Məhkəmə qərarları › İş №e-2(3-6)-1484/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1484/2026

04.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1484/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı “mənzil və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh MTK (həmin vaxt MMC) arasında bağlanmış ##.##.2017-ci il tarixli müqaviləyə əsasən, iddiaçı paylı mülkiyyətində olan, ona məxsus hissənin faktiki sahəsi 40,6 kvadrat-metr olan mənzili sökülmək üçün cavabdehə təhvil vermiş, əvəzində cavabdeh həmin ərazidə inşa edəcəyi yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 48,7 kv.metr olan təmirli mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Tərəflər cavabdehin yaşayış binasının tikintisini başa çatdırana və iddiaçını təmirli mənzil ilə təmin edən günədək aylıq 400 manat məbləğində kirayə haqqının əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə 3 ayda 1 dəfə cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, cavabdeh tərəfindən iddiaçıya veriləcək sahənin layihəyə uyğun ölçüdən az olduğu təqdirdə, yaranan nisbətin pul şəklində ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Müqavilədə iddiaçıya verilməli olan mənzilin nömrəsi, yerləşdiyi blok və mərtəbə göstərilmədiyindən, iddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə mənzilin nömrəsi, yerləşdiyi blok (girişi) və mərtəbə barədə iddiaçıya yazılı məlumat vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması qət edilmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almışdır. Hazırda qətnamənin icrası ilə əlaqədar cavabdeh iddiaçıya binanın 6-cı blokunun 12ci mərtəbəsində yerləşən ** nömrəli təmirsiz mənzili verməyi təklif edir, iddiaçı da həmin mənzili qəbul edir. İddiaçı cavabdeh tərəfindən təklif edilən mənzilin verilməsi öhdəliyinin müqavilədən irəli gələn öhdəlik kimi cavabdehin üzərinə qoyulması, ödənilməmiş kirayə haqqının, mənzilin təmir edilməsi üçün təmir xərcinin, mənzilin vaxtında təhvil verilməməsinə görə əldən çıxmış faydanın, çatışmayan 0,3 kvadrat-metr sahəyə görə pul vəsaitinin və məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı “mənzil və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış ##.##.2017-ci il tarixli *** saylı müqavilə üzrə Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş yeni çoxmənzilli hündürmərtəbəli binada yerləşən 48.7 kv.metr təmirli mənzilin iddiaçı İddiaçı verilməsi öhdəliyinin cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış ##.##.2017ci il tarixli *** saylı müqavilə üzrə ##.##.2025-ci il tarixinə ödənilməmiş 7.200 (yeddi min iki yüz) manat məbləğində kirayə haqqının, 10.000 (on min) manat məbləğində əldən çıxmış faydanın, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 141 manat dövlət rüsumunun və 2.500 (iki min beş yüz) manat vəkil xidmət haqqının cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi (MMC) arasında bağlanmış ##.##.2017-ci il tarixli *** saylı Müqavilənin 1.1.1-ci bəndinə əsasən, iddiaçı ona məxsus yaşayış sahəsini sökülməsi üçün cavabdehə təqdim etməyi və cavabdeh tərəfindən onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.1.2-ci bəndinə əsasən, cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzili, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 48,7 m2 təmirli mənzili iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən, cavabdeh 400 (dörd yüz) manat məbləğində aylıq kirayə haqqını üç ayda bir dəfə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh iddia ərizəsi verilən günə kimi öhdəliklərini yerinə yetirməmiş, iddiaçını yeni mənzil ilə təmin etməmişdir. Müqavilənin 2.2.5-ci bəndinə əsasən, cavabdeh binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 (iyirmi dörd) ay müddətinə qədər başa çatdıraraq mənzili iddiaçıya verməyə borcludur. İddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmiş, ona məxsus mənzili tam boşaldaraq lazımi qaydada cavabdehə sökülməsi üçün təhvil vermişdir. Buna baxmayaraq, cavabdeh öz öhdəliklərini yerinə yetirmir, iddiaçıya çatası mənzili ona təhvil vermir. ##.##.2025-ci il tarixinə cavabdeh iddiaçıya 7.200 AZN məbləğində kirayə haqqı borcludur. Cavabdeh 2023cü ilin oktyabr ayından etibarən aylıq ödəməli olduğu 400 (dörd yüz) manat məbləğində kirayə haqqını ödəməmişdir. Hazırda ödənilməmiş kirayə haqqı məbləği 7200 AZN təşkil edir. Tərəflər arasında danışıqlar nəticə verməmişdir. Müqavilənin 6-cı maddəsinə əsasən, müqavilə əsasında yaranan bütün mübahisələr danışıqların aparılması yolu ilə həll edilir. Qarşılıqlı həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir. İddiaçı tərəfindən cavabdehə ##.##.2025-ci il tarixində rəsmi qaydada pretenziya məktubu göndərilmiş, lakin cavabdeh həmin pretenziya məktubuna heç bir reaksiya verməmişdir. Həmçinin, “Kredo” Vəkil Bürosu ilə iddiaçı arasında ##.##.2025-ci il tarixli, EM-****VK-*****/** saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və onun tərəfindən 2.500 (iki min beş yüz) manat vəkil xidmət haqqı ödənilmişdir. Belə olan halda, həm hüquqi yardımın göstərilməsinə görə ödənilən vəsait, həm də iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Daha sonra İddiaçı vəkili-nümayəndəsi nümayəndə2 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış ##.##.2017-ci il tarixli *** saylı müqavilə üzrə Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş yeni çoxmənzilli hündürmərtəbəli binada yerləşən 48.4 kv. metr mənzilin iddiaçı İddiaçı verilməsi öhdəliyinin cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış ##.##.2017-ci il tarixli *** saylı Müqavilə üzrə ##.##.2026cı il tarixinə ödənilməmiş 10. 800 (on min səkkiz yüz) manat məbləğində kirayə haqqını, iddiaçıya çatacaq mənzilin təmir edilməsi üçün 16.000 (on altı min) manat məbləğində təmir xərcinin,mənzilin vaxtında təhvil verilməməsinə görə 37.100 (otuz yeddi min yüz) manat məbləğində əldən çıxmış faydanın, çatışmayan 0.3 kv.metr sahəyə görə 990 (doqquz yüz doxsan) manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 141 manat dövlət rüsumunun və 2.500 (iki min beş yüz) manat vəkil xidmət haqqının cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativindən (Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən) tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonunda inşa edilmiş binanın 6-cı blokunun 12-ci mərtəbəsində yerləşən ** nömrəli mənzilin ##.##.2017-ci il tarixli *** nömrəli müqavilə əsasında iddiaçı İddiaçı verilməsi öhdəliyi cavabdeh Cavabdeh MTK-nın üzərinə qoyulması, cavabdeh Cavabdeh MTK-dan 10.800 (on min səkkiz yüz) manat məbləğində kirayə haqqı, 16.000 (on altı min) manat məbləğində təmir xərci, əksik olan 0,3 m2 sahəyə görə 945 (doqquz yüz qırx beş) manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 100(yüz) manat hissəsi və hüquqi xidmət xərcinin 2.000 (iki min) manat hissəsinin cavabdeh Cavabdeh MTK-dan alınaraq iddiaçı İddiaçı verilməsi, məhkəmə xərclərinin qalan hissəsinin iddiaçı İddiaçı aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100(yüz) manat məbləğində pulun 80(səksən) manat hissəsinin cavabdeh Cavabdeh MTK-dan, qalan 20(iyirmi) manat hissəsi isə iddiaçı İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, mütəxəssis rəyi üçün tələb edilən 1.000( min) manat məbləğində pulun 800(səkkiz yüz) manat hissəsi cavabdeh Cavabdeh MTK-dan, qalan 200(iki yüz) manat hissəsi isə iddiaçı İddiaçı tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hər iki tərəfin izahatına əsasən mübahisəsiz olaraq müəyyən edilir ki, qətnamənin icrası ilə əlaqədar cavabdeh iddiaçıya binanın 6-cı blokunun 12-ci mərtəbəsində yerləşən ** nömrəli təmirsiz mənzili verməyi təklif edir, iddiaçı da həmin mənzili qəbul edir. Beləliklə, müqavilə əsasında iddiaçıya verilməli olan mənzilin binanın 6-cı blokunun 12-ci mərtəbəsində yerləşən ** nömrəli təmirsiz mənzil olması işin mübahisəsiz halını təşkil edir. Cavabdeh mənzilin sahəsinin müqavilədə göstəriləndən artıq 54,10 kvadrat-metr olduğunu iddia etsə də, məhkəmə araşdırmaları zamanı təyin edilmiş ekspertiza nəticəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ekspert rəyində azalma əmsalları tətbiq edilmədən mənzilin içdəniçə ümumi sahəsinin 48,4 kvadrat-metr-müqavilədə göstərilən sahədən daha az təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında dinlənilən ekspert rəyin məzmununa uyğun izahat vermişdir. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırmaları zamanı cavabdeh tərəf təklif etdikləri mənzili iddiaçının qəbul etməyəcəyi təqdirdə, ona 160.000 manat məbləğində pul təklif etsə də, iddiaçının hər zamankı və elə son tələbi də məhz mənzil olmuş, cavabdehin son təklifi isə yuxarıda qeyd olunan mənzilin iddiaçıya verilməsindən ibarət olmuşdur. 2023-cü ilin oktyabr ayından kirayə haqqının ödənilməməsi işin mübahisələndirilməyən halı olsa da, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “xxxx” ASC-də olan bank hesabından ##.##.2021-##.##.2025-ci il tarixləri əhatə edən çıxarış da bu faktın doğruluğunu bir daha təsdiq edir. Həmçinin, iddiaçı cavabdeh tərəfin kirayə haqqının ödənilməməsi ilə bağlı mövqeyində səmimi olmadığını iddia edərək, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin ##.##.2025-ci il tarixli məktubunu məhkəməyə təqdim etmişdir. Həmin məktubdan Cavabdeh MTK tərəfindən inşa olunmuş yaşayış binasına Agentlik tərəfindən ##.##.2021-ci il tarixli, Ö/****** nömrəli “İstismara hazırlıq aktı” verilməsi müəyyən edilir. Məhkəmə araşdırmaları zamanı Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan, qiymətləndirici təşkilat kimi rəsmi reyestrdə qeydə alınan “xxxx” MMC-dən əldə edilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyində Cavabdeh MTK tərəfindən inşa edilən binada mənzillərin 1 m2. sahəsinin orta bazar qiymətinin təmirli olduqda 3.400-3.800 manat, təmirsiz olduqda 3.000-3.300 manat təşkil etməsi, binada təmirsiz 48,7 m2 mənzilin təmir xərcinin 16.000 manat təşkil etməsi, 1 otaqlı təmirli mənzillərin aylıq kirayə haqqının orta bazar dəyərinin 700 manat, 2 otaqlı təmirli mənzillərin aylıq kirayə haqqının orta bazar qiymətinin 1.300 manat təşkil etməsi qeyd edilmişdir. Mütəxəssis rəyində, həmçinin, ən kiçik ölçülü mənzilin sahəsinin 54,10 kvadrat-metr olması müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin “tərəflər arasında bağlanmış ##.##.2017-ci il tarixli, *** saylı müqavilə üzrə Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş yeni çoxmənzilli hündürmərtəbəli binada yerləşən 48.4 kv. metr mənzilin iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçıya ümumi sahəsi 48,7 kvadrat-metr olan təmirli mənzilin verilməsi cavabdehin tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliyidir. Lakin işin mübahisələndirilməyən halıdır ki, yaşayış binasının artıq tikilib istifadəyə verilməsinə baxmayaraq, cavabdeh iddiaçı qarşısında müqavilədən irəli gələn bu öhdəliyini yerinə yetirməmişdir. Tərəflərə münasibətdə qəbul edilmiş və qanuni qüvvəsini almış müvafiq məhkəmə qətnaməsinə əsasən, mənzilin nömrəsinin, blokunun və mərtəbəsinin göstərilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, cavabdeh də hazırkı iş üzrə məhkəmə araşdırmaları zamanı həmin qətnamənin icrası qismində binanın 6-cı blokunun 12-ci mərtəbəsində yerləşən ** nömrəli təmirsiz mənzili iddiaçıya verməyi təklif etmişdir. İddiaçı bu mənzili qəbul etdiyini, son tələbinin həmin mənzilin ona təhvil verilməsi olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbinin bu hissəsi əsaslı olduğundan təmin edilməli, cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonunda inşa edilmiş binanın 6-cı blokunun 12-ci mərtəbəsində yerləşən ** nömrəli mənzilin ##.##.2017-ci il tarixli, *** nömrəli müqavilə əsasında iddiaçıya verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddia tələbinin “iddiaçı ilə cavabdeh arasında bağlanmış ##.##.2017-ci il tarixli *** saylı müqavilə üzrə ##.##.2026-cı il tarixinə ödənilməmiş 10.800 manat məbləğində kirayə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçını mənzil ilə təmin edən günədək aylıq 400 manat məbləğində kirayə haqqını (3 ayda 1 dəfə) ödəmək cavabdehin tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliyi olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus hesabdan çıxarışdan cavabdehin bu öhdəliyini 2023-cü ilin oktyabr ayınadək icra etməsi, lakin həmin tarixdən hazıradək iddiaçıya kirayə haqqı ödəməməsi müəyyən edilmişdir. Hər iki tərəfin izahatı ilə də mübahisəsiz olaraq müəyyən edilir ki, cavabdeh 2023-cü ilin oktyabr ayından iddiaçıya kirayə haqqını ödəməmişdir. Cavabdeh bina istismara verildikdən sonra kirayə haqqı ödənilməsinin düzgün olmaması səbəbindən həmin vaxtdan iddiaçıya kirayə haqqı ödəmədiklərini bildirsə də, məhkəmə araşdırmasına təqdim edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin ##.##.2025-ci il tarixli məktubunda cavabdeh tərəfindən inşa olunmuş yaşayış binasına istismara hazırlıq aktının ##.##.2021-ci il tarixdə verilməsi qeyd edilmişdir. Bu fakt cavabdehin kirayə haqqını ödəməməsinə səbəb kimi göstərdiyi həmin dəlilin həqiqəti əks etdirmədiyini deməyə əsas verir. Bununla belə, həmin dəlil lap həqiqətə uyğun olsaydı da belə, tərəflər arasında bağlanmış müqavilədə cavabdehin iddiaçını mənzil ilə təmin edən günədək kirayə haqqı ödəməli olması qeyd edildiyindən, lakin hazıradək iddiaçının mənzillə təmin olunmaması işin mübahisəsiz halı olduğundan məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıya kirayə haqqının ödənişini dayandırması düzgün olmamışdır. Müqaviləyə belə bir şərt daxil edilməsəydi də belə, məhkəmə qeyd etməyi zəruri saymışdır ki, cavabdehin iddiaçını mənzil ilə təmin edən günədək ona kirayə haqqı ödəmək öhdəliyinin qüvvədə olması həm mülkiyyət hüququna kompensasiya yolu ilə xitam verilməsi ilə bağlı qanunvericiliyin müvafiq normalarına, həm də hüququn ədalət prinsipinə uyğun sayılacaqdı. Xüsusilə nəzərə alınmalıdır ki, mənzilin iddiaçıya təhvil verilməməsi iddiaçının hər hansı hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmamış, əksinə iddiaçı ona veriləcək mənzilin nömrəsi, yerləşdiyi blok və mərtəbə ilə bağlı iddia qaldırmış, həmin iş üzrə lehinə çıxarılmış qərar qanuni qüvvəsini alandan sonra qısa müddət ərzində cavabdehə pretenziya verərək, mənzilin təhvil verilməsi və əlaqəli tələblər üzrə hazırkı iddianı irəli sürmüşdür. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbinin bu hissəsi də əsaslı olduğundan təmin edilməli, cavabdehdən 2023-cü ilin oktyabr ayından 2026-cı ilin yanvar ayınadək olan 17 aylıq müddət üçün ödənilməmiş cəmi 10.800 manat (17 ay x 400 manat) məbləğində kirayə haqqı alınaraq iddiaçıya verilməlidir. İddia tələbinin “iddiaçıya çatacaq mənzilin təmir edilməsi üçün 16.000 manat məbləğində təmir xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri saymışdır ki, ümumi sahəsi 48,7 kvadrat-metr olan təmirli mənzilin iddiaçıya verilməsi də cavabdehin tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliyi olmuşdur. Lakin göründüyü kimi, cavabdehin müqavilə üzrə iddiaçıya verməyi təklif etdiyi və iddiaçının qəbul etdiyi, yəni hazırkı qətnamə əsasında iddiaçıya veriləcək mənzil təmirsizdir. Cavabdeh mənzili təmir etmək iqtidarında olmadığını bildirərək, mənzilin sahəsinin müqavilədə göstəriləndən artıq olduğunu iddia edib, təmir xərcinin artıq sahə ilə əvəzləşdirilməsini istəyir. Lakin iddiaçı iş materiallarında olan ekspert rəyinə istinadən mənzilin sahəsinin cavabdehin iddia etdiyindən az olduğunu bildirib, müqavilə ilə ona verilməli olan 48,7 kvadrat-metr sahəli mənzilin mütəxəssis rəyi ilə müəyyən edilmiş 16.000 manat məbləğində təmir xərcinin cavabdehdən tutularaq ona verilməsini tələb edir. Məhkəmə tərəflərin bu dəlilləri ilə bağlı qeyd etməyi zəruri saymışdır ki, tərəflər arasında podrat və dəyişdirmə müqavilələrinin ünsürlərini özündə birləşdirən qarışıq müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranması mübahisəsizdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hazırkı iş üzrə tətbiq edilməsi, yəni iddiaçı ilə cavabdeh arasında mülki hüquq münasibətləri çərçivəsində bağlanmış qarışıq müqavilə (dəyişdirmə və podrat) üzrə öhdəliklərə şamil edilməsi düzgün deyildir (nəzərə alınmalıdır ki, iddiaçıya məxsus mənzilin hansı yolla ölçülməsinin müəyyən edilməsi də hazırkı mərhələdə mümkün deyildir). Çünki bu, mülki qanunvericiliyin müqavilə hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilələr azadlığı prinsiplərinin pozulmasına səbəb olacaqdır. Belə ki, məhkəmənin qənaətinə görə, tərəflər arasında bağlanmış müqavilədə bununla bağlı heç bir qayda nəzərdə tutulmadığı zaman hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin hazırkı işdə iddiaçının mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, loja və bu kimi köməkçi sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının hazırkı işdə cavabdehin mənafeyinə uyğun deyildir. Deməli, yuxarıda qeyd edilən tənzimləmələrin bu mübahisəyə tətbiqi tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnəcəkdir. Odur ki, məhkəmənin qənaətinə görə, cavabdehin iddiaçıya verməyi təklif etdiyi mənzilin real sahəsi yalnız yerində (mənzilin içərisində) ölçmə işləri aparılmaqla müəyyən edilə bilər. Məhz bu araşdırmanın nəticəsindən asılı olaraq, cavabdehin iddiaçıya verəcəyi mənzilin ümumi sahəsinin nə qədər olması aydınlaşdırılmalıdır. Elə bu səbəbdəndir ki, yerində ölçmə aparıb işdə olan rəyi verən ekspert məhkəmə iclasındakı izahatında da rəyi müdafiə edib, ölçmə zamanı mənzilin ümumi sahəsinin 48,4 m2 olduğunu müəyyən etdiyini, bu sahənin azalma əmsalı tətbiq edilməyən real sahə olduğunu bildirmişdir (nəzərə alınmalıdır ki, mənzildə arakəsmə yoxdur). Məhkəmə ekspert rəyinin kifayət qədər əsaslandırıldığını və ekspertin məhkəmə iclasındakı izahatını nəzərə alaraq, ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir. “xxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatında cavabdeh tərəfindən inşa edilmiş binada ən kiçik ölçülü mənzilin sahəsinin 54,10 m2 olması qeyd edilsə də, hesabatla tanış olan zaman MMC-nin bunu cavabdeh tərəfindən təqdim edilmiş layihəyə istinadən qeyd etdiyi müəyyən edilir. Həm bu səbəbdən, həm də qərardadda tikinti-texniki ekspertizası üzrə tədqiqat aparıb rəy vermək yalnız Məhkəmə Ekspertizası Mərkəzinə (qiymətləndirmənin aparılması isə həmin qiymətləndiriciyə) həvalə edildiyindən, məhkəmə qiymətləndirmə hesabatındakı həmin suallara verilmiş cavabları mötəbər hesab etmir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçıya verilməsi nəzərdə tutulan mənzilin ümumi sahəsi cavabdehin iddia etdiyi kimi 54,10 m2 deyil, ekspert rəyində göstərildiyi kimi 48,4 m2-dir. Bu səbəbdən cavabdehin təklif etdiyi əvəzləşdirmənin mümkün olmaması, iddiaçının isə təmir xərcini tələb etməkdə haqlı olması müəyyən edilir. Təmir xərci üçün tələb edilən vəsaitin məbləğinə gəldikdə isə qeyd edilməlidir ki, məhkəmə qərardadı əsasında Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan, qiymətləndirici təşkilat kimi rəsmi reyestrdə qeydə alınan “xxxx” MMC-dən əldə edilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyində cavabdeh tərəfindən inşa edilən binada təmirsiz 48,7 m2 mənzilin təmir xərcinin 16.000 manat təşkil etməsi müəyyən edilmişdir. Məhkəmə mütəxəssis rəyinin qiymətləndirməyə dair suallara verilən cavablar hissəsini mötəbər sübut kimi qiymətləndirərək hesab etmişdir ki, iddia bu hissədə də əsaslı olduğundan təmin edilməli, cavabdehdən 16.000 manat məbləğində təmir xərci alınaraq iddiaçıya verilməlidir. İddia tələbinin “mənzilin vaxtında təhvil verilməməsinə görə 37.100 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı bu tələbini 2021-ci ilin avqust ayından binanın hazır olmasına baxmayaraq, hazıradək keçən 53 ay ərzində mənzilin ona təhvil verilməməsi, bununla da, qiymətləndirici rəyində göstərilən aylıq 700 manat kirayə haqqını itirməsi ilə əsaslandırır, cavabdeh isə tələbin bu hissəsini əsassız sayaraq qəbul etmir. Məhkəmə hesab etmişdir ki, iddiaçının bu tələbi hüquqdan sui-istifadədir. Belə ki, iddiaçı mənzilin ona verilmədiyi müddət üçün kirayədə yaşadığına görə müqavilədə razılaşdıqları 400 manat məbləğində kirayə haqqını tələb etmiş və hazırkı qətnamənin 31ci bəndində əsasları izah edilməklə onun bu tələbi təmin edilmişdir. İddiaçının öz yaşayışı üçün kirayə haqqı ilə eyni zamanda, həm də əldən çıxmış faydanı “mənzili vaxtında ona versəydilər, kirayə verib 53 ay ərzində aylıq 700 manat qazana biləcəyi” əsası ilə tələb etməsi isə məhkəmənin qənaətinə görə ağlabatanlığı və inandırıcılığı olmayan ehtimallardan törəməklə onun hüquqdan sui-istifadə etmək niyyətinin göstəricisidir (nəzərə alınmalıdır ki, iddiaçı müqavilədəki məbləğlə rəydəki məbləğ arasındakı fərqi də yox, rəydə göstərilən bütün məbləği istəmişdir). Qanunvericilikdə əldən çıxmış faydanın maddi zərər anlayışına daxil edilməsini nəzərə alan məhkəmə maddi zərər tələbinin təmin edilməsi üçün mötəbər və kifayətedici sübutların zəruri olduğunu, belə sübutlar olmadığı halda isə bu kateqoriya tələblərin təmin edilməməli olmasını vurğulamağı zəruri hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, tələbin bu hissəsi əsassız olduğundan təmin edilməməlidir. İddia tələbinin “çatışmayan 0.3 kv.metr sahəyə görə 990 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, cavabdeh tərəfindən iddiaçıya ümumi sahəsi 48,7 m2 olan mənzil verilməli olduğu halda, hazırkı qətnamənin 32-ci bəndində qeyd edilən əsaslara görə cavabdeh tərəfindən iddiaçıya veriləcək mənzilin ümumi sahəsinin 48,4 m2 olması müəyyən edilmişdir. Beləliklə, cavabdehin iddiaçıya verməyi vəd etdiyi sahədən 0,3 m2. daha az sahə verməsi müəyyən edildiyindən məhkəmə hesab etmişdir ki, çatışmayan həmin sahənin dəyəri cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Sahənin dəyəri ilə bağlı qeyd edilməlidir ki, məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilən “xxxx” MMC-nin qiymətləndirmə hesabatında mübahisə predmeti olan mənzilin yerləşdiyi binada təmirsiz 1 m2. mənzil sahəsinin dəyərinin 3.000-3.300 manat olması göstərilmişdir (cavabdehdən tutulmalı olan təmir xərci məhz 48,7 m2 sahəyə münasibətdə hesablandığından, əksik sahənin təmirsiz qiyməti əsas götürülməlidir). Bu məbləğ orta hesabla, 3.150 manat ((3.000 + 3.300) ÷ 2) təşkil edir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehdən əksik olan 0,3 m2. sahəyə görə 945 manat (0,3 m2 x 3.150 manat) məbləğində pul tutularaq iddiaçıya verilməli, tələbin qalan hissəsi təmin edilməməlidir. İddia tələbinin “məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 100 manat hissəsi və hüquqi xidmət xərcinin 2.000 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməli, məhkəmə xərclərinin qalan hissəsi iddiaçıya aid edilməlidir. Həmçinin, prosessual qanunvericiliyin tələbinə görə, tərəflərin tələblərindən asılı olmayaraq, çəkilməsi zəruri olan məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi qətnamə çıxarılarkən həll edilməli olduğundan məhkəmə hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pulun 80 manat hissəsi cavabdehdən, qalan 20 manat hissəsi isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, mütəxəssis rəyi üçün tələb edilən 1.000 manat məbləğində pulun 800 manat hissəsi cavabdehdən, qalan 200 manat hissəsi isə iddiaçıdan tutularaq “xxxx” MMC-nin hesabına köçürülməlidir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin mənzilin verilməsi hissədə dəyişdirilmədən saxlanılması, qətnamənin təmir xərci, kirayə haqqı hissələrində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi və hüquqi xidmət haqqının məbləğinin azaldılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının xeyrinə 16.000 manat təmir xərci tutulması barədə nəticəyə gəlmişdir. Lakin bu nəticə işin faktiki halları və müqavilə münasibətlərinin mahiyyəti ilə uzlaşmır. Bundan əlavə, cavabdeh tərəf məhkəmə iclasında iddiaçıya müqavilədə nəzərdə tutulandan daha böyük sahəli mənzil (54.1 kv.m) təklif etmiş və həmin artıq sahənin təmir xərci ilə kompensasiya edilməsini təklif etmişdir. Bu hal nəzərə alınmadan əlavə təmir xərci tutulması ədalətlilik və proporsionallıq prinsiplərinə ziddir. Bu səbəbdən qətnamənin təmir xərci hissədə ləğv edilməsi xahiş olunur. Məhkəmə cavabdehdən müəyyən dövr üçün kirayə haqqının tutulması barədə nəticəyə gəlmişdir. Lakin cavabdeh tərəf məhkəmədə bildirmişdir ki, bina artıq istismara hazır vəziyyətə gətirilmişdir və mənzil iddiaçıya təqdim olunmuşdur. Dəfələrlə iddiaçı (oğlu) ilə görüşlər təşkil edilmiş, mənzili təhvil almaq təklif edilmişdir. Kirayə ödənişləri mənzil faktiki təqdim edilənədək olan dövr üçün nəzərdə tutulmuşdur. Mənzil iddiaçıya təqdim olunduqdan sonra kirayə öhdəliyinin davam etməsi hüquqi əsasdan məhrumdur. Məhkəmə bu hallara lazımi hüquqi qiymət verməmiş və nəticədə cavabdehin üzərinə əsassız maliyyə öhdəliyi qoymuşdur. Bu səbəbdən qətnamənin kirayə haqqının tutulması hissədə dəyişdirilməsi və ya həmin hissədə iddianın rədd edilməsi xahiş olunur. Hüquqi xidmət haqqı ağlabatan deyil məhkəmə iddiaçının xeyrinə 2.500 manat vəkil xidmət haqqının tutulması barədə qərar qəbul etmişdir. Lakin məhkəmə xərcləri yalnız zəruri və ağlabatan həddə olduqda qarşı tərəfdən tutula bilər. İşin mürəkkəblik dərəcəsi, prosesin həcmi və görülən hüquqi xidmətin miqyası nəzərə alınmamışdır. Təqdim edilən müqavilə yalnız xidmət müqaviləsini təsdiq edir, lakin bu məbləğin zəruri və əsaslı olduğunu sübut etmir. Məhkəmə təcrübəsində də göstərilir ki, vəkil xidmət haqqı işin faktiki mürəkkəbliyi ilə mütənasib olmalıdır. Bu səbəbdən qətnamənin 2500 manat hüquqi xidmət haqqının tutulması hissədə ləğv edilməsi və ya azaldılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh öz nümayəndəsinin Məhkəmə Kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının həddi: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəf apellyasiya şikayəti verərək, qətnaməni - təmir xərci, kirayə haqqının tutulması və hüquqi xidmət haqqının tutulması hissələrində mübahisələndirmişdir. Həmçinin qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin - iddia tələbinin təmin edilən - təmir xərci, kirayə haqqının tutulması və hüquqi xidmət haqqının tutulması hissələrinin yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2, 14.2.1, 14.2.6-14.2.7. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, başqa şəxsə zərər vurulması və əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. 21.1-21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 387.2. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. 390.1, 390.4-390.5. Fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-443.2. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 560.1-560.2. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

662. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Dəyişdirmə müqaviləsinə alqısatqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

Mülki Prosessual Məcəllə:

4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının xeyrinə 16.000 manat təmir xərci tutulması barədə nəticəyə gəlmişdir. Lakin bu nəticə işin faktiki halları və müqavilə münasibətlərinin mahiyyəti ilə uzlaşmır. Bundan əlavə, cavabdeh tərəf məhkəmə iclasında iddiaçıya müqavilədə nəzərdə tutulandan daha böyük sahəli mənzil (54.1 kv.m) təklif etmiş və həmin artıq sahənin təmir xərci ilə kompensasiya edilməsini təklif etmişdir. Bu hal nəzərə alınmadan əlavə təmir xərci tutulması ədalətlilik və proporsionallıq prinsiplərinə ziddir. Bu səbəbdən qətnamənin təmir xərci hissədə ləğv edilməsi xahiş olunur. Məhkəmə Kollegiyası cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi ümumi sahəsi 48,7 kvadrat-metr olan təmirli mənzilin iddiaçıya verilməsi cavabdehin tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliyi olmuşdur. Bununla belə göründüyü kimi, cavabdehin müqavilə üzrə iddiaçıya verməyi təklif etdiyi və iddiaçının qəbul etdiyi, yəni hazırkı iş üzrə iddiaçıya veriləcək mənzil təmirsizdir. Cavabdeh tərəf iddiaçıya təmir xərcləri əvəzinə 54.1 kv.m sahəli mənzil təklif etməsini bildirərək, bu halın nəzərə alınmalı olmasını bildirsə də, Məhkəmə Kollegiyası qeyd edir ki, həmin hal işin faktiki halları və müqavilə münasibətlərinin mahiyyəti ilə uzlaşmır. Çünki tərəflər arasında olan müqavilənin konrket olaraq razılaşdırılmış öhdəlik ondan ibarət olmuşdur ki, 48,7 kvadrat-metr olan təmirli mənzil iddiaçıya verilməlidir və bu zaman iddiaçını hər hansı bir əvəzləşdirməyə məcbur etmək yol verilməzdir. Bununla yanaşı birinci instansiya məhkəməsi baxışı zamanı müəyyən edilmişdir ki, hazırda verilmiş mənzilin ümumi sahəsi 48,4 m2 olmuşdur. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsassız olmuşdur və birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, cavabdehin iddiaçıya verməyi təklif etdiyi mənzilin real sahəsi yalnız yerində (mənzilin içərisində) ölçmə işləri aparılmaqla müəyyən edilə bilər. Məhz bu araşdırmanın nəticəsindən asılı olaraq, cavabdehin iddiaçıya verəcəyi mənzilin ümumi sahəsinin nə qədər olması aydınlaşdırılmalıdır. Elə bu səbəbdəndir ki, yerində ölçmə aparıb işdə olan rəyi verən ekspert məhkəmə iclasındakı izahatında da rəyi müdafiə edib, ölçmə zamanı mənzilin ümumi sahəsinin 48,4 m2 olduğunu müəyyən etdiyini, bu sahənin azalma əmsalı tətbiq edilməyən real sahə olduğunu bildirmişdir (nəzərə alınmalıdır ki, mənzildə arakəsmə yoxdur). Məhkəmə ekspert rəyinin kifayət qədər əsaslandırıldığını və ekspertin məhkəmə iclasındakı izahatını nəzərə alaraq, ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir. Təmir xərci üçün tələb edilən vəsaitin məbləğinə gəldikdə isə birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, məhkəmə qərardadı əsasında Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan, qiymətləndirici təşkilat kimi rəsmi reyestrdə qeydə alınan “xxxx” MMC-dən əldə edilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyində cavabdeh tərəfindən inşa edilən binada təmirsiz 48,7 m2 mənzilin təmir xərcinin 16.000 manat təşkil etməsi müəyyən edilmişdir. Məhkəmə mütəxəssis rəyinin qiymətləndirməyə dair suallara verilən cavablar hissəsini mötəbər sübut kimi qiymətləndirərək düzgün olaraq hesab etmişdir ki, iddia bu hissədə də əsaslı olduğundan təmin edilməli, cavabdehdən 16.000 manat məbləğində təmir xərci alınaraq iddiaçıya verilməlidir. Cavabdeh tərəf isə həmin rəydəki məbləği şübhə altına alan sübutlar təqdim etməmiş, həmçinin iş materialları ilə də təmir xərcinə görə daha az məbləğ müəyyən edilməmişdir. Cavabdeh apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, məhkəmə cavabdehdən müəyyən dövr üçün kirayə haqqının tutulması barədə səhv nəticəyə gəlmişdir. Lakin cavabdeh tərəf məhkəmədə bildirmişdir ki, bina artıq istismara hazır vəziyyətə gətirilmişdir və mənzil iddiaçıya təqdim olunmuşdur. Dəfələrlə iddiaçı (oğlu) ilə görüşlər təşkil edilmiş, mənzili təhvil almaq təklif edilmişdir. Kirayə ödənişləri mənzil faktiki təqdim edilənədək olan dövr üçün nəzərdə tutulmuşdur. Mənzil iddiaçıya təqdim olunduqdan sonra kirayə öhdəliyinin davam etməsi hüquqi əsasdan məhrumdur. Məhkəmə bu hallara lazımi hüquqi qiymət verməmiş və nəticədə cavabdehin üzərinə əsassız maliyyə öhdəliyi qoymuşdur. Bu səbəbdən qətnamənin kirayə haqqının tutulması hissədə dəyişdirilməsi və ya həmin hissədə iddianın rədd edilməsi xahiş olunur. Məhkəmə Kollegiyası bu hissədə də cavabdehin dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçını mənzil ilə təmin edən günədək aylıq 400 manat məbləğində kirayə haqqını (3 ayda 1 dəfə) ödəmək cavabdehin tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliyi olmuşdur. Bundan başqa iş materiallarında olan iddiaçıya məxsus hesabdan çıxarışdan cavabdehin bu öhdəliyini 2023-cü ilin oktyabr ayınadək icra etməsi, lakin həmin tarixdən hazıradək iddiaçıya kirayə haqqı ödəməməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı hər iki tərəfin izahatı ilə də mübahisəsiz olaraq müəyyən edilmişdir ki, cavabdeh 2023-cü ilin oktyabr ayından iddiaçıya kirayə haqqını ödəməmişdir. Cavabdeh tərəf dəfələrlə iddiaçı (oğlu) ilə görüşlər təşkil edilməsini və mənzili təhvil almaq təklif edilməsini bildirsə də, hazırki işin mübahisəsiz hallarındandır ki, yaşayış binasının artıq tikilib istifadəyə verilməsinə baxmayaraq, cavabdeh iddiaçı qarşısında müqavilədən irəli gələn bu öhdəliyini yerinə yetirməmişdir və birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bundan başqa işin faktiki halları ilə müəyyən edilmişdir ki, mənzilin iddiaçıya təhvil verilməməsi iddiaçının hər hansı hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmamış, əksinə iddiaçı ona veriləcək mənzilin nömrəsi, yerləşdiyi blok və mərtəbə ilə bağlı iddia qaldırmış, həmin iş üzrə lehinə çıxarılmış qərar qanuni qüvvəsini alandan sonra qısa müddət ərzində cavabdehə pretenziya verərək, mənzilin təhvil verilməsi və əlaqəli tələblər üzrə hazırkı iddianı irəli sürmüşdür. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin göstərilən hissəsind əsaslı olmaqla təmin edilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuşdur. Cavabdeh tərəf apellyasiya şikayətində eyni zamanda qeyd etmişdir ki, hüquqi xidmət haqqı ağlabatan deyil, məhkəmə iddiaçının xeyrinə 2500 manat vəkil xidmət haqqının tutulması barədə qərar qəbul etmişdir. Lakin Məhkəmə xərcləri yalnız zəruri və ağlabatan həddə olduqda qarşı tərəfdən tutula bilər. İşin mürəkkəblik dərəcəsi, prosesin həcmi və görülən hüquqi xidmətin miqyası nəzərə alınmamışdır. Təqdim edilən müqavilə yalnız xidmət müqaviləsini təsdiq edir, lakin bu məbləğin zəruri və əsaslı olduğunu sübut etmir. Məhkəmə təcrübəsində də göstərilir ki, vəkil xidmət haqqı işin faktiki mürəkkəbliyi ilə mütənasib olmalıdır. Bu səbəbdən qətnamənin 2500 manat hüquqi xidmət haqqının tutulması hissədə ləğv edilməsi və ya azaldılması xahiş olunur. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı tərəf 2500 (iki min beş yüz) manat vəkil xidmət haqqının cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq ona ödənilməsini tələb etsə də, iddia tələbi qismən təmin edildiyindən, hüquqi xidmət xərcinin 2.000 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan və ədalətli olmuşdur. Məhkəmə Kollegiyası cavabdehin dəlillərinə münasibətdə xüsusilə qeyd edir ki, apellyator qətnamənin 2500 manat hüquqi xidmət haqqının tutulması hissədə ləğv edilməsi və ya azaldılması hissəsini xahiş etsə də, aydın olur ki, apellyator qətnamənin məzmunu ilə tam tanış olmamış, birinci instansiya məhkəməsinin vəkil xərcini 2500-dən 2000 manatadək azaldılmasına diqqət yetirməmiş və ya yetirmək istəməmişdir. Bu hal da şikayətin formal, müəyyən vaxtın uzadılması məqsədi ilə verilməsi anlamına gəlməyə əsas verir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları mübahisələndirilən hissədə düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

QƏT ETDİ:

Cavabdeh Cavabdeh MTK-tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar