Məhkəmə qərarları › İş №e-2(3-6)-2216/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2216/2026

28.07.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2216/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “işçinin tutduğu vəzifədən sui-istifadə edərək vurduğu maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “maddi zərərin ödənilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçının nümayəndəsi Həsənov Mais Vaqif oğlunun, nümayəndəsi və vəkili vəkil1, Cavabdeh Cavabdeh, onun nümayəndəsi və vəkili Həsənova Sevinc Eldar qızının iştirakları ilə MÜƏYYƏN ETDI: Işin halları:

1. Iddiaçı “X3” MMC cavabdeh Cavabdeh qarşı “işçinin tutduğu vəzifədən sui-istifadə edərək vurduğu maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC-yə vurduğu 31718,25 maddi ziyan, 60 manat mediasiya xərci, 4000 manat audit xərci, 190 manat məhkəmə rüsumu, ümumilikdə 35978,25 manat alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X2 qeydiyyatı Idarəsi tərəfindən qeydiyyata alınmış və ********** saylı Şəhadətnamə verilmişdir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası qanunvericilik aktları ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olmaq hüququna malikdir və əsas fəaliyyəti Azərbaycan Respublikası daxilində sanitar və texniki işləri, istilik və havanın kondisiyalandırılması sisteminin quraşdırılması, obyektlərin buxar və kondisiyalaşmış hava ilə təchiz edilməsi, energetika obyektlərinin, avadanlıqların və qurğuların quraşdırılması, sazlanması və təmiri işləri olmuşdur. Cəmiyyətin işçiləri Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq işə qəbul olunmuş və mülki qanunvericiliyə uyğun olaraq tərəflərə hüquq və vəzifələri izah olunduqdan sonra əmək müqaviləsi bağlanmışdır. Iddiaçı ilə cavabdeh arasında ## ###### 2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən cavabdeh içraçı direktor vəzifəsində işə qəbul olunmuşdur və onun işinə ##.##.2020-ci il tarixdə ** saylı əmrlə xitam verilmişdir. Cavabdeh xidməti vəzifəsini yerinə yetirdiyi ##.##.2018-ci il tarixdən ##.##.2020-ci il tarixə qədər 1 il 9 ay müddət ərzində ona etibar olunmuş vəzifədən istifadə edərək, bilərəkdən MMC-yə 31718,25 manat maddi ziyan vurmuşdur. Beləliklə, cavabdeh öz səlahiyyətləri və vəzifəsindən sui-istifadə edərək Cəmiyyətin bank hesabından ##.##.2020-ci il tarixdə nəğdləşdirdiyi 9800,5 manat pulu, eyni zamanda, sifarişçilərdən nəğd formada qəbul etdiyi 11181,5 manat məbləğində pul vəsaitini Cəmiyyətin xəzinəsinə mədaxil etməmiş və ya təhvil verməmiş, yəni özü ilə götürərək ##.##.2020-ci il tarixdə Cəmiyyətin ofisindən çıxıb getmiş və beləliklə MMC-yə 20881,5 manat maddi ziyan vurmuşdur. Bundan əlavə, cavabdeh ##.##.2020-ci il tarixdə “xxxx”-in anbarında qalan 3637,77 manat dəyərində istifadə olunmamış materialları (istilik ləvazimatlarını) Cəmiyyətə təhvil verməyərək gizlətmiş və şəxsi istifadəsinə xərcləmiş və beləliklə MMC-yə 3637,77 manat dəyərində maddi ziyan vurmuşdur. Həmçinin, cavabdeh “xxxx” MMC-nin məişət tullantılarının zərərsizləşdirilməsi zavodunda işləyən “X3” MMC-nin əməkdaşlarının 2020-ci ilin mart-aprel ayları üçün ödənilmiş əmək haqlarını 2020-ci ilin mart ayı üçün ayrılmış 3600 manat və 2020-ci ilin aprel ayı üçün ayrılmış 3600 manat, ümumilikdə 7200 manat məbləğində pul vəsaitini qəsdən cavabdeh tərəfindən yaradılmış “X4 Plumbing” MMC-nin hesabına keçirmişdir. Cavabdehin MMC-də işlədiyi dövr ərzində onun rəhbərliyi ilə Cəmiyyət üzrə icra edilmiş maliyyə-təsərrüfat əməliyyatlarının qanunvericiliyinin yoxlanılması, eyni zamanda tutduğu vəzifədən sui-istifadə edərək Cəmiyyətə məxsus əmlakı qərəzli olaraq şəxsi istifadəsinə sərf etmə və dəymiş ziyanın hesablanması məqsədi ilə AUDIT araşdırılması aparılmışdır. AR/AP-MA-**** saylı ## ###### 2020-ci il tarixli AUDIT rəyinə əsasən cavabdeh MMC-yə ümumilikdə 2.311.681 (iki milyon üç yüz on bir min altı yüz səksən bir) manat maddi ziyan vurmuşdur. Dəymiş zərərin aradan qaldırılması və cavabdehin məsuliyyətə cəlb olunması ilə əlaqədər şikayətləri Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırılmış, mülki qaydada məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur.

3. Cavabdeh iddiaya yazılı etiraz edərək, bildirmişdir ki, iddia ərizəsi tamamilə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçı iddia ərizəsində ##.##.2020-ci il tarixdə cavabdehin 9800,5 manatı bankdan nəğdləşdirməklə və ##.##.2020-ci il tarixdə sifarişçidən nəğd götürdüyü 11181,50 manatı kassaya mədaxil etməməklə, ümumilikdə 20811,50 manat maddi ziyan vurulmasını qeyd etsə də, iddianın həmin dəlili ilə bağlı bildirmək istəyir ki, iddiaçının iddiada qeyd etdiyi məbləğlər yalnız MMC-nin fəaliyyəti ilə bağlı bankdan nəğdləşdirilmiş, müştəridən götürülmüş pullar isə ümumi hesablanaraq şirkətin xərclərinə xərclənmiş, yerdə qalan əldə edilmiş gəlir isə MMCnin direktoru M.Həsənovla aralarında olan razılığa əsasən 40 faizi cavabdehə, 40 faizi M.Həsənova, qalan 20 faiz isə işçilərə həvəsləndirmə qaydasında ödənilmişdir. Cavabdeh tərəfindən MMC-yə hər hansı ziyan vurulması, yaxud MMC-nin pulunun mənimsənilməsi halı olmamış və iddiaçıda bunu təsdiq edən sübutlar mövcud deyildir. Iddiaçının iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin "cinayət işinin başlanmasının rədd edilməsi" barədə ## #### 2023-cü il tarixli qərarından göründüyü kimi iddiaçı tərəfindən qeyd olunan hallarla bağlı ## #### 2021-ci il və ##.##.2021-ci il tarixlərdə verdiyi müraciətlər əsasında araşdırmalar aparılmış, lakin iddiaçının qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Bundan başqa, iddiaçı ilə aralarında olan əmək müqaviləsinə cavabdehin ərizəsinə əsasən ##.##.2020-ci il tarixdə xitam verilərkən iddiaçı tərəfindən cavabdehə ödənilməli olan son haqq-hesab ödənilmədiyi üçün məhkəməyə iddiaçıya qarşı pul tələbi ilə bağlı müraciət edərkən də iddiaçı tərəfindən cavabdeh tərəfindən iddiaçıya birgə işlədikləri vaxt iddiaçıya ziyan vurulması, yaxud müəyyən pulun götürülməsi barədə iddialar səslənsə də, cavabdehə qarşı bununla bağlı hər hansı iddia qaldırılmamışdır. Bundan başqa, iddiaçı iddia ərizəsində ##.##.2020-ci il tarixdə "xxxx” MMC-nin anbarında qalan 3637,77 manat dəyərində avadanlığı Cəmiyyətə təhvil verməməsi, bununla bağlı da iddiaçıya ziyan vurulmasını qeyd etsə də, əvvəla qeyd etmək istəyir ki, iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsində cavabdehin MMC-yə məxsus avadanlığı təhvil aldığı və ya təhvil verməli olduğu, ümumiyyətlə avadanlıqla bağlı hər hansı hərəkət etmək barədə öhdəliyi və va vəzifəsinin olması barədə müddəa öz əksini tapmamışdır. Digər tərəfən də qeyd olunan əmlakın cavabdeh tərəfindən "xxxx" MMC-dən təhvil alınması barədə hər hansı bir sübut mövcud deyildir. Bununla belə, onda olan məlumata əsasən “xxxx" MMC-nin anbarında qalan 3637,77 manat dəyərində avadanlığı Mais Həsənov qohumu vasitəsi ilə götürmüşdür. Bundan başqa, iddiada "xxxx" MMC tərəfindən "X3” MMC-nin əməkdaşlarına ödənilməli olan 2020-ci ilin mart-aprel ayları üçün hər ay 3600 manat olmaqla, ümumlikdə 7200 manatın cavabdeh tərəfindən yaradılmış "X4 Plumbing" MMC-nin hesabına keçirilməsi qeyd olunsa da, iddiaçının həmin dəlili də həqiqəti əks etdirmir. Əvvəla, “xxxx" MMC ilə "X3" MMC arasında olan müqaviləyə əsasən iddiaçının qeyd etdiyi tarixdə, yəni ##.##.2024-cü il tarixdə görülmüş işlərlə bağlı “X3" MMC-yə 17405 manat ödəniş edilmiş və həmin ödəniş MMC-nin hesabında qalmışdır. Digər tərəfdən isə ümumiyyətlə “xxxx" MMC tərəfindən “X3” MMC-nin gördüyü hər hansı işlə bağlı cavabdehin təsisçisi olduğu “X4 Plumbing" MMC-nin hesabına heç bir köçürmələr olmamış, yalnız “xxxx" MMC ilə “X4 Plumbing” MMC arasında bağlanmış yeni müqaviləyə əsasən təsisçisi olduğu şirkət tərəfindən görülmüş işlərə görə ödənişlər olunmuşdur. Iddianın cavabdehin tutduğu vəzifədən sui-istifadə edərək iddiaçıya 2311681 manat ziyan vurmağı hissəsi ilə bağlı bildirir ki, hazırki iddia ərizəsində qeyd olunan halla bağlı iddia qaldırılmamış və yuxarıda qeyd etdiyi kimi iddiada qeyd olunan xüsusatlarla yanaşı həmin hal da öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmiş, həmin qərarda da M.Həsənovun dəfələrlə etdiyi müraciət əsasında araşdırma aparıldığı və M.Həsənovun qeyd etdiyi xüsusatların öz təsdiqini tapmaması qeyd edilmişdir. Həmçinin, həmin cinayət işi ilə bağlı M.Həsənov tərəfindən təqdim edilmiş audit rəyi hazırki mülki iş üzrə hansı əhəmiyyət kəsb etməsi əsaslandırılmamaqla hazırki mülki işə hansı aidiyyatının olması müəyyən edilməmiş, hətta yuxarıda qeyd etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi barədə" qərardan göründüyü kimi qeyd olunan audit rəyi sübut kimi belə qəbul edilməmişdir. Qeyd edilənlərə əsasən iddia əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizə verərək, bildirmişdir ki, iddiaçının səlahiyyətli nümayəndəsi M.Həsənov cavabdeh işdən çıxdıqdan 2-3 gün sonra onun komputerinin şifrəsini sındıraraq orda olan məlumatlara baxarkən Zaur tərəfindən hazırda qaldırdığı iddia ərizəsində qeyd olunan halların yol verilməsinin ona məlum olmasını bildirmişdir. Iddiaçı hazırkı iddia ilə bağlı qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə, yəni iddia etdiyi hüquqlarının pozulması barədə Cavabdeh ##.##.2020-ci il tarixdə işdən çıxmasından 2-3 gün sonra ona məlum olmasına baxmayaraq, həmin vaxtdan 4 ildən çox vaxt keçdikdən sonra - ##.##.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia müddəti keçdiyindən, iddia müddəti tətbiq edilməklə iddiadan imtina barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia təmin edilməmiş, ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilmişdir.

6. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

7. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Buna görə də şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi M.Həsənov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və şikayətin məzmununa uyğun izahat verdi.

9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil1 da apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və qeyd etdi ki, cavabdeh işdən çıxan zaman təsisçiyə hər hansı məlumat vermədən kassada olan 20.981 manat qalıq pulu götürmüşdür. Həmçinin anbarda şirkətə məxsus 3700 manatlıq material mövcud olub və həmin material təhvil verilməmişdir. Cavabdeh təsisçiyə elektron poçt vasitəsi ilə işdən çıxmamışdan əvvəl ##.##.2020-ci il tarixində hesabat göndərmiş və həmin hesabatda 6396 manat qeyd edilmişdir ki, təsisçi özünə məxsus elektron poçt ünvanına daxil olmaqda problem yaşadığından həmin hesabatı sonradan, cavabdeh işdən çıxdıqdan sonra görmüşdür. Cavabdeh şirkətdə icraçı-direktor kimi işlədiyindən, o, şirkətin bütün kommersiya sirrini bilirdi və işdən çıxdıqdan sonra oxşar adla yeni bir şirkət yaratmışdır ki, bu zaman iddiaçıya ziyan vurulmuşdur.

10. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və bildirdi ki, iddiaçının nümayəndəsi ilə 2018-ci ildə ortaq dostlar vasitəsi ilə tanış olub, iddiaçının nümayəndəsinin indiyə qədər hər hansı şirkəti, təcrübəsi olmadığından ona icraçı-direktor kimi işləməyi təklif edib. Onun 10 ilə yaxın təcrübəsi var idi. X1, o isə icraçı-direktor olaraq mexanika-elektronika işi ilə məşğul olmağa başlayıblar. Əldə etdikləri mənfəətin 10%-i ona, digər 90 %-i isə şirkətə qalırdı. Işlədiyi müddət ərizində pulla bağlı məsələlərdə hər hansı problem yaranmamışdır. Kassadan pul götürüb, lakin qarşı tərəf məlumatlı idi, ərizəni yazıb işdən çıxan zaman haqq-hesabı bölüşdürüblər. Eyni zamanda qeyd etdi ki, oxşar adla şirkət yaratmağının səbəbi müştərilərin onu iddiaçının adıyla tanımalarıdır Cavabdeh daha sonra bildirdi ki, iddiaçı özü də yaxşı bilir ki, onun iddiaçıya hər hansı borcu yoxdur, sadəcə olaraq onun ayrılmasından sonra işləyə bilməyən iddiaçı bu vasitələrlə onu geri qaytarmaq, yenidən birgə işləməyə vadar etmək istəyir ki, o da bunu qəbul etmir.

11. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini, rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, qarşı tərəf anbardan malın götürülməsini qeyd etsə də, bununla bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Həmçinin elektron poçt ünvanına hesabat göndərilmişdir, lakin iddiaçının nümayəndəsinin həmin hesabatı gec görməsinin cavabdehlə hər hansı əlaqəsi yoxdur. Sübutların tədqiqi:

12. “X3” MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh “X3” MMC-də Icraçı direktor vəzifəsinə işə qəbul edilmişdir.

13. “X3” MMC-nin ##.##.2018-ci il tarixli, N-**-A saylı əmrindən görünür ki, Cavabdeh ##.##.2018-ci il tarixindən icraçı direktor vəzifəsinə təyin edilmiş və bank-maliyyə məsələləri üzrə ona birinci imza səlahiyyəti verilmişdir.

14. ##.##.2020-ci il tarixli Auditor rəyindən görünür ki, Cavabdeh tərəfindən “X3” MMC-nin Icraçı Direktoru işlədiyi ##.##.2018-ci il tarixdən ##.##.2020-ci il tarixədək olan dövr ərzində “X3” MMC-yə vurmuş olduğu ziyan məbləği 2.311.681 (iki milyon üç yüz on bir min altı yüz səksən bir) manat təşkil edir.

15. Cavabdeh “X3” MMC-yə təqdim etdiyi ##.##.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, ##.##.2020-ci il tarixindən etibarən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.

16. “X3” MMC-nin ##.##.2020-ci il tarixli, N-** saylı əmrindən görünür ki, Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən ##.##.2020-ci il tarixindən xitam verilmişdir.

17. “Sifarişçi” “xxxx” MMC-nin Baş direktoru Cəmilə Ağalarova və “Icraçı” “xxxx” MMC-nin Baş direktoru Cavabdeh arasında bağlanmış ##.##.2021-ci il tarixli ** nömrəli müqavilənin surətindən görünür ki, “Icraçı” “Sifarişçi”nin sifarişinə əsasən Xidmətləri (isitmə və soyutma, su təchizatı, kanalizasiya sistemi və s.) razılaşdırılmış şərtlərlə “Sifarişçi”yə göstərməyi, “Sifarişçi” isə həmin Xidmətlərin nəticələrini təhvil alıb dəyərini Müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə “Icraçı”ya ödəməyi öhdəsinə götürmüşdür.

18. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin ##.##.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə ##.##.2023-cü il tarixli qərarın surətindən görünür ki, Həsənov Mais Vaqif oğlunun şikayəti üzrə aparılmış araşdırma nəticəsində cinayət hadisəsi müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmişdir.

19. “xxxx” ASC-nin ##.##.2021-##.##.2025 dövr ərzində hesabdan çıxarış məlumatından görünür ki, “xxxx” MMC tərəfindən “xxxx” MMC-nin bank hesabına ##.##.2021-ci il tarixdə 50847,46 manat, ##.##.2021-ci il tarixdə 7430,6 manat, ##.##.2021-ci il tarixdə 58140,24 manat, ##.##.2021-ci il tarixdə 7430,6 manat, ##.##.2021-ci il tarixdə 7820 manat, ##.##.2022-ci il tarixdə 25286,18 manat, ##.##.2024-cü il tarixdə 2930 manat məbləğlərində pul vəsaiti köçürülmüşdür.

20. Nərimanov Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh cavabdeh “X3” MMC-yə qarşı “son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən görünür ki, iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnaməsi qəbul edilmiş, iddia təmin edilmiş, Cavabdeh son haqqı-hesabın ödənilməsi vəzifəsinin “X3” MMC-yə həvalə edilməsi qət edilmişdir.

22. “Sifarişçi” “xxxx” MMC ilə “Icraçı” “X3” MMC arasında bağlanmış ##.##.2019-cu il tarixli CA***** nömrəli Xidmət müqaviləsinin surətindən görünür ki, “Icraçı” Müqaviləyə əlavələrdə nəzərdə tutulmuş xidmətləri göstərməyi, “Sifarişçi” isə razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür.

23. “Sifarişçi” “xxxx” MMC ilə “Icraçı” “X3” MMC arasında bağlanmış ##.##.2019-cu il tarixli Xidmətlərin göstərilməsi barədə müqavilənin surətindən görünür ki, bu Müqavilənin şərtlərinə əsasən “Icraçı” “Sifarişçi”nin sifarişinə əsasən Xidmətləri (havalandırma, ventilyasiya sistemi və s.) razılaşdırılmış şərtlərlə “Sifarişçi”yə göstərməyi, “Sifarişçi” isə həmin Xidmətlərin nəticələrini təhvil alıb dəyərini Müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə “Icraçı”ya ödəməyi öhdəsinə götürmüşdür.

24. ##.##.2021-ci il tarixli MN ******* nömrəli Inzibati xəta haqqında protokolun surətindən görünür ki, Həsənov Mais Vaqif oğlu tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.4-cü (Işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə) maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

25. ##.##.2021-ci il tarixli MN ******* nömrəli Inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Həsənov Mais Vaqif oğlu Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə, barəsində 800 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026cı il tarixli qərarından müəyyən olur ki, Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarı ilə "X3" MMC-nin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin Preventiv Tədbirlər və Təhqiqat Idarəsinin prokuroru, R Nəriman Əsədov tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilməməsi qərara alınmış, MMC-nin həmin qərardan verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

30. Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

31. Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

32. Maddə 192.2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

33. Maddə 198. Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır.

34. Maddə 199.1. işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.

35. Maddə 203.1. Işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.

36. Maddə 203.2. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. Işəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.

37. Maddə 205.3. Işçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.

38. Maddə 205.3. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

42. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

43. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

44. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

45. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

48. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz

50. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

52. Hazırkı halda, Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

53. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

54. Hazırkı işin halları ondan ibarətdir ki, iddiaçının nümayəndəsi və cavabdeh birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün “X3” MMC təsis etmişlər. Cavabdeh ##.##.2018-ci il tarixli əmək müqaviləsi ilə MMC-də icraçı direktor vəzifəsinə işə qəbul olmuşdur, Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən cavabdehin ərizəsi ilə ##.##.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir.

55. Hazırda iddiaçı cavabdehin MMC-də işlədiyi ##.##.2018-##.##.2020-ci illərdə tutduğu vəzifədən sui-istifadə edərək MMC-yə maddi zərər vurmasını əsas gətirərək, 31718,25 (otuz bir min yeddi yüz on səkkiz manat, iyirmi beş qəpik) maddi ziyan, 60 manat mediasiya xərci, 4000 manat AUDIT xərci, 190 manat məhkəmə rüsumu, ümumilikdə 35978,25 (otuz beş min doqquz yüz yetmiş səkkiz manat, iyirmi beş qəpik) manat pulun cavabdehdən tutulmasını xahiş edir.

56. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Buna görə də hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı cavabdehin ona qeyd edilən məbləğdə maddi ziyan vurduğunu sübut etməlidir, lakin iddia ərizəsinə və apellyasiya şikayətinə iddiaçı tərəfindən buna dair sübutlar əlavə edilməmişdir.

57. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin Preventiv tədbirlər və təhqiqat Idarəsinin ##.##.2023cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan (1-ci cild, səh. 21-23) müəyyən olunmuşdur ki, Mais Həsənov ilə Cavabdeh arasındakı ümumi razılaşmaya əsasən birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə “X3" MMC təsis edilməklə, idarəçiliyi sonuncu tərəfindən həyata keçirilmiş, Cavabdeh ilk ayda aylıq 1500 manat, daha sonra əldə edilən gəlirin 40%-lik hissəsinin sonuncuya çatması nəzərdə tutulmuş, sonradan aralarında narazılıq yarandığından Cavabdeh ##.##.2020-ci il tarixdə özünə məxsus olan "X5 Plumbing" MMC-ni yaratmış, ##.##.2020-ci il tarixdə işdən çıxmaqla, Mais Həsənovdan ayrılıb müstəqil fəaliyyətə başlamış, ##.##.2020-ci il tarixdə "X3" MMC ilə müqaviləsi bitmiş, "xxxx" MMC ilə yeni yaratdığı MMC arasında yeni müqavilə bağlamış, "X3" MMC ilə aralarında olan əmək müqaviləsinə xitam verildikdən sonra isə ##.##.2021-ci il tarixdə "xxxx" MMC ilə öz təsis etdiyi şirkət arasında yeni müqavilə bağlayaraq işlər görmüş və əvəzinə ödənişlər almış, "xxxx" MMC-nin anbarında qalan 3637,77 manat dəyərində mal-material Mais Həsənova təhvil vermiş, ##.##.2020-ci il tarixdə Cavabdehla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra sonuncu əldə edilən gəlirdən 40%-lik payına uyğun olaraq 20981 manat pulu M.Həsənovun razılığı ilə götürmüşdür. Bundan başqa, Mais Həsənovun izahatında göstərdiyi "xxxx" MMC arasında bağlanmış müqavilələr üzrə ümumilikdə 1.516.000 manat dəyərində layihə üzrə icra olunmalı işləri Cavabdeh yeni təsis etdiyi MMC-nin adından icra etməklə şirkətinə külli miqdarda ziyan vurması, 2020-ci ilin martaprel aylarında görülmüş işlərlə bağlı "xxxx" MMC-dən Cavabdeh təsis etdiyi "X5 Plumbing" MMC-yə 7200 manat, o cümlədən 2020-ci ilin sonrakı 8 ay ərzində, aylıq 3600 manat olmaqla, ümumilikdə 28.000 manat vəsait köçürülməsi, eləcə də, "X3" MMC-nin “xxxx” ilə ##.##.2018-##.##.2020-ci il tarixədək olan ümumi dövriyyəsi 1.061.547 manat təşkil etməklə, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək olan 9 ay ərzində Cavabdeh bu dövriyyənin qarşısını alaraq, orta aylıq gəlir üzrə ümumi dövriyyəsi 81.657 manat olmaqla, təsisçisi olduğu MMC-yə 734.913 manat ziyan vurması faktları öz təsdiqini tapmamış, qeyd edilənlərin heç bir faktiki ciddi mühasibat sənədi hesab edilə biləcək rəsmi sənədlərdə əks olunmamış və hüquqi əsasları olmamış, "X5 Plumbing" MMC-nin təsis edildikdən sonrakı bir illik hesabından çıxarışda qeyd edilən məbləğlərə dair köçürmələrin olmadığı, köçürmələrin həmin MMC ilə “xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən olduğu materiala əlavə edilmiş sənədlərlə təsdiq olunmuşdur.

58. Cavabdehin nümayəndəsi və vəkili vəkil2 təqdim etdiyi Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardan da müəyyən olur ki, Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə "X3" MMCnin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin Preventiv Tədbirlər və Təhqiqat Idarəsinin prokuroru, R Nəriman Əsədov tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilməməsi qərara alınmış, MMC-nin həmin qərardan verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

59. Məhkəmə qeyd edir ki, mülki iş materiallarında olan qərarlardan da müəyyən edildiyi kimi iddiaçının hazırkı iddia ərizəsi ilə tələb etdiyi məbləğlərin cavabdeh tərəfindən mənimsənilməsi faktı aparılan araşdırmalarla öz təsdiqini tapmamışdır. Həmçinin qərarlardan iddia ərizəsində cavabdehin MMC-nin xəzinəsinə mədaxil etməyərək mənimsədiyi iddia edilən 20981 (iyirmi min doqquz yüz səksən bir) manat pulun iddiaçının razılığı əsasında cavabdehin əldə edilən gəlirdən 40%-lik pay kimi götürdüyü də müəyyən edilmişdir. Bununla da iddiaçının hazırkı iddiasının əsassız olduğu müəyyən olur.

60. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

63. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

64. Avropa Insan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı ## #### 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

65. Belə olan halda Məhkəmə hesab edir ki, «affirmanti incumbit probatio – kim nəyi iddia edirsə, onu sübut etməlidir» prinsipinə əsasən, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə bağlı «əsaslı şübhə yeri qoymayan» sübutlar təqdim edilmədiyindən iddia tələbi əsassızdır və təmin edilməməlidir.

66. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri ##.##.2018- ##.##.2020-ci illəri əhatə etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2023-cü il tarixli qərardan müəyyən olduğu kimi MMC-nin təsisçisi – hazırkı iş üzrə nümayəndəsi M.Həsənovun eyni məzmunlu təkrar müraciətinə baxılmışdır. Deməli, iddia ərizəsində qeyd edilən hallar iddiaçıya daha əvvəlki tarixlərdən məlum olmuşdur, lakin iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə ##.##.2024-cü ildə müraciət etmişdir. Cavabdeh rayon məhkəməsində həm də iddia müddətinin tətbiqi barədə ərizə də vermişdir.

67. Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə biləcəyi təsbit edilmişdir.

68. Qeyd edilənləri nəzərə alaraq, Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi əsassız olduğundan rayon məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir, odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri də əsassızdır və təmin edilə bilməz.

69. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

70. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:

71. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

73. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

74. MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

75. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDI:

Iddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar