Məhkəmə qərarları › İş №e-2(3-6)-1349/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1349/2026

12.05.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1349/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin rəisi Nail Ağayevin ##.##.2017-ci il tarixli **** nömrəli məktubu əsasında vətəndaş Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında boş olan otaqların birinə işlədiyi dövr ərzində müvəqqəti yerləşdirilmişdir.

2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitunun Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasının texniki vəziyyəti haqqında ##.##.2025-ci il tarixli rəyinə əsasən binada təhülkəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işləri aparılmalıdır.

3. Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin ##.##.2025-ci il tarixli **** nömrəli məktubu əsasında vətəndaş Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında yaşadığı *** nömrəli otaq ##.##.2025-ci il tarixədək təhvil verilməsi tələb olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi və sonradan tələbin dəqiqiləşdirilməsi barədə ilə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 182 ünvanında yerləşən İddiaçı mənzil fonduna aid olan xidməti yaşayış sahəsi olan “Turan” hərbi yataqxanasından çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası ##.##.1989-cu il tarixli *** nömrəli dövlət aktından da göründüyü kimi xüsusi təyinatlı yaşayış sahəsi olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Bakı Qarnizonu Mənzil İstismar hissəsinin rəisi Nail Ağayevin ##.##.2017-ci il tarixli **** nömrəli məktubu əsasında vətəndaş Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında boş olan otaqların birinə (110) müvəqqəti yerləşdirilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən Müdafiə Nazirliyinə daxil olan ##.##.2025-ci il tarixli ****/** nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi” qaydalarına əsaslanan sözügedən rəyində Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında hazırda insanların yaşaması üçün təhlükənin mövcud olması barədə nəticəyə gəlməklə, tikinti konstruksiyalarının yükgötürmə qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən, bina texniki cəhətdən yolverilməz kimi qiymətləndirilmiş, binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işlərinin aparılmasının zəruri olduğu bildirilmişdir. Müdafiə Nazirliyinin Əsaslı-Tikinti İdarəsi tərəfindən cavabdeh müxtəlif tarixlərdə xəbərdarlıq məktubu ünvanlanaraq Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında olan *** nömrəli xidməti otağı Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verməsinin zərurəti bildirilmiş, lakin edilmiş xəbərdarlıqlara baxmayaraq sözügedən xidməti yaşayış sahəsini hazırkı tarixədək təhvil verməkdən imtina etmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli işi üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Aytəkin Əsədzadə) iddia tələbinin təmin edilməsi, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 182 ünvanında yerləşən İddiaçı mənzil fonduna aid olan xidməti yaşayış sahəsi “Turan” hərbi yataqxanasından çıxarılması qət edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, Yaşayış sahəsinin verilməsinə dair müvafiq qərar və yazılı kirayə müqaviləsi mövcud olmadığından cavabdehin yataqxanada məskunlaşması qanunsuz olmuşdur ki, iddiaçının hazırda yaşayış sahəsindən çıxarılması barədə tələb bu baxımdan əsaslıdır.

8. Cavabdehin yaşayış sahəsinə həmin vaxt iddiaçı dövlət orqanının səlahiyyətli şəxslərinin yazılı və ya şifahi razılığı əsasında müvəqqəti köçürülməsi də hazırkı iddianın təmin edilməsinin qarşısını almır.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10.0, 10.0.2, 10.0.5, 10.0.6, 10.0.7, 17.1, 17.3, 17.3.2, 91.1, 91.1.1, 91.1.2, 91.2, 92, 93.1, 93.2, 98.1, 98.2, 99.1, 99.2, 102.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2010-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”nın 1.5-ci bəndinə, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin rəisinin ##.##.2017-ci il tarixli **** nömrəli məktubu cavabdehin mübahisəli yaşayış sahəsinə səlahiyyətli vəzifəli şəxsin göstərişi ilə yerləşdirildiyini təsdiq edir. Lakin birinci instansiya məhkəməsi həmin sənədin hüquqi mahiyyətini və cavabdehin yaşayış sahəsindən istifadə hüququnun formalaşmasına təsirini tam araşdırmamışdır. Halbuki bu sənəd cavabdehin yaşayış sahəsinə özbaşına deyil, dövlət orqanının razılığı ilə yerləşdirildiyini göstərir. Cavabdeh 2017-ci ildən etibarən ailə üzvləri ilə birlikdə mübahisəli yaşayış sahəsində faktiki yaşayır. Birinci instansiya məhkəməsi cavabdehin uzun müddət ərzində həmin yaşayış sahəsindən istifadə etməsinin hüquqi nəticələrini, eləcə də bu müddət ərzində dövlət orqanlarının bu vəziyyətə münasibətini araşdırmamışdır. Halbuki cavabdehin uzun müddət ərzində həmin yaşayış sahəsində faktiki yaşaması onun yaşayış hüququnun qiymətləndirilməsi baxımından mühüm faktiki haldır və bu hal məhkəmənin gəldiyi nəticəyə birbaşa təsir göstərə bilərdi. Birinci instansiya məhkəməsi cavabdehin və onun ailə üzvlərinin başqa yaşayış sahəsinin olubolmaması məsələsini araşdırmamışdır. Halbuki cavabdehin və ailə üzvlərinin başqa yaşayış sahəsi ilə təmin olunub-olunmaması onların mübahisəli yaşayış sahəsindən çıxarılmasının hüquqi və sosial nəticələrinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu hal araşdırılmadan cavabdehin ailə üzvləri ilə birlikdə yaşayış sahəsindən çıxarılması barədə nəticəyə gəlinməsi işin faktiki hallarının natamam araşdırıldığını göstərir. İddiaçı tərəfindən təqdim edilmiş rəyə əsasən yataqxana binasında bərpa və gücləndirmə işlərinin aparılmasının zəruri olduğu bildirilmişdir. Lakin məhkəmə həmin rəyin cavabdehin dərhal və başqa yaşayış sahəsi verilmədən çıxarılması üçün hüquqi əsas yaradıb-yaratmadığını araşdırmamışdır. Həmçinin, binada aparılması nəzərdə tutulan təmir-bərpa işlərinin konkret hansı müddətdə və hansı qaydada həyata keçiriləcəyi, həmin işlərin aparılması üçün cavabdehin mübahisəli yaşayış sahəsindən çıxarılmasının zəruriliyi kimi məsələlər də məhkəmə tərəfindən araşdırılmamışdır. Cavabdehin yaşayış sahəsinə yerləşdirilməsi dövlət orqanının səlahiyyətli vəzifəli şəxsi tərəfindən həyata keçirilmişdir. Birinci instansiya məhkəməsi bu halın cavabdehin yaşayış hüququna hansı hüquqi nəticələr doğurduğunu araşdırmamış və həmin faktı yalnız formal şəkildə qeyd etməklə kifayətlənmişdir. Halbuki bu hal cavabdehin yaşayış sahəsinə özbaşına daxil olmadığını və onun yaşayışının dövlət orqanının razılığı ilə baş verdiyini göstərir ki, bu da işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Cavabdehin yaşayış sahəsini könüllü qaydada təhvil verməkdən imtina etməsi barədə nəticənin sübut edilməməsi Məhkəmə qətnaməsində cavabdehin edilən xəbərdarlıqlara baxmayaraq yaşayış sahəsini təhvil verməkdən imtina etdiyi qeyd edilmişdir. Lakin iş materiallarında cavabdehin həmin tələbləri qəbul etmədiyini və ya rəsmi qaydada imtina etdiyini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Yalnız xəbərdarlıq məktublarının mövcudluğu cavabdehin həmin tələblərlə razılaşmaması və ya onları icra etməməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir. Məhkəmə bu məsələdə faktiki sübutları araşdırmadan cavabdehin imtina etməsi barədə nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. O, izahatında 25 ildir Müdafiə Nazirliyinin Mənzil-

13. İstismar Xidmətində işlədiyini, mənzildə hazırda tək yaşadığını, subay olduğunu və uşaqlarının olmadığını bildirdi.

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

15.Maddə 10.0. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir: - 10.0.2. yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək; - 10.0.5. dövlət mənzil fondunun yaşayış sahələrinin verilməsi məqsədilə digər kateqoriyalardan olan vətəndaşları müəyyən etmək; - 10.0.6. kateqoriyaları qanunvericiliklə müəyyənləşdirilən və yaşayış sahələrinə ehtiyacı olan vətəndaşlara dövlət mənzil fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən etmək; - 10.0.7. dövlət və bələdiyyə mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri üzrə yaşayış sahələrinin verilməsi əsaslarını müəyyən etmək;

16. Maddə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: - 91.1.1. xidməti yaşayış sahələri; - 91.1.2. yataqxanalarda yaşayış sahələri;

17. Maddə 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir.

18. Maddə 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.

19. Maddə 93.1. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur.

20. Maddə 93.2. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir.

21. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.

22. Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.

23. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.

24. Maddə 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır.

25. Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.

“Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamə

26. Bənd 1.1. Həqiqi hərbi xidmətdə olan generallar, Rlar, zabitlər, Rlər, Rlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (mülki işçilər) və onlarla birlikdə yaşayan ailə üzvləri (əri və ya arvadı, uşaqları, valideynləri, eyni zamandahərbiqulluqçuların (mülki işçilərin) himayəsində olan digər şəxslər) bu əsasnamənin 1.6-cı bəndinə əsasən, göstərilmiş hallardan başqa İddiaçı xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunurlar.

27. Bənd 1.8. Əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan, habelə kazarma-mənzil fondunun və kommunal qurğuların istismarı və onlara xidmət göstərilməsi sahəsində çalışan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mülki işçilərinə xüsusi təyinatlı yaşayış sahəsi verilə bilər.

28. Bənd 1.13. Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə xidməti münasibəti olmayan şəxslərə İddiaçı mənzil fondu hesabına yaşayış sahəsinin verilməsi qadağandır.

29. Bənd 5.2. Bir qarnizonda yerləşən tabeli hərbi hissələr arasında yaşayış sahələrinin bölüşdürülməsi planı qarnizon mənzil komissiyası tərəfindən tərtib edilir, müvafiq rayon, MİH, HDQ-nin Dəniz Mühəndis Xidməti, Müdafiə Nazirliyinin MİŞ rəisi ilə razılaşdırılır, qarnizon mənzil komissiyası sədri tərəfindən imzalanır və həmin qarnizonun rəisi tərəfindən təsdiq edilir.

30. Bənd 5.7-5.11. Yaşayış sahəsinin bölüşdürülməsi üçün hərbi hissənin mənzil komissiyasının iclası keçirilir və protokol tərtib olunur. Hərbi hissənin mənzil komissiyasının tərtib etdiyi hərbi hissə üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısını komissiyanın sədri və üzvləri imzaladıqdan sonra hərbi hissə komandiri təstiq edir. Yaşayış sahəsinin bölüşdürülməsi siyahısı və hərbi hissənin mənzil komissiyasının protokolundan çıxarış ryonun MİH rəisinə təqdim olunmalı, digər sənədlər isə hərbi hissənin mənzil komissiyasında saxlanılmalıdır. Təqdim olunan sənədlər əsasında tərtib olunan qarnizon üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısı rayon MİH-nin rəisi ilə razılaşdırılır, qarnizon üzrə mənzil komissiyasında baxılır, protokollaşdırılır və təstiq edilməsi üçün qarnizon rəisinə təqdim olunur. Qarnizon rəisi tərəfindən təsdiq edilmiş siyahı xüsusi təyinatlı yaşayış sahəsinə kirayə müqaviləsi bağlanması üçün hüquqi əsasdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır.

35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

39. Apellyasiya icraatı zamanı cavabdeh Cavabdeh ailə üzvlərinə münasibətdə qətnamənin qismən ləğv edilməsi və həmin hissədə iddia ərizəsinin baxılmamış saxlanılması barədə Kollegiyanın ## ### 2026-cı il tarixli qərardadı qəbul edilmişdir.

40. Bu səbəbdən qətnamə yalnız cavabdeh Cavabdeh münasibətdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası ## ###### 1989-cu il tarixli *** nömrəli dövlət aktından da göründüyü kimi, “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Müdafiə Nazirliyinin Bakı Mənzil İstismar Hissəsinin rəisi X2 Nazirliyinin Mənzil-İstismar Şöbəsinin rəisinə ünvanladığı ##.##.2024-cü il tarixli, *** nömrəli məktubu əsasında Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında yaşayış sahəsinə müvəqqəti yerləşdirilmişdir.

43. Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.

44. Göründüyü kimi, kirayə müqaviləsi üçün yazılı forma şərti məcburidir, müqavilədə adıçəkilən maddədə sadalananlar göstərilməlidir. Kirayə müqaviləsi üçün yazılı forma şərtinin məcburiliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2010-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”nın 2.3-cü bəndində də təsbit edilmişdir. Yaşayış sahəsinin verilməsinə dair müvafiq qərar və yazılı kirayə müqaviləsi mövcud olmadığından cavabdehin yataqxanada məskunlaşması qanunsuz olmuşdur ki, iddiaçının hazırda onların yaşayış sahəsindən çıxarılmaları barədə tələbi bu baxımdan əsaslıdır.

45. Kollegiya cavabdehin sosial vəziyyəti, başqa yaşayış yerinin olmaması və binanın təmiri hallarına əsasən başqa yaşayış sahəsi ilə təmin olunması dəlilinə münasibətdə qeyd edir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun ##.##.2025-ci il tarixli rəyi ilə “Turan” hərbi yataqxana binasında insanların yaşaması üçün təhlükənin mövcud olduğu müəyyən edilmişdir. Bina texniki cəhətdən yolverilməz qiymətləndirilmiş və təhlükəsizliyin təmin olunması üçün bərpa və gücləndirmə işlərinin aparılması zəruridir. Bu təhlükə səbəbi ilə cavabdehə mənzili təhvil verməsi barədə ##.##.2025-ci il tarixli, **** nömrəli xəbərdarlıq məktubu ünvanlanmışdır.

46. Mənzil Məcəlləsinin 102.2-ci maddəsində xidməti yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməyən şəxslərin kateqoriyaları sadalanır.

47. Cavabdeh həmin maddədə nəzərdə tutulan istisna hallara aid olmadığı üçün ona başqa yaşayış sahəsi verilmədən çıxarılması məhdudlaşdırılmır.

48. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı ümumilikdə qeyd edir ki, iş materiallarından mübahisəli mənzilin cavabdehin sahiblik və istifadəsində qalmasına və ya cavabdehə başqa yaşayış sahəsinin verilməsinə əsas verən hər hansı bir halın olması müəyyən edilmir. Belə olan halda iddiaçı Nazirlik cavabdehin mənzildən çıxarılmasını və mənzilin təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur.

49. Kollegiya hesab edir ki, cavabdehin binada qalması həm binanın təhlükəli texniki vəziyyəti ilə bağlı onun həyat və sağlamlığına təhlükə yaratdığına görə, həm də onun yaşayış sahəsinə kirayə müqaviləsi olmadan, məktub əsasında qanunsuz yerləşdirildiyi üçün yolverilməz dir.

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bil məz.

51. Apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir.

52. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi yoxlanılan – cavabdeh Cavabdeh aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar