Məhkəmə qərarları › İş №e-2(3-6)-1791/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1791/2026

20.05.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1791/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi cəlb edilməklə) “torpaq sahəsi və fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: apellyasiya icraatına xitam verilməsi) hakimlər: Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi cəlb edilməklə) “torpaq sahəsi və fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)- ***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılma, vurulmuş zərərin əvəzinin ödənilməsi və fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, ev 44A ünvanında yerləşən, ümumi sahəsi 132.6 m2 olan torpaq sahəsindən çıxarılması və vurulmuş zərərin əvəzi olaraq 8000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, ev 44A ünvanında yerləşən, konstruktiv cəhətdən vahid tikili olan (ümumi sahəsi 288.6 kv.m) fərdi yaşayış evinin 39.7 kv.m hissəsi paylı mülkiyyət hüququ ilə ona məxsusdur. Qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi və bölgü sxemi ilə müəyyən edilmiş 132.6 kv.m torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmış və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bölgü sxemində qeyd olunmuş yaşayış sahəsi 39.7 kv.m olan 2 yaşayış otağı ilə yanaşı, cavabdehlərin hazırda yaşadığı tikili də ona məxsusdur, öz vəsaiti hesabına tikilmişdir. Həmin tikili bölgü sxemində əks olunmasa da, mülkiyyətində olan 132.6 kv.m torpaq sahəsinin üzərində yerləşir. Cavabdehlərdən cavabdeh2 bacısı olduğundan maddi vəziyyətlərinin yaxşı olmadığını, uşaqlarının balaca olduğunu görüb bir müddətlik tikdirdiyi tikilidə ailəsi ilə birgə yaşamalarına icazə vermişdir. Yaşamağa başladıqları ilk vaxtlar bir müddətdən sonra torpaqdan çıxacaqlarını bildirmişlər. Daha sonra, bu barədə uşaqları ilə söhbəti olmuş, uşaqları da bildirmişlər ki, ev alıb, çıxacaqlar. Torpağı və tikilini boşaldıb, ona təhvil verəcəklər. Bu söhbətin üzərindən uzun müddət keçməsinə, dəfələrlə onlara xəbərdarlıq etməsinə baxmayaraq, cavabdehlər bu günə kimi “bura bizimdir” deyərək, orada yaşamağa davam edirlər. Halbuki, cavabdehin oğlu böyüyüb, özünə şərait qurub. Kanadada yaşayır, kifayət qədər imkanı var, burada özünə ev alıb. Günü bu gün istəsə, valideynlərini çıxarıb torpağı və tikilini təhvil verə bilər. Qeyd edir ki, cavabdehlərin yaşadığı tikili qeydiyyata alınaraq müvafiq çıxarış verilmədiyi üçün, onların həmin tikiliyə münasibətdə yaşayış yeri üzrə qeydiyyata alınması mümkün olmamışdır. Buna görə də, ondan xəbərsiz, razılığı olmadan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, ev 44A ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus yaşayış otağına yaşayış yeri üzrə qeydiyyata düşmüşlər. Hal-hazırda da qeydiyyatdadırlar. Lakin, cavabdehlərin yaşayış yeri üzrə qeydiyyata alınma faktı, onların həmin torpaq sahəsinə və onun üzərindəki tikiliyə münasibətdə hər hansı hüquqlarının mövcudluğuna dəlalət etmir. Cavabdehlərin həmin torpaq sahəsi hüdudlarında yaşamaları onun torpaq üzərində mövcud olan və qeydiyyata alınan mülkiyyət hüququnu məhdudlaşdırır. Cavabdehlərə dəfələrlə bildirsə də ki, torpaq sahəsindən çıxmalıdırlar, cavabdehlər buna məhəl qoymadan həmin torpaq sahəsində yaşamağa davam edirlər. Bugünkü günə kimi bacısının ailəsi olduğu üçün imkanlarının o vaxt yaxşı olmadığına və gələcəkdə imkan quraraq ev alıb çıxacaqlarına ümid etdiyi üçün məsələni qanunvericilik çərçivəsində həll etməyə cəhd etməmişdir. Lakin, uşaqları özlərinə şərait qurduğundan, maddi vəziyyətləri də yaxşılaşdıqdan sonra hələ də torpaq sahəsindən çıxmamaları məhkəməyə müraciət edilməsini zəruri edir.

İş üzrə qəbul olunmuş məhkəmə aktları:

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsilə iddianın qismən təmin edilməsi, cavabdeh2 və cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, ev 44A ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan 132.6 kv.m torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki hallarının tədqiqindən aydın olur ki, iş üzrə cavabdehlərin sözügedən mübahisəli yaşayış sahəsindən istifadə hüquqları mövcud deyil. Obyektiv cəhətdən mövcud olmayan hüquq(lar)a məhkəmə qaydasında xitam verilməsi imkanı isə istisna olunur.

Apellyasiya şikayətinin dəlilləri:

5. Cavabdehlər cavabdeh2 və cavabdeh1 qətnamədən şikayət verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdilər.

6. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, ev 44A ünvanında yerləşən konstruktiv cəhətdən vahid tikili ümumi sahəsi 288.60 kv.m olan fərdi yaşayış evinin 39.7 kv.m-i paylı mülkiyyət hüququ ilə qardaşı İddiaçı məxsus olsa da, həmin yaşayış sahəsinin alınmasında onun da haqqı olmuşdur. O uzun illər üç qardaşına baxıb, buna görə də iddiaçı onun həmin ünvanda yaşamağına icazə vermişdir. Belə ki, mübahisəli əmlak 1971-ci ildə alınmışdır, 1971-ci ildən də elə o həmin ünvanda yaşamağa başlayıb. 1983-cü ildə cavabdeh1 ilə ailə qurub. Daimi olaraq Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, ev 44A ünvanında yaşayıb, ailə qurduqdan sonra da həmin ünvanda yaşamağa davam edib. 1988ci ildən yoldaşı və uşaqları da həmin ünvanda yaşamışlar. İki övladı var, hər iki övladı həmin ünvanda yaşayaraq orada böyüyüblər. Hesab edir ki, iddiaçının torpaq sahəsinin boşaldılması tələbi ilə bağlı yaranmış mübahisəyə 2009-cu il # #######adək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. Uzunmüddətli, fasiləsiz və açıq şəkildə yaşayış yalnız faktiki hal deyil, eyni zamanda əvvəlki qanunvericiliyə (SSRİ dövrünün Mənzil Məcəlləsi və sonrakı keçid normaları) əsasən istifadə hüququnun yaranmasına səbəb olmuşdur. Məhkəmə bu hüquqi nəticəni ümumiyyətlə qiymətləndirməmişdir. Mübahisəli əmlak üzrə tərəflər qardaş–bacı münasibətindədir. Mübahisəli əmlak ailə üzvləri arasında formalaşmış yaşayış münasibətləri çərçivəsində istifadə olunmuşdur. İddiaçı uzun illər ərzində onun və ailəsinin həmin ünvanda yaşamasına etiraz etməmiş, əksinə razılıq vermişdir. Beləliklə, tərəflər arasında səssiz razılaşma əsasında istifadə hüququ formalaşmışdır. Bu razılıq əsasında isə onlar bütün ailə qazancını həmin ünvanın bərpasına sərf ediblər. Otaqlardan birini, mətbəxi, dəhliz və vanna otağını digər qardaşı Rzayev Taryelin köməkliyi ilə tikiblər, evin bütün qapı, pəncərəsini, kombi sistemini, elektrik xəttini, kanalizasiya sistemini özləri çəkiblər, evdən çölə çıxmaq üçün pilləkən yığdırıblar, evin suyu olmadığı üçün su çəkdirərək sayğac qoydurublar, suvağını qaşıtdırıb suvaq vurdurublar, evin qonşuya açılan iki pəncərəsini öz vəsaiti ilə tikdirib, ev telefonu, interneti çəkdiriblər. Bir sözlə, evi əsaslı şəkildə təmir etdiriblər. Bütün bu təmir və tikinti işləri görən zaman iddiaçı olan qardaşı bunların hamısını görmüş, onlara hər hansı etiraz etməmiş, bütün qazancını və ömrünü bu evə sərf etdikdən və evi yaşayışa yararlı hala saldıqdan sonra iddia qaldıraraq torpaq sahəsinin boşaldılmasını tələb etmişdir. Yaşadığı tikiliyə aid olan telefon xətti və internet də onun adınadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin və məhkəmə təcrübəsinin tələblərinə görə, uzun müddət səssiz razılıqla formalaşmış istifadə hüququ sonradan qəfil xitam verilə bilməz. Birinci instansiya məhkəməsi bu hüquqi mövqeyi nəzərə almamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

8. İş üzrə icraatın iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və cavabdeh cavabdeh2 məhkəməyə EMİS vasitəsilə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, habelə şifahi qaydada məhkəməyə müraciət edərək, digər cavabdeh cavabdeh1 səhhətindəki problemlərlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini və apellyasiya şikayətindən imtina olunmasına dair ərizənin onun tərəfindən müdafiə edildiyini bildirmişdir, digər tərəflər isə məhkəmə iclasında iştiraklarını təmin etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

10. Cavabdeh cavabdeh2 elektron kabinet vasitəsilə vəsatətlə məhkəmə kollegiyasına müraciət edərək bildirmişdir ki, hər iki cavabdeh - cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətindən imtina edir.

11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, cavabdehlər cavabdeh2 və cavabdeh1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyindən iş üzrə apellyasiya icraatına xitam verilməlidir.

12. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA A L D İ:

Cavabdehlər cavabdeh2 və cavabdeh1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar