Məhkəmə qərarları › İş №e-2(3-6)-1879/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1879/2026

24.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1879/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 İbrahim qızı və cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış məbləğin tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 katibliyi ilə İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 İbrahim qızı və cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli, *(***)-****/**** nömrəli əmrindən görünür ki, borclular ##.##.1981-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında yaşayan cavabdeh2 İbrahim qızından və ##.##.1976-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan cavabdeh1 604 manat məbləğində əsas borc, 21 manat məbləğində dövlət rüsumu, cəmi 625 manat məbləğində pulun tutularaq kreditor ##.##.1978-ci ildə Ermənistan Respublikasının Quqark rayonunda anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 50/14 ünvanında yaşayan İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır.

2. cavabdeh2 İbrahim qızı və cavabdeh1 tərəfindən Xəzər Rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli, *(***)-****/**** nömrəli icra sənədi üzrə tələblər tam icra edildiyindən, İddiaçı ##.##.2024-cü il tarixdə icra işinə xitam verilməsi barədə ərizə ilə Xəzər rayon İcra şöbəsinə müraciət etmişdir.

3. ##.##.2025-ci il tarixli pretenziya məktubuna əsasən, məhkəmə qərarının icrası 138 ay gecikdirildiyindən, 359,37 manat məbləğində hesablanmış faiz borcunun cavabdeh2 İbrahim qızı və cavabdeh1 tərəfindən bildiriş alındığı tarixdən 5 gün müddətində tələbkar İddiaçı ödənilməsi xahiş olunmuşdur. Əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 İbrahim qızı və cavabdeh1 qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni qüvvəsini almış məhkəmə qərarının icrası gecikdirilərək icra olunduğunu nəzərə alaraq, cavabdeh(lər) cavabdeh2 İbrahim qızı və cavabdeh1 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən, hesablanan 359,37 manat məbəğində (5%) faiz borc, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 1,8 manat məbəğində pul və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 30 manat məbəğində dövlət rüsumu və 0,4 qəpik bank xidmət haqqı olmaqla cəmi 391,57 manat məbəğində pul tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) İddiaçı (Sunny Electronics) mağazası cavabdeh cavabdeh2 İbrahim qızı arasında bağlanmış ##.##.2013-cü il tarixli, **** saylı alqı-satqı müqaviləsinə əsasən borcluya 714 manat dəyərində olan aldığı malın dəyərinin ödənilməsi məqsədi ilə 12 ay müddətinə hissə-hissə ödənilməsilə bağlı üzərinə öhdəlik götürmüşdür. Həmin müqavilənin təminatı olaraq cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etsə də, cavabdeh(lər) müqavilənin şərtlərini pozaraq kreditin ödənilməsinə ayrılmış aylıq qrafik üzrə ödənişlərdən yayınmışdılar. Daha sonra gecikdirilmiş borcun ödənilməsi üçün məhkəməyə müraciət olunmuş və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003) ****/**** saylı, ##.##.2013-cü il tarixli məhkəmə qərarına əsasən, borclular cavabdeh2 İbrahim qızı və cavabdeh1 cəmi 625 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. Qəbul olunmuş məhkəmə əmri qanuni qüvvəsini almış və 11 il, 06 ay, yəni (138 ay) müddətində ##.##.2024-cü il tarixdə icra olunmuşdur (ödənilmişdir). Cavabdeh(lər) qəbul olunmuş məhkəmə qərarı üzrə məbləği zamanında ödəyərək icra etsəydilər iddiaçı, öz sahəsində istifadə etməklə daha çox gəlir əldə edə bilərdi. Lakin cavabdeh(lərin) məhkəmə qərarı üzrə öhdəliyinizi icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə iddiaçı, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə kreditora ödənilən 625 manat borca görə məhkəmə qərarı qanuni qüvvəsini aldığı müddətdən icra olunanadək illik 5 (%) faiz hesablanmaqla məhkəmə qərarı üzrə ümumi məbləğdən əlavə faiz ödənilməlidir. Bu da, (625 azn x 0,05 % = 31,25 azn / 12 ay = 2,60 azn x 138 ay = 359,37 azn) təşkil edir. Bununla bağlıqanunvericilikdə nəzərə tutulmuş qaydada, işin məhkəmədən kənar həll olunması üçün cavabdeh(lərə) rəsmi qaydada bildiriş (pretenziya) göndərilmiş və 5 (beş) gün müddətində icra olunması (ödənilməsi) xahiş olunmasına baxmayaraq, cavabdeh(lər) icra etməmişlər (ödəməmişlər).

6. Cavabdeh cavabdeh1 iddiaya qarşı etiraz verərək, Xəzər Rayon Məhkəməsinin icraatında olan e-*(***)-****/**** nömrəli kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş mülki işin iddia icraatı qaydasında araşdırılmasını xahiş etmiş, həmçinin göstərmişdir ki, borcu tam şəkildə ödəmişdir, iddia ərizəsində yazılanlar ilə razı deyil.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə hazırki mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

8. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim N.F.Əsgərov) iddia ərizəsi təmin edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən gecikdirilmiş dövr üçün faiz borcu tələb olunduğundan cavabdehlər tərəfindən icra sənədi üzrə öhdəliklərin iddia ərizəsində qeyd olunan müddətdə icra edilməməsi sübuta yetirilməlidir. İddiaçı tərəfindən bununla bağlı iş materiallarına sözügedən məhkəmə əmri və pretenziya məktubu əlavə edilsə də, həmin dəlillər cavabdehlər tərəfindən icra sənədi üzrə icra prosesinin gecikdirilməsini təsdiq edən edən sübutlar deyildir. Belə ki, məhkəmə aktının qanuni qüvvəyə mindiyi gündən ərizə ilə məhkəməyə müraciət edildiyi günə kimi pul məbləğinin ödənilmədiyi, qismən ödənildiyi və ya gecikdirildiyi, habelə bununla əlaqədar olaraq məhkəmə aktı üzrə icra icraatına başlanılması, icraata başlamaq haqqında qərar qəbul edilməsi, bildiriş verilməsi, icra çərçivəsində müvafiq icra tədbirləri görülməsi və nəticədə aktın icra olunmaması ərizəçi tərəfindən sübuta yetirilməlidir. Qeyd olunan səbəblərdən iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

10. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən, məhkəmənin qəbul etdiyi aktların icrası məcburidir və onların icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməli, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin etməklə, bu barədə borcluya bildiriş verməl, habelə icraata başlamaq haqqında qərarın surətini qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərməlidir. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. İcra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu inzibati qaydada məsuliyyətə cəlb oluna bilər. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu məhkəməyə şikayət verə bilər. Lakin iddiaçı tərəfindən iddia ərizəsində qeyd etmiş olduğu 138 ay müddətində icra sənədinin cavabdehlər tərəfindən icrasının gecikdirilməsi ilə bağlı hər hansı hərəkətlərin edilməsini təsdiq edən dəlil iş materiallarında mövcud deyildir.

11. Məhkəmə gəldiyi nəticəni “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 6, 8.2, 8.3, 12.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə borclunun gecikdirməsi nəticəsində kreditorun əmlak zərərinə məruz qalmasını nəzərə almamış və zərərin tam ödənilməsi prinsipini tətbiq etməmişdir. Pul öhdəliyinin mövcudluğu və kreditorun icranı tələb etmək hüququ düzgün hüquqi qiymətləndirilməmişdir. Öhdəliyin gec icrası faktı müəyyən olunsa da bunun hüquqi nəticələri tətbiq edilməmişdir. Borclunun gecikdirməyə görə məsuliyyəti nəzərə alınmamışdır. Gecikdirilmiş pul öhdəliyinə görə i lik 5% faiz tutulması barədə norma tətbiq edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icra məmuru icra sənədini aldığı gündən etibarən qısa müddət ərzində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Qanunvericinin iradəsi ondan ibarətdir ki, məhkəmə qərarları operativ və effektiv icra olunmalıdır. Lakin konkret işdə məhkəmə qərarı 138 ay sonra icra edilmişdir ki, bu, qanunun məqsədinə, mahiyyətinə və ruhuna açıq şəkildə ziddir. Məhkəmə bu faktı qeyd etsə də, onun hüquqi nəticəsini müəyyən etməmiş, yəni gecikmənin hüquqi məsuliyyət doğurmasını araşdırmamışdır. Bu isə maddi hüquq normasının formal tətbiqi, lakin mahiyyət üzrə tətbiq edilməməsi kimi qiymətləndirilməlidir. İcra məmuru icraata başlamaq barədə qərar qəbul etməli və borcluya bildiriş verməlidir. Bu mexanizm borclunun vaxtında icra etməsini təmin etmək məqsədi daşıyır. Lakin iş materialarında bu mexanizmin effektiv tətbiq olunub-olunmaması araşdırılmamışdır. Məhkəmə bu mühüm hüquqi mexanizmi nəzərə almadan nəticəyə gəlmişdir. Bu isə maddi hüququn natamam tətbiqidir. Mülki hüququn fundamental prinsiplərinə görə heç bir şəxs digər şəxsin hesabına əsassız varlanmamalıdır. Cavabdehlər uzun illər ərzində borcu ödəməməklə faktiki olaraq onun vəsaitindən istifadə etmişlər. O isə həmin vəsaitdən istifadə etmək imkanından məhrum olmuşdur. Bu vəziyyət iqtisadi baxımdan ona zərər vurmuşdur. Məhkəmə bu zərəri nəzərə almadan iddianı rədd etməklə ədalətlilik və hüquqların balansı prinsipini pozmuşdur. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcələsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün i lik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. O, məhkəməyə təqdim etdiyi sənədlərlə məhkəmə qərarının uzun müddət icra olunmadığını göstərmişdir. Qətnamənin özündə də icranın 138 ay sonra baş verdiyi qeyd olunmuşdur. Bu halda sübutetmə yükü cavabdehlərin üzərinə düşməli idi ki, onlar borcu vaxtında ödədiklərini sübut etsinlər. Lakin məhkəmə sübutetmə yükünü yanlış tətbiq edərək onu iddiaçının üzərində saxlamışdır. Bu isə prosessual hüququn kobud pozuntusudur. Qətnamə iş üzrə müəyyən edilmiş halara uyğun əsaslandırılmalıdır. Lakin konkret halda məhkəmə faktları qeyd etsə də, nəticə ilə həmin faktlar arasında məntiqi əlaqə qurmamışdır. Yəni 138 aylıq gecikmə faktı ilə iddianın rədd edilməsi arasında hüquqi əsaslandırma mövcud deyildir. Bu isə qətnamənin əsaslandırılmamış olduğunu göstərir. Məhkəmə əsassız olaraq belə nəticəyə gəlmişdir ki, gecikmə sübut edilməmişdir. Halbuki iş materialarından açıq şəkildə görünür ki, məhkəmə qərarı yalnız ##.##.2024-cü il tarixdə icra olunmuşdur. Bu fakt gecikməni təsdiq edir və əlavə sübut tələb etmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq iş çoxluğu ilə əlaqədar üzürlü səbəbdən qeyd olunan tarixdə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məlumat vermiş, işə onun iştirakı olmadan baxılmasını və şikayətin təmin edilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli Qərarı: Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı işdə iddia təmin edilmədiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. İşdən görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli, 2(003) ****/**** nömrəli qanuni qüvvəsini almış məhkəmə əmri ilə borclular cavabdeh2 İbrahim qızı və cavabdeh1 cəmi 625 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır.

23. İddiaçı iddia tələbini belə əsaslandırır ki, məhkəmə əmri 138 ay müddətində icra edilməmiş, ##.##.2024-cü il tarixdə öhdəlik icra olunmuşdur. Cavabdehlərin öhdəliyi zamanında icra etməməsi səbəbindən pulu dəyərləndirə bilməmiş, öz vəsaitindən istifadə etməklə daha çox gəlir əldə edə bilmək imkanından məhrum olmuşdur. Hazırda məhkəmə qərarı qanuni qüvvəsini aldığı müddətdən icra olunanadək illik 5 faiz hesablanmaqla məhkəmə qərarı üzrə ümumi məbləğdən əlavə faiz ödənilməsini xahiş edir.

24. Kollegiya qeyd edir ki, iddia Mülki Məcəllənin 445.7-ci maddəsinə əsaslanmaqla gecikdirilmiş müddət üçün illik beş faiz məbləğinin tutulmasına yönəlmişdir. Həmin norma yalnız borclunun pul öhdəliyinin icrasını gecikdirməsi faktı sübuta yetirildikdə tətbiq oluna bilər. Bu baxımdan, kreditor ilk növbədə pul öhdəliyinin hansı müddətdə icra olunmadığını və gecikmənin davam etdiyi dövrü sübut etməlidir.

25. Lakin iş materiallarından görünür ki, cavabdehlərin uzun illər məhkəmə əmrini icra etməməsi barədə, belə ki, icraata başlamaq haqqında qərarın qəbul edilməsi və cavabdehlərə bildiriş verilərək könüllü icrası üçün müddət təyin edilməsi, icra çərçivəsində məcburi icra tədbirlərinin görülməsi, tələbkar tərəfindən icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət edilib-edilməməsi barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

26. Tələbkarın “icra işinə xitam verilməsi” barədə ##.##.2024-cü il tarixli ərizəsi özözlüyündə öhdəliyin məhz həmin tarixdə icra edildiyini təsdiq edən sübut hesab edilə bilməz. İcra sənədi üzrə tələbin hansı tarixdə icra olunması isə iş materialları ilə sübuta yetirilməmiş, icra işinə xitam verilməsi barədə qərar, icra məmurunun aktı, ödənişi təsdiq edən qəbz və s. təqdim edilməmişdir.

27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

28. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

29. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 372, 382, 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar