Məhkəmə qərarları › İş №e-2(3-10)-574/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-574/2026

19.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-574/2026 19.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Borcun ödənilməsi) Hakimlər Musayev Taleh Valeh (sədrlik edən və məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimli Amil Süleyman oğlunun katibliyi ilə, İddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)- */**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:

1. İddiaçı İstehsalat Birliyi (bundan sonra iddiaçı) sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) təbii qazdan istifadəyə görə yaranmış 542,68 manat borcu və ödənilmiş 30,4 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(*-***)-*/**** nömrəli qərardadı ilə cavabdehin etiraz ərizəsi əsasında işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin istifadə etdiyi təbii qaza görə 542,68 manat məbləğində borcu yaranmışdır. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə bağlanmış müqavilənin 2.3.1, 2.3.2 və 3.4-cü bəndlərinin tələblərinə əsasən istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini Bank və ya Poçt şöbələri vasitəsilə tam ödəməlidir. Müqavilənin 5.2-ci bəndinə əsasən yaranmış mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda tərəflər məhkəməyə müraciət edə bilər. Cavabdehə İsmayıllı Xidmət Sahəsinin işçiləri tərəfindən debitor borcun ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Cavabdeh hər ay bildiriş almış, təqdim olunan bildirişdə göstərilən borcla razı olmuş, mübahisələndirməmişdir. Sonuncu dəfə ## ###### 2025-ci il tarixdə cavabdehə rəsmi qaydada bildiriş-xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıqda cavabdehə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh yaranmış borcu tam ödəməmişdir. Cavabdehin borclu olduğu məbləğin yaranması 241809300001680 kodlu abonent saldosunda əks olunaraq təsdiqini tapmışdır. İddiaçı cavabdehdən istifadə etdiyi təbii qaza görə yaranmış 542,68 manat borcun və 30,4 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Cavabdeh izahat verərək göstərmişdir ki, Ağdam rayonundan qaçqın düşmüşdür. 2017-ci ilə qədər istifadə etdiyi təbii qazın dəyəri dövlət tərəfindən ödənilmişdir. Buna baxmayaraq 2017-ci ilin yanvar ayından başlayaraq onun abonent koduna qanunsuz olaraq 470 manat pul vurularaq həmin vəsait ondan tələb olunur. Elə yay ayı olub ki, həmin aya 300 manat qaz sərfiyyatı yazılıb. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir.

6. X1 iştirak etdiyi məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, 2016-ci ilin sonunadək qaçqınlar tərəfindən istifadə olunan kommunal xərclər dövlət tərəfindən ödənilmişdir. Sonradan isə kommunal xərclərə görə vəsait nəqd şəkildə qaçqınların özlərinə verilmişdir və onların özləri tərəfindən ödənilir.

7. İsmayıllı Rayon Məhkəməsinin (hakim İlqar Hüseynov) ##.##.2026-cı il tarixli, e- *(*-***)-*/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh 121 (bir yüz iyirmi bir) manat 94 (doxsan dörd) qəpik alınaraq iddiaçı İddiaçı İstehsalat Birliyinin hesabına ödənilməsi, iddiaçı İddiaçı İstehsalat Birliyi tərəfindən ödənilmiş 30,4 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış ## ###### 2020-ci il tarixli ***** nömrəli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdeh istehlakçı kimi yaşadığı evdə 542,68 manat məbləğində təbii qazdan istifadə etmişdir. İddiaçı tərəfindən cavabdehə həmin məbləğin ödənilməsi ilə bağlı xəbərdarlıq olunsa da borc məbləğinin ödənilməsi təmin olunmadığından məhkəməyə müraciət olunmuşdur. İddiaçı cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 542,68 manat borc və 30,4 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh 2017-ci ilə qədər istifadə etdiyi təbii qazın dəyərinin dövlət tərəfindən ödənildiyini bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

9. Məhkəmə tərəfindən iş üzrə halların araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh yaşadığı İsmayıllı rayonun Kürdmaşı kəndində yerləşən yaşayış evində 2011-ci ilin iyul ayından 2026-cı ilin mart ayının sonunadək olan dövr üçün 509,62 manat məbləğində borc hesablanaraq 241809300001680 abonent koduna vurulmuşdur. Həmin borc məbləğinin 420,74 manat hissəsi 2016-cı ilin dekabr ayının sonunadək, qalan hissəsi isə 2017-ci ilin yanvar ayından 2026-cı ilin mart ayının sonunadək olan dövrü əhatə etmişdir. Məhkəmə tərəfindən 1992-ci ildən 2017-ci ilin sonunadək istifadə olunmuş təbii qaza görə hansı məbləğdə vəsaitin dövlət tərəfindən ödənilib-ödənilməməsi ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə sorğu edilmişdir. Sözügedən Komitənin sorğuya cavab məktubunda "Azəriqaz” İB tərəfindən Komitəyə təqdim olunmuş və elektron şəkildə arxivləşdirilən məcburi köçkünlərin adlı siyahısında Ağdam rayonundan məcburi köçkün Cavabdeh ailə tərkibi 4 nəfər olmaqla (özü, h/yol. X8, övladları Sadıqov Rəhim Rasim və X3) adları İsmayıllı rayonu Kürdmaşı kəndi ünvanı üzrə qeyd olunmuş və bu ailənin həmin illərdə istifadə etdiyi təbii qaza görə haqqı adambaşına ayda 35 m³ norma hesabı ilə Komitə tərəfindən mərkəzləşmiş qaydada İddiaçı İB-yə ##.##.2016-cı il tarixinədək ödənildiyi qeyd edilmişdir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən təbii qaz istehlakçıları olan məcburi köçkünlərin adlı siyahısında Ağdam rayonun Nəmirli kəndindən məcburi köçkün Cavabdeh ailə tərkibi 4 nəfər olmaqla adlarının İsmayıllı rayonun Kürdmaşı kəndi üzrə qeyd olunduğu və həmin illər ərzində istifadə edilmiş təbii qaza görə haqqı adambaşına ayda orta hesabla 35 kub.metr norma həddində dövlət hesabına mərkəzləşmiş qaydada İddiaçı İB-nə ##.##.2016-cı il tarixinə qədər ödənildiyi halda, İddiaçı İB tərəfindən 2011-ci ilin iyul ayından 2016-cı ilin dekabr ayınadək olan dövr üçün cavabdehin adına qeydə alınmış 241809300001680 abonent koduna işlənmiş 420,74 manat məbləğinin yenidən tələb edilməsi qanunsuzdur və bu hal cavabdehin istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir.

10. Məhkəmə eyni zamanda diqqətə çatdırır ki, ölkə Prezidentinin “Əhalinin bəzi təbəqələrinin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” # #### 2005-ci il *** nömrəli Fərmanının 2-ci bəndində məcburi köçkünlərin istifadə etdikləri kommunal xidmətlər üzrə xərclər (bu Fərmanla müəyyənləşdirilən müavinət xərcləri) qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müvafiq il üzrə təsdiq olunmuş büdcə vəsaiti daxilində mərkəzləşmiş qaydada müvafiq təşkilatlara ödənişlər əsasında aparılması müəyyən edilmişdir.

11. Əlavə olaraq qeyd edilir ki, ölkə başçısının ## ###### 2017-ci il tarixli **** nömrəli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanı təsdiq edilmişdir. Həmin Fərmanın 1-1-ci hissəsində fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il # ###### tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunmaları təsbit edilmişdir.

12. Qeyd olunanlar qanunvericilik aktlarının tələbləri əsasında məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh təşkilat tərəfindən 2011-2016-cı illər ərzində dövlət hesabına ödənilmiş 420,74 manat borc məbləğinin, sonradan iddiaçıya məxsus abonent koduna hesablanmaqla həmin məbləğin sonuncudan tələb edilməsi əsassızdır. Bu hal da qaz istehlakçısı kimi cavabdehin hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

13. Məhkəmə hesab etmişdir ki, cavabdehin pozulmuş hüquqları bərpa olunmalı və *************** nömrəli abonent koduna vurulmuş 2011-2016-cı illər üzrə hesablanmış təbii qazın dəyəri olan 420,74 manat debitor borc dövlət tərəfindən ödənildiyi nəzərə alınaraq cavabdehin borcundan çıxılmalıdır.

14. Məhkəmə iddiaçının iddia tələbində cavabdehdən 542,68 manat borc məbləğini tələb etməsinə münasibət bildirərək qeyd etmişdi ki, cavabdehdən tələb olunan 420,74 manat hissəsi dövlət tərəfindən ödənildiyi nəzərə alınmalı, yerdə qalan 121,94 manat borc məbləğinin isə tərəflər arasında bağlanılmış müqavilə əsasında istehlakçı tərəfindən istifadə olunmuş təbii qazın dəyəri olduğundan iddia tələbi həmin məbləğdə təmin edilməlidir.

15. Beləliklə, məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 121,94 manat borc alınaraq iddiaçı İddiaçı İstehsalat Birliyinin hesabına ödənilməlidir.

16. İddiaçı İddiaçı İstehsalat Birliyi tərəfindən ödənilmiş 30,4 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 448.1, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.2, 1096.1, 1096.2, 1097.1-ci maddələri, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 26-cı bəndləri, Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndi, 13-cü maddəsinin 8-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** №-li qərarının 5.5-ci bəndi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1, 136.4-cü maddələri, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin bəzi təbəqələrinin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” # #### 2005-ci il *** nömrəli Fərmanının 2-ci bəndi, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli **** nömrəli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına, “X4” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 5.1, 14.2, 77.1, 88, 119.1, 119.2, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsində icraat:

a)Apellyasiya şikayətinin dəlilləri

18. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı İstehsalat Birliyi apellyаsiyа şikаyəti vermişdir.

19. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir.

20. Belə ki, cavabdeh Cavabdeh İddiaçıİstehsalat Birliyinin AğsuRegional Qaz İstismarı İdarəsinin İsmayıllı Xidmət Sahəsinin təbii qaz abonentidir və *************** nömrəli abonent kodu ilə qeydiyyatdadır. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçünvahid aylıq müavinətin müəyyən edilməsi haqqında” ## ###### 2017-ci il tarixli **** nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən hər bir məcburi köçkünə və onlara bərabər tutulan şəxslərə yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il # ###### tarixindən vahid aylıq müavinət ödənilmişdir. Həmin fərmana qədər isə hər bir köçkün və ya onlara bərabər tutulan şəxslərə adam başına aylıq limit verilirdi.Həmin limit dövlət tərəfindən ödənilirdi, limitdən əlavə istifadə edilmiş təbii qazın dəyəri isə vətəndaşlar tərəfindən ödənilməli idi ki, əksər şəxslər həmin bu məbləğləri ödəniş etməkdən imtina etmişlər. Məcburi qaydada tutulması xahiş edilən borc məbləği abonentin mənzilinə ilk dəfə sayğac quraşdırılan vaxtdan, yəni təxminən 2011-ci ilin yanvar ayından 2025-ci ilin dekabr ayına qədər məcburi köçkünlərin təbii qazdan müəyyənləşdirilmiş limitdən artıq təbii qaz istehlak etməsi və həmin əlavə məbləğlərdən ödəniş edilməməsi nəticəsində yaranmışdır.Məcburi köçkünlərin müəyyən olunmuş limitdən artıq istehlak etdiyi təbii qazın ödənilməsi üçün Dövlət Komitəsinə büdcə vəsaitinin ayrılması nəzərdə tutulmayıb. Ümumiyyətlə, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına əsasən, hər bir məcburi köçkünə və onlara bərabər tutulan şəxsə yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il # ###### tarixindən vahid aylıq müavinət ödənilir. Cavabdeh tərəfindən istifadə edilmiş təbii qazın dəyərinin tam ödənilməməsi nəticəsində debitor borcu yaranmışdır. Nəhayət 2025-ci ilin noyabr ayının sonuna 542.68 manat debitor borc yaratmışdır. Bu hesablamanı cavabdehin İsmayıllı xidmət sahəsində olan *************** saylı abonent kodundan çıxarılmış və iş materiallarına əlavə edilmiş ABONENTİN SALDOSUNDAN da aydın görmək mümkündür.Həmin saldoya baxdıqda sadalanan bu illər ərzində hər ay üçün mütəmadi olaraq cavabdehin aylıq istifadə etdiyi təbii qazın sərfiyyatından limitin çıxıldı aydın şəkildə görünür.Həmin SALDOnun “Qaçqın limiti” qrafasına baxdıqda onun yaşadığı evə quraşdırılmış sayğacın ilk göstəricisi yazılan aydan, yəni 2011-ci ilin altıncı ayından taa 2016-cı ilin dekabr ayı da daxil olmaqla hər ay mütəmadi olaraq qış, yaz və yay ayları üçün limit çıxılaraq əlavə istifadə edilmiş məbləğ onun hesabına yazılmışdır. Məsələn,2011-ci ili altıncı ayında cavabdehin sərfiyyatı 250 m3 olmuş və dəyəri də 25 azn etmişdir.Həmin məbləğ onun aylıq limiti olduğundan ona heç bir əlavə məbləğ yazılmamışdır, lakin həmin ilin yeddinci ayında sərfiyyat 862 m3 olmuş, dəyəri də 86.20 azn etmişdir.Həmin məbləğin 55 azn-i ona limit olaraq hesablanmış, limitdən artıq istifadə edilmiş qazın dəyəri 31.20 azn isə onun hesabına vurulmuşdur.Bu minvalla hesabat taaki 2016-cı ilin son ayına qədər belə aparılmışdır.

21. Bundan başqa iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Məcburi Köçkünlərinİşləri Üzrə Dövlət Komitəsi tərəfindən verilmiş arayışda hazırkı iş üzrə cavabdeh Cavabdeh ailə tərkibi dörd nəfər olmaqla bu ailənin həmin illərdə istifadə etdiyi təbii qaza görə haqqı adambaşına ayda 35m3 norma hesabı ilə Komitə tərəfindən mərkəzləşdirilmiş qaydada İddiaçı İB-yə ##.##.2016-cı il tarixə qədər ödənildiyi göstərilmişdir. Lakin Məhkəmə bu izaha düzgün qiymət verməyərək elə hesab etmişdir ki, həmin məbləğ cavabdehin hesabından çıxılmamışdır. Əksinə həmin məbləğ çıxıldıqdan sonra yerdə qalan məbləğ cavbadeh tərəfindən ödənilməli olsa da,ödənilməmişdir.

22. Hazırkı iddia tələbində tələb edilən məbləğ cavabdehin mənzilində faktiki olaraq onun özü tərəfindən limitdən artıq istifadə edilmiş təbii qazın dəyəridir və onun özü tərəfindən ödənilməlidir.Bunu cavabdehin abonent kodundan çıxarılmış saldodan da aydın görmək mümkündür.

23. Göründüyü kimi Qətnamə çıxarılarkən tərəflərindən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsinə kifayət qədər əsas olmasına baxmayaraq, əsassız Qətnamə çıxarılmışdır.

24. İstehlakçı hazırkı vəziyyətdə dəymiş zərərin əvəzini ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. İstehlakçıya hazırkı vəziyyətdə dəymiş zərərin əvəzinin ödənilməsi barəsində bildiriş göndərilmişdir.

25. İstehlakçı hazırda mübahisələndirdiyi sayğac üzrə aparılmış hesabata əsasən hesablanmış borcu ödəməmiş və birinci instansiya məhkəməsi qeyd olunan məqamdan sadə bir araşdırmaya ehtiyac duymadığından yayınmışdır.

26. Təqdim edilmiş sənədlər, video və fotoşəkillər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma iləmübahisələndirilən borc məbləğləriinin yalnız təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində yaranmış itirilmiş təbii qaza görə aparılmış hesabatlara əsasən yaranmış borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir.

27. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, is in hərtərəfli, tam və obyektiv həllinə lazımi s ərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli s əkildə aras dırmamıs , həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmis , nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmus dur. Belə ki, təqdim edilmiş iş üçün mühüməhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır.

28. Birinci instansiya məhkəməsi hazırda qüvvədə olmayan Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə istinad edərək və həmin maddə əsaslanaraq sübutlara düzgün qiymət verməmişdir.

29. Cavabdeh tərəf də ödənilməsi barədə qətnamə çıxarılması xahişi edilən təbii qazın dəyəri olan məbləğin onun tərəfindən istifadə edilməməsinə dair sənəd və sübutlar təqdim etməli və iddiasını əsaslandıraraq sübut etməli olmasına baxmayaraq, heç bir əsaslandırıcı sübut təqdim etməmişdir, lakin tərəflərindən təqdim edilmiş kifayət qədər sübutlar Hakim tərfindən tamamilə nəzərə alınmamışdır.Hakim yalnız cavabdehin şifahi mülahizələrinə əsasən əsassız və qanunsuz qətnamə çıxarmışdır. Bundan başqa iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən verilmiş arayışda da yazılanlar düzgün qiymətləndirilməmişdir.

30. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutların, saldo və digər sübutların düzgün təhlil edilməməsi sayğac göstəricisinə əsasən yaranmış borcu düzgün qiymətləndirməmişdir. Yaranmış borc hər hansı akt əsasında hesablanmamışdır, itirilmiş təbii qazın dəyəri deyildir, real təbii qazın dəyəridir.

31. Odur ki, İddiaçı İstehsalat Birliyinin verdiyi apelyasiya şikayətinin təmin edilməsi, İsmayıllı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi, apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq İddiaçı İstehsalat Birliyinin hesabına ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Cavabdeh Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etirazında apellyasiya şikayətinin təmin olunmaması, İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

33. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçın nümayəndəsi və cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

35. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun; 11-ci maddəsinin 6- cı hissəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13-cü maddəsinin 8-ci bəndinə əsasən Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

36. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir. 5.5-ci bəndində əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

37.Azərbaycan Respublikası Prezidentinin “Əhalinin bəzi təbəqələrinin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” # #### 2005-ci il *** nömrəli Fərmanı:

38. Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” ## ###### 2017-ci il tarixli **** nömrəli Fərmanı:

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

40. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

43. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

44. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

45. Apellyator İsmayıllı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-*/**** nömrəli qətnaməsinin tam ləğvini xahiş etsə də, iddianın təmin edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın rədd edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

48. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh yaşadığı İsmayıllı rayonun Kürdmaşı kəndində yerləşən yaşayış evində 2011-ci ilin iyul ayından 2026cı ilin mart ayının sonunadək olan dövr üçün 509,62 manat məbləğində borc hesablanaraq 241809300001680 abonent koduna vurulmuşdur. Həmin borc məbləğinin 420,74 manat hissəsi 2016-cı ilin dekabr ayının sonunadək, qalan hissəsi isə 2017-ci ilin yanvar ayından 2026-cı ilin mart ayının sonunadək olan dövrü əhatə etmişdir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş məktubdan görünür ki, "Azəriqaz” İB tərəfindən Komitəyə təqdim olunmuş və elektron şəkildə arxivləşdirilən məcburi köçkünlərin adlı siyahısında Ağdam rayonundan məcburi köçkün Cavabdeh ailə tərkibi 4 nəfər olmaqla (özü, h/yol. X8, övladları Sadıqov Rəhim Rasim və X3) adları İsmayıllı rayonu Kürdmaşı kəndi ünvanı üzrə qeyd olunmuş və bu ailənin həmin illərdə istifadə etdiyi təbii qaza görə haqqı adambaşına ayda 35 m³ norma hesabı ilə Komitə tərəfindən mərkəzləşmiş qaydada İddiaçı İB-yə ##.##.2016-cı il tarixinədək ödənildiyi qeyd edilmişdir.

49. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

50. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh yaşadığı İsmayıllı rayonun Kürdmaşı kəndində yerləşən yaşayış evində 241809300001680 abonent koduna vurulmuş 509,62 manat borc məbləğinin 420,74 manat hissəsi 2016-cı ilin dekabr ayının sonunadək, qalan hissəsi isə 2017-ci ilin yanvar ayından 2026-cı ilin mart ayının sonunadək olan dövrü əhatə etmişdir.

51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən tərəflərindən təqdim və sübut edilmiş sənədlərin heç birinin nəzərə alınmaması, istehlakçının hazırkı vəziyyətdə dəymiş zərərin əvəzini ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozması, təqdim edilmiş sənədlər, video və fotoşəkillər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamasına dair dəlilləri ilə razılaşmır və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Prezidentinin “Əhalinin bəzi təbəqələrinin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” # #### 2005-ci il *** nömrəli və ## ###### 2017-ci il tarixli **** nömrəli və “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanlarını, eləcədə qanunvericiliyin yuxarıda sadalanan normalarını əsas tutaraq haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh təşkilat tərəfindən 2011-2016-cı illər ərzində dövlət hesabına ödənilmiş 420,74 manat borc məbləğinin, sonradan iddiaçıya məxsus abonent koduna hesablanmaqla həmin məbləğin sonuncudan tələb edilməsi əsassızdır. Bu hal da qaz istehlakçısı kimi cavabdehin hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

52. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

53. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi üçün əsas təşkil etmədiyindən, İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-*/**** nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması yol verilməzdir.

54. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçı İddiaçı İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 06 may 2026-cı il tarixli, e-*(*-***)-*/**** nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı İddiaçı İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 06 may 2026-cı il tarixli, e-*(*-***)-*/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı İstehsalat Birliyinin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar