Məhkəmə qərarları › İş №e-2(3-6)-1348/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1348/2026

19.05.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1348/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2, Bakı şəhəri ** saylı Notariat ofisinə (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı mülki iş (Açar sözlər: «miras payı») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı, nümayəndəsi və vəkili vəkil2, cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:

1. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edib ki: ##.##.2004-cü il təvəllüdlü İddiaçı atası X7, anası X17r.

2. ##.##.1967-ci il təvəllüdlü X7 atası Cəfərov Cəfər Babaş oğlu, anası Cəfərova Ağca İsıq qızıdır.

3. X7 ##.##.2009-cu ildə Rusiya Federasiyası ərazisində ölüb.

4. Cəfərova Ağca İsıq qızı ##.##.2013-ci ildə Bakı şəhərində ölüb. 5.X9 Babaş oğlu ##.##.2021-ci ildə Bakı şəhərində ölüb.

6. Bakı şəhəri ** saylı Notariat ofisinin vəkil vəkil2 ünvanladığı məktubda ##.##.2021-ci ildə vəfat etmiş Cəfərov Cəfər Babaş oğlundan miras qalmış əmlaka dair vərəsəlik işi açılmadığı qeyd olunub.

7. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin ##.##.2025-ci il tarixli, 3-5/8-16- ***/**** saylı məktubunda X4 ölümü barədə məlumat aşkar edilmədiyi qeyd olunub, ancaq * saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin 07 avqust 2025-ci il tarixli X10 Babaş oğlunun ## #### 2021-ci ildə Bakı şəhərində öldüyü, ölüm haqqında ## #### 2021-ci ildə 700 No li akt qeydi tərtib olunub.

8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in * saylı Bakı Ərazi İdarəsi tərəfindən ”Prospekt” vəkil bürosuna ünvanlanmış ##.##.2025-ci il tarixli PVB-** saylı məktubda göstərilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Füzuli küçəsi, *A saylı evin 1/2 hissəsi Bakı şəhəri * saylı DNK-nın ##.##.1974-cü il tarixli, 23-**** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, yerdə qalan 1/2 hissə isə Bakı şəhəri ** saylı DNK-nın 2B-** reyestr nömrəli, ##.##.1998-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında Cəfərov Cəfər Babaş oğlunun mülkiyyətinə verilmişdir. Sonradan Bakı şəhəri ** saylı DNK-nın 4ə/3-*** reyestr nömrəli, ##.##.2002-ci il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən evin 4 otaqdan ibarət “B” tikilisi X3 adına özgəninkiləşdirilmişdir, onun vəfatından sonra isə Bakı şəhəri * saylı NKnın 2-V-1-*** reyestr nömrəli, ##.##.2015-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında X1 mülkiyyətinə keçmişdir. “A” tikilsi 4 otaq (ü/s-109,3 kv.m, y/s-93,4 kv.m, k/s-15,9 kv.m, 19,8 kv.m-açıq eyvan) üzərində isə Cəfərov Cəfər Babaş oğlunun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. “B” evinin bir hissəsinin sökülərək yerində yeni fərdi yaşayış evinin inşa edilməsi ilə bağlı X1 ##.##.2017-ci il tarixli müraciəti əsasında onun ##.##.2016-cı il tarixli və ##.##.2016-cı il tarixli, eləcə də Cəfərov Cəfər Babaş oğlunun ##.##.2016-cı il tarixli razılıq ərizələrinə əsasən “B” tikilisi, 7 otaq, ü/s 160.7 kv.m, y/s 105.2 kv.m, k/s 55.5 kv.m, açıq eyvan 2.5 kv.m olan hissəsi X1 adına, A tikilisi, 4 otaq, ü/s 109.3 kv.m, y/s 93.4 kv.m, k/s 15.9 kv.m, açıq eyvan 19.8 kv.m təşkil edən hissəsi isə Cəfərov Cəfər Babaş oğlunun adına rəsmiləşdirilmişdir və həmin fərdi yaşayış evi yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 2 poçt ünvanı almışdır.

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və Bakı şəhəri ** saylı Notariat ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb olunmaqla) miras əmlakdan payın ayrılması, həmin pay üzərində mülkiyyət hüququnun tanınması və dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum babası Cəfərov Cəfər Babaş oğlunun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindəki 43 (əvvəllər *A) saylı evin A tikilisi, 4 otaq, ümumi sahəsi 109,3 kv.m, yaşayış sahəsi 93,4 kv.m, kommunal sahəsi 15,9 kv.m, açıq eyvan 19,8 kv.m təşkil edən hissəsindən miras payının ayrılması, həmin pay üzərində mülkiyyət hüququnun tanınması və dövlət reyestrindən çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

10. İddiada göstərilib ki, iddiaçının anası X17 2003-cü ildə X7 ilə faktiki nikaha daxil olmuş, bu nikahdan ##.##.2004-cü ildə İddiaçı doğulmuşdur. Nikaha daxil olarkən valideynləri ata babası Cəfər Babaş (Bəbəş) oğlu Cəfərovun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Füzuli küçəsi, *A saylı evdə yaşamışlar, iddiaçı həmin evdə dünyaya gəlmişdir. ##.##.2009-cu ildə atası X7 Federasiyasında qətlə yetirilmişdir. Bundan sonra anası ilə o, bir müddət həmin evdə yaşadıqdan sonra onlar üçün dözülməz şərait yaradılmış, anası ilə onu həmin evdən qovub çıxarmışlar və hal-hazıra kimi onlar kirayədə yaşayırlar. İddiaçının anasının cehiz əşyaları və hər ikisinin əşyaları bu günə kimi həmin evdədir, onlara bir otaq ayrılmışdır, ara-sıra oraya gedib baş çəkir, lakin orada daimi yaşamaqları mümkünsüzdür. Hazırda babasının evində əmisi oğlu olan cavabdeh cavabdeh3 və anası cavabdeh cavabdeh2 yaşayır. ##.##.2021-ci ildə babası Cəfərov Cəfər Babaş oğlu Bakı şəhərində vəfat etmişdir. Həmin vaxt onun 17 yaşı olduğundan və hüquqlarından məlumatı olmadığından babası Cəfərov Cəfər Babaş oğlunun birinci növbə vərəsəsi olan mərhum atası X7 birinci növbə vərəsəsi kimi babasından miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Füzuli küçəsi, 2A (hazırda **) saylı evdən ona çatası miras payının ayrılmasını və adına rəsmiləşdirilməsini istəyir. Bununla əlaqədar, Bakı şəhəri ** saylı Notariat ofisinə ərizə ilə müraciət etmiş, lakin notariat ofisindən ona cavab verməmişlər. Bundan əlavə, vəkili olaraq Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin pasport və qeydiyyat şöbəsinə, Bakı şəhəri Baş Polis İdarəsinin pasport və qeydiyyat şöbəsinə, Azərbaycan Respublikası DİN Baş pasport və miqrasiya idarəsinə və ASAN xidmət mərkəzinə miras qoyan babasının evində kimlərin pasport qeydiyyatında olmaları barədə sorğular göndərmiş, lakin heç birindən bu barədə məlumat verilməmişdir. Bu məsələ ilə əlaqədar, müxtəlif dövlət orqanlarına çoxsaylı sorğular göndərmiş, lakin əksəriyyətinə ya mənfi cavab almış, ya da ümumiyyətlə cavab almamışdır. Belə ki, vəkil sorğusuna cavabdeh Bakı şəhəri ** saylı Notariat ofisinin ##.##.2025-ci il tarixli, *** saylı cavabından görünür ki, ##.##.2021-ci il tarixdə vəfat etmiş Cəfərov Cəfər Babaş oğlundan miras qalmış əmlaka dair vərəsəlik işi açılmamışdır. Digər sorğuya Bakı şəhəri Sabunçu RİHB-nın Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2025-ci il tarixli, *-**-**/*-**/**** saylı cavabından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yaşamış X4 vərəsələrini müəyyən etmək mümkün olmamışdır. Növbəti sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı ərazi idarəsinin ##.##.2025-ci il tarixli, 321-3-30/2- 26798/2025 ************ saylı cavabında bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi *A saylı evin A tikilisi 4 otaq, ümumi sahəsi 109.3 kv.m, yaşayış sahəsi 93,4 kv.m, kommunal sahəsi 15.9 kv.m, açıq eyvan 19.8 kv.m təşkil edən hissəsi Cəfərov Cəfər Babaş oğlunun adına rəsmiləşdirilmiş və həmin fərdi yaşayış evi yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 2 poçt ünvanı almışdır. Digər sorğuya Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi ##.##.2025-ci il tarixli, *-*/*-**-***/**** saylı cavabında bildirmişdir ki, X4 ölümü barədə məlumat aşkar edilməmişdir. Başqa sorğuya, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-**/*-*****/** saylı cavabından məlum olur ki, ünvanda qeydiyyatda olan şəxslər barədə məlumatın təqdim olunması Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin QMB-nin səlahiyyətləri daxilində deyil, bununla əlaqədar ASAN xidmət mərkəzinə müraciət edilməsini məqsədəmüvafiq hesab edirlər. Eyni cavabı Azərbaycan Respublikası DİN Baş pasport və miqrasiya idarəsi də təkrar etmişdir. Buna görə də, mübahisə obyekti olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 2-də (əvvəllər ev 2A) kimlərin pasport qeydiyyatında olmaları iddiaçıya məlum deyil.

11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, işin hallarından məlum olduğu kimi, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 və cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, X6 Babəş oğlunun adına rəsmiləşdirilmiş Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 2 (əvvəllər 2A) ünvanında yerləşən fərdi yaşayış evindən miras payının ayrılmasını, həmin pay üzərində mülkiyyət hüququnun tanınmasını və dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdehin və üçüncü şəxsin nümayəndəsi etiraz edərək bildirmişdir ki, iddiaçı mirası qanunla müəyyən edilmiş müddətdə nə formal, nə də qeyri-formal qaydada qəbul etməmiş, mübahisə predmeti olan evdə faktiki sahiblik və idarəetmə həyata keçirməmişdir. Bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişdir. Cəfərov Cəfər Babaş oğlu ##.##.2021-ci ildə vəfat etmiş, onun ölümü ilə həmin tarixdən vərəsəlik açılmışdır. Cəfərov Cəfər Babəş oğlunun iddiaçı İddiaçı babası olması işin mübahisəsiz halıdır. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in cavabından görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evi (A tikilisi, 4 otaq, ümumi sahə 109,3 kv.m; yaşayış sahəsi 93,4 kv.m; kommunal sahə 15,9 kv.m; açıq eyvan 19,8 kv.m) X6 Babəş oğlunun adına rəsmiləşdirilmişdir. Məhkəmə üçün həlledici məqam vərəsəliyin açılması deyil, iddiaçının mirası qəbul edib-etməməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə, vərəsəlik miras qoyanın ölümü ilə açılır (vərəsəliyin açılması vaxtı hüquqi əhəmiyyət daşıyır); vərəsəlik hüququnun reallaşması üçün vərəsə mirası qəbul etməlidir; mirasın qəbul edilməsi həm formal (notariusa ərizə verməklə), həm də qeyri-formal (miras əmlakı üzərində faktiki sahiblik və idarəetmə hərəkətləri ilə) mümkündür. Mirasın qəbulunu təsdiq edən hərəkətlər əmlak üzərində vərəsə kimi iradəni açıq göstərən davranışlar olmalıdır. Hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan mirasın qəbuluna dair müddətlər barədə normativ tənzimləmə onu nəzərdə tutur ki, vərəsə mirasın açıldığı vaxtdan etibarən qanunla müəyyən edilmiş müddət ərzində (ümumi qaydada 6 ay çərçivəsində) mirası qəbul etməyə yönələn hərəkətlər etməlidir. Bu müddət keçdikdə mirasın qəbul edilməməsi subyektiv miras hüququnun itirilməsi ilə nəticələnir və həmin şəxs miras əmlakla bağlı miras əmlakdan payın ayrılması və pay üzərində mülkiyyət hüququnun tanınması tələblərini irəli sürmək üçün hüquqi əsasdan məhrum olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə əsasən, faktiki qəbul dedikdə vərəsənin elə hərəkətləri nəzərdə tutulur ki, bu hərəkətlər: - miras əmlaka faktiki sahiblik (məsələn, köçüb yaşamaq, əmlakı öz nəzarətinə götürmək), - miras əmlakı faktiki idarəetmə (məsələn, saxlanılma, təmir, kommunal ödənişlər) niyyətini və reallığını göstərsin. Təkcə evə ara-sıra gedib-gəlmək, evdə otaq ayrılması, otaqda əşyaların olması kimi epizodik hallar, əgər onlar vərəsə kimi sahiblik və idarəetmə iradəsini isbat etmirsə, faktiki qəbul sayılmır. Mülki Prosessual Məcəllənin ümumi prinsiplərinə görə, iddia tələbinin hüquqi əsasını təşkil edən hallar (mirası qəbul etmə faktı, faktiki qəbul hərəkətləri, müddət daxilində davranışlar) iddiaçı tərəfindən sübuta yetirilməlidir. İş materiallarında iddiaçının vərəsəliyin açıldığı tarixdən (##.##.2021-ci il) sonra qanunla müəyyən edilmiş müddətdə notariat orqanına “mirasın qəbul edilməsi” barədə ərizə verdiyini təsdiq edən sübut mövcud deyil. İddiaçı faktiki qəbul kimi evə ara-sıra gedib-gəlmə, otaq ayrılması, bəzi şəxsi əşyaların orada olması kimi halları göstərir. Məhkəmə bununla bağlı qeyd edir ki, sözügedən ünvanda cavabdehlər yaşayır, iddiaçının isə həmin ünvanda daimi yaşayışını, mübahisəsiz sahiblik və idarəetməsini təsdiq edən ardıcıl sübutlar yoxdur. İddiaçı tərəfindən evin saxlanması, təmiri, kommunal xərclərin ödənilməsi, əmlaka sahib kimi çıxış etmə, kommunal öhdəliklərin yerinə yetirilməsi kimi vərəsə iradəsini açıq göstərən hərəkətlərə dair sənədlər təqdim edilməmişdir. Halbuki faktiki qəbulun hüquqi meyarı məhz bu cür obyektiv hərəkətlərdir. Şahidlərin ifadələrində iddiaçının müəyyən vaxtlarda həmin evə getməsi, bəzi əşyaların orada qalması kimi məqamlar olsa da, həmin ifadələr iddiaçının vərəsə kimi əmlakı faktiki öz nəzarətinə götürməsi və idarə etməsi səviyyəsində qəti nəticə çıxarmağa imkan vermir. Beləliklə, iddiaçı mərhumdan sonra açılmış vərəsəlikdə mirası qanuni müddətdə formal qaydada qəbul etməmiş, qeyri-formal (faktiki) qəbul üçün tələb olunan sahiblik və idarəetmə hərəkətlərini isə lazımi dərəcədə sübuta yetirməmişdir, bu halda iddiaçının miras əmlakından pay ayrılması, həmin paya mülkiyyət hüququnun tanınması və reyestrdən çıxarış verilməsi tələblərini irəli sürməsi üçün maddi hüquqi əsas (subyektiv hüquq) formalaşmır. Məhkəmə iddiaçının mirasın açıldığı tarixdə yetkinlik yaşına çatmaması ilə bağlı arqumentini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən, yetkinlik yaşına çatmayan şəxslər də qanuni nümayəndələri vasitəsilə mülki hüquqlar əldə edə və həyata keçirə bilərlər, o cümlədən mirası qəbul etmək barədə notariat orqanına müraciət etmək imkanına malikdirlər. Bundan əlavə, mirasın qeyri-formal qəbul edilməsi institutunun tətbiqi yaşla məhdudlaşdırılmır. İş materiallarından iddiaçının qanuni nümayəndəsi tərəfindən onun adından mirasın qəbul edilməsi barədə müraciət edildiyini və ya iddiaçının miras əmlakına faktiki sahiblik və idarəetmə həyata keçirdiyini təsdiq edən sübutlar təqdim edilməmişdir. Həmçinin iddiaçının 2022-ci ildə yetkinlik yaşına çatmasına baxmayaraq, yalnız 2025-ci ildə məhkəməyə müraciət etməsi onun uzun müddət hərəkətsiz qalmasını göstərir. Məhkəmə iddiaçının qeyd olunan ünvanda yaşamamasını, babasının ölümündən sonra gediş-gəlişin azalmasını cavabdehlərin ona xoş münasibət göstərməməsi və ailədaxili münasibətlərin soyuması ilə əsaslandırmasını hüquqi baxımdan əsassız hesab edir. Belə ki, mirasın qəbul edilməsi üçün qarşı tərəfin razılığı və ya müsbət münasibəti tələb olunmur. Əgər iddiaçının mübahisə predmeti olan əmlaka daxil olmasına maneələr törədilmişdirsə, onun hüquqlarının müdafiəsi üçün hüquq-mühafizə və məhkəmə orqanlarına müraciət etmək imkanı mövcud olmuşdur. İş materiallarında iddiaçının bu istiqamətdə hər hansı müraciət etməsini təsdiq edən sübutlar yoxdur. Bundan əlavə, iddiaçının babası sağ olduğu dövrdə ünvana gedibgəlməsi hüquqi əhəmiyyət daşımır, çünki miras yalnız miras qoyanın ölümü ilə açılır. Vərəsəliyin açılmasından sonra iddiaçının miras əmlakına faktiki sahiblik və idarəetmə həyata keçirməsini təsdiq edən sübutlar təqdim edilməmişdir

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı İddiaçı (nümayəndəsi və vəkili vəkil2) iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib göstərir ki, birinci instansiya məhkəməsinin hakimi qətnamənin 7-ci vərəqində yenidən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli Qərarını qeyd etmişdir, hərçənd ki 2023-cü ildə qəbul edilmiş qərar, yəqin ki, daha üstündür. Bundan əlavə, məhkəmə iclasında sübut olundu ki, iddiaçı İddiaçı babasının ## #### 2021-ci ildə vəfat etməsindən sonra sonuncunun 40 günü çıxdıqdan sonra miras mülkü tərk etmiş, yəni vərəsəliyi faktiki qəbul etmişdir. Birinci instansiya məhkəməsinin hakimi həqiqətin ortaya çıxmasında maraqlı deyildi. Belə ki, məhkəmənin ## ###### 2026-cı il tarixli iclasında sübutlar araşdırıldı, tərəflər çıxışlarını etdilər və, məntiqlə, məhkəmə müşavirəyə çıxmalı idi. Nədənsə, hakim məhkəmə iclasını ## ###### 2026-cı il tarixinə təxirə saldı. Bu məhkəmə iclasından sonra iddiaçı İddiaçı bildirdi ki, mübahisəli evdə onlara bir otağın məxsus olmasına dair video-görüntülər var. Buna görə də, ## ###### 2026-cı il tarixdə məhkəmə iclası açılarkən iddiaçının vəkili hakimə bildirdi ki, onda işin obyektiv həll edilməsi üçün video-görüntülər var və iş üzrə araşdırmanın bərpa edilməsini xahiş etdi. Lakin hakim bildirdi ki, araşdırmalar bitib və o, müşavirə otağına gedir. Əgər hakim iş üzrə obyektiv qərar qəbul etmək niyətində olsa idi, heç olmazsa həmin video-görüntüyə baxış keçirməli idi. Lakin hakim bunu etmədi.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

14. Məhkəmə iclasında iddiaçı İddiaçı, nümayəndəsi və vəkili vəkil2 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasında cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). ........... 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. ........... Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2(##.##.2025-ci ilədək olan redaksiya). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.2(##.##.2025-ci ilədək olan redaksiya). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. (## ###### 2023-cü ilədək olan redaksiya) Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Maddə 1252. (##.##.2025-ci ilədək olan redaksiya) Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Maddə 1252. (##.##.2025-ci ildən sonrakı redaksiya) Əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir. Maddə 1255 (##.##.2025-ci ilədək olan redaksiya). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1255 (##.##.2025-ci ildən sonrakı redaksiya). Vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Maddə 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Maddə 1273-1(## ###### 2023-cü ilədək olan redaksiya).Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.

20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

22. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

23. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

24. Əvvəla, idda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.

25. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

26. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

27. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

28. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq tətbiq etdiyi maddi hüquq normalarını səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Bununla əlaqədar, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar hüquqi dəyərləndirmə aparılmasını məhkəmə tərkibi zəruri hesab edir.

29. Əvvəla, apellyasiya baxışı zamanı işin mübahisəsiz halı kimi müəyyən edildi ki, miras qoyan ##.##.1936-cı il təvəllüdlü Cəfərov Cəfər Babaş oğlu(bəzi sənədlərdə Bəbəş oğlu) ilə Cəfərova Ağca İsıq qızı nikah bağlayıb. Birgə nikahdan 3 övladları - Cavadova(Cəfərova)Afət Cəfər qızı, X5 və Cəfərov Əlisəfa Cəfər oğlu doğulub. X7 ilə X17 faktiki nikah münasibətlərindən ##.##.2004-cü ildə iddiaçı İddiaçı doğulub. X7 ##.##.2009-cu ildə Rusiya Federasiyası ərazisində ölüb. Cəfərova Ağca İsıq qızı ##.##.2013-ci ildə, X9 Babaş oğlu isə ##.##.2021-ci ildə və X5 da Bakı şəhərində ölüb. Miras əmlak Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindəki 43 (əvvəllər *A) saylı evin A tikilisi, 4 otaq, ümumi sahəsi 109,3 kv.m, yaşayış sahəsi 93,4 kv.m, kommunal sahəsi 15,9 kv.m, açıq eyvan 19,8 kv.m olan evdən ibarət olub. Miras ev iş üzrə cavabdehlər mərhum X5 oğlu cavabdeh3 və arvadı cavabdeh2 faktiki sahibliyində və istifadəsində olmaqla orada yaşayır. Miras qoyanın digər övladı, iş üzrə 3-cü şəxs qismində cəlb edilən Cavadova(Cəfərova)Afət Cəfər qızı isə miras əmlak olan evdə yaşamır. Hazırda İddiaçı babası Cəfər Cəfərovdan miras qalmış mübahisəli evdən mərhum atası Əlisəfa Cəfərova çatacaq miras payın müəyyən edilməsinə dair iddia ilə məhkəməyə müracət edib, məhkəmə isə onun mirası nə formal, nə də qeyri-formal qəbul etmədiyni əsas gətirib iddiasını rədd edib, iddiaçı isə bundan narazı qalıb apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın isə təmin olunması istənilir.

30. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır(MPM.m. 217.2). Miras qoyan ##.##.1936-cı il təvəllüdlü Cəfərov Cəfər Babaş oğlu ##.##.2021-ci ildə ölüb. Demək qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin dövrdə və hazırda da qüvvədə olan Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən isə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır(##.##.2025-ci ildən bu normaya “etdirdikdə” sözündən sonra, “habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə” sözləri əlavə edilib). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İddiaçı miras əmlakdakı payını qanun üzrə vərəsə kimi, yəni mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq - atası Əlisəfa Cəfərov sağ olmadığı üçün tələb etsə də cavabdehlər - mərhum əmisi X5 oğlu cavabdeh3 və arvadı cavabdeh2, eləcə də cavabdeh tərəfində 3-cü şəxs qsmində cəlb edilmiş bibisi Cavadova(Cəfərova)Afət Cəfər qızı buna etiraz edir və iddiaçının mirası qəbul etməsini mübahisələndirir. Başqa sözlə, mahiyyət etibarı ilə iddiaçının miras əmlaka sahiblik etməyə və ya idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirasın onun tərəfindən qəbul edilmiş sayılmasını qəbul etmir.

31. Birinci instansiya məhkəməsi də qarşı tərəfin mövqeyi ilə razılaşaraq iddianı təmin etməyib, qənaətini yuxarıda göstərilən formada əsaslandırıb. Qeyd olunduğu kimi vərəsələrdən heç biri mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə vermədiyi işin mübahisəsiz halıdır. Bununla belə, bu cür ərizə verilməsə də cavabdeh tərəfin miras əmlaka sahiblik etməsini və ya əmlakı idarə etməyə faktik başlamasını və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsini iddiaçı da mübahisələndrmir, əksinə özünün də onlar kimi miras əmlaka sahiblik etməsini və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdiyini bəyan edir. Belə ki, iddiaçının cavabdeh tərəfin açıq-aşkar təkzib etmədiyi mövqeyinə görə, mərhum atası ilə anası faktiki ailə qurduqdan sonra, anası hazırda miras əmlak olan evə gəlin köçüb, doğulduqdan sonra valideynləri ilə birgə həmin evdə yaşayıb, atası vəfat etdikdən bir neçə ay sonraya, yəni 2009-cu ilin mart ayınadək bu evdə yaşayıb, son tarixdən isə anasının atasının qohumları ilə münasibətləri kəskinləşdiyi üçün məcbur olaraq həmin evdən çıxaraq bu günədək kirayədə yaşayıb, ancaq heç vaxt miras əmlak olan evlə əlaqəsi kəsilməyib, mərhum babasının sağlığında özü çox vaxt orada qalıb yaşamış, babası öldükdən sonra da sözügedən evlə əlaqəsi kəsilməyib, bunun ən bariz nümunəsi həmin evin bir qapalı otağında bu günədək özünün və anasının əşyaları, o cümlədən cehiz əşyaları, qış və yay geyim əşyaları saxlanılır, mütəmadi və mövsimi olaraq geyim əşyalarını dəyişməklə həmin otaqda saxlayıb, bununla da miras evin həmin hissəsinə sahiblik etməkdən əl çəkməyibdir. Qeyd olunduğu kimi cavabdeh tərəf faktları inkar etməsə də, iddiaçıya və anasına məxsus əşyaların miras evin bir otağında bugünədək qalmasının, onların hərdən-bir qeyd olunan otaqdan əşyalarını götürməsini və dəyişməsinin mirasa faktiki sahiblik etməyi ehtiva etmədiyini, çünki faktiki sahiblik, onun əsasında vərəsənin miras qoyanın əmlakını faktiki cəhətdən ələ keçirməli və ona sahib durmalı, onun üzərində faktiki “ağalıq” etməkdən ibarət olduğunu, iddiaçı tərəfindən isə bu cür hərəkətlərin edilmədiyini bəyan edir.

32. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddianı tam rədd etməsi ilə bağlı mövqeyi ilə razılaşmır. Çünki həqiqətən də işin halları ilə təsdiq olunur ki, iddiaçı istər miras açılmamışdan əvvəl, istərsə də miras açıldıqdan sonra mübahisəli miras evin bir hissəsi olan əşyalarını saxladığı və istifadə etdiyi otaq üzərində faktiki sahibliyini və faktiki “ağalığını” həyata keçirmişdir. Belə ki, şərt deyil ki, iddiaçı istər əvvəl, istərsə də miras açıldıqdan sonra miras əmlaka köçüb yaşamaqla yaxud tam olaraq əmlakı öz nəzarətinə götürməklə üzərində fasiləsiz sahibliyi həyata keçirsin. Qeyd olunduğu kimi iddiaçı miras qoyan babasının ölümü ilə əlaqədar yas mərasimlərinin keçirilməsini təşkil edib onda iştirak etməklə həm də özünün uşaqlıqdan yaşadığı otaqda qalıb, oradan istifadə edib, həmin otağa faktiki sahibliyi həyata keçirmşdir. Üstəlik istər özünün, istərsə də anasının 20 ildən artıq bir müddətdə mras əmlak olan evin sözügedən otağı ilə hər hansı bir formada əlaqəsini və təmasını kəsməməsi, yəni cehiz əşyaları ilə yanaşı gündəlik geyim əşyalarını da orada saxlanılması, mövsümə uyğun dəyişmələri ona dəlalət edir ki, həmin miras əmlaka subyektiv münasibətini və əlaqəsini üzməyibdir. Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə əsasən təkcə evə ara-sıra gedib-gəlmək, evdə otaq ayrılması, otaqda əşyaların olması kimi epizodik hallar, əgər onlar vərəsə kimi sahiblik və idarəetmə iradəsini isbat etmirsə, faktiki qəbul sayılmır. Lakin iddiaçının 20 ildən artıq bir müddətdə, o cümlədən bu müddətin 5 ilə yaxın hissəsinin miras açıldıqdan sonra miras evin tərkib hissəsinə vərəsə kimi sahiblik və idarəetmə iradəsini isbat etdiyindən faktiki qəbul sayılır. Bu cür vəziyyətdə iddiaçını qanun üzrə birinci dərəcə vərəsə olan mərhum atasına çatacaq miras paydan məhrum edilməsi nə vərəsəlik hüququnun məqsədləri, nə də ədalətlilik baxımından düzgün olmazdı. 33.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Bu qərarın hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi də qərara alınmışdır. Bununla da, vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlıığı aradan qalxmışdır. Çünki müddətə bağlılıq vərəsəlik hüququna dair konstitusiya təminatına xələl gətirirdi. Mülki Məcəllənin 1256-cı maddəsində mirasın qəbulundan imtina üçün nəzərdə tutulan müddət dəqiq müəyyən edilmişdir. Bu məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumu ## ###### 2023-cü il tarixli Qərarındada qeyd edib ki,... vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir... Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Göründüyü kimi, iddiaçı da digər vərəsələr kimi miras açıldığı vaxtdan miras əmlakın mülkiyyətçisi sayıldığından və qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsindən imtina etmədiyindən şikayətinin dəlilləri də əsaslı sayılır. Düzdü Konstitusiya Məhkəməsi Plenumu ## ###### 2023cü il tarixli qərarında həmçinin göstərdi ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Hazırki mülki iş də Konstitusiya Məhkəməsi Plenumu ## ###### 2023-cü il tarixli qərarı qəbul edildiyi zaman məhkəmənin icraatında(iddia ərizəsi ##.##.2025-də məhkəməyə daxil olmuşdur) olmamışdır. Qeyd olunan Qərardakı hüquqi mövqe bu mübahisəyə bilavasitə şamil edilməsə də, iddiaçının qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulundan imtina etməsinə dair də işdə hər hansı bir sübut mövcud deyildir. Bu halın özü də apellyasiya şikayətinin əsaslı olduğuna dəlalət edir.

34. Göstərilənlərə baxmayaraq, iddiaçının tələbi şərti olaraq üç hissədən ibarət olsa da, miras əmlak üzərində 1/3 hissədə miras(vərəsəlik) payı tanınması barədə qətnamə qüvvəsini aldıqdan sonra, həmin pay üzərində mülkiyyət hüququnun tanınması və dövlət reyestrindən çıxarışın verilməsi məsələsi icra zamanı öz həllini tapacaqdır. Başqa sözlə, miras payı üzərində ayrıca mülkiyyət hüququnun tanınmasına və dövlət reyestrindən çıxarışın verilməsinin qət edilməsinə gərək və lüzum yoxdur.

35. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki: İddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməli; Mərhum Cəfərov Cəfər Babaş oğlundan miras qalmış - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindəki 43 (əvvəllər *A) saylı evin A tikilisi, 4 otaq, ümumi sahəsi 109,3 kv.m, yaşayış sahəsi 93,4 kv.m, kommunal sahəsi 15,9 kv.m, açıq eyvan 19,8 kv.m təşkil edən hissəsindən İddiaçı(atası X7 çatacaq hissədə)1/3 hissədə miras(vərəsəlik) payı tanınmalı və bu həcmdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi Bakı şəhəri ** saylı Notariat Ofisinə həvalə edilməli; İddia qalan hissədə təmin edilməməlidir.

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Mərhum Cəfərov Cəfər Babaş oğlundan miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindəki 43 (əvvəllər *A) saylı evin A tikilisi, 4 otaq, ümumi sahəsi 109,3 kv.m, yaşayış sahəsi 93,4 kv.m, kommunal sahəsi 15,9 kv.m, açıq eyvan 19,8 kv.m təşkil edən hissəsinə İddiaçı(atası X7 çatmalı olan)1/3 hissədə miras(vərəsəlik) payı tanınsın və bu həcmdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi Bakı şəhəri ** saylı Notariat Ofisinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar