Məhkəmə qərarları › İş №e-2(3-6)-1778/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1778/2026

01.07.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1778/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İdris oğlunun cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili vəkil1, Müstəqil tələb irəli sürməyən üçün şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iştirakı ilə, İddiaçı İddiaçı İdris oğlunun cavabdeh Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI

1. İddiaçı İddiaçı İdris oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı İdris oğlunun Bakı şəhəri Xətai rayonu, Zığ şossesi, ev 1B, 74-saylı mənzilinə istifadə hüququnun tanınması, mənzildən istifadə qaydalarının müəyyən olunması və həmin mənzilə ailəsi ilə birlikdə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayonu, Zığ şossesi, ev 1B, 74saylı mənzil anası X9 adına olmuşdur. Qeyd edilən mənzil anası çoxuşaqlı (5 uşaq) olduğu üçün dövlət tərəfindən ##.##.1988-ci il tarixdə anasına bağışlanmışdır. Qardaşı mərhum Cəbrayılov Zaur İdris oğlu ailə qurduqdan sonra cavabdehlə birlikdə həmin ünvanda yaşamağa başlamışdır. ##.##.2017-ci il tarixdə anası rəhmətə getdikdən sonra onlar - ailənin bütün övladları qərara gəldilər ki, həmin evi paylarına uyğun satıb, aralarında bölsünlər. Lakin qardaşının yoldaşı cavabdeh Cavabdeh razı olmadı. Aralarında daha sonra soyuq münasibət yaşanmağa başladı. Qeyd edir ki, qardaşı Cəbrayılov Zaur İdris oğlu 2008-ci ildə dünyasını dəyişdikdən sonra cavabdeh tək olduğu üçün artıq iddiaçı evinə gedib-gələ bilmədi. Cavabdeh, qardaşı rəhmətə getdikdən sonra 2009-cu il tarixdə Məhkəmə qərarı ilə həmin mənzilə qeydiyyata düşmüşdür. İddiaçı qeyd edir ki, ailəsi ilə birlikdə kirayədə yaşayır və evin kirayə haqqını ödəməkdə çətinlik çəkir. Başqa yaşayış evi olmadığına görə anadan olduğu və qeydiyyatda olduğu Bakı şəhəri Xətai rayonu, Zığ şossesi, ev 1B, 74-saylı mənzilinin bir otağına köçmək və ailəsi ilə birlikdə orada yaşamaq qərarına gəlmişdir. Lakin cavabdeh Cavabdeh onu mənzilə buraxmır. Bu səbəbdən də tərəfindən iddia qaldırılır.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin ailə üzvü olmamaqla Bakı şəhəri Xətai rayonu, Zığ şossesi, ev 1B, 74-saylı mənzildə pasport qeydiyyatındadır, hazırda həmin evdə yaşamır. İddiaçı Bakı şəhəri Xətai rayonu, Zığ şossesi, ev 1B, 74-saylı mənzilinə istifadə hüququnun tanınması, mənzildən istifadə qaydalarının müəyyən olunması və həmin mənzilə ailəsi ilə birlikdə köçürülməsini tələb edir, cavabdeh iddia tələbini qəbul etmir. Bununla belə, iddiaçının həmin mənzilə köçürülməsinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. İddiaçı cavabdehin ailə üzvü olmamaqla həmin mənzildə qeydiyyatda olsa da, onun mübahisəli mənzilə dair istifadə hüququ yaranmadığından iddia tələbi əsaslı deyil. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 159, 164.1 və 164.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ

3.İddiaçı İddiaçı İdris oğlu (nümayəndəsi-vəkili vəkil1) qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o sözügedən, Bakı şəhəri Xətai rayonu, Zığ Şossesi, ev 1B, ** saylı mənzildə pasport qeydiyyatındadır. Bakı şəhəri Xətai rayonu, Zığ Şossesi, ev 1B, ** saylı mənzil Dövlət Reysteri Xidmətindən qeydiyyatdan keçməmiş bir əmlakdır. Belə olan halda həmin məzildə pasport qeydiyyatından olan şəxslə bərabər statusa malik şəxslər sayılır. Cavabdeh Cavabdeh, iddiaçı İddiaçı İdris oğlunu sözügedən, Bakı şəhəri Xətai rayonu, Zığ Şossesi, ev 1B, ** saylı mənzilindən sahibin iradəsi olmadan sahiblikdən məhrum etməsi və onu pozması qadağan edilmiş özbaşnalıq sayılır. İddiaçı İddiaçı İdris oğlu sözügedən, Bakı şəhəri Xətai rayonu, Zığ Şossesi, ev 1B, 74saylı mənzilində öz iradəsindən asılı olmayan səbəblərdən yaşamır və başqa yerdə kirayədə qalır. Birinci instansiya məhkəməsi bu halı nəzərə almamış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinin tələblərini pozmuşdur.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, mövcud qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçün şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayətinə etiraz etmədiyini bildirdi və şikayətin təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

7.İş materiallarında olan : -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2019cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ## #### 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2019-cu il tarixli qərarı ilə cavabdehlər Cəbrayılova (Nəsirova) Dilarə Rafiq qızının, X4 və X5 qızının kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## #### 2019-cu il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılması qət edilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2021-ci il tarixli qətnaməsindən görünür ki, X2, X4 və X10 Cavabdeh və İddiaçı İdris oğluna qarşı "mənzilə köçürülmə" barədə iddia tələbi rədd edilməsi qət edilmişdir. - AZ-İ seriyalı, ****** nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ##.##.2017-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. - Yaşayış yeri üzrə qeydiyyat haqqında ##.##.2025-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı İdris oğlu Bakı şəhəri Xətai rayonu, Zığ şossesi, ev 1B, 74-saylı mənzildə ##.##.2009-cu il tarixdən qeydiyyatdadır. - ## ##### 1988-ci il tarixli orderə əsasən qeyd edilən yaşayış sahəsinə dair X11 5 (beş) nəfər ailə üzvü ilə birlikdə yaşamaq hüququ verilmişdir. - ## #### 2011-ci il tarixli vəsiyyətnaməyə əsasən X11 – harda yerləməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən gündən ona məxsus olan bütün əmlakını ünvan 1 ünvanda yaşayan, ##.##.1997-ci il təvəllüdlü X3 vəsiyyət etmişdir. Vəsiyyətnamə Bakı şəhəri ** saylı dövlət Notariat Kontorunda təsdiq edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

9. Azərbaycan SSR Mənzil Məcəlləsi (##.##.1982-ci il tarixli Qanunla təsdiq edilmiş və ##.##.2009-cu il tarixədək qüvvədə olan) -Maddə 51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. -Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. -Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. -Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 10.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” ##.##.1999-cu il tarixli Qərarı Qanunverici yuxarıda göstərilən qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qarşısında qaldırıla bilər. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı, hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. 11.Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu -Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. -Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. 12.İnsan hüquqlarının və X12 haqqında Avropa Konvensiyasının * saylı Protokolu -Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

13. İşin mübahisəsiz olaraq müəyyən olunmuş hallarından göründüyü kimi, mübahisəli Bakı şəhəri Xətai rayonu, Zığ şossesi, ev 1B, ** saylı mənzili X6 ##.##.1988-ci il tarixli ****** nömrəli orderi ilə X9 verilmişdir. Orderdə ailə tərkibi olaraq 5 nəfər ailə üzvü göstərilmişdir. Mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

14. İddiaçı göstərir ki, mərhum qardaşı ilə cavabdeh ər-arvad münasibətlərinə daxil olduqdan sonra həmin evdə yaşamağa başlayıblar. Qardaşı öldükdən sonra 2009-cu ildə cavabdeh məhkəmə qərarı ilə həmin mənzilə qeydiyyata düşmüşdür.

15. İddiaya etiraz olaraq birinci instansiya məhkəməsində iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, Cavabdeh həmin evə 1996-cı ildə gəlin gəlib, iddiaçı sənəd üzərində həmin evdə qeydiyyatdadır, həmin evdə yaşamır və onun həmin evə köçürülməsinə heç bir əsas yoxdur.

16. Nəzərə alınmalıdır ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Baxılan iş üzrə də iddiaçının mənzildən istifadə hüququnun yaranmasına əsas verən hüquqi faktların mövcud olub-olmaması müəyyən edilməlidir. Qeyd edilməlidir ki, hər bir fakt deyil, yalnız qanunun hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və xitam edilməsinə səbəb olan hal kimi tanıdığı faktlar hüquqi faktlar hesab olunur. Bu baxımdan cavabdeh mübahisəli yaşayış sahəsindən istifadə və sahiblik hüququna malik olan şəxsdir.

17. Qeyd edilməlidir ki, ## ####### 2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsi baxımından, mənzildə yaşamış hər şəxsin oradan istifadə hüququ yaranmış olur. Lakin nəzərə alınmalıdır ki, həmin Mənzil Məcəlləsi mənzildən istifadə hüququnun yaranması əsasları ilə yanaşı, istifadə hüququna xitam verilməsi və istifadə hüququnun itirilməsi kimi hüquqi nəticələri və bunun üçün əsasları da müəyyən etmişdir.

18. Belə ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirilmiş hesab edilir (Maddə 60). İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir (Maddə 87). Başqa sözlə, mənzildən istifadə hüququ oradan istifadəyə olan ehtiyacdan doğan davamlı istifadəyə əsaslanır və yarandıqdan sonra onun davam etməsi müəyyən şərtlərə bağlıdır. Yəni şəxsin mənzildən üzürsüz səbəbdən qanunla müəyyən olunan müddətdən çox faktiki istifadə etməməsi, istifadə hüququnun aradan qalxmasına səbəb olur. Buna görə də, baxılan iş üzrə iddiaçının mənzildən istifadə hüququnun yarandığı müəyyən edildikdən sonra, həmin hüququn itirilməsinə səbəb olan hüquqi faktların mövcud olub-olmaması müəyyən edilməlidir. Bu baxımdan iddiaçının mənzildə qeydiyyatda olması, orderdə onun adının olması onun gözləntiyə malik olan mülkiyyətçi olması anlamına gəlmir. Yaranmış halda iddiaçının irəli sürdüyü dəlillərə qiymət verilməli, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun saxlanması, yəni bu hüququn itirilib-itirilməməsi müəyyən olunduqdan sonra gözləntiyə malik olan mülkiyyətçi olması qənaəti ilə razılaşmaq mümkündür.

19. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı 2008-ci ildən mənzildən çıxmış, həmin müddətdən sona mübahisəli mənzilin faydalı sahəsindən istifadə etməmiş, mənzildən istifadə ilə bağlı heç bir təşəbbüs göstərməmişdir.

20. İş materiallarından müəyyən edilir ki, iddiaçı cavabdehə məxsus yaşayış sahəsinə köçürülməsini tələb etmiş, tələbini həmin ünvanda qeydiyyatda olması ilə əsaslandırmışdır. Lakin məhkəmə kollegiyası qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat institutu şəxsin inzibati uçotunu təmin edən hüquqi institut olmaqla, özlüyündə həmin şəxs üçün yaşayış sahəsi üzərində mülki, istifadə və ya digər əşya hüququ yaratmır. Qeydiyyat faktı yaşayış sahəsindən istifadə hüququnun yaranmasının deyil, yalnız mövcud hüququn uçotunun aparılmasının vasitəsidir. Buna görə də şəxsin hər hansı yaşayış sahəsində qeydiyyatda olması onun həmin yaşayış sahəsinə köçürülməsi barədə iddia qaldırması üçün kifayət edən hüquqi əsas hesab edilə bilməz. İş üzrə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı cavabdehin ailə üzvü statusuna malik deyildir. İş materiallarında iddiaçının mübahisəli mənzilə qanun və ya müqavilə əsasında istifadə hüququ əldə etdiyini təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. Həmçinin müəyyən olunmur ki, cavabdeh iddiaçının mövcud istifadə hüququnu qanunsuz şəkildə pozmuş və ya onun həyata keçirilməsinə mane olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ sahiblik, istifadə və sərəncam hüquqlarını əhatə edir və həmin hüquqlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona məxsus əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.2-ci maddəsinə görə, sahiblik hüququ əmlaka faktiki sahibliyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktiki sahib olmaqla əldə edilir. Mülki Məcəllənin 164.1-ci maddəsinə görə, sahibin iradəsi olmadan onun sahiblik hüququndan məhrum edilməsi və ya bu hüququn pozulması qadağan edilmiş özbaşınalıq hesab olunur. -164.3-cü maddəsinə əsasən isə daşınmaz əmlaka sahiblik hüququnun mövcudluğu, bir qayda olaraq, həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müəyyən edilir. 21.Bu normaların sistemli təhlili göstərir ki, mülkiyyətçinin iradəsi əleyhinə onun yaşayış sahəsindən istifadə imkanlarının məhdudlaşdırılması və ya həmin yaşayış sahəsinə üçüncü şəxsin köçürülməsi yalnız qanunda nəzərdə tutulmuş hüquqi əsaslar mövcud olduqda mümkündür. Belə hüquqi əsasların mövcudluğunu sübut etmək isə iddiaçının prosessual vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara onların tam, obyektiv və hərtərəfli araşdırılması nəticəsində hüquqi qiymət verir. İddiaçı mübahisəli yaşayış sahəsinə münasibətdə istifadə hüququnun yarandığını, cavabdehin həmin hüququ qanunsuz şəkildə pozduğunu və ya cavabdehin onu yaşayış sahəsindən əsassız olaraq məhrum etdiyini təsdiq edən kifayət qədər və mötəbər sübut təqdim etməmişdir. Beləliklə, müəyyən edilir ki, iddiaçının hazırda köçürülməsini istədiyi yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, cavabdehin sahiblik və istifadəsindədir. Apellyasiya şikayətində göstərilən dəlillər də bu çatışmazlığı aradan qaldırmır və birinci instansiya məhkəməsinin gəldiyi nəticənin yanlış olduğunu təsdiq etmir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən, məhkəmə işə tətbiq edilməli hüquq normalarını tərəflərin hüquqi mövqeyindən asılı olmayaraq özü müəyyən etməli və mübahisəni həmin normalara uyğun həll etməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi mübahisəyə düzgün hüquqi qiymət vermiş və tətbiq edilməli maddi hüquq normalarını düzgün müəyyən etmişdir. Bundan əlavə, İnsan Hüquqları və X12 haqqında Konvensiyanın 8-ci maddəsi şəxsin yaşayış yerinə hörmət hüququnu təmin etsə də, həmin hüquq mütləq xarakter daşımır və digər şəxslərin, o cümlədən mülkiyyətçinin hüquqlarının müdafiəsi məqsədilə qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Eyni zamanda Konvensiyaya əlavə * saylı Protokolun 1-ci maddəsi mülkiyyət hüququnun müdafiəsini təmin edir. Buna görə də istifadə hüququnun mövcudluğu sübuta yetirilmədiyi halda, mülkiyyətçinin iradəsi əleyhinə üçüncü şəxsin yaşayış sahəsinə köçürülməsi mülkiyyət hüququnun mahiyyətinə uyğun hesab edilə bilməz. 22.Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən dəlillər, iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və birinci instansiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Baxılan iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 23.Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

24. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 25.Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.2-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar