Məhkəmə qərarları › İş №e-2(3-6)-1598/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1598/2026

04.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1598/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı İddiaçı MMC-nin xeyrinə 4677.22 (dörd min altı yüz yetmiş yeddi manat iyirmi iki qəpik) AZN ödənilməmiş xidmət haqqı və 68 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı MMC (xidmət göstərən) ilə cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında yerləşən “Grand Hayat” yaşayış kompleksində 6-cı blok, 8-ci mərtəbə, ** saylı mənzilin mülkiyyətçisi Cavabdeh (müştəri) arasında ##.##.2021-ci il tarixli, C*-GHMM*HUQ***-****** nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə “xidmət göstərən” müqavilənin * saylı əlavəsində göstərilmiş mənzilin yerləşdiyi binanın saxlanılması və normalara uyğun bu müqavilənin ayrılmaz hissəsi olan * saylı əlavədə qeyd olunmuş xidmətləri göstərməyi, “müştəri” isə göstərilən xidmətlərə görə xidmət haqqını xidmət göstərənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.2-ci bəndinə görə müqavilə ilə razılaşdırılmış xidmət haqqı hər ayın 30 tarixinədək növbəti ay üçün ödənilməlidir. Müqavilənin 4.6-cı bəndinə görə xidmət haqqının ödənişinin gecikdirilməsi 45 gündən çox olsa, hər gecikdirilmiş gün üçün ödənilməli olan xidmət haqqının 2% məbləğində müştəriyə cərimə tətbiq olunacaq. İddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən xidmət müqaviləsinə əsasən ödənişlər gecikdirilmiş, yaxud ödənilməmişdir. Cavabdeh Cavabdeh iddiaçı İddiaçı MMC-yə 4677.22 (dörd min altı yüz yetmiş yeddi manat iyirmi iki qəpik) AZN xidmət haqqı üzrə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilmiş, lakin bunun müsbət nəticəsi olmamışdır. Bununla yanaşı Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ünvanlayaraq, cavabdeh İddiaçı MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında yerləşən binadan (çoxmərtəbəli yaşayış kompleksindən, o cümlədən onun 6-cı blokundan) çıxarılması və həmin binanın (blokun) idarəetməsindən kənarlaşdırılması, İddiaçı MMC tərəfindən Binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Azərbaycan Respublikası Yasamal rayon Yasamal Bələdiyyəsinə təhvil verilməsi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Cavabdeh 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi barədə qətnamə, habelə binanı zəbt etmiş 10 hüquqi şəxs (İddiaçı MMC daxil olmaqla) barədə vergidən yayınma sxemini qurmaq və vergidən yayınmaqla əlaqədar xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Həmin qərardaddan cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini və qarşılıqlı iddianın icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçıMMC özünü binanın idarəçisi hesab edərək ondan pul tələb edir. O, da qarşılıqlı iddiasında tələb edir ki, İddiaçı MMC binanı qanunsuz idarə edir və idarəetmədən kənarlaşdırılmalıdır. Onunla bağladığı müqavilə də etibarsızdır (əhəmiyyətsizdir), həm də ona hər bir halda xitam vermişdir. Beləliklə, onun iddiası təmin olunduğu təqdirdə, İddiaçıMMC ondan heç nə tələb edə bilməz, çünki binada sahə mülkiyyətçiləri ilə yalnız qanuni əsasla binanı idarə etdiyi halda müqavilə bağlaya bilərdi. Analoji iş üzrə Ali Məhkəmənin ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı Qərarında (iş materiallarına əlavə edilirb) da bu mövqe əks olunmuşdur. Həmin Qərar üzrə işdə də ilk və qarşılıqlı iddalar hazırki iş kimidir. Mülki Prosessual Məcəllənin 156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 1) qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 2) qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 3) qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Bütün bu hallar da baxılan işdə var. Belə ki, qarşılıqlı əlaqə var, onun iddia tələbi təmin olunsa, ilk tələb tam aradan qalxır. İndi nə etsin? Ayrıca iddia verib və son nəticədə işləri birləşdirsinlər? Belə süründürməçilik olmasın deyə, qanun qarşılıqlı iddia institutunu təsbit edib. Lakin təəssüf ki, baxılan işdə bu institut əsassız olaraq tətbiq olunmadı. Buna görə də qərardad ləğv olunmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş qarşılıqlı iddia tələbinin icraata qəbulu məsələsinin müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi barədə nəticəyə gələrkən hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin 155 və 156-cı maddələrinə görə hakim qarşılıqlı iddianı göstərilən əsaslar olduğu təqdirdə icraata qəbul edir. Hazırki mülki iş üzrə irəli sürülmüş qarşılıqlı iddia ilə ilkin iddia arasında hər hansı əlaqə müəyyən edilməməklə, qarşılıqlı iddianın icraata qəbulunu şərtləndirən hal yoxdur. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Göründüyü kimi əgər qarşılıqlı tələb ilkin iddia tələbinin əvəzləşdirilməsinə yönəlmişsə, eləcə də qarşılıqlı iddianın təmin edilməsi ilkin iddianın tamamilə və ya qismən rədd edilməsinə gətirib çıxarırsa, həmçinin qarşılıqlı iddia ilə ilkin iddia arasında sıx əlaqə olduqda və onlara birlikdə baxılması mübahisənin daha tez və düzgün həll edilməsinə səbəb olacaqsa hakim qarşılıqlı iddianı qəbul edir. Hazırki iş üzrə cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddianın icraata qəbul edilməsi üçün isə qeyd edilən əsaslar olmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı İddiaçı MMC-nin xeyrinə 4677.22 (dörd min altı yüz yetmiş yeddi manat iyirmi iki qəpik) AZN ödənilməmiş xidmət haqqı və 68 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçının tələbi cavabdehdən pulun tutulması olsa da, iddia tələbinin əsasını iddiaçı İddiaçı MMC (xidmət göstərən) ilə cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında yerləşən “Grand Hayat” yaşayış kompleksində 6-cı blok, 8-ci mərtəbə, ** saylı mənzilin mülkiyyətçisi Cavabdeh (müştəri) arasında ##.##.2021-ci il tarixli, C*-GHMM*HUQ***-****** nömrəli xidmət müqaviləsi təşkil etmişdir ki, iddiaçı həmin müqaviləyə istinad edilməklə cavabdehdən məhz həmin müqavilə əsasında kommunal xidmətlərə görə yaranmış borcun tutulmasını tələb etmişdir. Bununla yanaşı Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ünvanlayaraq, cavabdeh İddiaçı MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında yerləşən binadan (çoxmərtəbəli yaşayış kompleksindən, o cümlədən onun 6-cı blokundan) çıxarılması və həmin binanın (blokun) idarəetməsindən kənarlaşdırılması, İddiaçı MMC tərəfindən Binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Azərbaycan Respublikası Yasamal rayon Yasamal Bələdiyyəsinə təhvil verilməsi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Cavabdeh 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi barədə qətnamə, habelə binanı zəbt etmiş 10 hüquqi şəxs (İddiaçı MMC daxil olmaqla) barədə vergidən yayınma sxemini qurmaq və vergidən yayınmaqla əlaqədar xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddianın əsaslarından isə görünür ki, İddiaçıMMC binanı qanunsuz idarə etmiş və idarəetmədən kənarlaşdırılmalıdır. Həmçinin Cavabdeh iddia etmişdir ki, onunla bağlanan müqavilə də etibarsızdır (əhəmiyyətsizdir), həm də ona hər bir halda xitam vermişdir. Qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı İddiaçı MMC cavabdehdən kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsini tələb etdiyi halda cavabdehin də İddiaçı MMC tərəfindən binanın qanunsuz idarə etməsinə istinad etməsi həmin tələblərin bir-biri ilə əlaqəsinin olması anlamına gəlir. Həmçinin qarşılıqlı iddia təmin edildiyi halda, yəni İddiaçı MMC-nin binanı qanunsuz idarə etməsi müəyyən edildiyi halda İddiaçıMMC-nin Cavabdeh pulun tutulması üçün əsasları aradan qaldırmış olacaqdır. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin 155-ci və 156-cı maddələrinə əsasən hazırki mülki iş üzrə irəli sürülmüş qarşılıqlı iddia ilə ilkin iddia arasında əlaqə olması müəyyən edildiyindən, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı icraata qəbul etməkdən imtina etməklə istinad edilən prosessual normaların tələblərini pozmuşdur. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş qarşılıqlı iddia tələbinin icraata qəbulu məsələsinin müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397- 399 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası, QƏRARA ALDI: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh cavabdeh İddiaçı MMC-yə qarşı “binanın idarəetməsindən kənarlaşdırma və s.” tələbinə dair qarşılıqlı iddia tələbinin icraata qəbulu məsələsinin müzakirə edilməsi üçün iş materialları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar