Məhkəmə qərarları › İş №e-2(3-6)-1903/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1903/2026

09.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1903/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İlham oğluna qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İlham oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 yanvar 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İlham oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və Cavabdeh İlham oğlu arasında olan ##.##.2024-cü il tarixli müqavilə üzrə cavabdeh tərəfindən 3878 (üç min səkkiz yüz yetmiş səkkiz) manat pul vəsaitinin iddiaçıya geri qaytarılması, bundan əlavə həmin pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş 5 % hissəsi olan 194 manat, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi 7,5 % hissəsi olan 271 manat, vəkilə ödənilən 320 manat, cəmi 4663 (dörd min altı yüz altmış üç) manat pul vəsaitinin, dövlət rüsumu qismində ödənilmiş 66,63 manat pul vəsaitin cavabdeh Cavabdeh İlham oğlundan tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı bakalavr və magistr dərəcəsini bitirdikdən sonra doktorantura təhsilini xarici ölkədə davam etdirmək üçün 2024-cu ilin iyun-iyul aylarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh İlham oğlunun idarə etdiyi “Hope Academy” adlı quruma müraciət etmişdir. Özünü onlara, yəni dostları Kamran Rzayevə və Xeybər Məmmədnağıyevə həmin şirkətin rəhbəri kimi təqdim edən Cavabdeh İlham oğlu onları Avropa və ya ABŞ-da yerləşən kolleclər və ya universitetlərdə doktorantura təhsili ilə təmin edəcəyinə köməklik göstərəcəyini bildirmişdir. Bu səbəblə iddiaçı İddiaçı ilə “Hope Academy”-nin rəhbəri Ülvi Mahmudov arasında ## #### 2024-cü il tarixli ***-*** saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh 1 il müddətində yəni ##.##.2025-ci il tarixədək X4 və ya Amerika universitetlərində doktorantura təhsilinə qəbul etdirəcəyi öhdəliyini öz üzərinə götürmüşdür. Həmin tarixdə İddiaçıla birlikdə onun tanışları Xeybər Məmmədnağıyev və Kamran Rzayev də müqavilə bağlamışdır. Məhkəməyə təqdim etdiyi ##.##.2024-cü il tarixli *********** №-li qəbzdən görünür ki, iddiaçı İddiaçı özünün və Xeybər Məmmədnağıyevin müqavilə üzrə hər birinin ayrı-ayrılıqda 1600 manat ödənişini (cəmi 3200 manat) Cavabdeh kart hesabına göndərmişdir. Bundan sonra 2024-cü ilin avqust ayında Cavabdeh İddiaçı müraciət üçün universitetə ayrıca 500 avro ödəniş etməli olduqlarını bildirmişdir. Məhkəməyə təqdim etdikləri ##.##.2024-cü il tarixli *********** №-li qəbzdən görünür ki, İddiaçı Cavabdeh kart hesabına 546 dollar (həmin günün məzənnəsinə əsasən 500 avro) Cavabdeh kart hesabına göndərmişdir. Qeyd edilən hadisədən 2-3 ay müddət ərzində Cavabdeh iddiaçıya narahat olmamasını işlərin davam etdiyini bildirmiş, 2024-cü ilin noyabr ayında universitetlərə müraciət üçün ayrıca niyyət məktubunun (proposal letter) yazılmalı olduğunu və buna görə ayrı 350 manat ödəniş edilməli olduğunu bildirmişdir. Məhkəməyə təqdim edilmiş ##.##.2024-cü il tarixli *********** №-li qəbzdən görünür ki, İddiaçı özünün və Xeybər Məmmədnağıyevin hər birinin ayrı-ayrılıqda 350 manat (cəmi 700 manat) pul vəsaitini Cavabdeh kart hesabına göndərmişdir. Daha sonra Musafa Aslanov Cavabdehla telefonda danışdıqları zaman ona sənədlərin toplanması və göndərilməsi üçün dostları ilə birlikdə hərəsinin əlavə 1000 manat pul ödəməli olduqlarını bildirmişdir. Onlar isə artıq müəyyən qədər pul ödədikləri üçün həmin pulların batmamasından ötrü Ümidin tələbi ilə məcburən razılaşmışlar. İddiaçı dostları Kamran Rzayev, Xeybər Məmmədnağıyev və X3 ilə birlikdə təxminən 2024-cü ilin noyabr ayında Cavabdeh fəaliyyət göstərdiyi Yasamal rayonu Tbilisi prospekti 27 ünvanında yerləşən "ASK" Plazaya getdikdə onlara işlərin uğurla davam etdiyini bildirmiş, bu zaman İddiaçı Xeybər Məmmədnağıyev, Kamran Rzayevlə birlikdə hər biri ayrıayrılıqda 1000 manat, cəmi 3000 manat pul vəsaitini nağd şəkildə Cavabdeh vermişlər, həmin vaxt yanlarında tanışları X3 da olmuşdur. 2025-ci ilin fevral ayında İddiaçı məlum olmuşdur ki, Cavabdeh 546 ABŞ dolları (hazırki məzənnəyə əsasən 928 manat) və 2950 manat pul vəsaiti ödəməsinə baxmayaraq, Ümid pulları alandan sonra heç bir iş görməmiş, İddiaçı cavabdehə zəng edib hər dəfə işin gedişatı ilə maraqlananda müxtəlif bəhanələrlə onu aldatmağa və vaxtı uzatmağa başlamışdır. Beləliklə, bir müddət sonra o, dostları ilə birlikdə Cavabdeh tərəfindən aldadıldığını başa düşmüş, sonuncu ilə əlaqə saxlayaraq pullarını geri qaytarmasını tələb etmişlər. Cavabdeh əvvəlcə üzrxahlıq edərək və onları arxayın edərək pullarını geri qaytaracağını bildirsə də, sonradan yenə onları müxtəlif bəhanələrlə aldadaraq pullarını geri qaytarmamışdır. Məhkəməyə təqdim edilmiş Yasamal RPİ-nin ## #### 2025-ci il tarixli qərarından görünür ki, İddiaçı, Kamran Rzayev və Xeybər Məmmədnağıyev dələduzluqla üzləşdiklərini düşünərək Yasamal RPİ-yə müraciət etmişlər, Cavabdeh aldığı pulları və müqavilə üzrə öhdəliklərin yerinə yetirilmədiyini etiraf etmiş, cinayət işinin başlanmasından imtina edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Mərkəzi Bankının saytından götürülmüş çıxarışdan görünür ki, 2024-2025-ci illər arasında ortalama bank uçot dərəcəsi 7.5 %-dir.

3. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)- ****/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 1278 (bir min iki yüz yetmiş səkkiz) məbləğində pul vəsaiti, həmin pulun geckdirilməsinə görə 39.4 (otuz doqquz manat 40 qəpik) manat faiz, göstərilən hüquqi xidmətə görə ödənilmiş 320 manat və dövlət rüsumunun 21 manat hissəsi, ümumilikdə 1658.4 (bir min altı yüz əlli səkkiz manat 40 qəpik) manat cavabdeh Cavabdeh İlham oğlundan iddiaçı İddiaçı xeyrinə ödənilməsi,iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, iddiaçı İddiaçı xarici ölkədə doktorantura təhsili almaq üçün cavabdehin rəhbərlik etdiyi şirkətə müraciət etmiş, tərəflər arasında müqavilə imzalanmışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh iddiaçının xaricdə təhsil alması üçün müəyyən prosedurların həyata keçirilməsi ilə bağlı, iddiaçı isə bu xidmətin qarşılığı olaraq pul vəsaiti ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Həm təqdim edilmiş qəbzlərlə, həm də təhqiqatçı tərəfindən aparılmış araşdırma zamanı tərəflərin verdiyi izahatlarla nağd şəkildə verilməsi iddia olunan 1000 manat istisna olmaqla, cavabdehin iddiaçıdan qalan pulu (1600 manat, 546 ABŞ dolları və 350 manatı) alması öz təsdiqini tapmışdır. Beləlikdə, iddiaçının cavabdehə ödəniş etməsi işin mübahisəsiz halıdır. Məhkəmə araşdırması zamanı cavabdeh verdiyi izahatda pulu aldığını, lakin iddiaçının xaricdə doktorantura təhsili almasının məhz cavabdehin tələb olunan sənədləri vaxtında təqdim etməməsi, yəni cavabdehin özünün təqsiri ucbatından baş tutmamasını bildirmişdir. Məhkəmə iş materiallarının tədqiqi nəticəsində belə qənaətə gəlir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması və öhdəliyin icra edilməməsi halı müəyyən edilməmişdir. Belə ki, müqavilədə göstərilən xidmətin dəyəri olaraq 1600 manat vəsait iddiaçı tərəfindən cavabdehə ödənilmiş, cavabdeh də müqavilə üzrə öhdəliklərinin icrasına başlamışdır. Lakin iddiaçının müqavilədə qeyd edilən şərtlərə müvafiq olaraq tələb edilən sənədləri təqdim etməməsi nəticəsində cavabdeh öhdəliyini tam şəkildə icra edə bilməmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə dinlənilmiş səs yazılarında da cavabdehin iddiaçıdan rəsmiləşdirməni tamamlamaq üçün niyyət məktubunun onun tərəfindən hazırlanaraq təqdim edilməli olduğunun iddiaçının nəzərinə çatdırıldığı müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə əsasən tərəflər razılaşdırmışlar ki, əgər Sifarişçi göstərilən zamanda tələb olunan sənədləri təqdim edə bilməzsə, İcraçı bu müqavilə ilə əlaqədar edilən ödənişi geri qaytarılmamaq şərti ilə prosesi dayandırma və müqaviləni ləğv edə bilmə hüququna malikdir. Həmçinin müqavilənin 3.3-cü bəndinə görə bu müqavilənin 3.2-ci bəndinə əsasən ödənilən məbləğ (1600 manat), İcraçının xidmət haqqıdır və şirkətdən asılı olmayan səbəblərdən, Sifarişçi müqavilədən hər hansı bir səbəbə görə imtina edərsə, ödənilən xidmət haqqı geri qaytarılmır. Odur ki, məhkəmə müqavilədə göstərilən 1.600 manat vəsaitin cavabdehdən tərəfindən iddiaçıya qaytarılmasını əsaslı hesab etmir. Tələb olunan digər məbəğlərə - 928 manat (546 ABŞ dollarının Azərbaycan manatına uyğun ekvivalenti) və 350 manat pulun ödənilməsinə gəldikdə məhkəmə qeyd edir ki, həmin məbləğlərin verilməsi tərəflər arasında bağlanmış müqavilədə şərtləndirilmədiyindən həmin hissədə iddianın hüquqi əsasını əsassız varlanma ilə bağlı Mülki Məcəllənin normaları təşkil edir. Qeyd edilməlidir ki, cavabdeh həmin hissədə iddianı etiraf etmişdir və həmin pul vəsaitlərinin iddiaçıya qaytarmağa hazır olduğunu bildirmişdir. Belə olan halda məhkəmə 928 manat və 350 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab edir. İddia tələbinin “1000 manatın cavabdehdən tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bu halda sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddia etdiyi həmin pul vəsaitini cavabdehə verdiyini sübut etməlidir. İddiaçı 1000 manat pulu nağd şəkildə cavabdehə pulu verdiyini bildirsə də, tərəfindən həmin pulun cavabdehə verilməsi ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda da hazırki iş üzrə cavabdehin izahatı, habelə pulu almasını etiraf etməsi öz əksini tapmamışdır. Məhkəmə iclasında da cavabdeh həmin hissədə iddianı qəbul etməmişdir. Göründüyü kimi bank uçot dərəcəsi ilə müəyyənləşdirilmiş faizlərin tələb olunması üçün cavabdehin hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur ki, iddia irəli sürmüş şəxs öhdəliyi icra etməmiş şəxsin bu cür faydalanmasını sübuta yetirməlidir. Lakin iddiaçı cavabdehin öhdəliyini gec icra etməsinin səbəbləri, yəni cavabdehin qərəzli olaraq öhdəliyi gec icra etdiyini, öhdəliyin icrasından yayınmasını, təqsirli olaraq hərəkətə (hərəkətsizliyə) yol verməsi kimi vacib olan halları sübuta yetirə bilməmiş və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də həmin hissədə iddia təmin edilə bilməz. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 390.1, 390.5, 405.1, 407.2, 442, 445, 448.1, 449.1, 449.2, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 52.2, 77.1, 106.3, 191.3, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ

6. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 yanvar 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin rədd edilmiş hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı iltarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh İlham oğluna qarşı "pul tələbi"nə dair iddiası qismən təmin edilmiş, lakin xidmət haqqı kimi mənimsənilmiş məbləğ və digər qanuni tələblər əsassız olaraq rədd edilmişdir. Hesab edirik ki, məhkəmə işin faktiki hallarını birtərəfli araşdırmış, cavabdehin sübutsuz iddialarına hüquqi qiymət verməmişdir. Məhkəmə iclası zamanı cavabdeh Cavabdeh öhdəliklərin icra olunmamasını iddiaçının sənədləri vaxtında təqdim etməməsi ilə əsaslandırmağa çalışmışdır. Lakin AR MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz etirazlarının əsasını təşkil edən halları sübut etməlidir. Cavabdeh iddiaçıya sənədlərin təqdim edilməsi barədə nə vaxt müraciət etdiyini, hansı sənədlərin çatışmadığını və ya icranın məhz hansı sənədə görə ləngidiyini təsdiq edən heç bir yazılı sübut (məktub, bildiriş, elektron yazışma və s.) məhkəməyə təqdim etməmişdir. Sübut olunmamış iddiaların məhkəmə tərəfindən əsas götürülməsi prosessual hüquq normalarının kobud pozuntusudur. Cavabdeh qəbul prosesinin gecikməsini iddiaçının "proposal letter"i (təklif məktubu) gecikdirməsi ilə əlaqələndirmişdir. Lakin diqqətə çatdırırıq ki, cavabdeh məhz həmin "proposal letter"in yazılması və hazırlanması xidmətinə görə iddiaçıdan ödəniş almışdır. Burada məntiqi və hüquqi bir ziddiyyət yaranır: Əgər bu sənədin hazırlanması iddiaçının öhdəliyində idisə, cavabdeh nəyə görə həmin xidmət üçün ödəniş tələb etmiş və almışdır? Əgər ödəniş bu xidmətə görə alınıbsa, deməli sənədin hazırlanması məsuliyyəti birbaşa cavabdehin üzərində olmuşdur. Öz üzərinə götürdüyü və haqqını aldığı öhdəliyi icra etməməkdə qarşı tərəfi təqsirləndirmək cavabdehin məsuliyyətdən yayınmaq cəhdidir. Məhkəmə xidmət haqqı məbləğinin cavabdehdə qalmasını qanuni hesab etmişdir. Lakin tərəflər arasındakı müqavilənin mahiyyəti "nəticəyə nail olmaq" (universitetə qəbul) üzərində qurulmuşdur. Müvafiq xidmət göstərilməmiş, qarşıya qoyulan məqsədə çatılmamış və iddiaçının təhsil almaq imkanları itirilmişdir. İcra edilməyən, hətta gecikməsinə görə əsassız bəhanələr gətirilən bir xidmət üçün haqq ödənilməsi Mülki Məcəllənin 442-cimaddəsinin ruhuna ziddir. Cavabdeh həm pulu mənimsəmiş, həm də öhdəliyin icra edilməməsində əsassız olaraq iddiaçını günahlandıraraq məhkəməni yanıltmağa nail olmuşdur. : İddiaçı tərəfindən ödənilmiş vəsaitlərin cavabdehin sərəncamında qaldığı müddət ərzində iddiaçıya dəymiş zərər (inflyasiya və vəsaitdən istifadə imkanının itirilməsi) tam qarşılanmamışdır. Məhkəmənin hesabladığı 39,4 manat faiz real zərərlə mütənasib deyil və Mülki Məcəllənin 445.7-ci və 449-cu maddələrinin tələblərinə cavab vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsininbəzi müddəalarının şərh olunmasına dair” ##.##.2009-cu il tarixli qərarında göstərilmişdir ki, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. MPM-in76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Lakin məhkəmə qərar qəbul edərkən işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların birbaşa mövcud olduğunu nəzərə almamışdır. Bundan əlavə həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Lakin cavabdeh öz fikirlərini əsaslandıracaq sübut təqdim etməmiş, məhkəmə isə sübut olmadan müqavilə haqqı hissəsində onun xeyrinə qərar vermişdir. Məhkəmə cavabdehin "işin gecikməsi iddiaçının sənəd təqdim etməməsi ilə bağlıdır" şəklindəki əsassız iddialarını heç bir maddi sübut olmadan qəbul etmişdir. AR MPM-nin 77.1-ci maddəsinə əsasən, cavabdeh bu iddiasını yazılı bildiriş və ya rəsmi müraciətlə sübut etməli olduğu halda, məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Xüsusilə, cavabdeh "proposal letter"in (təklif məktubunun) gecikdirilməsini bəhanə gətirsə də, həmin sənədin hazırlanması üçün iddiaçıdan ayrıca pul almışdır. Ödənişi alınmış bir xidmətin icrasını iddiaçının üzərinə yıxmaq həm məntiqi ziddiyyətdir, həm də cavabdehin əsassız varlandığını sübut edir. Bu səbəbdən, icra olunmayan xidmətə görə 1600 manat xidmət haqqının cavabdehdə saxlanılması qanunsuzdur. Qeyd edilənlərə əsasən, qətnamənin rədd edilmiş hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş edilmişdir.

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müqavilə üzrə xidmət haqqı olan 1600 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində müdafiə edərək, həmin hissənin təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etmir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

11. X2, İddiaçı və Məmmədnağıyev X9 RPİ-yə ərizə ilə müraciət edərək "Hope Academy" təşkilatının rəhbəri Cavabdeh İlham oğlunun onları Avropa və ABŞ-da doktorantura təhsili alması üçün köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq pul vəsaitlərini ələ keçirdiyini bildirmişlər. Aparılan araşdırma zamanı izahatı alınmış Cavabdeh İlham oğlu bildirmişdir ki, İddiaçı və Xeybər Məmmədnağıyev eyni qaydada şirkətə müraciət edərək xidmətlərdən yararlanmaq istəmiş, ## #### 2024-cü il tarixində aralarında xidməti müqavilə imzalanmış və bunun müqabilində müqavilə imzalanan tarixdə hər biri ayrıayrılıqda onun bank kartının hesabına 1600 (bir min altı yüz) manat ödəniş etmişdir. Bundan sonra ## ###### 2024cü il tarixində universitetlərin qeydiyyat rüsumları üçün hər birinin 500 avro pul ödəməli olduğunu bildirmiş və ## ###### 2024-cü il tarixdə İddiaçı və Xeybər Məmmədnağıyev eyni qaydada onun bank kartının hesabına 500 avro pul köçürmüşdür. Onun tərəfindən xidmət haqqı müqabilində vətəndaşlar üçün universitet siyahısının hazırlanması, motivasiya və tövsiyə məktublarının yazılması işlərini icra edib özlərinə göndərmişdir. ## #### 2024-cü il tarixində İddiaçı və Xeybər Məmmədnağıyevdən universitet qeydiyyatları üçün müəyyən sənədlər dəfələrlə tələb olunduğu halda, ## ###### 2024-cü il tarixinədək tələb olunan sənədləri ona təqdim etmədiyinə görə universitet qeydiyyatları və digər proseslərə davam edə bilməmişdir. X5 qəbul və qeydiyyatla bağlı yubanma səbəbi sonuncunun səhlənkarlığı ucbatından baş vermişdir. O, şirkət rəhbəri olaraq öz üzərinə düşən öhdəliyi müəyyən qədər yerinə yetirmiş, geri qalan işlər isə sırf müştərinin hərəkəti ilə icra olunmalı olmuşdur.

12. Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqəta şöbəsinin ##.##.2025-ci il tarixli qərarının surətinə əsasən X2, İddiaçı və İddiaçı müraciətləri əsasında toplanmış HK-1/360, HK-1/361 və HK-*/*** saylı materialda və Cavabdeh İlham oğlunun əməlində cinayət hadisəsi olmadığından, Azərbaycan Respublikası CPM-nin 39 1.1-ci maddəsinin tələblərinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı İddiaçı (sifarişçi) ilə cavabdeh Cavabdeh İlham oğlu - “Hope Academy” (icraçı) arasında ##.##.2024-cü il tarixli ***-*** saylı müqavilə bağlanmış, müqaviləyə əsasən, müqavilənin müddəalarını nəzərə almaq şərti ilə, İcraçı kollec və universitetlərdə və ya dil kurslarında təhsil proqramının seçilməsi, və təhsil alınan ölkədə, təhsil aldığı müddətdə tələbə yataqxanası məsələləri ilə əlaqədar Sifarişçiyə məsləhət xidmətləri göstərir, həmçinin, həmin təhsil müəssisəsində Sifarişçi üçün müvafiq kursu rezervasiya etməklə, təhsil müəssisəsinə qəbul üçün zəruri sənədlərin siyahısını təqdim edir. Müqavilə imzalandığı anda Sifarişçinin qəbul prosesi üçün, Avropa, Amerikada yerləşən Kolleclər ilə danışıqlar aparılır və proses sonunda Sifarişçinin doktorantura təhsil proqramına qəbulu alınacaqdır. Sifarişçi, şirkətin xidmət haqqı olan 1600 AZN (bir min altı yüz manat) məbləği ##/##/2024 tarixində tam olaraq şirkətə ödəyir. Şirkətin xidmət haqqı tam ödənildikdən sonra, sənədləşmə prosessinə start verilir. Sifarişçi müqaviləni imzaladığı anda bu şərtlə razılaşır. Ödənilən məbləğə təhsil haqqı, qeydiyyat rüsumu, viza rüsumu və ya digər xərclər daxil deyildir.

13. ##.##.2024-cü il tarixli müqaviləsinə əsasən: -2.3. Əgər Sifarişçi göstərilən zamanda tələb olunan sənədləri təqdim edə bilmərsə, İcraçı bu müqavilə ilə əlaqədar edilən ödənişi geri qaytarılmamaq şərti ilə prosesi dayandırma və müqaviləni ləğv edə bilmə hüququna malikdir. - 2.4. Sifarişçinin müvafiq qeydiyyatı üçün İcraçı 365 gün müddətində zaman ayırır. Əgər İcraçı ilə təhsil müəssisəsinin danışıqlarında gecikmələr yaranarsa, İcraçı Sifarişçinin qarşısında buna görə cavabdehlik daşımır. Sifarişçi yekun danışıqları gözləməlidir və gecikmə səbəbinə görə müqaviləni ləğv edə bilmə hüququna malik deyil.

14. ##.##.2024-cü il tarixli deposit qəbulu ərizəsindən görünür ki, iddiaçı, Cavabdeh - Hope Academy ilə aralarında bağlanmış müqaviləyə əsasən qeydiyyat rüsumu olaraq ##.##.2024-cü il tarixdə 946 manat ödəniş etmişdir.

15. Təqdim edilən qəbzlərdən görünür ki, ##.##.2024-cü il tarixdə 3.200 manat, ##.##.2024cü il tarixdə 546.05 ABŞ Dolları, ##.##.2024-cü il tarixdə 412.98 ABŞ Dolları (700 manat) məbləğində vəsait cavabdeh Cavabdeh İlham oğlunun kart hesabına köçürülmüşdür.

16. Tərəflər arasında mobil tətbiq üzərində aparılmış yazışmaların ekran görüntüsündən müəyyən edilir ki, tərəflər aralarında olan mübahisənin həlli ilə bağlı danışıqlar aparmışlar. 17.İddiaçı İddiaçı tərəfindən cavabdeh Cavabdeh İlham oğluna ünvanlanmış ## ###### 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən ona dəyən maddi və mənəvi zərərin ödənilməsini tələb etmiş, əks təqdirdə borcun qaytarılmasını məhkəmə qaydasında tələb ediləcəyi barədə cavabdehi xəbərdar etmişdir. Təqdim edilmiş qəbzdən görünür ki, iddiaçı İddiaçı hüquqi xidmətlərin göstərilməsi üçün Mərkəz Vəkil bürosunun hesabına 320 manat ödəniş etmişdir. ##.##.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 66.63 manat dövlət rüsumu ödənilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində iddianın tam təmin olunması xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin təmin edilməyən hissəsi təşkil edir. 20.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 390.5, 405.1, 407.2, 442, 445, 448.1, 449.1, 449.2, 1091.1, 1091.2, 1092.1-ci maddələrini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən, bütün diqqətəlayiq məqamları nəzərə almamışdır.

21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı xarici ölkədə doktorantura təhsili almaq üçün cavabdehin rəhbərlik etdiyi şirkətə müraciət etmiş, tərəflər arasında müqavilə imzalanmışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh iddiaçının xaricdə təhsil alması üçün müəyyən prosedurların həyata keçirilməsi ilə bağlı, iddiaçı isə bu xidmətin qarşılığı olaraq pul vəsaiti ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Həm təqdim edilmiş qəbzlərlə, həm də təhqiqatçı tərəfindən aparılmış araşdırma zamanı tərəflərin verdiyi izahatlarla nağd şəkildə verilməsi iddia olunan 1000 manat istisna olmaqla, cavabdehin iddiaçıdan qalan pulu (1600 manat, 546 ABŞ dolları və 350 manatı) alması öz təsdiqini tapmışdır. Beləliklə, iddiaçının cavabdehə ödəniş etməsi işin mübahisəsiz halıdır. Məhkəmə araşdırması zamanı cavabdeh verdiyi izahatda pulu aldığını, lakin iddiaçının xaricdə doktorantura təhsili almasının məhz cavabdehin tələb olunan sənədləri vaxtında təqdim etməməsi, yəni cavabdehin özünün təqsiri ucbatından baş tutmamasını bildirmişdir.

22. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs digər şəxsin xeyrinə müəyyən hərəkəti etməli, o cümlədən pul ödəməli, xidmət göstərməli və sair hərəkətlər etməli, digər şəxs isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququna malikdir. Tərəflər arasında müqavilə münasibətlərinin yaranması və iddiaçının müqavilə üzrə cavabdehə pul vəsaiti ödəməsi iş materialları ilə təsdiq olunur. Müqavilə tərəflərin hüquq və vəzifələrini müəyyən edən əsas hüquqi sənəd olduğundan, mübahisənin həlli zamanı ilk növbədə müqavilənin şərtləri və tərəflərin həmin şərtlərdən irəli gələn öhdəlikləri nəzərə alınmalıdır. Hazırkı işdə mübahisənin həlli baxımından mühüm əhəmiyyət kəsb edən hal müqavilənin icrasının hansı səbəbdən başa çatmaması və bunun nəticələrinin hansı tərəfin üzərinə düşməsidir. İş materiallarının məcmu qiymətləndirilməsi nəticəsində məhkəmə kollegiyası müəyyən edir ki, müqavilənin nəzərdə tutduğu xidmətlərin tam şəkildə həyata keçirilməməsi və müqaviləyə xitam verilməsi iddiaçının təqsiri ilə baş verməmişdir. İddiaçının müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini, zəruri sənədləri təqdim etmədiyini və ya müqavilənin icrasına özü tərəfindən maneə yaradıldığını təsdiq edən kifayət qədər mötəbər sübut iş materiallarında yoxdur. Əksinə, iddiaçı müqavilə üzrə ödənişləri həyata keçirmiş və müqavilədən irəli gələn xidmətlərin göstərilməsini gözləmişdir. Belə olan halda müqavilənin icra edilməməsinin hüquqi nəticələrinin iddiaçının üzərinə qoyulması əsaslı hesab edilə bilməz. Xüsusilə qeyd edilməlidir ki, müqavilənin icrasının başa çatmaması iddiaçının təqsiri ilə bağlı olmadığı halda, cavabdehin iddiaçı tərəfindən müqavilə üzrə ödənilmiş və müqavilənin şərtlərinə əsasən qaytarılmalı olan pul vəsaitini özündə saxlaması üçün hüquqi əsas yaranmır. Müqavilənin müvafiq şərtindən görünür ki, müəyyən edilmiş hallarda 1.600 manat xidmət haqqının sifarişçiyə qaytarılması nəzərdə tutulmuşdur. İş üzrə müəyyən edilmiş hal ondan ibarətdir ki, müqavilənin icrasının başa çatmaması iddiaçının təqsiri ilə bağlı olmamışdır. Deməli, müqavilədə nəzərdə tutulmuş qaytarma şərtinin tətbiqi üçün zəruri hal mövcuddur. Cavabdeh tərəfindən 1.600 manatın iddiaçıya qaytarıldığını təsdiq edən ödəniş sənədi təqdim edilməmişdir.

23. Beləliklə, cavabdehin sərəncamında qalan 1.600 manatın hüquqi əsası aradan qalxdığından həmin məbləğ iddiaçıya qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə üzrə qaytarılmalı məbləği müəyyən etməməklə müqavilənin müvafiq şərtini düzgün qiymətləndirməmiş və nəticədə iddiaçının müqavilədən irəli gələn hüququnu təmin etməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı sayıla bilməz.

24. İddiaçı həmçinin pul vəsaitinin vaxtında qaytarılmaması ilə əlaqədar 5% faiz tutulmasını tələb etmişdir.Pul vəsaitinin qaytarılması öhdəliyinin yaranmasına baxmayaraq, cavabdeh həmin öhdəliyi vaxtında icra etməmişdir. Bununla da cavabdeh pul öhdəliyinin icrasını gecikdirmişdir. İş materiallarından müəyyən edilən gecikmə müddəti və iddiaçı tərəfindən təqdim edilmiş hesablamalar nəzərə alınmaqla, 80 manat (1600:100x5=80) faiz məbləğinin cavabdehdən tutulması əsaslı hesab edilir.

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi: -müqavilənin müvafiq şərtini düzgün qiymətləndirməmiş; -müqavilənin icra edilməməsinin səbəbini və tərəflərin təqsir məsələsini tam müəyyən etməmiş; - müqavilənin icrasının başa çatmamasının iddiaçının təqsiri ilə bağlı olmadığını nəzərə almamış; -nəticədə iddia tələbinin qaytarılmalı olan 1.600 manat hissəsi təmin edilməmişdir. Bu hallar qətnamənin ləğv edilməsi üçün əsasdır.

26. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim edilmiş sübutlar əsasında mahiyyəti üzrə baxır. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi mübahisələndirilən hissədə təmin edilməlidir.

27. MPM-nin 384.0.2-ci maddəsinə görə, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi mübahisələndirilən hissədə təmin edilsin. Cavabdeh İlham oğlundan 1600 (bir min altı yüz) manat pul vəsaiti, əlavə olaraq həmin pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş 5 % hissəsi olan 80 manat, cəmi 1680 (bir min altı yüz səksən) manat tutularaq iddiaçı İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar