Məhkəmə qərarları › İş №e-2(3-6)-1665/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1665/2026

11.06.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1665/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər:əmrin ləğv, işə bərpa və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, iddiaçı İddiaçı və onun nümayəndəsi-vəkili nümayəndə2, cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. İddiaçı tərəfindən Akademik Milli Dram Tearının direktoru v.m.i.e. İ.Əsgərova ünvanlanmış ##.##.2025-ci il tarixli ərizəyə əsasən ##.##.2025 ci il tarixindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Işdən çıxmağının əsas səbəbi Teatrın bədii rəhbəri Mehriban Ələkbərzadənin haqsız hərəkətlərinə Mədəniyyət Nazirliyinin göz yummaqlarıdır. Bundan sonra atacağı addımlara, verəcəyi açıqlamalara görə teatrda heç kəsin məsuliyyət daşımaması üçün bu qərara gəldiyini bildirmişdir.

2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Akademik Milli Dram Tearının ##.##.2025-ci il tarixli, ***/sh nömrəli “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrinə əsasən aparıcı səhnə ustasının ##.##.2011 ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bnədinə əsasən, öz xahişi ilə ##.##.2025-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. Əsas: İddiaçı ərizəsi.

3. İddiaçı tərəfindən Akademik Milli Dram Tearının direktoru v.m.i.e. Ilham Əsgərova ünvanlanmış ərizəyə əsasən onun analoji səhnə ustası vəzifəsinə qəbul edilməsini xahiş etmişdir.

4. Azərbaycan Respublikasının Əməkdar Artisti, Prezident mükafatçısı İddiaçı tərəfindən Cavabdeh direktoru Ilham Əsgərova ünvanlanmış ərizəyə əsasən baş vermiş hadisələrlə bağlı ## ###### 2025-ci il tarixində yazdığı işdən çıxma ərizəsini düşünülməmiş addım kimi qiymətləndirdiyini, bu səbəbdən işə bərpa olunmağı barədə göstəriş verilməsini xahiş etmişdir.

5. İddiaçı “Instaqram” sosial şəbəkəsindəki rəsmi hesabından ekran görüntüləri əlavə edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmrin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış ##.##.2011-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında ##.##.2025-ci il tarixli əmrin qanunsuz hesab edilməklə ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1998-ci il tarixdən etibarən Cavabdeh əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əmək fəaliyyəti dövründə heç bir intizam pozuntusuna yol verməmiş, həmişə teatrın sayılıb-seçilən əməkdaşı olmuşdur. X1 Heydər Əliyevin 2002 ci il tarixli Sərənamı ilə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülmüş və bir çox məşhur Azərbaycan filmlərində, elecə də, tamaşalarında rol almış aktrisadır. 18 yaşından etibarən mədəniyyət sahəsində çalışıb aktrisa kimi fəaliyyət göstərmişdir. Hətta Ç.Aytmatovun “Manqurt” tamaşasında oynadığı Naymanana rolu Qırğızıstanda keçirilən “Aytmatov və teatr” festivalında “Ən yaxşı qadın rolu” nominasiyasına layiq görülmüşdür. Belə ki, onunla Cavabdeh arasında ##.##.2011-ci il tarixli əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsində göstərilən təminat normativləri gözlənilməmişdir. Belə ki, xitamın əsası qismində ##.##.2025-ci il tarixdə “aparıcı səhnə ustası” vəzifəsindən azad olunmağı ilə bağlı təşkilat rəhbərliyinə ünvanlanan ərizəyə istinad olunmuşdur. Həmin ərizənin yazılmasına səbəb teatrın bədii rəhbərinin etdiyi haqsızlıqlar olmuşdur. Sözügedən ərizə aidiyyəti qurumlar tərəfindən araşdırılması üçün məhz etiraz məqsədilə təqdim edilmişdir. Həmin müraciət teatrın bədii rəhbəri Mehriban Ələkbərzadənin fəaliyyəti və münasibətləri nəticəsində üzərində yaranmış psixoloji gərginlik və mənəvi sarsıntı fonunda, mövcud vəziyyətin Mədəniyyət Nazirliyi və teatrın direktoru cənab Ilham Əsgərov tərəfindən obyektiv və qanunauyğun şəkildə araşdırılaraq nizama salınması üçün verilmişdir. Yəni ərizənin mahiyyəti həqiqətən işdən çıxma istəyini deyil, baş verənlərlə etirazını ehtiva etmişdir. Iddiaçı yaranmış problemlərin obyektiv şəkildə qiymətləndirilməsi və qanun çərçivəsində həllinə nail olmaq istəmişdir. Uzun illərdir, teatrda xidmət edən bir sənətkar olaraq bu ərizə vasitəsilə əsas məqsədi teatrdakı mövcud vəziyyətin aidiyyəti qurumlar tərəfindən araşdırılması olmuşdur. Daha sonra yaşadığı gərginlik aradan qalxdıqdan sonra işə bərpa olunmağı ilə bağlı işəgötürənə yazılı ərizə təqdim etmişdir. Lakin işəgötürən tərəfindən bu ərizə nəzərə alınmamışdır. Bununla belə ##.##.2025-ci il tarixdə xəbərdarlıq müddəti tamamlanmadan əmək müqaviləsinə xitam verilmişdir. Belə olduğu təqdirdə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Əlavə olaraq, hazırkı mübahisənin məhkəməyəqədər həlli üçün zəruri olan mediasiya prosesində ilkin sessiya zamanı cavabdehin səlahiyyətli nümayəndəsi iclasda iştirak etməmişdir. Bunu təsdiqləyən Bakı ** saylı Mediasiya təşkilatının MŞB/**/****-***** nömrəli, ##.##.2025-ci il tarixli arayışı tərəfindən alınaraq məhkəməyə təqdim edilir. Qeyd olunan əsaslarla hesab edir ki, onunla Cavabdeh arasında bağlanmış ##.##.2011-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında ##.##.2025-ci il tarixli əmr qanunsuz hesab edilməklə ləğv edilməlidir.

8. Daha sonra iddiaçı İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ***/sh nömrəli əmrin qanunsuz hesab edilməklə ləğv edilməsinə, onun işə bərpa olunmağına və işə bərpa olunanadək olan müddət ərzindəki orta aylıq əmək haqqının hesablanmaqla ona kompensasiya şəkildə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi xitamın əsası qismində ##.##.2025-ci il tarixdə “aparıcı səhnə ustası” vəzifəsindən azad olunmağı ilə bağlı təşkilat rəhbərliyinə ünvanlanan ərizəyə istinad olunmuşdur. Həmin ərizə şəxsən onun tərəfindən yazılmamışdır. Teatrın tərkibində bədii rəhbərin yaratdığı gərginliklə bağlı etirazını bildirmək məqsədi ilə ərizə yazmaq istəmişdir ki, aidiyyatı qurumlar tərəfindən baş verənlər araşdırılsın. Qətiyyən məqsədi işdən çıxmaq deyildir. Latın əlifbasında yaza bilmədiyi üçün ərizəni özlərinin yazacaqlarını bildirdilər. Həmin vaxt o, çox emosional vəziyyətdə olduğu üçün onların tərtib etdiyi ərizəni oxumadan imzalamışdır. Hazırda işdən azad olunmağının əsası kimi istinad olunan ərizə onun tərəfindən tərtib edilməmişdir. Əgər o, özü ərizəni tərtib etsə idi, heç vaxt orada işdən çıxarılma gününü qeyd etməzdi. Çünki belə bir qeyd edilməli olduğunu belə bilmirdi. Bundan başqa, cavabdehin nümayəndəsinin ##.##.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında suallara verdiyi cavabdan da göründüyü kimi hazıradək onun azad olunduğu vəzifəyə heç kim təyin edilməmişdir. Yəni onun yenidən işə bərpa olunmağına heç bir maneə yoxdur. Həmçinin işdən çıxarılması üçün əsas olan ərizənin məzmunundan da göründüyü kimi orada onun işdən çıxmaq istəyi yox, müəyyən narazıçılıqların araşdırılması qabardılmışdır. Yəni ərizə həqiqi iradə ifadəsini özündə əks etdirməmişdir. Həmçinin həmin ərizədə tarix yazıldığından məlumatlı olduğu fərz edilsə belə, işin hallarından da göründüyü kimi o, yaşa, əlilliyə görə əmək pensiyasına çıxmaq, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olmaq, yeni yaşayış yerinə köçmək, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olmaq məqsədi ilə işəgötürənə müraciət etməmişdir. Yəni işə götürənin 1 aylıq müddət tamam olmadan əmək müqaviləsinə xitam verməsi qanunvericiliyin tələblərinə ziddir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Aydan Oruclu) iddianın təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçı İddiaçı ##.##.2011-ci il tarixdə Cavabdeh aparıcı səhnə ustası vəzifəsinə təyin olunmuşdur. Daha sonra ##.##.2025ci il tarixdə iddiaçı İddiaçı Akademik Milli Dram Tearının direktoru v.m.i.e. İ.Əsgərova “##.##.2025-ci il tarixindən mənimlə bağlanmış əmək müqaviləmə xitam verməyinizi xahiş etmişdir. Işdən çıxmağımın əsas səbəbi Teatrın bədii rəhbəri Mehriban Ələkbərzadənin haqsız hərəkətlərinə Mədəniyyət Nazirliyinin göz yummaqlarıdır. Bundan sonra atacağım addımlara, verəcəyim açıqlamalara görə teatrda heç kəsin məsuliyyət daşımaması üçün bu qərara gəldim” məzmunlu ərizə ünvanlamış, ##.##.2025-ci il tarixdə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (işçinin təşəbbüsü ilə) əsasında tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı İddiaçı Cavabdeh tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ***/sh nömrəli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, işə bərpa olunması və işə bərpa olunanadək olan müddət ərzində orta aylıq əmək haqqının hesablanaraq kompensasiya kimi ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

12. Iddianı əsassız hesab edən məhkəmə qeyd etmişdir ki, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilməsi barədə yazılı ərizə ilə işəgötürənə müraciət etmiş, həmin ərizədə əmək münasibətlərinə xitam verilməsi ilə bağlı konkret tarix göstərmiş və cavabdeh tərəfindən həmin ərizə əsas götürülməklə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq əmr verilmişdir.

13. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə ərizəni könüllü şəkildə yazmış, ərizənin məzmunu onun iradəsinin aydın və birmənalı ifadəsini ehtiva edir və cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin qeyd olunan tələblərinə uyğun həyata keçirilmişdir.

14. Belə ki, iddiaçı İddiaçı ərizəni yazdığı gündən 1 gün sonra, yəni ##.##.2025-ci il tarixdə “Instaqram” sosial şəbəkəsindəki rəsmi hesabında sözügedən əmək müqaviləsinə xitam verilməsi barədə ərizəni paylaşmış və paylaşımın altında işdən çıxarılmağı gözə alıb ərizə yazdığını bildirmiş, bununla da iddiaçının ərizədə həqiqi və azad iradəsini ifadə etdiyi müəyyən olunmuşdur.

15. Bundan başqa, iddiaçının latın əlifbası ilə yaza bilməməsi işdən çıxma iradəsinin hüquqi qüvvəsinə təsir göstərmir. Ərizədə işdən çıxma tarixi rəqəmlərlə (##.##.2025-ci il) göstərilmişdir. Həmçinin, iddiaçı sosial şəbəkələrdə, o cümlədən Instagram platformasında rəsmi hesabını latın qrafikasından istifadə etməklə aparır və işdən çıxmaq barədə yazdığı ərizəni də həmin hesabında paylaşmışdır. Bu hal iddiaçının latın qrafikasını bilməməsi barədə iddiasının inandırıcı olmadığını göstərir.

16. Məhkəmə qeyd etmişdir ki, əmək qanunvericiliyinin tələbinə əsasən əmək müqaviləsinə xitam vermək barədə ərizə vermiş və ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyən işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Əmək müqaviləsinə bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla xitam verildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

17. Iddiaçı İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə ərizədə əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmiş, ##.##.2025-ci il tarixindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra iddiaçı İddiaçı işəgötürənə baş vermiş hadisələrlə bağlı ## ###### 2025-ci il tarixində yazdığı işdən çıxma ərizəsini düşünülməmiş addım kimi qiymətləndirdiyini, bu səbəbdən işə bərpa olunmağı barədə müraciət etmişdir. Bundan başqa, cavabdeh tərəfindən iddiaçıya zor işlədilməsi və ya hədə-qorxu gəlinməsi yaxud işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etməsi halları aşkar olunmamış və iddiaçı tərəfindən ərizənin təzyiq, məcburetmə, aldatma və ya digər iradə qüsuru nəticəsində yazılmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilməsi barədə verilmiş ərizə hüquqi qüvvəyə malik olmuş, ərizə iddiaçının azad iradəsinə əsaslanmış və cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilmişdir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsi, 68-ci maddəsinin 2-ci hissəsinin a bəndi, 69-cu maddəsinin 1-ci hissəsi, 69-cu maddəsinin 3-cü hissəsi, 69-cu maddəsinin 4, 5 və 7-ci hissəsi, 83-cü maddə, 296-cı maddəsinin 1, 2 və 3-cü hissəsi; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

19. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilərək iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iş materialarından da göründüyü kimi xitamın əsası qismində ##.##.2025-ci il tarixdə “aparıcı səhnə ustası” vəzifəsindən azad olunmağı ilə bağlı təşkilat rəhbərliyinə ünvanlanan ərizəyə istinad olunmuşdur. Nəzərə çatdırmaq istəyir ki, həmin ərizə şəxsən onun tərəfindən yazılmamışdır. Teatrın tərkibində bədii rəhbərin yaratdığı gərginliklə bağlı etirazını bildirmək məqsədi ilə ərizə yazmaq istədi ki, aidiyyatı qurumlar tərəfindən baş verənlər araşdırılsın. Qətiyyən məqsədi işdən çıxmaq deyildi. Latın əlifbasında yaza bilmədiyi üçün ərizəni özlərinin yazacaqlarını bildirdilər. Həmin vaxt o, çox emosional vəziyyətdə olduğu üçün onların tərtib etdiyi ərizəni oxumadan imzaladı. Hazırda işdən azad olunmağının əsası kimi istinad olunan ərizə onun tərəfindən tərtib edilməmişdir. Əgər o özü ərizəni tərtib etsəydi heç vaxt orada işdən çıxarılma gününü qeyd etməzdi. Çünki belə bir qeyd edilməli olduğunu belə o bilmirdi. Bundan başqa onu da nəzərə çatdırmaq istəyir ki, cavabdehin nümayəndəsinin ##.##.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında sualara verdiyi cavabdan da göründüyü kimi hazıradək onun azad olunduğu vəzifəyə heç kim təyin edilməmişdir. Yəni onun yenidən işə bərpa olunmağına heç bir maneə yoxdur. Həmçinin işdən çıxarılması üçün əsas olan ərizənin məzmunundan da göründüyü kimi orada onun işdən çıxmaq istəyi yox, müəyyən narazıçılıqların araşdırılması qabardılmışdır. Yəni ərizə həqiqi iradə ifadəni özündə əks etdirməmişdir. Həmçinin həmin ərizədə tarix yazıldığıdan məlumatlı olduğunu fərz etsək belə işin halarından da göründüyü kimi o, yaşa, əliliyə görə əmək pensiyasına çıxmaq, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olmaq, yeni yaşayış yerinə köçmək, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olmaq məqsədi ilə işəgötürənə müraciət etməmişdir. Yəni işə götürənin 1 aylıq müddət tamam olmadan əmək müqaviləmə xitam verməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə tərəfindən qətnamə çıxarılarkən AR ƏMnin 69.3-cü maddəsi ilə 69.4-cü və 69.5-ci maddəsi bir-biri ilə əlaqəli şəkildə təhlil edilməmişdir. Məhkəmə nəzərə almalı idi ki, AR ƏM-nin 69.4-cü və 69.5-ci maddəsi 69.3-cü maddəsindən asılı olaraq mübahisələrə tətbiq edilməlidir. Belə ki, AR ƏM-nin 69.1-ci maddəsinə əsasən, Işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər. Işçinin bir ay yox, daha tez bir zamanda əmək müqaviləsinə xitam verilməsinə hüququ olan hallar da AR ƏM-nin 69.3-cü bəndində öz əksini tapmışdır. Hazırki mübahisədə də onun işdən ərizədə göstərilən gündə azad olunmağı üçün AR ƏM-nin 69.3-cü maddəsində sadalanan hallar mövcud deyildir. AR ƏM-nin 69.5-ci maddəsi də məhkəmə tərəfindən bu hallar nəzərə alınmaqla mübahisəyə tətbiq edilə bilərdi. Yəni məhkəmə yalnız müvafiq normanın hərfi mənasına istinad edərək iddia tələbini təmin etməmiş, hüquq normasını səhv təfsir etmiş, AR ƏM-nin 69.3-cü maddəsinin tələblərini pozmuşdur. Iş materiallarından da göründüyü kimi qanunverilikdə nəzərdə tutulan 1 aylıq müddət bitmədən tərəfindən işdən çıxarılma ərizəsinin etibarsız hesab edilməsi ilə bağlı cavabdehə ərizə ünvanlanmışdır. Həmçinin onun vəzifəsinə yeni işçi götürülmədiyi cavabdehin etirafı ilə məhkəmədə öz təsdiqini tapmışdır. Yəni onun yenidən işə bərpa olunmağım üçün AR ƏM-nin 69.4-cü maddəsində göstərilən hallar mövcud olmuşdur. Buna baxmayaraq işəgötürən onun əmək müqaviləmə xitam vermiş və hazıradək də hüquqlarını pozmaqdadır. Tərəfindən məhkəməyə təqdim edilən materiallardan da göründüyü kimi, sağlamlıq imkanları məhdud anası, qardaşı, bacı, qızı və onun 6 azyaşlı övladı onun himayəsindədir. Hazırda yalnız onun əmək hüquqları pozulmur, həmçinin himayəsində olan 10 nəfərin sosial tələbatlatlarının qarşısı alınır, kifayət qədər çətin olan həyatı daha da çətinləşdirilir. Vəzifəsinə yeni işçi götürülmədiyi halda əmək münasibətlərinin bərpa olunmamağı ona qarşı qərəzli mövqe olduğunun təsdiqidir. Lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsi yuxarıda göstərilən bu halları, AR ƏM-nin 69.4-cü maddəsinin tələblərini nəzərə almamışdır. O, məhkəmə prosesində dəfələrlə bildirmişdir ki, ərizəni oxumadan imzalamışdır. Həmçinin ona məxsus sosial şəbəkə köməkçisi vasitəsi ilə idarə olunur. Hətta məhkəmə prosesində köməkçisinin dindirilməsinə razı olduğunu belə bildirməyinə baxmayaraq məhkəmə öz fərziyyələri ilə onun latın əlifbasını bildiyi qənaətinə gəlmişdir. Halbuki məhkəmə mühüm əhəmiyyət kəsb edən bu faktı yalnız ekspert rəyi əsasında müəyyən edə bilərdi. Bundan başqa nəzərə çatdırmaq istəyir ki, o, işdən azad olunduğunu eşidəndə çox təəccübləndi. O, əmək müqaviləsinə xitam verildiyini bildiyi günədək Cavabdeh tamaşalarda iştirak etmişdir. Əgər onun həqiqətən də ərizədə göstərildiyi kimi ##.##.2025-ci il tarixdə əmək müqaviləsinə xitam vermək niyyəti olsaydı, növbəti günlərdə tamaşalarda iştirak etməzdi. Nəticədə onu qeyd etmək istəyir ki, onun məhz ##.##.2025-ci il tarixdən işdən azad olunmaq kimi bir niyyəti olmamışdır. Məhkəmə işin faktiki hallarını və hadisənin baş vermə mexanizmini nəzərə almadan qanunvericiliyin tələblərinə zidd qətnamə çıxarmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

22.Iddiaçının nümayəndəsi-vəkili nümayəndə2 izahatında qeyd etdi ki, işin başlanma səbəbi odur ki, iddiaçı ilə Cavabdeh işləyən Mehriban Ələkbərzadə arasında bir sıra münaqişələr yaranır. Iddiaçı həmin xanımın teatrda işləyən işçilərə qarşı haqsız hərəkətlərin şikayət etmək qərarına gəlir. Lakin teatrın rəhbərliyi iddiaçıya danışmamağı məsləhət görür. 23 noyabr tarixində tərtib edilmiş ərizə İddiaçı tərəfindən yazılmamışdır. Ərizənin məzmunundan görünür ki, İddiaçı işdən çıxmağı yox, baş vermiş hadisənin araşdırılmasını tələb edir. Iddiaçı latın qrafikalı əlifba ilə yazıb oxuya bilmir. O, ərizəni oxumadan imzalayır və təqdim edir. Işdən çıxmaq niyəti olmadığı üçün 28 noyabr tarixinədək bütün tamaşalara gedir, tədbirlərdə iştirak edir. 28 noyabr tarixində ona bildirilir ki, artıq onun əmək müqaviləsinə xitam verilib. Iddiaçı işdən çıxmaq niyəti ilə həmin ərizəni yazmamışdır. Cavabdehin istinad etdiyi ərizə isə iddiaçı tərəfindən yazılmayıb. Əgər ekspertiza təyin edilsə, bu hal öz təsdiqini tapacaq. Biz bununla bağlı yazılı vəsatətimizi də elektron məhkəmə informasiya sistemi vasitəsi ilə təqdim etmişik. Bundan əlavə məhkəmə qətnamədə Əmək Məcəlləsinin 69.5-ci maddəsinə istinad etmişdir. Hesab edir ki, həmin maddə Əmək Məcəlləsinin 69.3 və 69.4-cü maddələləri ilə əlaqəli şəkildə tətbiq edilməlidir. Həmçinin iddiaçının sosial vəziyyəti ilə bağlı qeyd etmək istəyir ki, onun anası 1-ci qrup əlildir, danışma və eşitmə qüsurludur. Bacısı 1-ci qrup, qardaşı isə 2-ci qrup əlildir. Qızı və onun uşaqları iddiaçının himayəsindədir. Belə olan halda iddiaçının qərəzli bir münasibətlə rastlaşması, əmək müqaviləsinə əsassız olaraq xitam verilməsi tək onun deyil, ailə üzvlərinin də hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. 23.Iddiaçı İddiaçı izahatında qeyd etdi ki, teatrın bədii rəhbəri olan Mehriban Ələkbərzadə teatr işçilərini təhqir edir, bizlərə qarşı haqsızlıqlar edirdi. O, həmin məsələ ilə bağlı şikayət etmək istəyəndə ondan susmağımı tələb etdilər. O, həmin xanımın işdən getməyini tələb etmişdi, hazırda həmin şəxs teatrda işləmir, indi də o, işə bərpa edilməyini istəyir. Hazırda teatrda bütün struktur dəyişdirilib. O, teatrda nümunəvi aktrisa olmuşdur. Tamaşalardan nominasiyalarla qayıtmışdır. Suala cavab olaraq qeyd etdi ki, ərizəni imzalamışdır. Latın qrafikalı əlifba ilə yazıb oxuya bilmir. Kiril əlifbası ilə yazır. Ona verilən latın qrafikalı əlifba ilə yazılmış yazıları evdə nəvəsi oxuyurdu, o daonu kiril əlifbası ilə dəftərində yazırdı və belə öyrənirdi. 24.Cavabdehin nümayəndəsi nümayəndə1 izahatında qeyd etdi ki, fevral ayından Cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşən bir təşkilatdır. Onların struktur və ştatı Nazirlik tərəfindən təsdiq edilir. 23 noyabr tarixində ərizə yazılıb, əgər rəhbərliyin qərəzli bir mövqeyi olsaydı əmr 28 noyabr tarixində verilməzdi. Mehriban xanıma ərizə yazmaması, ərizəni geri götürməsini bildiriblər. Lakin o, ## ###### 2025-ci il tarixində ərizəni yazıb. Daha sonra isə dekabr ayında yenidən ərizə yazaraq işə bərpa edilməsini xahiş etmişdir, həmin ərizə isə latın qrafikalı əlifba ilə yazılıb.

Tətbiq edilən hüquq normaları:

25. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Maddə 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: -hüquq bərabərliyinin təmin edilməsi; -mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; -maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; -əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; -əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 3-cü maddəsinin 5-ci hissəsi. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.. Maddə 68-ci maddəsinin 1-ci hissəsi. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Maddə 68-ci maddəsinin 2-ci hissəsi. a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir; Maddə 69-cu maddəsinin 1-ci hissəsi. Işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər; Maddə 69-cu maddəsinin 3-cü hissəsi. Işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda ərizəsində göstərdiyi gün əmək müqaviləsinə xitam verilə bilər. Maddə 69-cu maddəsinin 4-cü hissəsi. Əmək müqaviləsinə xitam vermək barədə ərizə vermiş və ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyən işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsinə xitam verilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsinə bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla xitam verildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Maddə 69-cu maddəsinin 5-ci hissəsi. Işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinə xitam verilməsinə yol verilmir. Maddə 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 83. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Maddə 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası qətnamənin qanuniliyini və əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 31.Işin müəyyən edilmiş halları odur ki, iddiaçı İddiaçı ##.##.2011-ci il tarixdə Cavabdeh aparıcı səhnə ustası vəzifəsinə təyin olunmuşdur. Daha sonra ##.##.2025-ci il tarixdə iddiaçı İddiaçı Akademik Milli Dram Tearının direktoru v.m.i.e. İ.Əsgərova “##.##.2025-ci il tarixindən mənimlə bağlanmış əmək müqaviləmə xitam verməyinizi xahiş edirəm. Işdən çıxmağımın əsas səbəbi Teatrın bədii rəhbəri Mehriban Ələkbərzadənin haqsız hərəkətlərinə Mədəniyyət Nazirliyinin göz yummaqlarıdır. Bundan sonra atacağım addımlara, verəcəyim açıqlamalara görə teatrda heç kəsin məsuliyyət daşımaması üçün bu qərara gəldim” məzmunlu ərizə ünvanlamış, ##.##.2025-ci il tarixdə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (işçinin təşəbbüsü ilə) əsasında tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı İddiaçı Cavabdeh tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ***/sh nömrəli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, işə bərpa olunması və işə bərpa olunanadək olan müddət ərzində orta aylıq əmək haqqının hesablanaraq kompensasiya kimi ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

32. Iddiaçı iddia ərizəsində əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin şəxsən onun tərəfindən yazılmadığını, teatrda yaranmış gərginliklə bağlı etirazını bildirmək və aidiyyatı qurumlar tərəfindən baş verənlərin araşdırılması məqsədi ilə ərizə yazdığını, işdən çıxmaq niyyətinin olmadığını, latın əlifbasında yaza bilmədiyi üçün ərizəni özlərinin yazdığını, həmin vaxt çox emosional vəziyyətdə olduğu üçün onların tərtib etdiyi ərizəni oxumadan imzaladığını, özü ərizəni tərtib etsəydi, heç vaxt ərizədə işdən çıxarılma gününü qeyd etməyəcəyini, ərizənin həqiqi iradə ifadəsini özündə əks etdirmədiyini, həmçinin 1 aylıq xəbərdarlıq müddətinin gözlənilmədiyini bildirmişdir. 33.Iddia tələbinin rədd edilməsi üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, əmək qanunvericiliyinin tələbinə əsasən, işçi əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilməsi hüququna malikdir və bu barədə işəgötürənə yazılı ərizə təqdim etməlidir. Işçinin yazılı müraciəti əmək müqaviləsinə xitam verilməsi üçün hüquqi əsas hesab olunur.

34. Iddiaçı iddia ərizəsində qeyd edir ki: “ərizənin mahiyyəti həqiqətən işdən çıxma istəyini deyil, baş verənlərlə etirazını ehtiva etmişdir. Iddiaçı yaranmış problemlərin obyektiv şəkildə qiymətləndirilməsi və qanun çərçivəsində həllinə nail olmaq istəmişdir. Uzun illərdir, teatrda xidmət edən bir sənətkar olaraq bu ərizə vasitəsilə əsas məqsədi teatrdakı mövcud vəziyyətin aidiyyəti qurumlar tərəfindən araşdırılması olmuşdur. Daha sonra yaşadığı gərginlik aradan qalxdıqdan sonra işə bərpa olunmağı ilə bağlı işəgötürənə yazılı ərizə təqdim etmişdir”.

35. Kollegiya qeyd edir ki, ərizənin mətninin şəxsən müraciət müəllifi tərəfindən yazılmaması əhəmiyyət kəsb etmir. Əksər hallarda müraciətlər texniki vasitələrdən istifadə edilməklə də tərtib olunur. Əsas nəzərə alınmalı hal ərizənin şəxsən müraciət müəllifi tərəfindən imza edilməsi və niyyətin müəyyən edilməsidir. Iddiaçı işdən azad olma barədə ərizənin yazılmasını inkar etməmişdir. Sadəcə iddiaçının zənnincə işdən azad olma barədə ərizə mahiyyətçə baş verənlərə onun etirazı idi. 36.Kollegiya o cümlədən qeyd edir ki, iddiaçının yazı zamanı latın əlifbasından deyil, kiril əlifbasından istifadə etməsi onun latın əlifbası ilə yazılmış yazını oxuya bilməməsi anlamına gəlmir. Bir insan vərdiş olaraq ona rahat olan əlifba ilə yazmağı ömürboyu davam edə bilər. Lakin nəzərə alsaq ki, ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında 1991-ci ildə qəbul olunmuş Qanuna əsasən Azərbaycan dilində yazı latın qrafikası ilə aparılır, Azərbaycanda yaşayan, teatrda işləyən, tamaşalar üzrə ona verilən mətnləri öyrənməli olan bir şəxsin 30 ildən artıq müddət ərzində latın əlifbası ilə olan yazını oxuya bilməməsi mümkün deyil. 37.Bundan əlavə, iddiaçının nümayəndəsi bildirir ki, ərizə 23 noyabr tarixdə yazılmasına baxmayaraq, iddiaçı işdən çıxmaq niyyəti olmadığı üçün 28 noyabr tarixinədək bütün tamaşalara gedib, tədbirlərdə iştirak edib. 38.Kollegiya bu dəlilə münasibətdə qeyd edir ki, tamaşalara biletlər qabaqcadan satılır və bu halı nəzərə alaraq iddiaçının ərizəsinə əsasən işdən azad olunma barədə əmrin tamaşalar bitdikdən sonra, yəni ərizənin yazılmasında bir neçə gün sonra verilməsi mümkündür. 39.Məhkəmə kollegiyası 1 aylıq xəbərdarlıq müddətinin gözlənilməməsi ilə bağlı şikayətin dəlilini də əsassız hesab edərək qeyd edir ki, ərizədə iki yerdə tarix qeyd edilmişdir. ##.##.2025-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsi və ərizənin imzalandığı tarix olaraq ##.##.2025 qeyd edilmişdir.

40. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələbləri gözlənilmiş, əmrin qanunsuz olması ilə bağlı hər hansı bir əsas müəyyən edilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qətnaməsi qanuni və əsaslı hesab edilməlidir. 41.Kollegiya qeyd edir ki, əmrin ləğvi və iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi barədə iddia tələbi əsassız olduğundan həmin tələbdən törəmə xarakter daşıyan digər tələbləri də əsassız hesab edilməklə düzgün olaraq təmin edilməmişdir.

42. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar