinin şübhə altına alınmasını istisna etmir.

20. Məhkəmə kollegiyası işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə hesab edir ki, cavabdehin vəkil-nümayəndəsi X2 işə baxan hakimin obyektivliyinə və qərəzsizliyinə olan şübhəsinin aradan qaldırılması məqsədi ilə etirazı təmin edilməklə mülki iş digər hakimin iştirakı ilə baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilməlidir.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19, 21-23-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Etiraz təmin edilsin. Ordubad Rayon Məhkəməsinin sədri Haqverdiyev Tural Ziyat oğlu hazırkı mülki işə baxmaqdan kənarlaşdırılsın və mülki iş digər hakim tərəfindən baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar