Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2066/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI ərizəçi İddiaçı “mediasiya qaydasında bağlanmış “Barışıq sazişinin” təsdiq edilməsi haqqında” ərizəyə dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qətnamədən maraqlı şəxs Şahin Serdarın verdiyi apellyasiya şikayətinə əsasən işə ərizəçi İddiaçı vəkili (nümayəndəsi) vəkil1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) ərizə barədə məlumat
1. Ərizəçi ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla maraqlı şəxs Şahin Serdar arasında ##.##.2024-cü il tarixdə Bakı Şəhəri ** saylı Mediasiya Təşkilatı tərəfindən keçirilmiş mediasiya sessiyasının nəticəsi olaraq bağlanmış “Barışıq sazişinin” təsdiq edilməsi, mediasiya sazişinin icra sənədi kimi qəbul edilərək məcburi icraya yönəldilməsi, hazırkı iddia ilə bağlı çəkilmiş bütün məhkəmə xərclərinin, o cümlədən ödənilmiş dövlət rüsumunun maraqlı şəxsdən tutulmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi ilə maraqlı şəxsin otaq bir qız övladları var – ##.##.2018-ci il təvəllüdlü X1. Ərizəçi ilə maraqlı şəxs ayrılmış, uşaq ərizəçinin yanında qalmışdır. Onlar uşaqla bağlı öz aralarında razılığa gəlmiş və bununla bağlı onların arasında ** saylı Mediasiya Təşkilatında ##.##.2024-cü il tarixdə “Barışıq sazişi” bağlamışlar ki, həmin “Sazişin” şərtlərinə görə, (bənd “a”) ərizəçi İddiaçı, maraqlı şəxs Şahin Serdarın, onunla əvvəlcədən razılaşdırılmış vaxta uşaqla görüşməsinə etiraz etmir, (bənd “b”) maraqlı şəxs Şahin Serdarın uşaqla görüşləri ilk olaraq psixoloqun iştirakı ilə başlanacaq, (bənd “c”) maraqlı şəxs Şahin Serdar qəbul edir ki, o, uşaqla bağlı verilə biləcək heç bir müsbət qərara qarşı çıxmayacaq, (bənd “d”) maraqlı şəxs Şahin Serdar uşağın sağlamlıq və tədrisi ilə bağlı bütün xərcləri qarşılayacağını öhdəsinə götürür, (bənd “e”) ərizəçi İddiaçı təsdiq edir ki, o, uşağın bütün tədris, təlim və sağlamlıq məsələlərində maraqlı şəxs Şahin Serdarın iştirakına qarşı çıxmayacaq. Uşağın səhhətində müəyyən problemlər var və onun reabilitasiyası X3 həyata keçirilir. Reabilitasiya intensiv kurs olmaqla həftədə 5 gün, aylıq ödəniş məbləği isə 850 manat təşkil edir. Maraqlı şəxs Şahin Serdar “Barışıq sazişi” ilə üzərinə götürdüyü öhdəliyi əvvəlcə yerinə yetirsə də, son vaxtlar öhdəliyi yerinə yetirmir, yəni 2026-cı ilin yanvar və fevral ayları üçün uşağın müalicəsinə görə tələb olunan məbləği ödəmir. Bunun nəticəsində uşağın intensiv reabilitasiya prosesi iki ay müddətində dayandırılmışdır ki, bu da uşağın sağlamlığına və psixoloji vəziyyətinə mənfi təsir göstərmişdir. Məsələnin məhkəmədənkənar qaydada həlli mümkün olmadığından iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) birinci instansiya icraatı zamanı tərəflərin izahatları barədə məlumat
3. Ərizəçi məhkəmə icraatı zamanı Rayon Məhkəməsinə verdiyi izahatda iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsini xahiş etmişdir.
4. Maraqlı şəxs Sahin Serdar məhkəmə icraatı zamanı Rayon Məhkəməsinə verdiyi izahatında bildirmişdir ki, o, onunla ərizəçi arasında bağlanmış “Barışıq sazişinin” şərtlərinə əməl etmiş, lakin onun məşğul olduğu turizm və otel sahəsində 2026-cı ilin yanvar və fevral aylarında durğunluq olmuş, bununla bağlı qazancı olmamış, bu səbəbdən də, o, uşağın müalicəsini ödəyə bilməmiş, amma uşaqla bağlı aliment və bağça ödənişlərini etmişdir. Növbəti aylarda uşağın müalicəsi ilə bağlı ödənişləri davam edəcək. Buna görə də, o, ərizəçinin tələbinin təmin edilməməsini xahiş edir. c) birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə ərizənin qismən təmin edilməsini, iş üzrə tərəflər arasında ##.##.2024-cü il tarixdə Bakı Şəhəri ** saylı Mediasiya Təşkilatı tərəfindən keçirilmiş mediasiya sessiyasının nəticəsi olaraq bağlanmış “Barışıq sazişinin” “d” bəndinin məcburi icrasının təmin edilməsi üçün təsdiq edilməsini, ərizəçi tərəfindən ümumilikdə ödənilmiş 50 manat dövlət rüsumunun Sahin Serdardan tutularaq ərizəçiyə ödənilməsini, ərizənin qalan hissədə təmin edilməməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Barışıq sazişinin” “d” bəndinin maraqlı şəxs tərəfindən icra edilməməsi maraqlı şəxsin verdiyi izahatla da təsdiq edilir. Buna görə də, ərizə qeyd edilən “d” bəndə aid hissədə təmin edilməlidir. “Barışıq sazişinin” digər bəndlərinin şərtlərinin pozulması müəyyən edilmir. Buna görə də, ərizənin qalan hissəsi təmin edilməməlidir. d) apellyasiya şikayəti barədə məlumat
7. Maraqlı şəxs Şahin Serdar həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Əsasları maraqlı şəxsin Rayon Məhkəməsinə verdiyi izahatın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verdikləri izahatlar barədə məlumat
9. Apellyator və onun vəkili (nümayəndəsi) işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.
10. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
11. Ərizəçinin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. f) apellyasiya baxışının həddi barədə məlumat
12. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə tələb qismən təmin edilsə də, iş üzrə ərizəçi tələbin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirməmiş, qətnamədən apellyasiya şikayəti verməmişdir.
13. Maraqlı şəxs qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin tam ləğv edilib, ərizənin rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, o, tələbin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir. O, tələbin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır.
14. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin apellyasiya baxışının predmetini təşkil etməyən hissəsinin qanuniliyi və əsaslılığı yoxlanılmamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
16. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
17. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan görünür ki, ərizəçi ilə maraqlı şəxsi otaq bir qız övladları var – ##.##.2018ci il təvəllüdlü X1. Ərizəçi ilə maraqlı şəxs ayrılmış, uşaq ərizəçinin yanında qalmışdır. Uşağın səhhətində müəyyən problemlər var və onun reabilitasiyası X3 həyata keçirilir. Reabilitasiya intensiv kurs olmaqla həftədə 5 gün, aylıq ödəniş məbləği isə 850 manat təşkil edir. Ərizəçi ilə maraqlı şəxs uşaqla bağlı razılığa gəlmiş və bununla bağlı onların arasında ** saylı Mediasiya Təşkilatında ##.##.2024-cü il tarixdə “Barışıq sazişi” bağlamışlar ki, həmin “Sazişin” hazırkı apaellyasiya baxışının predmetini təşkil edən “d” bəndinə görə, uşağın atası olan maraqlı şəxs uşağın sağlamlıq və tədrisi ilə bağlı bütün xərcləri qarşılayacağını öhdəsinə götürmüşdür. Maraqlı şəxs, “Barışıq sazişinin” qeyd edilən bəndində üzərinə götürdüyü öhdəliyi əvvəlcə yerinə yetirsə də, 2026-cı ilin yanvar və fevral ayları üçün uşağın müalicəsinə görə tələb olunan məbləği ödəməmişdir. Maraqlı şəxs, Rayon Məhkəməsinə verdiyi izahatda və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən verdiyi apellyasiya şikayətində qeyd edilən halı onunla izah edir ki, onun məşğul olduğu turizm və otel sahəsində 2026-cı ilin yanvar və fevral aylarında durğunluq olduğu üçün onun qazancı olmamış, bu səbəbdən də, o, uşağın müalicəsini ödəyə bilməmişdir.
18. Göründüyü kimi, “Barışıq sazişinin” qeyd edilən bəndinin şərti maraqlı şəxs tərəfindən pozulmuşdur.
19. Maraqlı şəxs, bu halın üzürlü səbəbdən, yəni 2 ay ərzində onun maddi vəziyyətində problemin olması ilə əlaqədirsə və bu halı müvəqqəti xarakter daşıdığını bildirməyə çalışsa da, apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, iddia ərizəsinin Rayon Məhkəməsinə verilməsindən artıq 6 ay (yanvar və fevral ayı daxil olmaqla) keçsə də, lakin maraqlı şəxs həmin halın onun tərəfindən artıq qaldırıldığını təsdiq edə biləcək, sübutları (məsələn: ödəniş qəbzlərini) Məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-in tələblərinə görə, mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.).
20. Odur ki, Məhkəmə maraqlı şəxsin dəlilini əsassız hesab edir.
21. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, MPM-in tələblərinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır (maddə 395.1.17.). “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər (maddə 355-23.1.).
22. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.3-cü maddəsinə görə, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.
23. Odur ki, qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən işin müəyyən edilmiş hallarına yanaşdıqda müəyyən edilir ki, ərizəçi tərəfindən verilmiş “mediasiya qaydasında bağlanmış “Barışıq sazişinin” “d” bəndinin təsdiq edilməsi haqqında” ərizə əsaslıdır və Rayon Məhkəməsi həmin ərizəni əsaslı hesab edərək, təmin etməkdə haqlı olmuşdur. h) apellyasiya baxışının nəticəsi
24. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və apellyasiya baxışının predmetini təşkil edən nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır.
25. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
26. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPMin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.
27. Məhkəmə həmçinin bildirir ki, maraqlı şəxsin apellyasiya şikayəti təmin edilmədiyindən o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir. İş üzrə ərizəçi hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.
28. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Maraqlı şəxs Şahin Serdarın apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Maraqlı şəxs Şahin Serdar hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPMə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Ərizəçi İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.