Məhkəmə qərarları › İş №e-2(3-6)-1534/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1534/2026

13.05.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1534/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Rəhimov İqbal Tofiq oğlunun cavabdeh Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bədəlova İlhamə Abdulla qızı cəlb edilməklə) “mənzildən çıxarılma, mənzilə müdaxilənin cavabdehə qadağan edilməsi və cavabdehə məxsus olan əşyaların mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir) hakimlər: X1 (sədrlik edən və məruzəçi), X4 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, İddiaçı Rəhimov İqbal Tofiq oğlunun cavabdeh Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bədəlova İlhamə Abdulla qızı cəlb edilməklə) “mənzildən çıxarılma, mənzilə müdaxilənin cavabdehə qadağan edilməsi və cavabdehə məxsus olan əşyaların mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsindən üçüncü şəxs Bədəlova İlhamə Abdulla qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Rəhimov İqbal Tofiq oğlu cavabdeh Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdeh Cavabdeh çıxarılması, qeyd edilən mənzilə müdaxilənin cavabdehə qadağan edilməsi və cavabdehə məxsus olan əşyaların mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

2. İddiaçının nümayəndəsi və vəkili vəkil2 ##.##.2025-ci il tarixdə iddia tələbinə dəqiqləşdirmə verərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən mənzildən cavabdeh Cavabdeh çıxarılması, qeyd edilən mənzilə müdaxilənin cavabdehə qadağan edilməsi və cavabdehə məxsus olan əşyaların mənzildən çıxarılması, eyni zamanda həmin mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## #### 2025ci il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən mənzildən cavabdeh Cavabdeh çıxarılması, qeyd edilən mənzilə müdaxilənin cavabdehə qadağan edilməsi, cavabdehə məxsus olan əşyaların mənzildən çıxarılması, eyni zamanda həmin mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi qət edilmişdir.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## #### 2026cı il tarixli qərardadına əsasən Bədəlova İlhamə Abdulla qızı iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmişdir.

5. Bədəlova İlhamə Abdulla qızı tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)- ****/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, onun iştirakı ilə işə yenidən baxılmasını, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e- *(***)-****/**** nömrəli icra sənədi üzrə “icraata xitam verilməsi haqqında” Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin İcra məmuru X2 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-362 və 364-cü maddələrinin tələblərinə uyğun olması və işə apellyasiya qaydasında baxılmasının mümkün hesab olunması qərara alınmışdır. Mülki işə baxılması Bakı Apellyasiya Məhkəməsinin binasında ## ### 2026-cı il tarixinə təyin edilmişdir.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar:

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili vəkil1 izahat verərək bildirmişdir ki, mübahisəli mənzil cavabdehə AR Müdafiə Nazirliyində xidmətinə görə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən sərəncam əsasında verilmişdir. Cavabdehin mülkiyyət hüququ ##.##.2025-ci il tarixdə reyestrdə qeydə alınmış, ##.##.2025-ci il tarixdə isə cavabdeh həmin mənzili 72.000 manat müqabilində iddiaçıya satmış və iddiaçının da mülkiyyət hüququ reyestrdə qeydə alınmışdır. Mübahisəli mənzilin cavabdehin mülkiyyətində olduğu vaxtda həmin mənzili məcburi köçkünlər zəbt edərək, orada yaşamışlar. Cavabdeh də məcburi köçkünlərin müvəqqəti olaraq mənzildə yaşamasına etiraz etməmişdir. Belə ki, həmin məcburi köçkünlər mübahisəli mənzili tərk etdiyi ərəfədə onların Loban adlı qohumı sözügedən mənzildə İlhamə Bədəlovanın yaşamasına 10.000 manat məbləğində pul vəsaitinin ona ödənilməsi müqabilində icazə vermişdir. İlhamə Bədəlova da apellyasiya şikayətində mənzili Loban adlı şəxsdən aldığını təsdiqləmişdir. Halbuki, həmin zaman mənzilin mülkiyyətçisi cavabdeh olmuşdur. Eyni zamanda, İlhamə Bədəlova məcburi köçkün deyil. Bundan əlavə, İlhamə Bədəlova əvvəllər də başqa boş mənzillərə müəyyən miqdar pul vəsaiti ödəməklə, daxil olaraq müvəqqəti yaşamışdır. İlhamə Bədəlova hazırda mübahisəli mənzildə faktiki olaraq yaşamır. Məhkəmə qətnaməsi əsasında iddiaçı mübahisəli mənzilə köçürülmüş və həmin qətnamə artıq icra olunmuşdur. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

8. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçı və üçüncü şəxsin məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barədə hər hansı sübut təqdim etmədiklərini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

9. Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

10. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir.

11. MPM-nin 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

12. Həmin Məcələnin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

13. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığı üçün işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab olunmalıdır.

14. Belə ki, işin hallarından görünür ki, Bədəlova İlhamə Abdulla qızı birinci instansiya məhkəməsinin qətnaməsi onun maraqlarına toxunduğu üçün ləğv edilməsini, iddiaçı Rəhimov İqbal Tofiq oğlunun cavabdeh Cavabdeh qarşı iddia tələbinə onun iştirakı ilə baxılması üçün iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsini xahiş edir.

15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 Yeni qaydalarla: AZ 1089, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 54.15 kv.m olan xüsusi mülkiyyət hüququ ilə Rəhimov İqbal Tofiq oğluna məxsusdur. Həmin mənzil tam pay olmaqla Rəhimov İqbal Tofiq oğlunun adına ##.##.2025-ci il tarixində qeydiyyata alınmışdır.

16. Belə ki, ##.##.2025-ci il tarixli, AN-İ № ******* saylı, 4Ə-*** reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, satıcı Cavabdeh həmin mənzili alıcı Rəhimov İqbal Tofiq oğluna 72000 manata satdı. Həmin Müqavilənin 13-cü bəndinə əsasən, satıcı Cavabdeh ##.##.2025-ci il tarixdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.

17. X3 tərəfindən notariat ofisinə ünvanlanmış ##.##.2025-ci il tarixli ərizədən görünür ki, o, birgə nikah dövründə əldə edilmiş, 006011000018-05101- ****** reyestr nömrəli çıxarışa əsasən, Cavabdeh məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 15a, mənzil 17 Yeni qaydalarla: AZ 1089, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 54.15 kv.m. olan mənzilin satılmasına, bağışlanmasına, ipotekaya (girova) qoyulmasına etiraz etmir. Eyni zamanda, bəyan edir ki, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Müqavilədə nəzərdə tutulmuş müddətdə əmlakı tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür.

18. Daxili İşlər Nazirliyi tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında ##.##.2024-cü il tarixindən qeydiyyatdadır.

19. Beləliklə, işin faktiki hallarından müəyyən edilir ki, Cavabdeh ilə Rəhimov İqbal Tofiq oğlu arasında bağlanılmış ##.##.2025-ci il tarixli, 4Ə-*** reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, Cavabdeh məxsus ünvan 2 Yeni qaydalarla: AZ 1089, ünvan 3 ünvanında yerləşən mənzil 72000 manata Rəhimov İqbal Tofiq oğluna satılmışdır.

20. Bədəlova İlhamə Abdulla qızının şikayətinin dəlili odur ki, mübahisə predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küç, ev 15A mənzil 17 Loban adlı şəxsə işlədiyi Dövlət Mənzil Fondu tərəfindən verilmiş, Lobanın qohumu ilə razılaşandan sonra o xəstə qızı, oğlu və onun ailəsi ilə birlikdə həmin mənzilə köçürülmüş, hal-hazırda həmin mənzildə daimi qeydiyyata alınmaqla yaşayır.

21. Bədəlova İlhamə Abdulla qızı həmçinin qeyd edir ki, mübahisə predmeti olan qətnamə əsasında verilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin İcra məmuru X2 tərəfindən mənzildən ailəsi ilə birgə çıxarılmışdır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin Bədəlova İlhamə Abdulla qızının maraqlarına toxunması işin halları ilə müəyyən edilmir.

23. Belə ki, Bədəlova İlhamə Abdulla qızının yeganə dəlili mübahisə predmeti olan mənzildə yaşamaqla, qeydiyyatda olması ilə bağlıdır. Halbuki, Bədəlova İlhamə Abdulla qızı mənzilin onun qanuni əsaslarla sahiblik, istifadə və ya mülkiyyətində olması ilə bağlı hər hansı mötəbər sənəd təqdim edə bilməmişdir.

24. Bununla yanaşı qeyd edilməlidir ki, işin hallarından göründüyü kimi, mübahisə predmeti olan mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olmuş, ##.##.2025-ci il tarixli, AN-İ № ******* saylı, 4Ə-*** reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Rəhimov İqbal Tofiq oğluna satılmış, müqavilə əsasında Rəhimov İqbal Tofiq oğlunun mülkiyyət hüquqlarının qeydiyyatı həyata keçirilmişdir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

26. Mülki Məcəllənin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

27. Məcəllənin 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

28. Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

29. Göründüyü kimi, Bədəlova İlhamə Abdulla qızı tərəfindən mübahisə predmeti olan mənzillə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı hər hansı etirazın edilməsi, çıxarışların mübahisələndirilməsi müəyyən edilmir. Bu səbəbdən qeyd edilməlidir ki, Rəhimov İqbal Tofiq oğluna məxsus əmlakdan həmin əmlakın keçmiş mülkiyyətçisi Cavabdeh çıxarılması ilə Bədəlova İlhamə Abdulla qızının hər hansı hüquq və maraqlarının pozulması halı müəyyən edilmir.

30. Qeyd edilən halları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Bədəlova İlhamə Abdulla qızının iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq icraata qəbul edildiyindən, onun tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxıla bilməz.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366.2, 384.0.6 və 402.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:

Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməklə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsindən üçüncü şəxs Bədəlova İlhamə Abdulla qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla işlə birlikdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Sabit Bəhrəmzadə Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar